Məhkəmə qərarları › İş №2-1(103)-3235/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3235/2025

11.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3235/2025 11.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əkbərov Kamran Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qasımov Vidadi Kamal oğlundan və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4429/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli, 3-21-2-3/3- 167236/2024 nömrəli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-544/2025 nömrəli qərarının ləğv edilməsi” kimi dəyişdirilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri üzrə Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-3/3-167236/2024 nömrəli qərarına əsasən müəyyən edilmiş vergi və sığorta haqqı 46.022,25 manat hesablanmışdır. Qeyd edilən hesablama qanunvericiliyin tələblərinə ziddir və ləğv edilməlidir. Belə ki, bütün sənədlər vergi orqanına təqdim edilmişdir, sadəcə olaraq cavabdeh orqan əməkdaşlıq edib müqavilə bağladıqları şirkətin risk qrupuna daxil olmasını əsas gətirib təqdim etmiş olduğları sənədləri qəbul etməkdən imtina etmişdirlər. Onların həmin şirkətlə müqavilə bağlamaqla gəlir əldə etmişdirlər və hər bir iş qanuna uyğun formada həyata keçirilmişdir. Cavabdeh orqan həmin şirkətlə aparılmış əməliyyatları, həmin sənədləşmə işlərini qəbul etməməsinə baxmayaraq onların gəlir əldə etdiklərini qəbul edir və buna uyğun olaraq vergi hesablayıblar. Çox maraqlıdır ki, əgər həmin şirkəti qəbul etmirlərsə, sənədləri qəbul etmirlərsə onda onların gəlirini necə qəbul edib buna vergi hesablamışdırlar. Göründüyü kimi, vergi orqanları tərəfindən hər hansı vergi hesablanarkən çoxlu vergilərin hesablanmasını məqsədi güdülməməli, əsasən iqtisadi cəhətdən əsaslandırılmalıdır. İkinci növbədə ümumiyyətlə mənfəət vergisinin sadəcə kamerallar hesablanması düzgün deyildir. Belə ki, mənfəət vergisi kompleks şəkildə yoxlanılmalı vergi növüdür. Onun üçün səyyar vergi yoxlaması keçirilməlidir ki, bütün hallar araşdırılsın. Kameral qaydada isə bu mümkün deyildir. II. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixli **********740700 saylı qərarla 2023-cü il üzrə 46.022,25 manat mənfəət vergisi hesablanmışdır. Belə ki, aparılmış araşdırılma zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2023-cü ilin mənfəət vergisi bəyannaməsində uçot-baza məlumatlarına əsasən 230111,26 manat təsdiqini tapmayan xərc müəyyən edilmişdir. Qeyd edilən kənarlaşmalar ilə bağlı təqdim edilmiş bəyannamənin xərc hissəsinin 221,14-cü sətrindən 180.206 manat, 221,6-cı sətrindən 49.905 manat məbləğ vergi orqanı tərəfindən silinmişdir. Vergi ödəyicisinin mübahisələndirdiyi məsələ ilə bağlı bildiririk ki, təsdiqini tapmayan xərc məbləğinin əldə edilmiş riskli EQF-dan yarandığı və xərc kimi nəzərə alınmamışdır. Hesablama qaydası 230.111,26 manat xərcdən silinmiş 230.111,26*20%=46.022,25 manat vergi məbləği hesablanmışdır. Yaranmış kənarlaşma ilə bağlı vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********874200 nömrəli məktub göndəliməsinə baxmayaraq, vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər və dəqiqləşdirilmiş bəyannamə təqdim edilərək kənarlaşma aradan qaldırılmağından 46022,25 manat vergi məbləği hesablanmış və xx.xx.2025-ci il tarixli **********740700 saylı Qərar göndərilmişdir. Qeyd edir ki, vergi ödəyicisinin riskli vergi ödəyiciləri pəncərəsinə daxil edilmiş e-qaimə fakturaları X3 (EBDJ 11779) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (EBDE 445505) tərəfindən təqdim edilmişdir. X3 tərəfindən xx.xx.2023 - xx.xx.2024-cü il tarixlərində 114.1 min manat dəyərində təqdim edilmiş qaiməfakturalar üzrə “Reklamın planlaşdırılması, yaradılması və yerləşdirilməsi üzrə xidmətlər"in satışda qeyd olunduğu müəyyən edilmişdir. Aparılmış araşdırma nəticəsində qeyd edilən xidmətin həyata keçirilməsi üçün tələb olunan iqtisadi resurslara malik olmadığı müəyyən edilmişdir ki, buda həmin əməliyyatların faktiki olaraq yerinə yetirilmədiyini deməyə əsas verir. Qeyd olunanlara əsasən vergi ödəyicisi **********676200 nömrəli Qərarla riskli vergi ödəyicisi siyahısına daxil edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti üzrə aparılmış təhlillər nəticəsində təqdim olunmuş eqaimələrdə əmtəəsiz əməliyyatlar aparılması şübhəsi yaranmışdır. Bununla bağlı olaraq ödəyicinin fəaliyyəti üzrə keçirilmiş vergi nəzarəti tədbirinin nəticəsi əsasında **********601000 nömrəli Qərarla riskli vergi ödəyicisi siyahısına daxil edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

III. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4429/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş 3-21-2-3/2-544/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilmişdir.

5. Məhkəmə qərarı onunla əsaslandırılmışdır ki, “iddiaçının riskli əməliyyat aparması müəyyən edilməmişdir. İddiaçının əmtəəsiz dövriyyəsi kimi riskli vergi ödəyiciləri ilə aparılmış qarşılıqlı əməliyyatları (həmin riskli vergi ödəyicilərinin konkret olaraq iddiaçı ilə aparılmış qarşılıqlı əməliyyatlarının əmtəəsiz olduğu müəyyənləşdirilmədən) qiymətləndirilmişdir. Lakin nəzərə alınmalıdır ki, qeyd edilən riskli vergi ödəyiciləri ilə iddiaçı arasında EBDE seriyalı 445505 nömrəli və EBDJ nömrəli 11779 seriyalı elektron qaiməl-fakturalar üzrə aparılmış qarşılıqlı əməliyyatlar vergi orqanı "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq (xx.xx.2024-cü il tarixli), X2 riskli vergi ödəyicisi olması barədə müvafiq (xx.xx.2024-cü il tarixli) qərarlar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl, yəni 2024-cü ilin may və iyun aylarında aparılmışdır. Qeyd edilən vergi ödəyicilərinin digər şəxslərlə riskli əməliyyatlar aparmış olmaları və ya gələcəkdə riskli vergi ödəyicisi hesab olunması iddiaçının məsuliyyət riski ilə əhatə olunmur və yalnız sonradan riskli vergi ödəyicisi hesab olunması əsası ilə müvafiq qərar qəbul edilməmişdən və bu barədə məlumat açıqlanmamışdan əvvəl İddiaçı MMC ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmaqla iddiaçının hüquqlarını və qanunla qorunan maraqlarını pozulmasına səbəb olmuşdur.”

6. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

IV. Apellyasiya şikayətinin dəlilləri:

Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmışdır.

V. Tərəflərin izahatları:

7. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

8. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

VI. Tədqiq edilmiş sənədlər: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 3-21-2-3/2-544/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən İddiaçı MMC tərəfindən 2023-cü il üzrə mənfəət vergisi bəyannamənin “Xammal və materiallar”, “Malın dəyəri”, Hüquqi şəxslər üzrə icarə, “Enerji xərcləri”, “Qaz xərcləri”, “Yanacaq xərcləri”, “Su və kanalizasiya xərcləri”, “Rabitə xərcləri”, “Mühafizə xərcləri”, “Reklam xərcləri”, “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər”, “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər”; Nəqliyyat xərcləri; “Digər xərclər”; Royalti xərcləri; Sığorta xərcləri, bəyannamənin 1 №-li Əlavəsində “Əsas vəsaitlər”in dövr ərzində daxil olması (Kapitallaşdırma üçün aktivlərin silgisi nəzərə alınmaqla), “Kapitallaşdırma üçün aktivlər”in dövr ərzində daxil olması məbləğlərin cəmi ilə hesabat dövrünün əvvəlinə; Ehtiyatların qalıq dəyərinin, cari il ərzində əldə edilmiş e-qaimə-fakturalann (riskli e-qaiməfakturaların məbləği istisna olmaqla), alış aktlarının, YGB məlumatlarına əsasən alınmış mal-materialların məbləğinin, bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər), 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri), 1608.3- cü (Beynəlxalq daşımalar üzrə ödəmələr), 1608.4cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər), 1607.1.2-ci (Fiziki şəxslər üzrə gəlirlər) sətirlərinin cəmindən “Hesabat dövrünün sonuna” ehtiyatların qalıq dəyərinin çıxılması ilə yaranan məbləğin müqayisəsi nəticəsində 187.561 manat məbləğində (o cümlədən 200700 manat riskli EQF) sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Tərəfinizdən təqdim edilmiş 2023-ci il mənfəət (gəlir) vergisi bəyannaməsinin 221.6-cı “Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş ezamiyyə xərclərinin məbləğləri” sətrində 49.905 manat məbləğin əks etdrilməsinə baxmayaraq tərəfinizdən müvafiq təsdiqedici sənədlərin və izahat məktubunun təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 46.235.03 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 46.022,25 manat təşkil etmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında xx.xx.2024-cü il tarixli **********601000 nömrəli qərarına əsasən vergi ödəyicisi "xxxx" MMC (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında xx.xx.2024-cü il tarixli **********676200 nömrəli qərarına əsasən vergi ödəyicisi X3 (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

Əsaslandırıcı hissə

VII. Tətbiq olunan hüquq

9. Azərbaycan Respublikası İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

10. Vergi Məcəlləsindən: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə;

12. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinə xx.xx.2020-ci il tarixdən “riskli vergi ödəyicisi” anlayışı daxil edilmişdir. Belə ki, həmin tarixdən Məcəlləyə daxil edilən 13.2.82-ci maddəyə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir.

13. Qanunvericilik “əmtəəsiz əməliyyat”a Məcəllədə anlayış versə də (əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar), “riskli əməliyyatlar” anlayışına Məcəllədə aydınlıq gətirilməmişdir. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

14. Bundan əlavə, Vergi Məcəlləsi riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyiciləri ilə bağlı barələrində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə yanaşı, həmin əməliyyatın iştirakçısı olan tərəflərin, yəni vergi ödəyicilərinin vergi öhdəliklərinin müəyyən edilməsi ilə bağlı əlavə tənzimləmələr də nəzərdə tutmuşdur.

VIII. Məhkəmənin mövqeyi

15. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

16. Hazırkı işin hallarından görünür ki, cavabdeh tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 3-21-2-3/2-544/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən, İddiaçı MMC-i tərəfindən 2023-cü il üzrə mənfəət vergisi bəyannamənin “Xammal və materiallar”, “Malın dəyəri”, Hüquqi şəxslər üzrə icarə, “Enerji xərcləri”, “Qaz xərcləri”, “Yanacaq xərcləri”, “Su və kanalizasiya xərcləri”, “Rabitə xərcləri”, “Mühafizə xərcləri”, “Reklam xərcləri”, “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər”, “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər”; Nəqliyyat xərcləri; “Digər xərclər”; Royalti xərcləri; Sığorta xərcləri, bəyannamənin 1 №-li Əlavəsində “Əsas vəsaitlər”in dövr ərzində daxil olması (Kapitallaşdırma üçün aktivlərin silgisi nəzərə alınmaqla), “Kapitallaşdırma üçün aktivlər”in dövr ərzində daxil olması məbləğlərin cəmi ilə hesabat dövrünün əvvəlinə; Ehtiyatların qalıq dəyərinin, cari il ərzində əldə edilmiş e-qaimə-fakturalann (riskli eqaiməfakturaların məbləği istisna olmaqla), alış aktlarının, YGB məlumatlarına əsasən alınmış malmaterialların məbləğinin, bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər), 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri), 1608.3- cü (Beynəlxalq daşımalar üzrə ödəmələr), 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər), 1607.1.2-ci (Fiziki şəxslər üzrə gəlirlər) sətirlərinin cəmindən “Hesabat dövrünün sonuna” ehtiyatların qalıq dəyərinin çıxılması ilə yaranan məbləğin müqayisəsi nəticəsində 187.561 manat məbləğində (o cümlədən 200700 manat riskli EQF) sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir.

17. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə mübahisənin yaranmasının səbəbi iddiaçı vergi ödəyicisi İddiaçı MMC tərəfindən təqdim edilmiş EBDE seriyalı 445505 və EBDJ serialı 11779 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməməsi olmuşdur ki, bu əməliyyatlar da iddiaçı ilə vergi ödəyiciləri "xxxx" MMC və X3 aralarında aparılmışdır.

18. Belə ki, Dövlət Vergi Xidməti tərəfindən vergi ödəyicisi "xxxx" MMC-nin (**********) riskli vergi ödəyicisi hesab olunması barədə xx.xx.2024-cü il tarixli **********601000 qərar qəbul edilmişdir.

19. Dövlət Vergi Xidməti tərəfindən vergi ödəyicisi X2 (**********) riskli vergi ödəyicisi hesab olunması barədə xx.xx.2024-cü il tarixli **********676200 qərar qəbul edilmişdir.

20. Həmin əməliyyatlar Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək nəzərə alınmamışdır.

21. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən riskli hesab edilən vergi ödəyiciləri riskli əməliyyat apardığı tarix aralıqlarında məhz İddiaçı MMC -yə təqdim etdikləri mallar (iş, xidmət) üzrə elektron qaimə-fakturalarda qeyd olunan malların e-qaimə üzrə alışında müəyyən edilməməsi, yəni vergi ödəyicisinin təsdiqedici sənədlərlə almadığı halının konkret olaraq iddiaçıya münasibətdə müəyyən edilməsinə dair sübutlar təqdim edilməmişdir.

22. Həmçinin nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyiciləri ilə bağlı barələrində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə yanaşı, həmin əməliyyatın iştirakçısı olan tərəflərin, yəni vergi ödəyicilərinin vergi öhdəliklərinin müəyyən edilməsi ilə bağlı əlavə tənzimləmələr də nəzərdə tutmuşdur.

23. Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır.

24. Həmin Məcəllənin 175.11-ci maddəsinə əsasən isə əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.

25. Yuxarıda qeyd edildiyi kimi, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Həmçinin, Məcəllənin 13.2.81- ci maddəsi əmtəəsiz əməliyyata başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar kimi anlayış vermişdir.

26. Şübhəsizdir ki, əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər.

27. Lakin, burada vacib şərt ondan ibarətdir ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqini tapması zəruridir. Bu zaman, məsuliyyət tədbirinin tətbiqi üçün alıcının barəsində də mütləq riskli vergi ödəyicisi hesab olunmaya dair qərarın qəbul edilməsinə ehtiyac yoxdur. Həlledici olan əməliyyatın özünün əmtəəsiz olduğunun sübuta yetirilməsidir. Bunun üçün əməliyyatın həqiqətən əmtəəsiz olduğu, eləcə də tərəflərin (satıcının və alıcının) bu barədə əvvəlcədən öz iradələrinə uyğun hərəkət etdikləri halı müəyyən olunmalıdır. Başqa sözlə, əmtəəsiz əməliyyat hər iki tərəfin birgə iradəsi və iştirakçılığı ilə baş tutmalıdır.

28. Bu mənada, hazırkı işdə olduğu kimi, malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicisinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir.

29. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi, yəni əmtəəsiz əməliyyatın mövcudluğu halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi alıcıya münasibətdə əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Yalnız əməliyyatın özünün əmtəəsiz olduğu sübut edilərsə, bu halın mövcudluğuna istinadla alıcıya münasibətdə məsuliyyət tədbiri tətbiq oluna bilər.

30. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.

31. “Əmtəəsiz əməliyyat”la bağlı yuxarıda qeyd olunanlar Məcəllənin 175.11-ci maddəsinin tətbiqi zamanı da nəzərə alınmalıdır.

32. Riskli əməliyyatlarla bağlı isə aşağıdakılar qeyd edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

33. Qeyd edilən normaların təhlili onu deməyə əsas verir ki, Meyarların 3-cü bəndində qeyd edilən hallar malların satıcısı ilə bağlı 175.11-ci maddənin tətbiqini labüd edir.

34. Lakin malların alıcısına münasibətdə riskli əməliyyata görə 175.11-ci maddənin tətbiqi isə o halda mümkün olardı ki, Meyarların 3-cü bəndinə qeyd olunan halların əvvəlcədən malların alıcısı olan vergi ödəyicisi tərəfindən araşdırılmalı olması ilə bağlı qanunvericilikdə öhdəlik müəyyən edilmiş olsun.

35. Hazırda Vergi Məcəlləsinin 16-cı maddəsi vergi ödəyicisinin vəzifələrini təsbit etmiş, həmin vəzifələrin arasında malların alınması zamanı satıcının idxalında və ya onun tərəfindən rəsmi qaydada həmin malların alınmasının araşdırılması göstərilməmiş, o cümlədən rəsmi qaydada alış sənədləri olmayan satıcıdan malların alınmasını qadağan edən də hər hansı imperativ norma mövcud deyildir.

36. Azərbaycan Respublikası İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

37. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

38. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir və vergi ödəyici tərəfindən aparılan əməliyyatların əmtəəsiz olmasına dair məhkəmədə hər hansı şübhə yoxdur.

39. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

40. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4429/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticə hissəsi

41. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94- cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4429/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar