Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3231/2024 01.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: «borca görə siyahıya alınmış əmlakın satılması») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Kamran Hüseyn oğlu Əkbərovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, Cavabdeh iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2589/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Əmlakın siyahıya alınması haqqında qəradan görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən Cavabdeh əmlakının siyahıya alınması qərara alınmışdır.
2. Əmlakın siyahıya alınması haqqında protokoldan görünür ki, vergi ödəyicisi Cavabdeh əmlakı siyahıya alınmışdır.
3. Vergi orqanı tərəfindən tərtib olunmuş siyahıdan görünür ki, Cavabdeh əmlakı kimi “Opel-Zafira” markalı, 99MK217 qeydiyyat nömrəli avtonəqliyyat vasitəsi siyahıya alınmışdır.
4. DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, "Opel-Zafira" markalı **-MK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq X2 adına rəsmiləşdirilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi Cavabdeh qarşı “avtonəqliyyat vasitəsinin müvafiq icra hakimiyyətinin orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunvericilik aktları ilə müəyyən edilmiş müddətdə öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Lakin, cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü tarixli Qərarlar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx/xx/2023-ci il tarixə dövlət büdcəsinə yaranan 38078.85 manat və Dövlət Sosial Müdafiə Fonduna yaranan 1518.50 manat borclarına görə qiyməti 8000 manat 2009-cu il buraxılışı olan gümüşü metallik rəngli "OPEL ZAFİRA minik” markalı W0L0AHM********** kuzov nömrəli 99MK217 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi siyahıya alınmış və bu barədə xx/xx/2023-cü il tarixli **********9 və **********6 saylı Protokollar tərtib edilmişdir. Protokollara siyahıya alınmış əmlakın 1 vərəqdən ibarət siyahıları əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fonduna ödənilmədiyi halda, siyahıya alınmış əmlakın qanunamüvafiq satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə xx/xx/2023-cü il tarixə 8000.00 manat və Dövlət Sosial Müdafiə Fonduna yaranan 124.55 ödənilməmiş borcu qalmışdır.
7. Cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2589/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırki işin faktiki hallarından göründüyü kimi iddiaçı tərəfindən siyahıya alınmış əmlak ilkin olaraq cavabdehə məxsus olsa da, alqı-satqı müqaviləsi əsasında həmin avtonəqliyyat vasitəsinin mülkiyyətçisi dəyişilmiş və başqa fiziki şəxsin adına qeydiyyata alınmışdır. b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
10. Qərardan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2589/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, diqqət yetirilməli məqam ondan ibarətdir ki, vergi orqanının uçot-baza məlumatlarında Cavabdeh hazırkı qərar üzrə siyahıya alınmış əmlakından başqa sahibkarlıq fəaliyyətində istifadə edilən digər əmlak, təsərrüfat subyekti və ya avadanlıqların olması aşkar edilməmişdir. Vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixdə **********768000 nömrəli iddia ərizəsi ilə Cavabdeh (VÖEN: **********) xx.xx.2023-ci il tarixə dövlət büdcəsinə yaranan 8000.0 manat və Dövlət Sosial Müdafiə Fonduna yaranan 124.55 manat borclarına görə onun siyahıya alınmış qiyməti 8000.0 manat 2009-cu il buraxılışı olan gümüşü metallik rəngli “OPEL ZAFİRA minik” markalı W0L0AHM********** kuzov nömrəli 99-MK- 21d7övlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin siyahıya alınmış əmlaklarının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Eyni zamanda Cavabdeh (VÖEN:**********) xx.xx.2023-ci il tarixə dövlət büdcəsinə yaranan 8000.0 manat və Dövlət Sosial Müdafiə Fonduna yaranan 124.55 manat borclarına görə onun siyahıya alınmış qiyməti 8000 manat 2009-cu il buraxılışı olan gümüşü metallik rəngli “OPEL ZAFİRA minik” markalı W0L0AHM********** kuzov nömrəli 99MK217 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin üzərinə həbsin qoyulması barədə xx.xx.2023-cü il tarixli **********026600 nömrəli ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Bakı İnzibati Məhkəməsininxx.xx.2023-cü il tarixli 15(112)-391/2023 nömrəli qərardadı ilə vergi orqanı tərəfindən verilmiş “Müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizə mümkün sayılmamışdır. Məhkəmə qərardadı qəbul edən zaman hesab etmişdir ki, hazırkı mübahisəyə münasibətdə ərizəçinin hüquqi müdafiə marağı mövcud deyildir. Belə ki, ərizəçi hüquqi marağına və çatmaq istədiyi məqsədə VM-nin 89-cu maddəsinə əsasən həyata keçirdiyi siyahıya alma tədbiri vasitəsilə artıq nail olmuşdur”. Beləliklə Məhkəmə hesab edir ki, hazırki halda iddiaçını tərəfindən verilmiş “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizə mümkünlük şərtlərini ödəmir. Şəxsin qanunun bu tələbinə əməl etməyəcəyi və əmlakı qanunsuz olaraq özgəninkiləşdirəcəyinə dair ərizəçinin ehtimalları üzərindən məhkəmə vergi ödəyicisini qanunla qorunan konkret hüquqlardan məhrum edə bilməz. Bakı İnzibati Məhkəməsininxx.xx.2023-cü il tarixli 15(112)-391/2023 nömrəli qərardadından istifadə edən cavabdeh borcun ödənilməsinin təmin məqsədi ilə ona məxsus siyahıya alınmış “OPEL ZAFİRA minik” markalı W0L0AHM********** kuzov nömrəli **-MK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında satmışdır. Göründüyü kimi qeyd olunan nəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixdən Cavabdeh adına qeydiyyata alınmış, vergi orqanı nəqliyyat vasitəsinin onun mülkiyyətində olan zaman əmlakın siyahıya alınmasını həyata keçirmiş və məhkəməyə müraciət etmişdir. Lakin cavabdeh dövlət büdcəsinə və müvafiq fondlara olan borcunu ödəmək vəzifəsindən boyun qaçırmaq niyyəti ilə iş məhkəmənin icraatında olduğu zaman xx.xx.2023-cü il tarixdə siyahıya alınmış avtonəqliyyat vasitəsini digər şəxsin X2 adına rəsmiləşdirilməni həyata keçirmişdir.Bununla da cavabdeh borcunu ödəmək vəzifəsindən boyun qaçırmaq niyyətini təmin etmişdir. Məhkəmə təcrübəsi göstərir ki, oxşar hallarla əlaqədar vergi ödəyiciləri siyahıya alınmış nəqliyyat vasitələrini məsul saxlamaya qəbul etməkdən imtina edərək vergi orqanlarının iddia ərizələrinə məhkəmədə baxıldığı zaman siyahıya alınmış lakin tərəfindən məsul saxlamaya qəbul edilməmiş sahibliyində olan nəqliyyat vasitələrini özgəninkiləşdirilməsini həyata keçirirlər ki, bununla əlaqədar vergi orqanları tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303-cü maddəsinin tərkibinin olmasına dair məhkəmələrə verdikləri vəsatətlər məhkəmələr tərəfindən vergi ödəyicisinin avtonəqliyyat vasitəsini məsul saxlamaya götürmədikləri və hal hazırda onların mülkiyyətində olmaması əsası ilə təmin edilmir. Bu da nəticədə siyahıya alınmış nəqliyyat vasitələrinin satılmasına dair vergi orqanlarının iddia tələbinin məhkəmə işə baxılarkən nəqliyyata sahibliyin dəyişməsi əsas gətirİlərək təmin edilməməsi ilə nəticələnir. Göründüyü kimi vergi orqanı ehtimallara deyil, praktikada tez-tez baş verən faktlara əsaslanmışdır. Məhkəmə isə həm “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizənin, eləcə də hazırkı iddia tələbinin təmin edilməməsi ilə vergi ödəyicisinin dövlət büdcəsinə və müvafiq fondlara olan borcun ödəməkdən yayınmasına şərait yaratmışdır.
d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.
e) Prosses iştirakçılarının izahatları
13. Məhkəmə Kollegiyasının iclasında cavabdeh maddi vəziyyətinə görə borcu ödəyə bilmədiyini qeyd edərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
14. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilmişdir. İddiaçı (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq inzibati işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. 23.1-ci maddəsinə əsasən vergi orqanlarının hüquqları aşağıdakılardır: (23.1.8) qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək; (23.1.15-1) hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5.000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5.000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək. 24.1.2-2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vergi orqanının vəzifəsidir. 89.2-ci maddəsinə görə əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. 89.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. 89.4-cü maddəsinə görə vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. 89.5-ci maddəsinə əsasən yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. 89.6-cı maddəsinə əsasən əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri, bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair), hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər, istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər, inventarizasiya aparılmaqla digər əmlak. 89.10-cu maddəsinə görə siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. 90.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5.000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. 90.3-cü maddəsinə əsasən vergi ödəyicisinin siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5.000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borca faizin hesablanması dayandırılır və bu Məcəllənin 90.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla vergi borcunun dövlət büdcəsinə ödənilməsi vergi orqanı tərəfindən təmin edilir. Vergi ödəyicisinin siyahıya alınmış əmlakı vergi orqanının sifarişinə əsasən elektron hərrac vasitəsi ilə də satıla bilər. Elektron hərracın təşkili və keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.
16. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.6-cı madəssinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayətində qərar bütövlükdə mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı tam olaraq yoxlanılır.
19. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialar inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növlərindən biri kimi nəzərdə tutulmuşdur.
21. İddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası qeyd edir ki, Bu qərarın 15-ci bəndindəki hazırkı iş üzrə tətbiq edilən normaların təhlilindən görünür ki, əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Vergi orqanının vergi ödəyicisinin əmlakının siyahıya alınması hüququ o zaman yaranır ki, vergi ödəyicisi vergilər, məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqının ödənilməsi öhdəliyini Vergi Məcəlləsi ilə məyyən edilmiş müddətdə yerinə yetirməmiş olsun ki, belə olan halda vergi ödəyicisinin yaranmış borclarını, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar borc üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakın siyahıya alınması üsulundan istifadə oluna bilər.
22. İşin hallarından müəyyən olunur ki, iddiaçı cavabdehin vergi borcunun olduğunu iddia etmiş, vergi borcunun təmin edilməsi məqsədi ilə isə “Opel-Zafira” markalı avtonəqliyyat vasitəsini siyahıya almışdır. Halbuki, iddiaçı avtonəqliyyat vasitəsinin cavabdehin mülkiyyətində olmadığını, ümumiyyətlə həmin avtonəqliyyat vasitəsinin alqı-satqı münasibətləri zənnində başqa fiziki şəxsin mülkiyyətinə verildiyini nəzərə almamış, bununla da həmin avtonəqliyyat vasitəsinin hazırki mülkiyyətçisinin mülkiyyət hüquqlarına müdaxilə etmişdir.
23. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin 1.7-ci maddəsinə əsasən uçotda dayanan və qeydiyyata alınmış nəqliyyat vasitələri və onların mülkiyyətçiləri barədə mərkəzləşdirilmiş və regionlar üzrə qeydiyyatın uçot bazasından məlumat almağa yalnız təhqiqat, istintaq, məhkəmə və qanunvericiliklə nəzərdə tutulmuş digər orqanların hüququ vardır.
24. Həmin Əsasnamənin 2.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinə sahiblik, nömrəli aqreqatların alınması və əldə edilməsinin qanuniliyi aşağıdakı sənədlərlə təsdiq edilir: - nəqliyyat vasitəsinin mülkiyyətçisi və alıcı arasında yazılı şəkildə tərtib edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət X3-imtahan məntəqələrində təsdiq olunmuş alqı-satqı (Əsasnaməyə 1 nömrəli əlavə), yaxud dəyişmə (Əsasnaməyə 2 nömrəli əlavə) müqaviləsi. Bağlanmış müqavilənin doğruluğunun təkzibedilməz şərti qeydiyyat məntəqəsində satıcı və alıcının (onların vəkil etdikləri şəxslərin) iştirakıdır. Hüquqi şəxslərin nəqliyyat vasitələri satılıb-alındıqda əlavə olaraq təhvil-təslim aktı və nəqliyyat vasitəsinin dəyərinin ödənilməsi haqqında sənəd və ya onun surəti tələb edilir;
25. Göründüyü kimi qüvvədə olan normativ hüquqi aktların tələblərindən görünür ki, nəqliyyat vasitələrinə sahiblik, nömrəli aqreqatların alınması və əldə edilməsinin qanuniliyinin tanınması üçün sənədlərin əhatə dairəsi müəyyən edilmiş, bunlardan biri qismində nəqliyyat vasitəsinin mülkiyyətçisi ilə alıcı arasında bağlanmış alqı-satqı müqaviləsi çıxış edir.
26. Hazırki işin faktiki hallarından göründüyü kimi iddiaçı tərəfindən siyahıya alınmış əmlak ilkin olaraq cavabdehə məxsus olsa da, alqı-satqı müqaviləsi əsasında həmin avtonəqliyyat vasitəsinin mülkiyyətçisi dəyişilmiş və başqa fiziki şəxsin adına qeydiyyata alınmışdır.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci və 139.2-ci maddələrinə nəzər yetirsək görünür ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır.
28. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırki halda iddiaçının siyahıya aldığı əmlak cavabdehə məxsus olmadığından, cavabdehin vergi borcuna görə siyahıya alınan və başqa şəxsə məxsus olan avtonəqliyyat vasitəsinin satılması qanunaziddir.
29. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə Kollegiyası yuxarıda qeyd olunanlardan əlavə bildirir ki,diqqət yetirilməli məqam ondan ibarətdir ki, vergi orqanının uçot-baza məlumatlarında Cavabdeh hazırkı qərar üzrə siyahıya alınmış əmlakından başqa sahibkarlıq fəaliyyətində istifadə edilən digər əmlak, təsərrüfat subyekti və ya avadanlıqların olması aşkar edilməmişdir. Eyni zamanda Cavabdeh (VÖEN:**********) xx.xx.2023-ci il tarixə dövlət büdcəsinə yaranan 8000.0 manat və Dövlət Sosial Müdafiə Fonduna yaranan 124.55 manat borclarına görə onun siyahıya alınmış qiyməti 8000 manat 2009-cu il buraxılışı olan gümüşü metallik rəngli “OPEL ZAFİRA minik” markalı W0L0AHM********** kuzov nömrəli 99MK217 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin üzərinə həbsin qoyulması barədə xx.xx.2023-cü il tarixli **********026600 nömrəli ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir.Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 15(112)-391/2023 nömrəli qərardadı ilə vergi orqanı tərəfindən verilmiş “Müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizə mümkün sayılmamışdır. Məhkəmə qərardadı qəbul edən zaman hesab etmişdir ki, hazırkı mübahisəyə münasibətdə ərizəçinin hüquqi müdafiə marağı mövcud deyildir.Həmin qərardaddan verilən şikayət təmin olunmamışdır.
30. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, Cavabdeh hazırkı qərar üzrə siyahıya alınmış əmlakından başqa sahibkarlıq fəaliyyətində istifadə edilən digər əmlak, təsərrüfat subyekti və ya avadanlıqların olmaması, həmçinin, Cavabdeh (VÖEN:**********) xx.xx.2023-ci il tarixə dövlət büdcəsinə yaranan 8000.0 manat və Dövlət Sosial Müdafiə Fonduna yaranan 124.55 manat borclarına görə onun siyahıya alınmış qiyməti 8000 manat 2009-cu il buraxılışı olan gümüşü metallik rəngli “OPEL ZAFİRA minik” markalı W0L0AHM********** kuzov nömrəli 99MK217 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin üzərinə həbsin qoyulması barədə ərizənin Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 15(112)-391/2023 nömrəli qərardadı ilə mümkün sayılmaması hazırkı iş üzrə iddianın və həmçinin apellyasiya şikayətinin təmin olunmasına əsas yaratmır.
31. Belə ki, əvvəla iddiaçı özü "Opel-Zafira" markalı **-MK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin siyahıya alınması barədə qərarı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsinə təqdim etməklə nəqliyyat vasitəsinə mülkiyyət hüququnun dəyişdirilməsinə müvəqqəti məhdudiyyət qoyulmasını tələb edə bilərdi.
32. Nəzərə almaq lazımdır ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2ci maddəsinə əsasən isə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir.
33. Belə olan halda aydındır ki, əmlakın üzərinə həbs qoyulması ilə əmlakın siyahıya alınması şəxs üçün eyni hüquqi nəticələr yaradır.
34. Buna görə də məhkəmə Kollegiyası hesab edir ki, ərizəçi cavabehə məxsus olduğunu iddia etdiyi əmlakı siyahıya almaqla vergi ödəyicisinin həmin əmlak üzərində sərəncam vermək hüququnu qadağan etdiyindən, təkrar həmin əmlakın üzərinə məhkəmə tərəfindən həbs qoyulmasına zərurət mövcud deyil.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə"sinin 5.3-cü bəndinə əsasən nəqliyyat vasitələri məhkəmələrin, yaxud mövcud qanunvericilik aktlarına müvafiq olaraq digər səlahiyyətli dövlət orqanlarının vəzifəli şəxslərinin cinayət, yaxud başqa qanun pozuntusu törədilməsinə görə qəbul etdiyi qərar əsasında uçotdan çıxarıla bilər.
36. Nəqliyyat vasitələrinin uçotdan çıxarılmasına, nəqliyyat vasitəsinə mülkiyyət hüququnun dəyişdirilməsinə müvəqqəti məhdudiyyətlər göstərilən orqanların, vəzifəli şəxslərinin qərarı ilə qoyula bilər.
37. Göründüyü kimi, qanunverici səlahiyyətli dövlət orqanlarının qəbul etdikləri qərar əsasında nəqliyyat vasitəsinə mülkiyyət hüququnun dəyişdirilməsinə müvəqqəti məhdudiyyət qoyulmasının mümkünlüyünü təsbit etmişdir.
38. İkincisi isə tətbiq olunan hüquq normalarından görünür ki, başqa şəxsin mülkiyyətində olan əmlakın siyahıya alınmış əmlak kimi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılmasının heç bir hüquqi əsası yoxdur.
39. Məhkəmə Kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının apellyasiya şikayətində qeyd olunan dəlillər qanuni və əsaslı məhkəmə qərarının ləğvinə əsas təşkil etmir.
40. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2589/2024 saylı, xx.xx.2024-cü il tarixli tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2589/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.