Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3235/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Bakı şəhər Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxs 1 nömrəli Şəhər Poliklinikasına qarşı “ölüm haqqında tibbi şəhadətnamənin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8096/2024 nömrəli, 16 may 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Bakı şəhər Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxs 1 nömrəli Şəhər Poliklinikasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 ölüm haqqında tibbi şəhadətnaməsinin ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 29 noyabr 2023-cü il tarixində 91 yaşında Respublikanın fəxri və Prezident təqaüdçüsü X8 anadan olduğu və yaşadığı öz evi olan ünvan 1 ünvanında ürək çatışmazlığından və təzyiqdən vəfat etmişdir. Mərhum 1 saylı poliklinikada qeydiyyatda olmuşdur. Dəfələrlə təcili yardım çağırışları olmuş, təcili yardım gəlmiş və baxış müayinələri olmuş, nəhayətdə həyatını xilas etmək mümkün olmamış, vəfat etmişdir. Həmin gün və həmin zaman gələn TTY həkimi tərəfindən onlara ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Mərhumun vəfatından sonra ölüm şəhadətnaməsinin alınması üçün ilk öncə TƏBİB nəzdində 1 saylı poliklinikaya ölüm haqqında arayışı almaq üçün TTY verdiyi vərəqə və mərhumun şəxsiyyət vəsiqəsilə yaxınlaşmışlar və sənədlər şöbə rəisi Esmira xanıma təqdim olunmuşdur. Esmira xanım cavab olaraq evin sənədlərini və etibarnamə kimi sənədləri tələb edərək arayışı verməkdən imtina etmişdir. O, 45 ildir ki, X2 olmuş, anası Mariya Pavlovna ilə doğmalıq etmişdir. Buna həm 1 saylı poliklinikanın Katya adlı sahə həkimi, eyni zamanda 160 saylı məktəbin bütün müəllim kollektivi (hansı ki, onlar Svetlana Sovelyevnanın tələbələri olmuşlar), doğulduğu zamandan indiyə qədər onunla qonşuluq edən şəxslər hər biri şahiddirlər və məhkəmənin tələbi ilə yazılı şəkildə təsdiq edə bilərlər. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Abdullayeva) 2-1(112)-8096/2024 nömrəli, 16 may 2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Svetlana Sovelyevna ona notariusda təsdiq edilmiş vəsiyyətnamə vermişdir. Mərhumla 1974-cü ildən ölən gününə kimi yaxın təmasda, ana-bala kimi olmuşlar, hər zaman yanında olmuşdur və 40 il ərzində qayğısına qalmışdır. Mərhumun hüquqlarını dövlət və hüquq mühafizə orqanlarında müdafiə etmək hüququ olmuşdur. Lakin məhkəmə qeyd olunanlara baxmayaraq, qohumluq əlaqəsi olmadığına görə iddianı mümkün saymamışdır. Vəsiyyətnamə verən şəxsin vəsiqəsi əsasında təqdim olunan poliklinika ambulator kitabçanın bağlanması haqqında arayış verilə bilər, bu qayda da diqqətə alınmamışdır. Eyni zamanda yuxarıda göstərilənləri əyani sübut edən foto materiallar işə əlavə olunmasına baxmayaraq, məhkəmə bunları diqqətə almamış, qonşular, dostlar və mərhumu tanıyan iş yoldaşlarından heç bir şəxs şahid qismində dəvət edilməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərardad ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilir ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci bəndinə əsasən əldə edilən informasiya 3-cü (üçüncü) şəxsə verilə bilməz. Eyni zamanda “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 53-cü maddəsinə əsasən vətəndaşın tibbi yardım üçün müraciət etməsi faktı, onun xəstəliyinin diaqnozu, sağlamlığının vəziyyəti, müayinə və müalicə vaxtı əldə edilən digər məlumatlar barədə informasiya həkim sirini təşkil edir. Bu məlumatlar yalnız vətəndaşın və ya onun qanun nümayəndəsinin razılığı ilə başqa şəxslərə verilə bilər. İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən məhkəməyə təqdim olunan notarial qaydada təsdiq edilmiş 15 may 2018-ci il tarixli vəsiyyətnamədən görünür ki, X4 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 14 nömrəli evin 48 nömrəli mənzilini İddiaçı vəsiyyət etmişdir (Vəsiyyətnamə Bakı şəhəri 1 saylı Notariat Kontorunun notariusu X9 tərəfindən təsdiq edilmişdir). Birinci instansiya məhkəməsi iddiaçının mövcud iddia tələbinin qaldırılması üçün subyektiv hüququnun olmaması əsası ilə iddianı mümkün saymamışdır. Lakin iddiaçı tərəfindən məhkəməyə notarial qaydada təsdiq edilmiş vəsiyyətnamə təqdim olunmuşdur və həmin vəsiyyətnamədən görünür ki, X4 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 14 nömrəli evin 48 nömrəli mənzilini İddiaçı vəsiyyət etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən isə qeyd olunan hallar araşdırılmamış, onlara qiymət verilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş vəsiyyətnamə digər iş materialları ilə birlikdə birinci instansiya məhkəməsi tərəfindən araşdırılmalı, bundan sonra iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilməməsinə qiymət verilməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərardad ləğv olunmalı, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İnzibati iş yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməli olduğundan apellyasiya şikayəti iddianın təmin edilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13, 82, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8096/2024 nömrəli, 16 may 2024-cü il tarixli qərardadı ləğv edilsin və inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(103)-3235/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3235/2024
27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver