Məhkəmə qərarları › İş №2-1(103)-3232/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3232/2025

13.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3232/2025 13.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8261/2025 nömrəli, 15 may 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı iddiaçının adına (VÖEN **********) əsassız hesablanmış 1143 manat vergi borcunun silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı vergi ödəyicisi olan fiziki şəxs kimi 2011-ci ildə (VÖEN **********) qeydiyyatdan keçmiş, lakin hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığından, 2011-ci ildə də fəaliyyətini dayandırmışdır. Heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığından, ödənilməmiş vergi borcu olmamışdır. Lakin 2021-ci ildə onun sahibkarlıq fəaliyyəti ilə məşğul olmağına heç bir aidiyyəti olmamasına baxmayaraq, ölkə ərazisinə 3 ədəd minik avtomobili idxal olunması səbəbi ilə vergi ödəyicisi olaraq vergi borcunun yaranması və 1092 manat vergi borcunun ödənilməsinə dair xəbərdarlıq olunmuşdur. O hər hansı sahibkarlıqla məşğul olmasa da, yaranmış borcdan 300 manat hissəsini ödədi və xx.xx.2023-cü il tarixdə vergilər üzrə ödənilməmiş 705,51 manat vergi borcumun yaranması bildirilmişdir. Lakin müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixinə vergilər üzrə 705,51 manat borcunun olduğu, məcburi dövlət sosial sığorta haqqı üzrə, işsizliklə bağlı sığorta haqqı üzrə və icbari tibbi sığorta haqqı üzrə hər hansı borcun olmaması bildirilmişdir. Buna baxmayaraq, cavabdehə müraciət edərək, əsassız hesablanmış 1143 manat borcun sistemdən silinməsini xahiş etsə də, borcun silinməsi təmin edilməmiş, ona 1143 manat məbləğində borcun ödənilməsi barədə xəbərdarlıq gəlməkdə davam edir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc cavabdeh tərəfindən 2021-ci il ərzində ölkəyə 2 ədəd avtonəqliyyat vasitəsinin gətirilməsi ilə əlaqədar hesablandığı halda heç bir hüquqi əsası yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmədən, Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən əsassız hesablanmış vergi borcunun silinməsi öhdəliyinin cavabdeh inzibati orqana həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Cаvаbdеh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsi mövcud qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunduğundan, hazırkı iddia mümkün hesab edilməməlidir. Belə ki, iddiaçı vergi borcunun silinməsini tələb etsə də, inzibati orqan tərəfindən qəbul edilmiş hansı inzibati aktı mübahisələndirdiyini qeyd etməmişdir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X4ni keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən, kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin məzmunundan da göründüyü kimi, iddia ərizəsinin mümkün sayılması üçün qanunverici hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulmasını əsaslandırmaq öhdəliyini iddiaçının üzərinə qoymuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən iddianın mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8261/2025 nömrəli, 15 may 2025-ci il tarixli qərarı ilə (hakim L.Musayeva) iddianın təmin edilməsi, İddiaçı (VÖEN **********) hesablanmış 1143 manat vergi borcunun silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya yazılı etiraza uyğun əsaslandırılmış və qeyd olunmuşdur ki, məhkəmə qərarında qeyd etmişdir ki, “iddiaçı vergi ödəyicisi olan fiziki şəxs kimi 2011-ci ildə (VÖEN **********) qeydiyyatdan keçmiş, lakin hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığından, 2011-ci ildə fəaliyyətini dayandırmışdır. İddiaçının VÖEN-i səhv olaraq aktivləşdirilmişdir. Hətta nəzərə alınsa ki, iddiaçının sahibkarlıq fəaliyyəti ilə bağlı VÖEN-ni aktivləşdirilmişdir, bu halda barəsində inzibati icraat aparılmamışdır”. İddiaçı xx.xx.2012-ci il tarixdə ərizə ilə müraciət edərək vergi orqanında uçota alınmışdır. Vergi ödəyicisi vergi orqanına fəaliyyətini dayandırması barədə rəsmi müraciət etdikdə və bu, Dövlət Vergi Xidmətində qeydiyyata alındıqdan sonra, həmin şəxsin sahibkarlıq fəaliyyəti rəsmi olaraq dayandırılmış hesab olunur. Amma bu, fəaliyyətini tam və faktiki olaraq dayandırdığı anlamına gəlmir. Əgər vergi ödəyicisi fəaliyyətini dayandırsa belə sonradan faktiki olaraq sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar aparırsa (məsələn, satış həyata keçirirsə, xidmət göstərirsə, gəlir əldə edirsə və s.), bu əməliyyatlar yenidən sahibkarlıq fəaliyyəti sayılır və vergi orqanı bu əməliyyatlar üzrə vergi öhdəliklərini müəyyən edir. Eyni zamanda, məhkəmə özü qərarında “VÖEN səhv olaraq aktivləşdirilmişdir” ifadəsi ilə istinad edir ki, VÖEN faktiki aktiv olmuşdur. Əgər VÖEN aktiv idisə və bu dövrdə iqtisadi əməliyyatlar həyata keçirilibsə, bu halda fəaliyyətsizlikdən söhbət gedə bilməz. Beləliklə, məhkəmənin “fəaliyyət dayandırılmışdır” və “inzibati icraat aparılmamışdır” kimi yanaşmaları iddiaçının faktiki fəaliyyətinin inkarı üçün hüquqi əsas yaratmır. Həmçinin məhkəmə qərarında qeyd edilmişdir ki, “məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, cavabdeh orqan tərəfindən inzibati icraat aparılmadan və kameral qərar qəbul edilmədən iddiaçının şəxsi hesab vərəqəsində məlum olmayan səbəbdən belə məbləğ hesablanmışdır. Qeyd olunmalıdır ki, vergi ödəyicisinin şəxsi hesab vərəqəsində olan hesablamalar ya vergi orqanı tərəfindən həyata keçirilir və bununla bağlı inzibati akt qəbul edilir, ya da vergi ödəyicisi tərəfindən bəyannamə təqdim edilir və bəyan edilmiş məbləğ vergi ödəyicisinin şəxsi hesab vərəqəsində əks olunur. İndiki halda isə vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə baxıldıqda da görünür ki, onun vərəqəsində vergi orqanının qüvvədə olan heç bir hesablaması yoxdur. Belə ki, vergi ödəyicisinə bu günədək kameral hesablama yalnız 2021-ci ilin 4-cü rübü üzrə aparılmışdır. Həmin dövr üzrə vergi orqanının xx.xx.2022-ci il tarixli **********141400 nömrəli qərarı isə vergi orqanının xx.xx.2022-ci il tarixli **********699600 nömrəli qərarı ilə ləğv edilmiş və vergi ödəyicisinin xx.xx.2022-ci il tarixdə 2021-ci ilin 4-cü rübü üzrə təqdim edilmiş dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannaməsi qüvvədə saxlanılmışdır. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən də göründüyü kimi vərəqədə olan vergi borcu vergi ödəyicisinin özünün təqdim etdiyi bəyannamələr əsasında yaranmışdır. Belə ki, vergi ödəyicisi tərəfindən 2021-ci ilin 4-cü rübü üzrə 636,99 manat, 2022-ci ilin 3-cü rübü üzrə ilə 423,60 manat vergi məbləği bəyan edilmiş, ümumilikdə bugünədək cəmi 300 manat (150+150) vergi borcu ödənilmişdir. Beləliklə, vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2025-ci il tarixə ödənilməli vergi borcu 760,59 manat (636,99+423,60-300), faiz borcu isə 381,42 manat təşkil edir. Göründüyü kimi vergi ödəyicisinin mübahisələndirdiyi 1143 manat vergi borcunun əsasını özünün büdcəyə bəyan etdiyi vergi məbləği və ona hesablanmış faiz borcu təşkil edir. Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma vergi üstünlüyüdür. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrdə faktiki olaraq fəaliyyət göstərməsi müəyyən edildikdə vergi ödəyicisinə bildiriş göndərilməklə sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrlər üzrə vergi orqanına hesabatlar təqdim etməsi tələb olunur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki: - İddiaçı vergi ödəyicisi olan fiziki şəxs kimi 2011-ci ildə (VÖEN **********) qeydiyyatdan keçmişdir. - İddiaçıya məxsus vergi ödəyicisi kimi şəxsi hesab vərəqəsindən qeyd edilmişdir ki, İddiaçı xx.xx.2025-ci il tarixinə cəmi ödənilməli borcu 1.142,01 manat təşkil edir. İddiaçı hazırkı iddia tələbində borcun silinməsini xahiş edir. Birinci instansiya məhkəməsinin qərarı onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçıya vergi hesablanmasına əsas olan əməliyyatların iddiaçının sahibkarlıq fəaliyyəti ilə bağlı olmadığı müəyyən edilmişdir. Belə ki, hazırkı halda iddiaçının nəqliyyat vasitəsinin ölkəyə idxalı qanun və müqavilə əsasında malik olduğu mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam vermək hüququnu realizə etmişdir. Bu aktların icrası zamanı iddiaçı hər hansı gəlir əldə etmək məqsədi daşımamışdır. İddiaçı vergi ödəyicisi olan fiziki şəxs kimi 2011-ci ildə (VÖEN **********) qeydiyyatdan keçmiş, lakin hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığından, 2011-ci ildə fəaliyyətini dayandırmışdır. İddiaçının VÖEN-i səhv olaraq aktivləşdirilmişdir. Hətta nəzərə alınsa ki, iddiaçının sahibkarlıq fəaliyyəti ilə bağlı VÖEN-ni aktivləşdirilmişdir, bu halda barəsində inzibati icraat aparılmamışdır. Cavabdeh etirazda qeyd etmişdir ki, iddiaçı vergi borcunun silinməsini tələb etsə də, inzibati orqan tərəfindən qəbul edilmiş hansı inzibati aktı mübahisələndirdiyini qeyd etməmişdir. Həmçinin, apellyasiya instansiyası məhkəməsi xx.xx.2025-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadını ləğv edərək, mübahisələndirilən qərarın mövcud olub-olmamasını araşdırılması, eləcə də iddiaçıya yardım göstərilməsini qeyd etmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, cavabdeh orqan tərəfindən inzibati icraat aparılmadan və kameral qərar qəbul edilmədən iddiaçının şəxsi hesab vərəqəsində məlum olmayan səbəbdən belə məbləğ hesablanmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını və işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 13.2.10-cu maddəsinə əsasən malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə alqı-satqı müqavilələrinin sonradan eyni şəxslə notarial qaydada təsdiq edilməsi bu maddənin məqsədləri üçün vergi tutulan təqdimetmə hesab edilmir. 13.2.12-ci maddəsinə əsasən gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir. Satışdankənar gəlirlər - digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri. 23.1-ci maddəsinə əsasən vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X4ni keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara, habelə kommunal və rabitə xidmətləri göstərən vergi ödəyiciləri tərəfindən abunəçilər üzrə göstərilən və vergilərin hesablanmasına əsas verən xidmətlərin müddəti, həcmi, dəyəri, ödənişləri və digər iqtisadi göstəricilərini hesablayan və özündə əks etdirən, digər xidmət təminatçıları ilə qarşılıqlı hesablaşmaların aparılması üçün məlumatları saxlayan sistemlərə birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; 23.1.2-1. vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən şəxslərdən həmin müqavilənin tələblərindən irəli gələn sənədləri və məlumatları elektron və (və ya) kağız daşıyıcılarda tələb etmək; 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə bəyannamə, xüsusi notariusun və xüsusi icra məmurunun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. 53.4-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulması halları nəzərdən keçirildikdə, onun bilərəkdən və ya ehtiyatsızlıq nəticəsində törədilməsi, inzibati məsuliyyətin tətbiq edilməsi üçün təqsirkar şəxsin müəyyən yaşa çatması, yüngülləşdirici və ya ağırlaşdırıcı hallar və bu Məcəllə, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müddəaları müəyyən edilməlidir. 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, iddiaçı vergi ödəyicisi olan fiziki şəxs kimi 2011-ci ildə (VÖEN **********) qeydiyyatdan keçmiş, lakin hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığından, 2011-ci ildə fəaliyyətini dayandırmışdır. İddiaçının VÖEN-i səhv olaraq aktivləşdirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.2012-ci il tarixdə ərizə ilə müraciət edərək vergi orqanında uçota alınmışdır. Vergi ödəyicisi vergi orqanına fəaliyyətini dayandırması barədə rəsmi müraciət etdikdə və bu Dövlət Vergi Xidmətində qeydiyyata alındıqdan sonra, həmin şəxsin sahibkarlıq fəaliyyəti rəsmi olaraq dayandırılmış hesab olunur. Amma bu, fəaliyyətini tam və faktiki olaraq dayandırdığı anlamına gəlmir. Əgər vergi ödəyicisi fəaliyyətini dayandırsa belə sonradan faktiki olaraq sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar aparırsa (məsələn, satış həyata keçirirsə, xidmət göstərirsə, gəlir əldə edirsə və s.), bu əməliyyatlar yenidən sahibkarlıq fəaliyyəti sayılır və vergi orqanı bu əməliyyatlar üzrə vergi öhdəliklərini müəyyən edir. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, iddiaçı sahibkarlıq fəaliyyəti göstərmiş, bununla bağlı özü tərəfindən elektron vergi bəyannamələri vergi orqanına təqdim edilmişdir. Belə olan halda iddiaçının vergi ödəyicisi olaraq fəaliyyətini dayandırmasından bəhs edilməsi mümkün deyildir. Vergi qanunvericiliyinin tələbinə əsasən vergi ödəyicisinin şəxsi hesab vərəqəsində olan hesablamalar ya vergi orqanı tərəfindən həyata keçirilir və bununla bağlı inzibati akt qəbul edilir, ya da vergi ödəyicisi tərəfindən bəyannamə təqdim edilir və bəyan edilmiş məbləğ vergi ödəyicisinin şəxsi hesab vərəqəsində əks olunur. İddiaçıya məxsus şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçı ilə bağlı kameral hesablama yalnız 2021-ci ilin 4-cü rübü üzrə aparılmışdır. Həmin dövr üzrə vergi orqanının xx.xx.2022-ci il tarixli **********141400 nömrəli qərarı isə vergi orqanının xx.xx.2022-ci il tarixli **********699600 nömrəli qərarı ilə ləğv edilmiş və vergi ödəyicisinin xx.xx.2022-ci il tarixdə 2021-ci ilin 4-cü rübü üzrə təqdim edilmiş dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannaməsi qüvvədə saxlanılmışdır. Bu səbəbdən vergi orqanı tərəfindən şəxsi hesab vərəqəsində hər hansı əlavə hesablamalar və əməliyyatlar edilməmişdir. İddiaçıya məxsus şəxsi hesab vərəqəsi iddiaçı tərəfindən doldurulmuş və vergi bəyannamələri təqdim edilmişdir. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən də göründüyü kimi vərəqədə olan vergi borcu vergi ödəyicisinin özünün təqdim etdiyi bəyannamələr əsasında yaranmışdır. Belə ki, vergi ödəyicisi tərəfindən 2021-ci ilin 4-cü rübü üzrə 636,99 manat, 2022-ci ilin 3-cü rübü üzrə ilə 423,60 manat vergi məbləği bəyan edilmiş, ümumilikdə bugünədək cəmi 300 manat (150+150) vergi borcu ödənilmişdir. Beləliklə, vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2025-ci il tarixə ödənilməli vergi borcu 760,59 manat (636,99+423,60-300), faiz borcu isə 381,42 manat təşkil edir. Göründüyü kimi vergi ödəyicisinin mübahisələndirdiyi 1143 manat vergi borcunun əsasını özünün büdcəyə bəyan etdiyi vergi məbləği və ona hesablanmış faiz borcu təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, sadalanmış hallar nəzərə alındıqda iddiaçıya hesablanmış vergi borcunun əsassızlığından söhbət gedə bilməz. Belə ki, vergi borcu iddiaçının özü tərəfindən təqdim edilmiş vergi bəyannamələri əsasında hesablanmışdır. Vergi Məcəlləsinin 16.3-cü maddəsinə əsasən vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrdə faktiki olaraq fəaliyyət göstərməsi müəyyən edildikdə vergi ödəyicisinə bildiriş göndərilməklə sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrlər üzrə vergi orqanına hesabatlar təqdim etməsi tələb olunur. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X4ni keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən, kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas verir, bu səbəbdən, şikayət təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İPM-nin: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipi pozmuşdur. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8261/2025 nömrəli, 15 may 2025-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8261/2025 nömrəli, 15 may 2025-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinə qarşı əsassız hesablanmış 1143 manat vergi borcunun silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Günel Sevdimalıyeva Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar