Məhkəmə qərarları › İş №2-1(103)-323/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-323/2025

27.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-323/2025 27.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, X2 Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3182/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 direktorunun xx.xx.1989-cu il tarixli, 92 №-li əmri ilə ona ayrılmış 10 sot həyətyanı torpaq sahəsi üzərinə 355 kv.m sahə çıxılmaqla mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddia ərizəsində qeyd edilmişdir ki, Türkan üzümçülük savxozunun direktorunun 21 oktyabr 1989- cu il tarixli, 92 №-li əmri ilə ona ayrılmış 10 ha (sot) həyətyanı torpaq sahəsi həmin tarixdən istifadəmə verilmiş və bu günədək də daimi istifadəmdədir. Türkan üzümçülük savxozunun direktorunun 21 oktyabr 1989- cu il tarixli, 92 № -li Əmri ilə mən İddiaçı ayrılmış 10 ha (sot) həyətyanı torpaq sahəsi Arxiv Çıxarışı ilə təsdiq olunur. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi X1 hüdudlarından 1200 m kənarda, 355 kv.m hissəsi isə Xəzər dənizinin mühafizə zonasında yerləşir. Həmçinin sahə dövlət mülkiyyəti torpağıdır. xx.xx.2023-cü il tarixində İdarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin sənəd üzrə sahəsi 1000 kv.m göstərilsə də, faktiki olaraq 1310 kv.m təşkil edir. Əlavə olaraq, göstərilən torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3182/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və X1 direktorunun xx.xx.1989-cu il tarixli, 92 №-li əmri ilə ayrılmış 10 sot həyətyanı torpaq sahəsi üzərinə 355 kv.m sahə çıxılmaqla İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3182/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Abşeron rayon X1 92 №-li, 21 oktyabr 1989-cu il tarixli əmrinə əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 2 mart 1989-cu il tarixli 111 №-li qərarına əsasən, Türkan qəsəbəsində və Bakı şəhərinin müxtəlif rayonlarında yaşayan, özlərinə məxsus fərdi evi və həyətyanı sahəsi olmayan, Abşeron rayon Türkan üzümçülük sovxozunda işləyən fəhlə və qulluqçuların hər birinə 0,10 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır: Sovxozun maldarlıq və bitçilik sahəsində işləyən fəhlə və qulluqçuların mənzil şəraitini yaxşılaşdırmaq üçün sovxoz müdriyyətinə ərizə ilə müraciət etmiş, həmin ərizələri həmkarlar komitəsi, komitə üzvləri ilə birlikdə nəzərdə keçirmişdir. Sovxoz həmkarlar komitəsi aşağıdakı vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi haqqında 20.X.89-cu il tarixli 2 protokolundan çıxarış təqdim etmişdir. Yuxarıdakıları nəzərə alaraq İddiaçı fərdi ev tikdirmək üçün torpaq sahəsi ayrılmışdır. - cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina barədə xx.xx.2023-cü il tarixli məktubunda qeyd etmişdir ki, “...elektron kadastr məlumatlarına əsasən tərəfinizdən göstərilən torpaq sahəsi X1 hüdudlarından kənarda, bir hissəsi Xəzər dənizinin mühafizə zonasında yerləşməklə, dövlət mülkiyyəti torpağıdır. Eyni zamanda idarənin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işləri aparılan zaman göstərilən torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Hazırkı işin hallarından görünür ki, Abşeron rayon X1 92 №-li, 21 oktyabr 1989-cu il tarixli əmri ilə iddiaçıya Türkan qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün 0,10 ha torpaq sahəsi ayrılmış, torpaq sahəsinə dair cizgi sxemi hazırlanmşdır. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi X1 hüdudlarından 1200 m kənarda, 355 kv.m hissəsinin isə Xəzər dənizinin mühafizə zonasında yerləşdiyini, həmçinin sahənin dövlət mülkiyyəti torpağı olduğunu və torpaq sahəsinin faktiki sahəsinin 1310 kv.m təşkil etdiyini bildirərək iddiaçının müraciətini təmin etməkdən imtina etmiş, eyni zamanda göstərilən əsaslara istinad edərək iddiaya etiraz etmiş, nəticədə hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0., 8.0.8-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 2015-ci il 13 yanvar tarixli Fərmanı təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 439 saylı, xx.xx.2015-ci il tarixli Fərmanının 2.5-ci bəndinə əsasən yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış torpaq sahəsinə hüququn qeydə alınması üçün əsasdır. İddiaçı hüquqmüəyyənedici sənəd kimi Abşeron rayon X1 92 №-li, 21 oktyabr 1989-cu il tarixli əmrinə istinad edir ki, həmin sənəd daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün əsasdır. Məhkəmə kollegiyası cavabdehin dəlilləri ilə bağlı qeyd edir ki, işin birinci instansiya icraatı zamanı məhkəmə sorğusuna cavab olaraq cavabdeh tərəfindən X1 hüdudlarını müəyyən edən ayrıc aktının mövcud olmadığını bildirsə də, elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi X1 hüdudlarından 1200 m kənarda qeyd etmişdir. Göründüyü kimi cavabdehin dəlilləri formal mülahizələrə əsaslanmışdır. Digər dəlil olan torpaq sahəsinin yarı hissəsinin Xəzər dənizinin mühafizə zonasında yerləşməsi ilə bağlı qeyd edilməlidir ki, , cavabdeh tərəfindən təqdim edilən müayinə aktından görünür ki, cavabdeh İdarənin mütəxəssisləri tərəfindən torpaq sahəsinöə baxış keçirilmiş və torpağln Xəzər dənizindən 60-70 məsafədə yerləşdiyi bildirilmişdir. Bu barədə iddiaçının nümayəndəsi və vəkili işin birinci instansiya icraatı zamanı dəqiqləşmə ərizəsi verərək mühafizə zolağına düşən 355 kv.metr hissə çıxılmaqla qalan hissədə mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. Göründüyü kimi, cavabdehin ikinci imtina əsası da aradan qalxmışdır. Torpaq sahəsinin ümumi hasar daxilində yerləşməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu hal iddiaçının müraciətinin təmin edilməsinə və iddianın təmin olunmasına mane olan hal deyildir. Çünki cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş müayinə aktına torpaq sahəsinin yerləşməsini əks etdirən koordinatlar əlavə edilmişdir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3182/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3182/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar