Məhkəmə qərarları › İş №2-1(103)-3231/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3231/2025

07.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3231/2025 07.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X6 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi ilə, İddiaçı Kərimzadə - İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinə qarşı “qərarın, torpaqların alqı-satqısına dair aktın, alqı-satqı müqaviləsinin ləğv edilməsi və ona torpağın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10201/2025 saylı, 05 iyun 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı Kərimzadə - İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə (üçüncü şəxs X8 göstərilməklə) məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu Xocəsən X1 mülkiyyətinə 400 kv.m torpaq sahəsinin verilməsinə dair xx.xx.2007-ci il tarixli 22/26 №li qərarının, qərara əlavə edilmiş torpaq sahəsinin yerləşdiyi ərazinin cizgisinin və torpaqların alqı-satqısına dair aktın, həmçinin X9 ilə X8 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin ləğv edilməsi, bu mümkün sayılmadıqda Xocəsən Bələdiyyəsinin üzərinə Kərimzadə İddiaçı mülkiyyətinə yaxın ərazidə eyni keyfiyyətdə və eyni ölçüdə torpağın verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının müraciəti əsasında Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin 25 iyun 2007-ci il tarixli 13/05 nömrəli qərarına əsasən bələdiyyə ərazisindən alqı-satqı yolu ilə mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün 500 kvadrat metr torpaq sahəsi verilmişdir. Maddi imkanı olmadığına görə ötən uzun müddət ərzində həmin torpaq sahəsində ev tikdirə bilməmişdir. Son illərdə isə işi ilə əlaqədar çox vaxt xarici ölkələrdə olduğundan həmin torpaq sahəsi demək olar ki, nəzarətsiz qalmışdır. 2024-cü ilin sonlarında mülkiyyətinə verilmiş torpaq sahəsinin başqası tərəfindən yenidən hasara alındığını və orada fərdi yaşayış evi tikildiyini bilmişdir. Bununla əlaqədar tərəfindən araşdırma aparılmış və müəyyən edilmişdir ki, onun mülkiyyətinə verilmiş torpaq sahəsinin 400 kvadrat metri sonradan qanunsuz olaraq Xocəsən Bələdiyyəsinin 17 sentyabr 2007-ci il tarixli 22/26 nömrəli qərarına əsasən alqısatqı yolu ilə X5 mülkiyyətinə verilmiş, o da bu torpağı aralarında bağlanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsi ilə X2. Həmin torpaq sahəsinə məhz C.C.Nəcəfova tərəfindən təzə hasar çəkdirilmiş və onun tərəfindən də orada fərdi yaşayış evi tikdirilmişdir. Hazırda da C.C.Nəcəfova özünün ailə üzvləri ilə birlikdə iddiaçının torpağında tikdirdiyi evdə yaşayır. Odur ki, xx.xx.2025-ci il tarixli ərizə ilə Xocəsən Bələdiyyəsinə müraciət edərək bələdiyyənin 17 sentyabr 2007-ci il tarixli 22/26 №li qərarının ləğv edilməsini, mülkiyyətinə verilmiş 500 kvadrat metr torpağın özünə qaytarılmasını və torpaq üzərində pozulmuş mülkiyyət hüququnun bərpa edilməsini, yaxud da qanunsuz olaraq başqasının mülkiyyətinə verilmiş torpağının əvəzində ona eyni dəyərdə başqa torpaq sahəsinin verilməsini xahiş etmişdir. X11 22 aprel 2025-ci il tarixli 02-K/22 №li məktub göndərərək xahişini təmin etməkdən imtina etmişdir. Göründüyü kimi Xocəsən Bələdiyyəsi tərəfindən alqı-satqı yolu ilə onun mülkiyyətinə verilmiş 500 kvadratmetr torpaq sahəsinin 400 kvadratmetri sonradan qanunsuz olaraq X5 mülkiyyətinə verilmiş, R.A.Məlikov bu torpağı X3 sonra isə sonuncu tərəfindən orada fərdi yaşayış evinin tikilməsi üçün şərait yaradılmışdır. C.C.Nəcəfova göstərilən torpaq sahəsində fərdi yaşayış evi tikdirmiş və ailə üzvləri ilə birlikdə yaşamaq üçün həmin evə köçmüşdür. Beləliklə də, Xocəsən Bələdiyyəsinin təqsirindən onun torpaq üzərində mülkiyyət hüququ pozulmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10201/2025 saylı, 05 iyun 2025-ci il tarixli qərardadı ilə (hakim L.Musayeva) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10201/2025 saylı, 05 iyun 2025-ci il tarixli qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardadın 7-ci bəndində Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə istinad edilərək göstərilir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsinin və ya qəbul edilməsindən imtina olunmasının onun hüquqlarını və qanunla qorunan maraqlarını pozduğunu əsaslandırdığı hallarda mübahisələndirmə və ya məcburetməyə dair iddia mümkün sayılır. Mövcud halda Xocasən Bələdiyyəsi tərəfindən alqı-satqı yolu ilə onun mülkiyyətinə verilmiş torpaq sahəsinin sonradan başqasının mülkiyyətinə verilməsi barədə inzibati aktın qəbul edilməsi nəticəsində onun torpaq üzərində mülkiyyət hüququ pozulmuşdur və o mülkiyyətindən məhrum olub. Ona görə də qaldırdığı iddia bu cəhətdən tam əsaslıdır və mümkün sayılmalı idi. Qərardadın 8-ci bəndində göstərilir ki, iddianın əsaslı hesab edilərək mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan və digər qanunlardan irəli gəlməsi, habelə iddiaçının güman və ya ehtimal edilən deyil, konkret hüquqlarının pozulmasıdır. Mövcud halda iddia Azərbaycan Respublikası İPM-nin 38-ci maddəsində nəzərdə tutulan müddətdə iddiaya cavab verməli olan Xocəsən Bələdiyyəsinə qarşı, həm də mülki qanunvericiliyə uyğun olaraq əmələ gəlmiş güman və ehtimal edilən deyil, konkret olaraq torpaq üzərində mövcud olan mülkiyyət hüququnun pozulmasına görə verilmişdir. Odur ki, iddia bu cəhətdən də əsaslı və mümkün sayılmalı idi. Qərardadın 12-19-cu bəndlərində göstərilir ki, iddiaçının mübahisə açdığı məsələ İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrə aiddir və həmin dövrdə bu cür mübahisələr üzrə hüquq müdafiə imkanları o vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuşdur. Ona görə də iddiaçı tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquq müdafiə imkanlarından, həm də bu qanunvericilik aktlarında nəzərdə tutulan müddətdə istifadə etməli idi. Əgər 2011-ci ilədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunvericilik aktları ilə müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci ilədək artıq ötürülmüşdürsə onlar yeni qanunvericiliyə görə də mübahisələndirilə bilməz. Belə ki, İPM, onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquq müdafiə imkanı yaratmır. İddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddət daxilində hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Ona görə də xx.xx.2011-ci ilədək qəbul edilmiş qərarların mübahisələndirilməsi imkanı aradan qalxmışdır və belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. İlk növbədə qərardadın 12-19-cu bəndlərində göstərilənlər heç bir qanun normasına əsaslanmır və yalnız işə baxan hakimin subyektiv mülahizələrindən ibarətdir. Ona görə də bu mülahizələrə istinad edilməklə çıxarılmış qərardad əsassız hesab edilməlidir. Digər tərəfdən, alqı-satqı yolu ilə mülkiyyətimə verilmiş torpağın sonradan başqasının mülkiyyətinə verilməsi barədə Xocəsən bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 22/26 nömrəli qərarından 2025-ci ilin əvvəllərinə kimi onun xəbəri olmayıb. Yuxarıda da qeyd etdiyi kimi son illər işi ilə əlaqədar çox vaxt xarici ölkələrdə olub və Xocəsən Bələdiyyəsindən aldığı torpağa nəzarət də edə bilməyib. Yalnız 2024-ü ilin oktyabr ayında Bakıda olarkən həmin torpaq sahəsində başqası tərəfindən ev tikdirildiyini bilib və bu faktı araşdıraraq da Xocəsən Bələdiyyəsinin göstərilən torpağı ondan sonra xx.xx.2007-ci il tarixli 22/26 nömrəli qərarı ilə qanunsuz olaraq başqasına verdiyini bundan sonra, təxminən 2025-ci ilin əvvəllərində öyrənib. Onun bələdiyyənin qanunsuz qərarı ilə əlaqədar məhkənməyə müraciət etmək hüququ da məhz həmin vaxtdan əmələ gəlib və bu hüquqdan da o istifadə edib. Daha sonra, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində bu məcəllənin zamana görə qüvvəsi barədə heç bir müddəa yoxdur. Eyni zamanda, Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Rrespublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Rrespublikasının MPM-nin 3.1-ci maddəsinə görə isə məhkəmə icraatı, işə baxılan, ayrıayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman, qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Bunlarla yanaşı, Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilik aktlarında qanunun geriyə qüvvəsi nəzərdə tutulsa da, ləğv olunmuş və ya qüvvədən düşmüş qanunların sonradan həll edilən məsələlərə tətbiq olunması nəzərdə tutulmamışdır və bu tamamilə doğru bir haldır. Qərardadın 20-ci bəndində göstərilir ki, iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə verilsə də, daha əvvəl məhkəməyə müraciət etməyə mane olan və ya müraciət etmək imkanını məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Xocəsən Bələdiyyəsi onun torpağının sonradan başqasına verməsi barədə qanunsuz qərar qəbul etdiyinə görə bu barədə ona məlumat verməmişdir. Son illərdə isə o çox vaxt xarici ölkələrdə olub və torpağa nəzarət də edə bilməyib. Yalnız 2024-cü ilin oktyabr ayında Bakıya gələrkən onun torpağında başqası tərəfindən ev tikdirildiyini bilib və bundan sonra məsələni araşdıraraq 2025-ci ilin əvvəllərində öyrənib ki, həmin torpaq sahəsi ondan sonra bələdiyyənin qərarı ilə başqasına verilmişdir. Onun bələdiyyə qərarını mübahisələndirmək hüququ da elə həmin vaxtdan (2025-ci ilin əvvəllərindən) yaranmışdır ki, daha əvvəl məhkəməyə müraciət etməməyinin səbəbi də bu olmuşdur. Məhkəmə tərəfindən ona heç bir hüquqi yardım göstərilməmiş, yaxud da məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş müddəti guya ötürməyini əsaslandıran hallar barədə məlumat verməyi ona təklif edilməmişdir. İddiaçı qanunla müəyyən edilən müddətdə əraziyə aid mövcud olan inzibati aktların müəyyən edilməsi ilə bağlı tədbirlər görə bilərdi. Lakin o bununla bağlı hər hansı məhdudiyyətin olması və ya bunu mümkünsüz edən şərtlərin olduğunu məhkəməyə bildirməmişdir. Odur ki, qərarın mübahisələndirilməsi üçün müəyyən edilmiş müddət ötürülmüş hesab olunur və iddia ərizəsində qeyd edilənlər prosessual müddətin buraxılmış hesab edilməsi üçün əsas hesab oluna bilməz. Bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir. Tərəflərin iştirakı: Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflərin məhkəmə kollegiyasının iclasında iştirakı təmin edilməmişdir. İddiaçının vəkili tərəfindən məhkəməyə elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə verilərək işə onların iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10201/2025 saylı, 05 iyun 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İddiaçının mübahisə açdığı inzibati akt - Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin 22/26 nömrəli qərarı xx.xx.2007-ci il tarixdə qəbul edilmişdir. Həmin vaxt qüvvədə olmuş qanunvericiliyə görə maraqlı şəxs hüququnun pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində məhkəməyə müraciət etmək hüququ var idi. İddiaçı Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin qərarı qəbul edildiyi vaxtdan cavabdehin qəbul etdiyi qərarı mübahisələndirməyə dair subyektiv hüququ yaranmasına baxmayaraq, məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə, hər bir halda iddiaçı hazırda mübahisələndirdiyi qərarın ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı göstərilən müddətdə əraziyə dair mövcud olan inzibati aktların müəyyən edilməsi ilə bağlı tədbirlər görə bilərdi, bununla bağlı hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtlər bildirilməmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə münasibətdə iddia yuxarıda qeyd olunan səbəblərdən mümkünlük şərtlərini ödəmir və bu baxımdan mümkün sayılmamalıdır. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzrlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. İddiaçının X9 ilə X8 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin ləğv edilməsi, bu mümkün sayılmadıqda Xocəsən Bələdiyyəsinin üzərinə Kərimzadə -İddiaçı mülkiyyətinə yaxın ərazidə eyni keyfiyyətdə və eyni ölçüdə torpağın verilməsi tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, tələb tərəflər arasında imzalanmış mülki hüquqi əqdin mübahisələndirilməsi ilə bağlı olduğu üçün inzibati mühakimə icraatı qaydasında deyil, həmin tələb üzrə iddiaya mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar. Həmin Qərarın 6.1-ci bəndinə görə iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. Həmin Qərarın 11-ci bəndinə əsasən inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15-ci bəndində qeyd edilir ki, “..İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. İnzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfındən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafıq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfındən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10201/2025 saylı, 05 iyun 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar