Məhkəmə qərarları › İş №2-1(103)-3230/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3230/2023

22.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3230/2023 22.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhər Səbail Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X3, X10, X8 və X6) “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-580/2023 nömrəli, 13 mart 2023-cü il tarixli qərarından üçüncü şəxs X10 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhər Səbail Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X3, X10, X8 və X6) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxslərin onun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, ev 24 ünvanında yerləşən 14a saylı mənzilə istifadə hüquqlarının olmamasının müəyyən olunması və pasport qeydiyyatından çıxarılmalarının cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, üçüncü şəxslər X3, X10, X8 və X2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, ev 24 ünvanında yerləşən 14a saylı mənzildən pasport qeydiyyatından çıxarılmaları vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş, X3, X10, X8 və X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Səlma Salahova) 2-1(112)-580/2023 nömrəli, 13 mart 2023-cü il tarixli qərarı ilə iddia təmin olunmuş, üçüncü şəxslər xx.xx.1961-ci il təvəllüdlü X1, xx.xx.1984-cü il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2010cu il təvəllüdlü X2 Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, ev 24 ünvanında yerləşən 14a saylı mənzil üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhər Səbail Rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan üçüncü şəxs X10 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı üçüncü şəxslərin onun mülkiyyətində olan mənzil üzrə qeydiyyatdan çıxarılmaları tələbi ilə cavabdehə 2021-ci ildə müraciət etmişdir. Cavabdeh isə xx.xx.2021-ci il tarixli məktubla hüquqi əsaslar olmadığından bundan imtina etmişdir. Məhkəmə isə hazırkı qərarda cavabdehin bu imtinasının əsassızlığını həmin imtinadan sonra qəbul olunmuş Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin mövcudluğu və qanuni qüvvəyə minməsi ilə əsaslandırmışdır. Lakin tarixi ardıcıllığa görə daha sonra yaranmış əsas - Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi bu qətnamənin olmadığı xx.xx.2021-cı ıl tarixdə inzibati orqanın imtinasının qanuniliyini poza bilməz. Digər tərəfdən, üçüncü şəxslərin mübahisəli mənzildən çıxarılmalarına dair Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin mövcudluğu üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları üçün hüquqi əsas da yaratmır. Çünki məhkəmənin də qərarında istinad etdiyi "Yaşayış veri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 9cu maddəsinin l-ci hissəsinin beşinci abzasında nəzərdə tutulmuş əsas məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxsin yaşayış sahəsindən çıxarılmasıdır. Başqa sözlə, yaşayış sahəsindən çıxarılma barədə qətnamənin mövcudluğu deyil, həmin qətnamə əsasında şəxsin yaşayış sahəsindən faktiki çıxarılması şəxsin həmin ünvan üzrə qeydiyyatdan çıxarılması üçün əsas yaradır. Hazırkı iş üzrə üçüncü şəxslərin mübahisəli ünvandan çıxarılmalarına dair hər hansı sənəd yoxdur. Çünki onlar hələ də həmin ünvanda yaşamaqda davam edirlər. Beləliklə, üçüncü şəxlər qeydiyyatdan çıxarıldıqları mənzildə bu gün də yaşadıqları halda, onların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları qanunsuzdur. Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsini qüvvədə saxlamış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasinin 05 oktyabr 2022-ci il tarixli 2(103)-6294/2022 saylı qətnaməsindən cavabdeh X10 tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə icraata qəbul olunmuşdur. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və cavabdehin nümayəndəsi məhkəməyə ərizə göndərərək onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Səbail Rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur: Sizə məxsus ünvan 2 ünvanında yerləşən mənzildə qeydiyyatda olan X3, X8, X6 və X10 göstərilən ünvandan qeydiyyatdan çıxarılmaları ilə əlaqədar mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən məhkəmə orqanlarına müraciət etməyiniz məqsədəmüvafiqdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli arayışına əsasən ünvan 3 ünvanında xx.xx.1961-ci il təvəllüdlü X3, xx.xx.1984-cü il təvəllüdlü X10, xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X6 qeydiyyatdadırlar. İş materiallarında olan MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, ev 24 ünvanında yerləşən 14 a saylı mənzilə İddiaçı mülkiyyət hüququ ********** qeydiyyat nömrəsi ilə xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda bildirilir ki, X3, X10, X8 və X2 Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, ev 24, 14a saylı mənzilə dair istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarında olan DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X3 xx.xx.2003-cü il tarixdən, X10 xx.xx.2002-ci il tarixdən, X8 xx.xx.2016-cu il tarixdən, X6 xx.xx.2016-cı il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadırlar. Qeyd olunan şəxslərin şediyyata alınmasına əsas olunmuş sənədlərin saxlama müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən göndərilməsi mümkün deyildir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-12/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı iddiası təmin edilmiş, cavabdehlər X3, X10, X8 və X2 Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, 24 saylı evin, 14 A saylı mənzilindən çıxarılması və mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 6294/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehlər X3 və X10 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-12/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 2566/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, cavabdeh X7 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 6294/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-12/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdehlər X3 və X10 tərəfindən verilmiş apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 6294/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilməyərək, Səbail rayon Məhkəməsinin 2(009)-12/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən cavabdeh X10 tərəfindən verilmiş kassasıya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə qeyri-mümkün hesab edilərək geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6294/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6294/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh X10 və vəkili X4 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Mülki iş xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsindən Bakı şəhəri Səbail rayon Məhkəməsinə daxil olmuş və Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-12/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldığı üçün icraya yönəldilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 5-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin Qərarda həmçinin qeyd edilir ki, “...Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. ... Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur. Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər.”. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, ev 24 ünvanında yerləşən 14a saylı mənzilə İddiaçı mülkiyyət hüququ xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X3, X10, X8 və X2 həmin mənzilə dair istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-12/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən isə İddiaçı iddiası təmin edilərək X3, X10, X8 və X2 Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, 24 saylı evin, 14 A saylı mənzilindən çıxarılması və mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir, həmin qətnamə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, ev 24 ünvanında yerləşən 14 a saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Üçüncü şəxslər həmin mənzildə qeydiyyatda olsalar da, həmin mənzilə dair istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmçinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin beşinci abzasında nəzərə tutulmuş hal - məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxsin yaşayış sahəsindən çıxarılması halı mövcuddur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Üçüncü şəxs X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-580/2023 nömrəli, 13 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar