Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3234/2023 01.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X15 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X8, iddiaçının nümayəndəsi və vəkili Vəkil və üçüncü şəxsin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehə qarşı (üçüncü şəxs X6) “sərəncamın və istismara icazə sənədinin ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1240/2023 nömrəli, 19 may 2023-cü il tarixli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdehin başçısının 182 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9082/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə X6 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdehin başçısının 182 nömrəli, xx.xx.2019-cu il tarixli (yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında) sərəncamının və 12 nömrəli, xx.xx.2019-cu il tarixli tikinti obyektinin istismarına icazə sənədinin (yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi istismarına icazə verilməsi haqqında) ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Günel Sevdimalıyeva) 2-1(112)-1240/2023 nömrəli, 19 may 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanlarında yerləşən fərdi yaşayış evlərinin birləşdirilmiş şəkildə qeyri-yaşayış sahəsinə çevrilməsinə icazə verilməsinə dair Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli 182 nömrəli sərəncamının və xx.xx.2019-cu il tarixli 12 nömrəli tikinti obyektinin istismarına dair icazənin ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh Bakı şəhər Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın mümkün sayılmamasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdehin xx.xx.2019-cu il tarixli, 182 nömrəli Sərəncamı və xx.xx.2019-cu il tarixli 12 nömrəli tikinti obyektinin istismarına dair icazə mövcud qanunvericiliyə uyğun olaraq qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsi xx.xx.2023-cü il tarixli qərarı çıxararkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verdiyi üçün həmin qərar qanunsuz və əsassızdır. Bu səbəbdən qeyd olunan qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməlidir. İlk öncə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi üzrə icraata xitam verilməli idi. Belə ki, “ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, yaxud iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. Ona görə də iddiaçı qeyd edilən məsələ ilə bağlı ilk öncə inzibati orqanda (Cavabdehdə) mübahisələndirməli, inzibati orqanın hərəkətindən (və ya hərəkətsizliyindən) narazı qaldığı təqdirdə isə müvafiq icra hakimiyyəti orqanının hərəkətindən (və ya hərəkətsizliyindən) aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməli idi. İddiaçının inzibati aktın ləğvi ilə bağlı Cavabdehə hər hansı müraciəti daxil olmamışdır. Birinci instansiya məhkəməsi iş üzrə yekun mövqeyini müəyyənləşdirərkən hər hansı qadağanedici normaya istinad etməmişdir. Halbuki, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”sinin 4.9.11-ci yarımbəndinə əsasən, yerli icra hakimiyyəti Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək səlahiyyətlərinə malikdir. Cavabdehin xx.xx.2019-cu il tarixli, 182 nömrəli Sərəncamı iddiaçının hər hansı hüququnun pozulmasına yönəlməyib, hətta sərəncamın qəbul edilməsi nəticəsində hüquqları pozulmuş hesab edirsə belə iddiaçı inzibati aktın ləğvi yox, inzibati aktın etibarsız ıesab edilməsi tələbi ilə məhkəməyə müraciət etməli idi. Hətta məhkəmə qeyd etdiyi kimi Cavabdehin həmin inzibati aktın qəbul etmə səlahiyyəti yoxdursa, belə olan halda iddianın növü mübahisələndirmə növündə olmadığı aşkar olunur. Belə ki, İnzibati icraat haqqında Qanunun 65.1.2-ci maddəsinə əsasən, müvafiq səlahiyyəti olmayan inzibati orqan ərəfindən qəbul edilmiş inzibati akt etibarsız hesab edilir. Məhkəmə tərəfindən işdəki sübutlara və faktiki hallara düzgün hüquqi qiymət verilsəydi, yanlış nəticəyə gələrək təmin edilməzdi. İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyət institutu ilə münasibətlə səciyyələnir. Bir tərəfdən, hakimiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya məhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir. Məhz bu baxımdan, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsipləri və qaydaları İnzibati Prosessual Məcəllənin normaları ilə müəyyən edilir. İnzibati məhkəmə prosesində bərabərliyin təmin edilməsi tərəflərdən hər birinə öz mövqeyini tam ifadə etmək üçün hakim tərəfindən bərabər imkanların yaradılmasında ifadə olunur. Bu xüsusilə vəsatətlərin, izah və şərhlərin, şikayətlərin verilməsində, sübutların təqdim edilməsində və s. özünü büruzə verir. Qanun və məhkəmə qarşısında bərabərlik prinsipi, habelə hər bir inzibati işə eyni qaydada, eyni prosessual formada, prosesdə iştirak edən şəxslər üçün eyni təminatlarla baxılmasını təmin edir. Bununla da işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, tərəflərə məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılmalıdır. Beləliklə, qeyd olunanlar məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasını, habelə məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun olmamasını təsdiq edir. Eyni zamanda həmin qərardan üçüncü şəxs X6 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh başçısının (üçüncü şəxs X6 ) 182 nömrəli, xx.xx.2019-cu il sərəncamının Bakı İnzibati Məhkəməsi tərəfindən ləğv edilməsi barədə (sərəncamının və istismara icazə sənədinin ləğv edilməsinə dair) qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi isə həmin iddianı təmin etmişdir. İddiaçı bildirmişdir ki, Bakı şəhəri Cavabdeh başçısının 182 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamı ilə Bakı şəhəri, X17 küçəsi, 27C, 29 və 29B saylı ünvanlarında yerləşən fərdi yaşayış evlərinin birləşdirilmiş şəkildə qeyri-yaşayış sahəsinə (Tibb müəssisəsinə) çevrilməsi üçün X4 qanunsuz olaraq icazə verilib. İddiaçı iddiasına görə “Nyu Med” klinikasında müayinəyə gələn xəstələr yoluxucu xəstəliklər yayır, onun ailə üzvlərinin sağlamlığını təhlükə altına salır. Azərbaycan Respublikasının ərazisində xüsusilə də Bakı şəhərində vərəm əleyhinə və s. yoluxucu xəstəliklərin müalicə edildiyi kifayət qədər xüsusi tipli xəstəxanalar var. İddiaçı daha sonra bildirmişdir ki, guya klinikada olan xəstələr pəncərədən başlarını çıxarıb onun həyətinə baxır, siqaret çəkib kötüyünü onun həyətinə atırlar və s. Daha sonra məhkəmə prosesi zamanı İddiaçı izahatında bildirmişdir ki, onun Cavabdeh tərəfindən Qardaşxan Süleymanova verilən sərəncama və istismara icazə sənədinin verilməsindən məlumatı olmamışdır. Dediyinə görə sənədi onlar məhkəməyə təqdim edən zaman onun xəbəri olmuşdur. İddiaçı izahatları aşağıdakı əsaslara görə həqiqəti əks etdirmir. Adını çəkdiyi tibb müəssisəsində Azərbaycan Respublikası «Səhiyyə Nazirliyinin Tibb Müəssisələrində X1 Qaydalar»a tam riayət etməklə yüksək keyfiyyətli tibbi xidmətlər həyata keçirilir. Həmin qaydalarda göstərilir ki, Tibb müəssisələri şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin planlaşdırılması və tikintisinə dair tələblərə, eləcə də gigiyenik tələblərə və sanitariya-mühafizə zolaqlarının gözlənilməsi şərti ilə ictimai, sənaye, kommunal, təsərrüfat və digər obyektlərdən qanunvericiliklə müəyyən edilmiş məsafələrə riayət edilməklə, yaşayış məntəqələri, yaşıllıq və şəhərətrafı zonalarda, dəmir yolu, hava limanı, sürətli avtomobil yolları və digər səs-küy mənbələrindən kənarda yerləşdirilir. Klinikanın giriş-çıxış qapısı da İddiaçı fərdi yaşayış evi ilə heç bir əlaqədə olmayıb onun həyətinə deyil, birbaşa küçəyə açılır. “Nyu Med” klinikası müasir tələblər əsasında fəaliyyət göstərir. Orada siqaret çəkilmə hallarına isə heç vaxt yol verilməyib. İddiaçı bu əsassız iddialarla məhkəməyə müraciət edərək onların hüquqlarına müdaxilə etmişdir. İddiaçı iddiasında bildirmişdir ki, Cavabdeh tərəfindən Süleymanov Qardaşxana verilən sərəncam və istismara icazə sənədi barədə məlumatı olmamışdır. İddiaçı həmin sənəd barədə məlumatsız olması barədə izahatı tamamilə absurddur və həqiqəti əks etdirmir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbi ilə tərəflərindən məhkəməyə müraciət edilmişdir. Bakı İnzibati Məhkəməsi 23 fevral 2022-cü il tarixində 2- 1(112)-6304/2022 saylı qərar qət edərək iddia tələbi təmin etmişdir. Bakı İnzibati Məhkəməsində olan həmin prosesdə İddiaçı 3-cü şəxs kimi çıxış etmişdir. Daha sonra tərəflərindən verilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbi barədə Bakı İnzibati Məhkəməsinin 23 fevral 2022-ci il tarixli qərarından İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri (DƏDKR) publik hüquqi şəxsi və üçüncü şəxs qismində çıxış edən İddiaçı Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Həmin apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmişdir, Bakı İnzibati Məhkəməsinin 23 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı adı çəkilən tarixdə apellyasiya şikayəti versə də Cavabdehin “sərəncam və istismara icazə sənədindən” məlumatının olmamağı nə dərəcədə reallığı əks etdirir? Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 sentyabr 2022-ci il tarxli 2-l(103)-2180/2022 nömrəli qərarından DƏDKR və İddiaçı tərəfindən ayrı-ayrılıqda kassasiya şikayəti verilmişdir. Növbəti dəfə də Azərbaycan Respublikasının Ali Məhkəməsini İnzibati Kolllegiyası tərəfindən 29 dekabr 2022-ci il 2l(102)-2368/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. İddiaçı X4 qarşı “pəncərənin bağlanması, yağış kanalizasiya xəttinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu X16 küçəsində yerləşən cavabdehə məxsus tikilinin iddiaçının həyətinə baxan pəncərə boşluqları daşla hörülərək bağlanması və Bakı şəhəri Nərimanov rayonu, X17 küçəsində yerləşən cavabdehə məxsus tikilinin yağış kanalizasiya xəttinin məhəllə daxili xətdən cavabdehin onun vəsaiti hesabına ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsi 06 fevral 2023-cü il tarixli 2(005)-82/2023 saylı qətnamə ilə iddia tələbini təmin etməmişdir. Nərimanov Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 03 may 2023-cü il tarixli 2(103)-2983/2023 saylı qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İki ilə yaxın məhkəmə prosesləri davam etsə də maraqlıdır ki, İddiaçı adı çəkilən sənəddən məlumatı olmadığını iddia etmişdir. İddiaçı iddiası tamamilə qanunsuz və əsassızdır. Çünki Azərbaycan Respublikası İnzibati İcraat Haqqında qanunun 73-cü maddəsinin tələbi kobud surətdə pozulmuşdur. Belə ki, həmin maddəyə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 (otuz) gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifıkasiyası (ekvi val endiyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 02 (iki) ay müddətində müvafiq şikayət instansiyasına verilir. “Nyu Med” klinikası artıq xeyli müddətdir ki, adı çəkilən ünvanda fəaliyyət göstərir. İddiaçı bildirmişdir ki, onun Cavabdeh başçısının 182 №-li xx.xx.2019-cu il tarixli sərəncamından xəbəri olmayıb. İddiaçı sözügedən sərəncamı kağız daşıyıca görməməsi ehtimalı doğru deyil, hətta olsaydı belə, hər bir halda bu onun xəbərsiz olmasına dəlalət etməzdi, çünki sözügedən sərəncamdan irəli gələrək, X17 Küçəsi 27C, 29 və 29B ünvanında yerləşən fərdi yaşayış evlərinin qeyri-yaşayış sahəsinə çevrilməsi zamanı orada gedən tikinti işləri aparılırdı. Klinikada gedən təmir, tikinti işlərindən, tibbi avadanlıqların oraya daşınmasından necə xəbəri olmaya bilərdi? Prosessual qanunvericiliyin pozulmasına baxmayaraq, İddiaçı iddia ərizəsinə əsasən Bakı İnzibati Məhkəməsi qanunsuz qərar qəbul edərək Cavabdeh başçısının 182 №-li xx.xx.2019-cu il tarixli sərəncamını və xx.xx.2019-cu il tarixli 12 nömrəli obyektin istismarına dair ərizəsini ləğv etmişdir. Bakı İnzibati Məhkəməsinin çıxardığı xx.xx.2023-cü il tarixli, 2-1(112)-1240/2023 nömrəli qərar bu səbəbdən tamamilə qanunsuzdur. Bakı İnzibati Məhkəməsi qəbul etdiyi qərarda aşağıdakılara əsaslanmışdır. “Bəzi Tikinti Obyektlərinə Tikintiyə İcazə və Tikinti Obyektinin İstismarına İcazə Verilməsi” Qaydalarında nəzərdə tutulmuşdur ki, tikintisi başa çatmış obyektin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Tikintisi başa çatmış obyektin istismarına icazə verilməsini “bir pəncərə” prinsipi əsasında icazə verən orqan həyata keçirir. Tikintisi başa çatmış obyektin istismarına icazə alınması üçün sifarişçi Məcəllənin 102-ci maddəsinə uyğun olaraq icazəni verən orqana ərizə ilə müraciət edir. İcazə verən orqan tikinti obyektinin istismarına icazə verilməsi üçün müraciətin təqdim edildiyi gündən 10 (on) gün müddətində həmin obyektin istismarına icazə verir və ya icazə verməkdən imtina edir. Tikinti obyektinin istismarına icazə müəyyən edilmiş vahid formada verilir və icazə verən orqanın məsul şəxsi onu imzalayır və möhürlə təsdiqləyir. Tikinti obyektinin istismarına icazə verilməsi üçün sifarişçinin hər hansı ödəniş etməsi nəzərdə tutulmur. Bu Qaydanın 3.12-ci bəndinə uyğun olaraq tikintiyə icazə ilə birdən artıq ayrıca tikinti obyektinin inşası (o cümlədən mövcud tikinti obyektinin sökülərək yeni binanın inşası hallarında) nəzərdə tutularsa, tikinti obyektinin istismara hazırlıq aktı və tikinti obyektinin istismarına icazə sifarişçinin müraciəti əsasında tikinti-quraşdırma işləri başa çatmış hər bir tikinti obyekti üzrə ayrıca verilə bilər. Tikinti obyektinin istismarına icazə verildikdən sonra, Komitə həmin məlumatları 03 (üç) iş günü müddətində Tikintilərin Dövlət Reyestrinin internet səhifəsində yerləşdirir. İstismara icazəni yerli icra hakimiyyəti verdikdə, həmin icazəni vermiş orqan Tikintilərin Dövlət Reyestrində dərc edilməsi üçün 05 (beş) iş günü müddətində Komitəyə bu barədə məlumat verir. Beləliklə, X6 yuxarıda qeyd etdiyim qaydalara uyğun şəkildə Nərimanov Rayon İcra Hakimiyuətindən öz mülkiyyətində olan əmlakının qanuna müvafiq şəkildə istismara icazə verilməsi ilə bağlı icazə almışdır. Yuxarıda qeyd edilən məlumatların qanun nöqteyi-nəzərindən doğru olduğunu “Yerli İcra Hakimiyyətləri haqqında” əsasnamə də sübut edir. Belə ki, sözügedən əsasnamənin 4.9.11-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada vasayıs sahəsinin qeyri-yaşayış sahəsinə və qevri-yasavis sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul edilməsi yerli icra hakimiyyətlərinin başçısının səlahiyyətinə aiddir. Belə ki, Cavabdeh tərəfindən qəbul edilmiş 182 nömrəli sərəncamın hüquqi əsası kimi Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 21.1-ci maddəsi və "Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasınm təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli 272 №li Fərmanının 1.2-ci bəndi, Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamənnin 4.9.11-ci yarımbəndi çıxış edir. Həmin sərəncamda həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları göstərilmişdir - Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 22-ci maddəsinə görə yaşayış sahəsinin qeyriyaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: - Bu Məcəllənin 21.2-ci maddəsidə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə; - Bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; - Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. - Sahənin keçirilməsindən imtina haqqında qərar bu Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır. - Sahənin keçirilməsindən imtina haqqında qərar onun qəbul edildiyigündən üç iş günü müddətində ərizəçiyə təqdim edilir və ya göndərilir və həmin qərardan ərizəçi tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Yuxarıdakılardan da görünür ki, Cavabdehin müəyyən etdiyi istismara verilməsi ilə bağlı qəbul etdiyi akt qanuni şəkildə qəbul edilmişdir. Məhkəmə işə düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar qeyd edilmişdir. Belə ki, həmin maddənin 139-1.1.10.1-ci bəndində tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə verildiyi hallar qeyd edilmişdir. Bakı İnzibati Məhkəməsinin qərarının İİİ hissəsində Azərbaycan Respublikasının Mülki Məcəlləşinin 152.5 və 170.2-ci maddələrinə istinad etsə də həmin maddələrin məzmununun ümumiyyətlə Cavabdeh tərəfindən X5 verilən “sərəncamın və istismara icazə sənədinin ləğv edilməsi” üzrə iddia tələbi üzrə işin faktiki halları ilə heç bir bağlılığı yoxdur. Lakin həmin maddələrin məzmunu barədə məlumatlı olmadan əleyhinə qərar qət etmişdir. Belə ki, məhkəmə öz qərarını əsaslandırarkən Tikinti Məcəlləsinin 75.1-ci maddəsinə əsaslanmışdır. Adı çəkilən Məcəllənin müvafiq maddəsində qeyd edilir ki, barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Məhkəmə bu maddəyə əsaslansa da maddənin məzmunundan görünür ki, xəbərsiz olub. “Nyu Med” klinikası təsis olunarkən onun yerləşdiyi ərazidə hər hansı tikinti aparılmayıb. Yalnız tikili X19 Haqqında Azərbaycan Respublikasının qanununun tələblərinə uyğun şəkildə fəaliyyət göstərməsi üçün əsaslı təmir edilmişdir. Tikinti Məcəlləsinin 70.1-ci maddəsinə görə tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə bu Məcəllənin 69.4-cü maddəsində müəyyən olunmuş məsafə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmaqla azaldıla bilər. Bu zaman tikintinin yanğın təhlükəsizliyi, sağlam sanitar-epidemioloji, insolyasiya və təbii işıqlandırma şəraitinin təmin edilməsi zəruridir. Bundan başqa məhkəmə qərarında Mənzil Məcəlləsinin 20 və 21-ci maddələrinə əsaslanmışdır. 20-ci maddənin müddəalarına görə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfındən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. Yuxarıda da bildirildiyi kimi, həmin ərazidə tikilən “Nyu Med” klinikasının gediş-gəlişini təmin edən ərazi ilə İddiaçı fərdi yaşayış evinin heç bir əlaqəsi yoxdur. Həmin maddənin 20.4-cü maddəsinə görə isə qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə görə isə yaşayış sahəsinin qeyriyaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında həyata keçirilir. Tərəflərindən 182 nömrəli sərəncamın qanuniliyi ilə bağlı yuxarıda ətraflı məlumat verilmişdir. Həmin maddənin 21.2-ci maddəsinə görə isə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana təqdim edilməli sənədlər Qardaşxan Süleymanov tərəfindən tam şəkildə təqdim edilmişdir. Maraqlısı isə odur ki, Bakı İnzibati Məhkəməsi xx.xx.2023-cü il tarixli qəbul etdiyi qərarında Mənzil Məcəlləsinin 21 və 22-ci maddəsinə istinad edərək belə bir qərəzli mövqe sərgiləmişdir. Məhkəmənin qeydi ondan ibarət idi ki, “yasayıs sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi onun məqsədinə uyğun səkildə tətbiq edilməli və fərdi yaşayış evinin qeyri-yaşayış binasına kecirilməsi ilə nəticələnməməlidir ”. Məhkəmə Mənzil Məcəlləsinin adı çəkilən maddələrini yanlış təhlil edib belə bir mövqeyə gələrək Cavabdehin qanuni fəaliyyətini kölgə altına almış və onların qanunla qorunan hüquqlarına müdaxilə etmişdir. Barəsində hüquqlarını kobud surətdə pozan məhkəmə qərarı qəbul edilərkən onların iştirakı qərəzli şəkildə təmin edilməmişdir. İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə görə iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsivə işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Belə ki, həmin maddənin 2-ci hissəsinə görə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). İnzibati məhkəmə icraatına cəlb etmə ilə bağlı məhkəmə bildirişi ona çatdırılmayıb. Azərbaycan Respublikasında və Bakı şəhərində “Nyu-Med” klinikası ilə eyni adlı ikinci tibb müəssisəsi yoxdur. Beləliklə, onun məhkəmə icraatında iştirakı zəruri olduğu halda iştirakına qərəzli şəkildə mane olunmuşdur. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili X7 hər iki apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X14, iddiaçının nümayəndəsi və vəkili Vəkil hər iki apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)- 6304/2022 nömrəli qərarının surətindən görünür ki, Bakı şəhəri Cavabdehin xx.xx.2014-cü il tarixli, H-123 nömrəli məktubuna əsasən X4 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X17 küçəsi, ev 27 ünvanında yerləşən əvvəllər mövcud olmuş “V” və “Q” tikililərinin yerinə yenidən tikilmiş fərdi yaşayış evinin və evin altında yerləşən 398.6 kv.m sahədən ibarət torpaq sahəsinə ayrılıqda üzərində yaranmış mülkiyyət hüquqlarının X3 adına dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin üzərinə qoyulmuşdur. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 1(103)-2180/2022 nömrəli qərarının surətindən görünür ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və üçüncü şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6304/2022 saylı, 23 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)-2368/2022 nömrəli qərarının surətindən görünür ki, cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 sentyabr 2022-ci il tarixli, 2-1(103)- 2180/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, Bakı şəhər Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli 182 nömrəli sərəncamı ilə ünvan 1 ünvanlarında yerləşən fərdi yaşayış evlərinin birləşdirilmiş şəkildə qeyri-yaşayış sahəsinə çevrilməsinə icazə verilmişdir. Cavabdehin xx.xx.2019-cu il tarixli 12 nömrəli tikinti obyektinin istismarına icazə sənədinə əsasən şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyü nəzərə alınaraq xx.xx.2019-cu il tarixdən Ak.Həsən Əliyev küçəsi 27C, 29 və 29B saylı ünvanlarda yerləşən qeyri-yaşayış sahəsi tikinti obyektinin istismarına icazə verilmişdir. Hazırda iddiaçı həmin sərəncamı və tikinti obyektinin istismarına icazə sənədini mübahisələndirir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, «Bakı şəhəri Cavabdehin başçısının 182 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamı ilə Bakı şəhəri, X17 küçəsi, 27C, 29 və 29B saylı ünvanlarda yerləşən fərdi yaşayış evlərinin birləşdirilmiş şəkildə qeyriyaşayış sahəsinə çevrilməsinə üçüncü şəxs X4 icazə verilmişdir, bunun da nəticəsində hal-hazırda həmin tikililərdə stasionar xəstəxana (Nyu med klinikası) yerləşir və həmin xəstəxananın pəncərələri isə iddiaçının yaşayış evinin həyətinə, qapısına, pəncərələrinə baxır, xəstələr pəncərələrdən başlarını çıxarıb iddiaçının və ailə üzvlərinin (gəlininin, qızının) oturduğu həyətə, evinin içinə baxırlar. Hazırda mübahisələndirdiyi sərəncam əsasında onun qanuni istifadəsində olan yaşayış evinin torpaq sahəsində qeyri-yaşayış sahəsi (tibb müəssisəsi) fəaliyyət göstərməyə başlamışdır ki, bununla da onun öz qanuni istifadəsində olan həyətdən və mülkiyyətində olan evindən öz mülahizəsinə uyğun sərbəst istifadə etmək, habelə şəxsi həyatının toxunulmazlığı kimi subyektiv hüquqları pozulmuşdur, belə ki, iddiaçı öz həyətində olarkən kənar şəxslərin (qonşu olmayan, xəstəxanada müalicə alan) daim müşahidəsi altında olmaqla özünü sərbəst, təhlükəsiz hiss etmir, psixoloji cəhətdən narahat hiss edir, tibb müəssisəsinin onun həyətinə açılan pəncərələri yaz aylarından payız aylarına qədər daim açıq olur, həmin pəncərələrin yerləşdikləri otaqları isə xəstələrlə dolu olur, müxtəlif xəstə şəxslər başlarını pəncərədən də çıxarıb daim həyəti müşahidə edirlər, siqaret çəkib atırlar, daim həmin xəstələrin xəstəliklərinin iddiaçıya, ailə üzvlərinə və xüsusən azyaşlı nəvələrinə keçəcəyindən, xəstələnə biləcəklərindən qorxu hissi keçirir». Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qeyd olunan sərəncamı və tikinti obyektinin istismarına icazə sənədini mübahisələndirmək üçün subyektiv hüquqa malik deyildir. Belə ki, qeyd olunan fərdi yaşayış evləri iddiaçının mülkiyyətindədir, həmin sərəncamla fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə çevrilməsi qərara alınmışdır. Bununla iddiaçının sahibliyində olan torpaq sahəsinə və mülkiyyətində olan fərdi yaşayış evinə hər hansı müdaxilə olmamışdır. Qeyd olunan əsaslarla (pəncərənin iddiaçının yaşayış evinin həyətinə, qapısına, pəncərələrinə baxması və s.) həmin sənədlərin mübahisələndirilməsinə inzibati qaydada baxılması mümkün hesab edilmir. İddianın mümkünlük şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılması aparılmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində belə yoxlama əsaslılığın yoxlanılması qaydasında aparılmamalıdır. İddiaçı qeyd olunan əsaslarla üçüncü şəxsə qarşı mülki qaydada müvafiq iddia tələbləri ilə məhkəməyə müraciət edə bilər. İş materiallarından da görünür ki, iddiaçı belə iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iş materiallarında olan - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-301/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X4 qarşı (cavabdeh tərəfindən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh) qanunsuz tikilinin sökülməsi və s. tələbinə dair iddiası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-877/2019 nömrəli qətnaməsi ilə təmin edilməmişdir, həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-877/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, X17 küçəsində yerləşən 25 saylı evin həyətinə 27 saylı ünvandan açılan qapının bağlanması, həmin qapının yanında inşa edilmiş pilləkənin sökülməsi, qapının bağlanması və pilləkənin sökülməsinin cavabdeh X3 hesabına həyata keçirilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)- 5754/2020 nömrəli qərarının surətindən görünür ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-301/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)-82/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X4 qarşı “pəncərənin bağlanması, yağış kanalizasiya xəttinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, X16 küçəsində yerləşən cavabdehə məxsus tikilinin iddiaçının həyətinə baxan pəncərə boşluqları daşla hörülərək bağlanması və Bakı şəhəri, Nərimanov rayonu, X17 küçəsində yerləşən cavabdehə məxsus tikilinin yağış kanalizasiya xəttinin məhəllədaxili xətdən cavabdehin vəsaiti hesabına ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli 2(005)-82/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-2983/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçının nümayəndəsi və vəkilinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)-82/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 5 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Göründüyü kimi, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və bu səbəbdən də hazırki iddia tələbinə mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1240/2023 nömrəli 19 may 2023-cü il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Bakı şəhər Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Üçüncü şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1240/2023 nömrəli 19 may 2023-cü il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3234/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3234/2023
01.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver