Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3237/2024 12.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın qismən ləğv olunması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e- 2-1(112)-3020/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli **********028000 nömrəli “Vergilərin sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, müəssiənin 2022-ci il ərzində digər vergi ödəyicilərindən əldə etdiyi ümumi dəyəri 36295 manat olan malların alışına dair elektron qaimələr xərc sənədi kimi nəzərə alınmamışdır. Buna səbəb vergi orqanının həmin malların alındığı vergi ödəyicilərinin barəsində əməliyyatlar aparılan tarixdən sonra riskli vergi ödəyicisi hesab olunması ilə bağlı qərar qəbul edilməsidir. Belə ki, “X5” MMC tərəfindən xx.xx.2022-ci il tarixdə ümumi dəyəri 1113 manat olan, "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək ümumi dəyəri 6221 manat, "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ümumi dəyəri 11019 manat, “X4” MMC tərəfindən xx.xx.2022- ci il tarixdən xx.xx.2022-ci il tarixdək ümumi dəyəri 12016 manat, "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə ümumi dəyəri 1174 manat və "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə ümumi dəyəri 4752 manat olan mallar A.Şaiq adına Azərbaycan X3 satılmışdır. Eləcə də, “X5” MMC xx.xx.2022-ci il tarixdə, "xxxx" MMC xx.xx.2022-ci il tarixdə, "xxxx" MMC xx.xx.2022-ci il tarixdə, “X4” MMC xx.xx.2022-ci il tarixdə, "xxxx" MMC xx.xx.2022-ci il tarixdə və "xxxx" MMC xx.xx.2023-cü il tarixdə riskli vergi ödəyicisi hesab edilmişdir. Vergi orqanı hesablamanı Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən aparmışdır. Lakin nəzərə alınmalıdır ki sözügedən normanın tələbləri pozulmuşdur. Belə ki, həmin maddəyə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Mübahisələndirilən qərarın qəbul olunmasının səbəbi məhz vergi tutulan əməliyyat aparılmış şəxsin riskli vergi ödəyicisi hesab edilməsi olmuş və maddənin tələbinə uyğun olaraq həmin əməliyyat əmtəəsiz hesab olunmaqla xərc sənədləri nəzərə alınmadan mənfəət vergisi hesablanmışdır. Göründüyü kimi yuxarıda adları qeyd olunan müəssisələr ilə qarşılıqlı əməliyyatlar aparılan tarixdə həmin müəssisələr riskli vergi ödəyicisi olmamışlar. Beləliklə yuxarıda adları sadalanan vergi ödəyiciləri vergi tutulan əməliyyatların aparıldığı dövrdə riskli vergi ödəyicisi olmadığından oların riskli vergi ödəyicisi olması barəsində DVX-nın İnternet Vergi İdarəsi portalında xəbərdarlıq bildirişləri əks edilməmişdir. Həmçinin iddiaçı tərəfindən dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmiş, lakin inzibati orqan həmin bəyannamə üzrə hansı çatışmazlıqların olmasını müəyyən etmədən, bununla bağlı ondan əlavə sənəd, məlumat, izahat və s. tələb etmədən bəyannamə üzrə araşdırmanı onun iştirakı olmadan aparmış və nəticədə bəyannaməni qəbul etməyərək xx.xx.2023cü il tarixli **********028000 nömrəli “Vergilərin sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə Qərar əsasında mənə 7222,67 manat məbləğində mənfəət vergisi hesablamışdır. Sonradan iddiaçı tələbinə dəqiqləşmə verərək xx.xx.2023-cü il tarixli **********028000 nömrəli qərarın 6482,76 manat hissədə ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, A.Şaiq Adına Azərbaycan X3 (VÖEN: **********) 2022-ci il MV bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə hesablanmış vergilərin tərkibi araşdırılmışdır. Təqdim edilən Mənfəət vergisinin bəyannaməsinin "Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər" hissəsinin 221.2-ci (Sığorta haqları) sətrindəki 145226.06 manat məbləğ, həmin hesabat il üzrə təqdim edilən Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrinin (hesabatları) üzrə cəmi hesablanmış 142526.14 manat sığorta haqqlarının məbləğindən 2699.92 manat artıq olması nəticəsində kənarlaşma yaranmışdır. Həmçinin, əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 36295 manat təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********325700 nömrəli və xx.xx.2023-cü il tarixli **********751200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla cari vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi və zərururi sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci il üzrə MV bəyannaməsi üzrə 7022.75 manat vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********486300 nömrəli və xx.xx.2023-cü il tarixli **********145600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. xx.xx.2023-cü il tarixdə vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş mənfəət vergi bəyannaməsi təqdim edilmiş, lakin göstərilən uyğunsuzluqla bağlı kənarlaşma aradan qaldırılmadığından, hesablanmış vergi məbləği bərpa edilmiş və vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********028000 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Vergi orqanının bundan əvvəl çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar predmetli inzibati iş vergi orqanının xeyrinə yekunlaşmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının "xxxx" MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2023cü il tarixli 2-1(102)-1212/2023 saylı qərarında sözügedən məsələyə göstərilən münasibət nəzərinə çatdırılır: “**********702300 nömrəli qərardan görünür ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixdə riskli vergi ödəyicisi hesab edilmiş və müvafiq siyahıya daxil edilmişdir. İddiaçı ilə "xxxx" MMC arasında olan əməliyyatlar isə 2021-ci ilin iyun-avqust aylarını əhatə etmiş və sonuncu əməliyyat xx.xx.2021ci il tarixdə həyata keçirilmişdir. Yəni "xxxx" MMC ilə iddiaçı arasında əməliyyatlar həyata keçirildiyi vaxt (alğı-satqı əməliyyatları) "xxxx" MMC riskli vergi ödəyicisi olmamışdır. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, işdən göründüyü kimi, iddiaçının istinad etdiyi "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli qərar mübahisələndirilməmiş, hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Beləliklə, həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır. Başqa sözlə, həmin hüquqi şəxsin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmədiyi halda belə, bu, vergi orqanının iddiaçıya münasibətdə ödənilməli vergilərin azaldılmasına səbəb olan həmin fakta və ya faktlara (əmtəəsiz əməliyyatların aparıldığına və həmin əməliyyatlara əsaslanan xərc sənədlərinin tərtib edildiyinə) istinadla qərar qəbul etmək imkanına təsir etmir. Həmin faktlar isə, mübahisələndirilən qərar qəbul edilənədək mövcud olmuşdur”. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3020/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********028000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı 6482,76 manat əlavə mənfəət vergisinin hesablanması hissəsində ləğv edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-3020/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı işin hallarından görünür ki, iddiaçı "xxxx" MMC və “X5” MMC ilə xx.xx.2021-ci il tarixdə, “X4” MMC ilə xx.xx.2022-ci il tarixdə, "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixdə və "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixdə müqavilələr bağlamış, həmin “İcraçı”lar müqaviləyə əsasən lazım olan inşaat və təsərrüfat mallarını Sifarişçi olan iddiaçıya təhvil verməyi, Sifarişçi isə həmin malı qəbul edərək malın dəyərini “İcraçı”ya Ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin malların alınması ilə bağlı 19.01-xx.xx.2022-ci il tarixlərində 36295 manat dəyərində 21 ədəd elektron qaimə faktura tərtib edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli, **********793300 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 28 iyul 2020-ci il tarixli 265 saylı qərara əsasən vergi ödəyiciləri "X5" MMC xx.xx.2022-ci il tarixdə, "xxxx" MMC xx.xx.2022-ci il tarixdə, "xxxx" MMC xx.xx.2022-ci il tarixdə, "X4" MMC xx.xx.2022-ci il tarixdə, "xxxx" MMC xx.xx.2022-ci il tarixdə və "xxxx" MMC xx.xx.2023-cü il tarixdə riskli vergi ödəyici siyahısına daxil edilmişdir. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********028000 nömrəli qərarı ilə 2022-ci il hesabat dövrü üzrə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində iddiaçıya əlavə 7.222,67 manat mənfəət vergisi hesablanmışdır. İddiaçı hazırda həmin qərarın 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmayan 36295 manat məbləğə görə hesablanmış əlavə mənfəət vergisi hissəsində ləğv edilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin mübahisəli qərarın qəbul edildiyi dövrdə qüvvədə olan 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: - bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. - bənd 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mübahisələndirilən Qərarı onunla əsaslandırılmışdır ki, mənfəət vergisi bəyannaməsinin hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 221.1-ci (Əmək haqqı və ona bərabər tutulan ödəmələr) sətrindəki 581734.25 manat məbləğ, Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrinin (hesabatları) təqvim ili üzrə (4 rübün cəmi) 902-ci (Gəlirlər, cəmi) sətirlərinin "Rüb üzrə cəmi&quol: sütunlarındakı 580931.40 manat məbləğindən böyük olduğuna görə kənarlaşma aşkar edilmişdir. Təqdim etdiyi Mənfəət vergisinin bəyannaməsinin ":İ hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər" hissəsinin 221.2-ci (Sığorta haqları) sətrindəki 145226.06 manat məbləğ, həmin hesabat il üzrə təqdim etdiyi Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrinin (hesabatları) üzrə cəmi hesablanmış 142329.36 manat sığorta haqqlarının məbləğindən 2896.70 manat artıq olması nəticəsində kənarlaşma yaranmışdır. Əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 36295 manat təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Göründüyü kimi cavabdeh qeyd olunan əməliyyatların riskli vergi ödəyicisi ilə aparılmasına istinad edərək, bu halı əmtəəsiz əməliyyat kimi qiymətləndirmiş və həmin əməliyyatlar üzrə qaiməfakturaları xərc sənədi kimi qəbul etməmiş, nəticədə müvafiq məbləği iddiaçının gəlirinə aid edərək ona mənfəət vergisi hesablamışdır. Məhkəmə kollegiyası cavabdehin mövqeyini əsassız hesab edərək qeyd edir ki, təqdim edilmiş 16 elektron qaimə-faktura üzrə əməliyyat aparılan hüquqi şəxslər İddiaçı ilə əməliyyat apardıqdan sonra riskli vergi ödəyicisi hesab edilmişlər. Yəni müvafiq əməliyyatlar qeyd edilən vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunma barədə qərar qəbul edildiyi tarixdən əvvəl tarixə aid olmuşdu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.3-cü bəndinə əsasən riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. Həmin Meyarların 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Göründüyü kimi, qanunvericiliyə əsasən vergi ödəyicisinin riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir və həmin vergi ödəyicilərinə dair məlumat İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair mübahisəli elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı şirkətlər riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlar üzrə sənədləri xərc sənədi kimi nəzərə almış, bu hal vergi qanunvericiliyinə uyğun olmuşdur. İşmateriallarından o da görünür ki, cavabdehin xərc sənədi kimi qəbul etmədiyi 21 qaimədən 5 qaimə (EBBR 547750, EBBW 439475, EBBX 692175, EBBX 690941, EBBZ 24456) əməliyyat aparılan şirkətlər riskli vergi ödəyicisi hesab olunduğu tarixdən sonra tərtib edilmişdir. Lakin qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Mübahisəli qərarın qəbul edildiyi dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Cavabdeh həmin qaimələr, o cümlədən digər qaimələr üzrə 36295 manat məbləği iddiaçının xərci olaraq nəzərə almadıqda VM-nin 109.9-cu maddəsini tətbiq etməklə, həmin malların VM-nin 14-cü, 14-1-ci və 67-ci maddələrinə əsasən dəyərini müəyyən etməklə gəlirdən çıxmalı olduğu halda, bu normanın tələbinə də əməl etməmiş, ümumilikdə 36295 manat məbləği xərc kimi nəzərə almayaraq həmin məbləği tam olaraq gəlirə aid etməklə mənfəət vergisi hesablamışdır. Həmçinin cavabdeh müvafiq əməliyyatları əmtəəsiz hesab edərək iddiaçının 36295 manat həcmində xərcini bəyannamədən silsə də, həmin hissəyə mütənasib olan gəlir hissəsini bəyannamədə saxlamışdır. Belə ki, əgər əməliyyat əmtəəsizdirsə, onda gəlirin də formalaşmadığı nəzərə alınmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3020/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3020/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3237/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3237/2024
12.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver