Məhkəmə qərarları › İş №2-1(103)-3236/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3236/2022

07.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3236/2022 07.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə X2 qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2473/2022 saylı, 14 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********137068 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2473/2022 saylı, 14 iyun 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********137068 saylı qərarı ləğv edilmişdir. Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ödəyicinin gəlirləri barədə rəsmi məlumat, görülmüş işlərin fiziki həcmi barədə məlumat əlaqəli məlumat kimi qiymətləndirilməklə vergilərin hesablanması üçün əsas kimi qəbul edilmişdir. Mənfəət vergisinin hesablanmasının xüsusi qaydası ondan ibarətdir ki, əgər həmin məlumatlar əsasında vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkündürsə, bu halda mənfəət vergisi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Baxılan məsələ ilə bağlı vergilərin hesablanmasının hüquqi əsası ilk olaraq Vergi Məcəlləsinin 67.1-ci maddəsi təşkil edir ki, həmin maddədə birbaşa olaraq vergi ödəyicisinə aid məlumatlardan istifadə edilməsi nəzərdə tutulmuşdur. Həmin məlumatlar əsasında vergi ödəyicisinin gəlirinin dəqiq müəyyən etmək mümkün olduğu halda, vergi orqanına 67.14cü maddəyə əsasən mənfəət vergisini hesablamaq hüququ verilmişdir. Vergi orqanı Məcəllənin 83.2-ci maddəsi ilə ona verilmiş hüquqlar çərçivəsində maddədə göstərilən mənbələrin birinə və ya bir neçəsinə istinad edə bilər. Növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinə əsas olmuş hallar səyyar vergi yoxlaması aktının 1.8-ci bəndində qeyd olunmuş, əsaslandırılmış, həmin akt sübut kimi məhkəməyə təqdim edilmiş və işin materiallarında var. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının iddiaçı "xxxx" MMC-nın cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddiası üzrə qəbul edilmiş xx.xx.2017-ci il tarixli 2-1(102)-604/2017 nömrəli qərarının 6-cı səhifəsində qeyd olunmuşdur ki, “... vergi münasibətləri üzrə artıq mövcud olmuş inzibati praktika ondan ibarətdir ki, cavabdeh qurum tərəfindən vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarlar yalnız cədvəl kimi və müvafiq məbləğləri və dövrləri göstərilməklə qəbul edilir, həmin qərarların qəbul edilməsinin hüquqi və faktiki əsasları daha ətraflı isə səyyar vergi yoxlaması keçirildiyi halda aktda, kameral vergi yoxlaması keçirilən zaman qismən qərar və “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktublarda əks etdirilir. Bu isə o anlamı yaradır ki, həm vergi ödəyicisinə, həm də araşdırma aparan məhkəməyə vergilərin hesablanmasının hansı hallardan irəli gəldiyi və hansı hüquqi əsaslara söykəndiyi bəlli olur. Məhkəmə kollegiyası razılaşır ki, göstərilən inzibati praktika qanunvericiliyin tələblərinə dəqiqliklə riayət etmir, yalnız bu meyarı əsas götürməklə vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarların ləğv edilməsini düzgün hesab etmir.” Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 mart 2020- ci il tarixli 2-1(102)-06/20 saylı qərarında da qeyd olunmuşdur ki, Vergi Məcəlləsinin 37-ci maddəsi kameral vergi yoxlamasının aparılması qaydalarını tənzimləmiş və həmin maddədə ayrı bənd kimi vergi yoxlamasının iş günü və iş vaxtında aparılması göstərilməmişdir. Bu səbəbdən 01 yanvar 2017-ci il tarixinə qədər olan maddənin redaksiyasında kameral vergi yoxlamaların 30 gün ərzində aparılması onu ehtiva edirdi ki, bu günlər təqvim günləri kimi hesablanmalıdır. Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Qanunu ilə 37.2-ci maddədə kameral vergi yoxlamasının "30 gün" müddətində keçirilməsi ifadəsi əvəzinə "30 iş günü müddətində keçirilir" ifadəsi əks olunmuş və bu qayda 01 yanvar 2017-ci il tarixindən qüvvəyə minmişdir. Bu qaydadan fərqli olaraq Məcəllənin 38-ci maddəsinə müddətlərlə bağlı dəyişiklik edilməmiş, çünki həmin maddənin 38.2 və 38.4-cü hissələri yoxlamaların iş günü ərzində aparılmalı olduğunu nəzərdə tutduğundan, 30 gün anlayışı bilvasitə 30 iş gününü nəzərdə tutmuşdur. Qanunvericiliyə edilmiş dəyişiklik isə hər iki yoxlamaların yalnız iş günü ərzində aparılmalı olduğuna dair yanaşmanı dürüstləşdirmişdir. Vergi Məcəlləsinin 49.1.3-cü maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edə bilər. Belə ki, vergi orqanının Vergi Məcəlləsinin 49.1.3-cü maddəsi ilə ona verilmiş səlahiyyətindən istifadə etməklə səyyar vergi yoxlaması zamanı yoxlama aktındakı çatışmazlıqların aradan qaldırılması üçün əlavə araşdırma həyata keçirmək hüququ var. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun 2.1-ci maddəsinin tələbindən də göründüyü kimi bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr. təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Yəni, vergi orqanının Vergi Məcəlləsinin 49.1.3-cü maddəsi ilə ona verilmiş səlahiyyətindən istifadə etməklə səyyar vergi yoxlaması aktında mövcud olan çatışmazlıqların aradan qaldırılması üçün vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerə getmədən, səyyar vergi yoxlaması zamanı əldə olunmuş sənədlər əsasında səyyar vergi yoxlaması aktındakı çatışmazlıqların və səyyar vergi yoxlaması ilə vergi ödəyicisindən əldə olunmuş sənədlər arasında olan uyğunsuzluqların aradan qaldırılması üçün əlavə araşdırmanın həyata keçirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun 2.1-ci maddəsinə əsasən həmin qanunun müddəalarının təsiri altına düşmür. Vergi Məcəlləsinin 56-cı maddəsində müəyyən edilmiş 3 illik məsuliyyətə cəlb etmə müddəti başa çatdığından vergi ödəyicisi 2015-2016-cı illər üzrə vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntularına görə məsuliyyətə cəlb edilməmiş, yəni ona maliyyə sanksiyası tətbiq edilməmişdir. Vergi ödəyicisinin həmin aylar üzrə vergi öhdəliklərinin real həcminin müəyyən edilməsi vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquq pozuntularına görə məsuliyyətə cəlb edilməsi demək deyil. xx.xx.2022-ci il tarixli 9/3216 nömrəli ekspert rəyindən göründüyü kimi ekspert səyyar vergi yoxlaması aktında qeyd olunan məlumatları rəyə köçürməklə, eyni zamanda qoyulmuş suallar ilə bağlı mahiyyəti üzrə ətraflı araşdırma və əsaslandırma aparmadan hesablanmış vergilərin düzgünlüyünün müəyyən olunmadığını qeyd etməklə kifayətlənmişdir. Məhkəmə həmin rəy üzrə hər hansı bir qiymətləndirmə aparmamış, həmin sübutun dəlillərinin qəbul səbəblərini izah etməmiş və bununla bağlı rəyin mötəbər sübut kimi nəzərə alınmaması barədə cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli **********711300 nömrəli vəsatətin, eyni zamanda “Təkrar məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi barədə” xx.xx.2022-ci il tarixli **********111600 nömrəli vəsatətin rədd edilmə əsaslarını qəbul etdiyi qərarında əsaslandırmamışdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəf apelyasiya şikayətini əsassız hesab edərək, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Cavabdehin xx.xx.2020-ci il tarixli **********137068 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarından görünür ki, səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2020-ci il tarixli **********171940 nömrəli aktına və xx.xx.2020 tarixli **********171400 nömrəli sənədə əsasən vergi qanunvericiliyinin pozulması halları aşkar edilərək iddiaçıya 6.498.874,89 manat vergilərin azaldılması, 3.923.435,18 manat vergilərin artıq hesablanması müəyyən olunmuş və 2.960.854,83 manat maliyyə sanksiyası tətbiq edilmişdir. - Cavabdehin **********84900 nömrəli “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnaməsindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya hesablanmış məbləğin 5 gün müddətində ödənilməsi tələb edilmişdir. - “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********171825 nömrəli qərara əsasən İddiaçı MMC-də xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr əhatə edilməklə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. İş materiallarına gəlirin əldə edilməsi ilə bağlı müəssisəyə dair xərc sənədləri, “Socar Petroleum" QSC tərəfindən verilən dövriyyə cədvəlləri, elektron vergi hesabfakturaları, müqavilələr və elektron qaimə-fakturalar əlavə edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/3216 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən xx.xx.2020-ci il tarixli, **********137068 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə səyyar vergi yoxlaması dövründə İddiaçı MMC-yə (VÖEN **********) hesablanmış ƏDV-nin, mənfəət vergisinin və həmin vergilər üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının düzgün hesablanmaması müəyyən edilir. Həmçinin qeyd edilir ki, yuxarıda göstərilənlərə və təqdim edilmiş iş materiallarına əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə hesablanmalı olan vergilərin (mənfəət və ƏDV) konkret məbləğini müəyyən etmək mümkün olmadı. Üçüncü-doqquzuncu suallar üzrə: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarında gəlirin əldə edilməsi ilə bağlı müəssisəyə dair bir qism xərci sənədləri (elektron qaimə fakturalar, ödəniş sənədləri və s.) mövcuddur.Həmçinin qeyd edilir ki, həmin sənədlərin hər birinin növü, adı və rekvizitləri (tarixi, seriyası və nömrəsi), hər birində əks olunmuş məbləğ, hansı vergi ödəyiciləri tərəfindən təqdim (tərtib) edilməsi və təsərrüfat əməliyyatının məzmunu təqdim edilmiş iş materiallarında öz əksini tapmışdır. Bundan əlavə qeyd edilir ki, həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması iddiaçının tətbiq etdiyi kassa metoduna və vergi qanunvericiliyinin tələblərinə uyğundur. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli, **********171825 saylı qərarı ilə iddiaçı barəsində Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə noyabr 2015-oktyabr 2018 hesabat dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın nəticələrinə dair xx.xx.2020-ci il tarixli **********171940 saylı səyyar vergi yoxlaması aktı tərtib olunmuşdur. Yoxlama materiallarına baxılmış və xx.xx.2020-ci il tarixli **********137068 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Qərara əsasən 6.498.874,89 manat vergilərin azaldılması, 3.923.435,18 manat vergilərin artıq hesablanması müəyyən olunmuş və 2.960.854,83 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən qaydada həll edilmişdir. AR İPM-in 87.8-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. AR Konstitusiyasının 73-cü maddəsinin ikinci bəndinə əsasən, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur; Həmin Məcəllənin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludurlar. Həmin məcəllənin 62.1-ci maddəsinə əsasən, hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 62.2. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. AR İPM-nin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Belə olan halda vergi orqanının dövlət büdcəsinə ödənilməli olan vergi borcunun məbləğini məhz hansı sübutlara əsasən hesablamasını təsdiq edən sübutları cavabdeh vergi orqanı təqdim etməlidir. AR Vergi Məcəlləsinin 53.3-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi vergi qanunericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir, vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi dəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2003-cü il tarixli 5 saylı Qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Cavabdeh orqan apelyasiya şikayətində AR Ali Məhkəməsinin 2-1(102)-604/2017 saylı qərarındakı “... qərarların qəbul edilməsinin hüquqi və faktiki əsasları daha ətraflı isə səyyar vergi yoxlaması keçirildiyi halda aktda, kameral vergi yoxlaması keçirilən zaman qismən qərar və “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktublarda əks etdirilir. Bu isə o anlamı yaradır ki, həm vergi ödəyicisinə, həm də araşdırma aparan məhkəməyə vergilərin hesablanmasının hansı hallardan irəli gəldiyi və hansı hüquqi əsaslara söykəndiyi bəlli olur. Məhkəmə kollegiyası razılaşır ki, göstərilən inzibati praktika qanunvericiliyin tələblərinə dəqiqliklə riayət etmir, yalnız bu meyarı əsas götürməklə vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarların ləğv edilməsini düzgün hesab etmir.” mövqeyinə istinad etmişdir. Buna münasibətdə kollegiya qeyd edir ki, hazırki mübahisə üzrə birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən inzibati aktın ləğvinə əsas sadəcə qərarın əsaslandırılmaması meyarı olmamış, inzibati aktın qəbulu zamanı yol verilən digər bir neçə qanunsuz hərəkətlər də məhkəmə araşdırması zamanı faktiki təsdiqini tapmışdır. Məhkəmə kollegiyası ilk öncə vergi yoxlamasının aparılması müddətinə dair cavabdehin mövqeyinə münasibətdə aşağıdakıları bildirir. Apelyasiya şikayətində AR Ali Məhkəməsinin növbəti aktına - 2-1(102)-06/20 saylı qərarına istinad edən cavabdeh orqan səyyar vergi yoxlamasının aparılma müddətinin təqvim günü deyil, iş günü çərçivəsində aparılmalı olmasını düzgünlüyünü iddia etmişdir. Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələblərinə əsasən, səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Həmçinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının “Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” xx.xx.2016-cı il tarixli **********011400 saylı Qərarı (X3 Reyestrinin qeydiyyat nömrəsi **********1400) ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın “Müddətlərin müəyyən edilməsi” adlı 8.5.4-cü bəndində qeyd edilmişdir ki, günlərlə hesablanan müddət müddətin sonuncu gününün başa çatması ilə bir vaxtda qurtarır. Göstərilən qayda isə Mülki Məcəllənin 369.6-cı maddəsinin tələbindən irəli gəlir. Həmin Qaydaların müddəalarına əsasən müddət uzadıldıqda yeni müddət bitmiş müddətin sonundan, yəni növbəti gündən hesablanır (8.9-cu bənd.). Ayın birinci günü ayın başlanğıcı, on beşinci günü ayın ortası, sonuncu günü isə ayın axırı sayılır (8.10-cu bənd). Qaydaların 8.11-ci bəndində Vergi Məcəlləsinin 38.2-ci maddəsinə uyğun olaraq qeyd edilmişdir ki, səyyar vergi yoxlamasının 30 gündən artıq davam edə bilməz. Vergi Məcəlləsinin 38.4-cü maddəsinə görə isə, səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Bununla da, Vergi Məcəlləsinin 38.2-ci maddəsinin 2ci abzasının 2-ci cümləsində göstərilən “30 gün” ifadəsi ilə həmin Məcəllənin 38.4-cü maddəsinin qarşılıqlı təhlili nəticəsində müəyyən olunur ki, səyyar vergi yoxlaması 30 təqvim günü daxilində vergi ödəyicisinin iş vaxtını əhatə edən iş günləri ərzində həyata keçirilməlidir. Göstərilən qayda Vergi Məcəlləsinin müddətlərlə bağlı digər normalarını təhlil etdikdə də öz təsdiqini tapır. Belə ki, Məcəllənin 33.10-cu, 34.7.2-ci, 36.3-cü, 37.2-ci, 37.4-cü, 42.1-ci, 42.14-cü, 50-1.3-cü, 70.2-1.2-ci, 70.2-1.3-cü, 72.7-ci, 76.2-ci, 77-ci, 83.4-cü, 157.2-ci, 221.4.9-cu və 221.8.5-ci maddələrində müəyyən olunan müddətlər konkret iş günləri ilə göstərilmişdir. Buradan isə belə müəyyən olunur ki, qanunverici Məcəllənin 38.2-ci maddəsi də daxil olmaqla qalan bütün müddətləri təqvim günləri ilə tənzimləmişdir. İşdən aydındır ki, cavabdehin xx.xx.2018-ci il tarixli **********171825 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına əsasən növbəti səyyar vergi yoxlaması təyin edilmiş və yoxlamanın müddəti 30 iş günü müəyyən edilmişdir. Qərar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmış və yoxlamanın başlama tarixi xx.xx.2018-ci il tarixi, yoxlamanın sona çatma tarixi isə xx.xx.2019-ci il göstərilmişdir. Yoxlama xx.xx.2018-ci il tarixdə başlamışdır. Yoxlamanın qanunvericiliklə müəyyən edilmiş 30 günlük müddəti xx.xx.2019-ci ildə başa çatmalı olduğu halda, yoxlama xx.xx.2019-ci il tarixdən xx.xx.2019-ci il tarixədək əsassız olaraq, ümumilikdə 7 gün müddətində davam etdirilmişdir. Çünki yuxarıda qeyd olunduğu kimi, səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Hətta bundan sonra yoxlama müddətinin artırılması barədə digər tarixlərdə növbəti qərarlar qəbul olunsa da, həmin qərarlar da 30 günlük (təqvim günü) müddətinin bitməsinə qədər qəbul edilməmişdir. İşdən aydın olduğu kimi, cavabdeh mübahisələndirilən **********137068 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı xx.xx.2020-ci il tarixdə qəbul etmiş, yoxlamanın dövrü isə yoxlamanın keçirilməsi barədə qərar, reyestrdən çıxarış və yoxlama aktı ilə noyabr/2015- oktyabr/2018 dövrləri əhatə etmişdir. AR İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. AR MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Vergi Məcəlləsinin 56.1-ci maddəsinin yoxlama dövründə qüvvədə olan redaksiyasına əsasən, vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. ... Vergi orqanının səyyar və kameral vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır (83.3). ... Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq hüququna malikdirlər (85.4). Göründüyü kimi, cavabdeh mənfəət vergisi ilə bağlı 2015-ci il üzrə 31 dekabr 2018-ci ilədək, 2016-cı il üzrə isə 31 dekabr 2019-cu il tarixədək hesablama aparmaq hüququ olduğu halda, həmin müddət başa çatdıqdan sonra qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq cavabdeh tərəfindən səyyar vergi yoxlaması ilə 2015-ci il üçün 543.543,78 manat, 2016-cı il üçün 252.368,78 manat mənfəət vergisi, 2015-ci il üzrə ümumilikdə 43.470,21 manat azaldılmış ƏDV məbləği, 270.689,96 manat artıq hesablanmış ƏDV məbləği, 2016-cı il üzrə ümumilikdə 286.313,68 manat azaldılmış ƏDV məbləği, 2.319.022,21 manat artıq hesablanmış ƏDV məbləği, 2017-ci ilin yanvar-aprel ayları üzrə ümumilikdə 374.417,42 manat artıq hesabladığını müəyyən etmişdir. Beləliklə, qeyd edilənlərdən aydın olur ki, cavabdeh yoxlama zamanı 2015-ci və 2016-cı illər üzrə mənfəət vergisinin və həmin illlərin hesabat dövrləri üzrə azaldılması müəyyən edilən ƏDV məbləğlərinə Vergi Məcəlləsinin həmin dövrdə qüvvədə olmuş 56-cı, 83.3-cü və 85.4-cü maddələrinə əsasən 3 illik müddət başa çatdığı üçün maliyyə sanksiyasını tətbiq etməsə də, əsassız olaraq vergilərə münasibətdə həmin normaları nəzərə almamışdır. Halbuki, vergi qanunvericiliyinin pozulması dedikdə, yalnız maliyyə sanksiyası deyil, həm də vergilər nəzərdə tutulduğundan qeyd olunan normalarda əks olunmuş 3 illik müddət vergiləri də əhatə edir. Həmçinin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdeh tərəfindən mənfəət vergisinin hesablanmasına münasibətdə mövqeyi ilə razılaşır. Məhkəmə mövqeyini əsaslandırarkən bildirmişdir ki, “...cavabdeh vergi orqanı tərəfindən iddiaçıya əlavə olaraq 2015-2017-ci illər üzrə hesablanmış mənfəət vergisi xərc sənədləri olmamasına görə Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinin tələblərinə əsasən həmin illərin gəliri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarında təsbit olunmuş qaydada, yəni gəlirin tərkibində 20 faiz şərti rentabellik səviyyəsi tətbiq edilməklə mənfəət müəyyən olunmuşdur. Halbuki, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən yalnız həmin maddənin 67.1.1 - 67.1.9-cu bəndlərində sadalanan əlaqəli məlumatlardan, bu mümkün olmadıqda həmin maddənin 67.3 - 67.4-cü maddələrində nəzərdə tutulan analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin məlumatlarının tətbiqindən sonra mənfəəti birbaşa müəyyən etmək mümkün olmadıqda Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinin tələblərinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarında təsbit olunmuş qaydada hesablanma aparıla bilərdi. Qeyd olunanlar yuxarı instansiya məhkəməsinin formalaşmış təcrübəsində də əks olunmuşdur. 67-ci maddənin dispozisiya şərtlərinin işin halları ilə əlaqəli təhlili onu deməyə əsas verir ki, vergi orqanı tərəfindən həmin norma hazırki işə düzgün tətbiq edilməmişdir. Çünki yoxlamanın nəticələri barədə tərtib edilmiş aktda da göstərildiyi kimi, iddiaçının qarşılıqlı əlaqələri nəzərə alınmamışdır. İş materiallarında analoji müəssisənin mövcud olub-olmaması, əlaqəli məlumatların müəyyən olunubolunmaması ilə bağlı sənədlər və ya məlumatlar öz əksini tapmamışdır.” AR VM-nin xx.xx.2022-ci il tarixdən qüvvədə olan 67.17-ci maddəsinə əsasən, 67-ci maddədə sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. 67.17-ci maddə xx.xx.2020-ci il tarixli **********137068 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın əhatə etdiyi vergi dövründən sonra qəbul edildiyi üçün həmin münasibətlərə şamil oluna bilməz. Həmçinin, kollegiya bildirir ki, səyyar vergi yoxlaması aktında yoxlamanın əhatə etdiyi dövrlərdə müəssisə tərəfindən bəyannamələr təqdim edilməsinin göstərilməsinə və büdcəyə ƏDV hesablamasına baxmayaraq, aktda olan ƏDV-nin müqayisəli cədvəlindən görünür ki, yoxlama ilə həmin dövrlərin böyük əksəriyyətində büdcəyə hesablanan ƏDV məbləğləri 4.471.886,38 manat məbləğində ƏDV üzrə artıq hesablanma kimi müəyyən edilmiş, yoxlamanın son dövrünə - yəni oktyabr 2018-ci ilə, isə Vergi Məcəlləsinin 67.15-ci maddəsinin tələblərinə əsasən 5.721.565,23 manat məbləğində az hesablanma müəyyən edilmişdir. Həmçinin, ƏDV hesablanması ilə yanaşı vergi ödəyicisinin öz bəyannamə məlumatlarını ləğv edərək yoxlamanın sonuncu dövrünə hesablama aparılmış, iddiaçı əlavə maliyyə sanksiyasına məruz qalmışdır. Lakin, Vergi Məcəlləsinin 67.15-ci maddəsi xx.xx.2019-cu il tarixdən Məcəlləyə əlavə olunmuş və xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək (yoxlamanın əhatə etdiyi dövrdə) həmin norma mövcud olmamışdır. AR Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Qeyd edilən normaların tələblərinin işin sadalanan hallarına tətbiqindən də faktiki göründüyü kimi, inzibati orqan tərəfindən yoxlamanın əhatə etdiyi dövr üzrə qüvvədə olmayan hüquq normalarının tələbləri nəzərə alınmaqla iddiaçı MMC-yə əsassız vergi öhdəliyi müəyyən edilmiş, nəticədə hüquqi şəxsin vəziyyətinin pisləşməsinə və əsassız maliyyə öhdəliklərinin yaranmasına süni əsas yaradılmışdır. Apelyasiya şikayətinin məzmunundan da göründüyü kimi, cavabdeh orqan inzibati aktda mübahisəli məbləğin hesablanmasını onunla əsaslandırır ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinə əsas olmuş hallar səyyar vergi yoxlaması aktının 1.8-ci bəndində qeyd olunmuş, əsaslandırılmış, həmin akt sübut kimi məhkəməyə təqdim edilmişdir. Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: ... 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə, uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda... Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.-1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Sadalananlardan da göründüyü kimi, vergi orqanı tərəfindən vergilərin hesablanması zamanı mütləq şəkildə mənbəyi bəlli olan rəsmi məlumatlara və ya sənədlərə əsaslanılmalıdır. Cavabdehin istinad etdiyi aktdan görünür ki, təyin olunmuş səyyar vergi yoxlaması Departamentin (hazırda-Baş İdarənin) xx.xx.2018-ci il tarixli **********535300 nömrəli Xidməti məlumatına əsasən təyin edilmişdir. AR VM-nin 38.3-cü maddəsinə görə, növbədənkənar yoxlamanın keçirilməsi ilə bağlı cavabdeh diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Nəzərə almaq lazımdır ki, növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Cavabdeh diskresion səlahiyyəti çərçivəsində hərəkət və ya hərəkətsizliyini qanunvericiliyin tələblərinə uyğun həyata keçirməli, hazırki mübahisə üzrə istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Eyni zamanda, yuxarıda qeyd edilən faktiki hallardan da aydın oldugu kimi cavabdehin istinad etdiyi xx.xx.2020-ci il tarixli yoxlama aktında iddiaçının vergi öhdəliklərinə münasibətdə qüvvədə olmayan qanun normalarının tətbiq edilməsi özü xx.xx.2020-ci il tarixli, **********171940 nömrəli aktın əsassızlığını əks etdirir. Cavabdeh apelyasiya şikayətində işin mübahisələndirilən halı olan əlavə yoxlama tədbirlərinin və dayandırılma qərarlarının müvafiq reyestrdə qeydiyyata alınmamasına dair hərəkətsizliyini belə müdafiə etmişdir ki, vergi orqanının Vergi Məcəlləsinin 49.1.3-cü maddəsi ilə ona verilmiş səlahiyyətindən istifadə etməklə səyyar vergi yoxlaması aktında mövcud olan çatışmazlıqların aradan qaldırılması üçün vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerə getmədən, səyyar vergi yoxlaması zamanı əldə olunmuş sənədlər əsasında səyyar vergi yoxlaması aktındakı çatışmazlıqların və səyyar vergi yoxlaması ilə vergi ödəyicisindən əldə olunmuş sənədlər arasında olan uyğunsuzluqların aradan qaldırılması üçün əlavə araşdırmanın həyata keçirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun 2.1-ci maddəsinə əsasən həmin qanunun müddəalarının təsiri altına düşmür. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmçinin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə görə sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Həmin Qanunun 17.2.7-ci maddəsinə görə yoxlamanın aparılması haqqında qərarda yoxlamanın müddəti (başlama və başa çatma tarixləri göstərilməklə) göstərilir. Beləliklə, cavabdeh tərəfindən yoxlama müddətinin artırılması və özündə yoxlama müddətinin artırılmasını ehtiva edən əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə xx.xx.2019-cu il tarixli, **********194026 saylı və xx.xx.2020-ci il tarixli, **********198460 saylı “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” qərarı Reyestrə daxil etməməklə Əsasnamənin tələblərinə riayət etməməsi müyyən edilmiş, qeyd edilənlərin əksinə dair hər hansı təsdiqedici sübut isə məhkəməyə təqdim edilməmişdir. Bununla da, məhkəmə kollegiyası yoxlamanın davam etdirilməsinin reyestrdə qeydiyyata alınmaması ondan sonrakı aparılan bütün hərəkətləri də əsassız edir. Bundan əlavə, cavabdeh Aİ-92 markalı benzin üçün Azərbaycan Respublikası Tarif(qiymət) Şurası tərəfindən müəyyən edilən pərakəndə satış qiyməti tətbiq edilməklə dövriyyənin müəyyən olunduğunu qeyd etmişdir. Lakin iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının pərakəndə satış obyektləri, yəni yanacaqdoldurma məntəqələri mövcud olmamışdır. Həmçinin, iddiaçı tərəfindən yanacağın pərakəndə qaydada satılmasına dair hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, 39592,09 ton yanacağın pərakəndə qaydada satılmasını məhkəmə kollegiyası ağlabatan hesab etmir. Son olaraq cavabdeh apelyasiya şikayətində vergi yoxlaması zamanı verilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/3538 saylı rəyinə istinad etmiş, məhkəmənin istinad etdiyi xx.xx.2022-ci il tarixli, 9/3216 saylı ekspert rəyinin isə mötəbərliyini mübahisələndirmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin təqdim etdiyi xx.xx.2022-ci il tarixli 9/3216 saylı rəydə nəticə olaraq bildirilmişdir ki, xx.xx.2020-ci il tarixli **********137068 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə səyyar vergi yoxlaması dövründə İddiaçı MMC-yə (VÖEN **********) hesablanmış ƏDV-nin, mənfəət vergisinin və həmin vergilər üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının düzgün hesablanmaması müəyyən edilir. Həmçinin qeyd edilir ki, yuxarıda göstərilənlərə və təqdim edilmiş iş materiallarına əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə hesablanmalı olan vergilərin (mənfəət və ƏDV) konkret məbləğini müəyyən etmək mümkün olmadı. Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarında gəlirin əldə edilməsi ilə bağlı müəssisəyə dair bir qism xərc sənədləri mövcuddur. Həmçinin qeyd edilir ki, həmin sənədlərin hər birinin növu, adı və rekvizitləri(tarixi, seriyası və nömrəsi), hər birində əks olunmuş məbləğ, hansı vergi ödəyiciləri tərəfindən təqdim(tərtib) edilməsi və təsərrüfat əməliyyatının məzmunu təqdim edilmiş iş materiallarında öz əksini tapmışdır. Bundan əlavə qeyd edilir ki, həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması iddiaçının tətbiq etdiyi kassa metoduna və vergi qanunvericiliyinin tələblərinə uyğundur. AR MPM: 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Ekspert rəyini işin faktiki halları ilə birgə qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, Birinci instansiya məhkəməsi qeyd edilən ekspert rəyini düzgün araşdıraraq, mötəbər sübut qismində qəbul etmişdir. Belə ki, 9/3216 saylı rəydə tədqiqat prosesi ardıcıl olaraq şərh olunmuş, vergilərin hesablanması əsasları və qaydası göstərilmiş, gəlinən nəticə əsaslandırılmışdır. 9/3538 saylı rəyə baxılan zaman isə orqanın qərarının köçürülməsi ilə ətraflı əsaslandırılmadan formal tərtib edildiyi görünür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən ekspert rəyi düzgün olaraq mötəbər sübut qismində qəbul edilmişdir. Cavabdeh vergi orqanı isə həmin rəylə razılaşmasa da, onun mötəbərliyini şübhə altına alan hər hansı sübut təqdim etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 61.1-ci maddəsinə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.4-cü maddəsinə müvafiq olaraq inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olumuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 67.1-ci maddəsinə görə, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə uyğun olaraq qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsəsən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qeyd edilən qanunvericilik normalarının tələblərindən də aydın göründüyü kimi, rəsmi və mötəbər hesab edilə bilən məlumatlar əsasında qəbul edilməmiş və lazımi qaydada əsaslandırılmamış inzibati akt qanunsuz əlverişsiz akt kimi qiymətləndirilir. AR Vergi Məcəlləsinin 49.5-ci maddəsinə əsasən, vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Beləliklə, yuxarıda sadalananlarla məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 6.498.874,89 manat vergilərin azaldılması, 3.923.435,18 manat vergilərin artıq hesablanması və 2.960.854,83 manat maliyyə sanksiyasının tətbiq edilməsinə dair Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2020-ci il tarixli **********137068 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 14 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2473/2022 saylı, 14 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar