Məhkəmə qərarları › İş №2-1(103)-3238/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3238/2022

07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3238/2022 07.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Bakı şəhəri Cavabdehə qarşı (üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti) “cavabdehin hərəkətlərinin qeyri-qanuni hesab edilməsi və kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2-1(112)-6170/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 07 dekabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı (üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri Nərimanov rayonu ərazisində M.Məmmədov 17 küçəsindəki qaraj kompleksində yerləşən, ona məxsus qarajın məhv edilməsi ilə nəticələnən hərəkətlərinin qeyri-qanuni sayılması, bu hərəkətlər nəticəsində ona dəymiş ziyana görə bu qarajda saxlanılan əmlakın itkisi - 32695, qarajın bərpası üzrə xərclərə - 29658, cəmi cavabdehdən 62353 manat məbləğində kompensasiyanın onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Nərimanov rayonu ərazisi, Malik Məmmədov 17 küçəsində yerləşən qaraj kompleksindəki qarajlardan birinin sahibidir. 2020-ci il yanvarın sonunda iddiaçıya və yuxarıda göstərilən kompleks qarajlarının digər sahiblərinə Nərimanov rayonu İcra Hakimiyyətinin əməkdaşları məlumat verdilər ki, yaxın zamanda onların qarajları söküləcək, belə ki, bu ərazi guya Bakı şəhəri İcra Hakimiyyətinin mövcud Sərəncamına uyğun olaraq dövlət ehtiyacları üçün alınmalıdır. 2020-ci il fevralın ortalarında İcra Hakimiyyətinin Başçısının 1-ci müavini canab Şahmar İbadov qaraj sahiblərinin bir çoxunu öz kabinetində qəbul etmişdir. Bu zaman o, onlara qarajların alqısatqı müqaviləsini imzalamağı və onların açdığı bank hesabına müqaviləyə uyğun olaraq vəsaitləri köçürmək üçün "Kapitalbank"da hesab açmağı təklif etmiş və bildirmişdir ki, 1 kv.m-in qiyməti 500 manatı keçməyəcəkdir. Müqavilə ilə tanış olduqda burada birincisi, alıcının göstərilməməsi, ikincisi isə, qiymətin qeyd olunmaması dərhal nəzərə çarpırdı. İddiaçı və digər mülkiyyətçilər cənab Ş.İbadovdan tələb edirdilər ki, onun özünün və əməkdaşlarının öz hərəkətlərinin qanunuliyinin əsası kimi istinad etdikləri sənədi onlara təqdim etsinlər. Lakin təəssüf ki, cənab Ş.İbadov "Əvvəlcə müqaviləni imzalayın, sonra mən Nazirlər Kabinetinin Sərəncamını Sizə təqdim edim” - deyərək onlara heç bir sənəd təqdim etmədi. Bundan sonra, 2020-ci il mart ayının ilk günlərində Cavabdehin əməkdaşları (İbrahim, Eldəniz və Qurban) Şahmar İbadovun rəhbərliyi altında ağır texnikanı (traktor və ekskavator) gətirdərək qaraj sahiblərinin iştirakı ilə iki qarajı dağıtdılar. Həmin qarajların sahibləri söküntü vaxtı ərazidə yox idi. Bu zaman canab İbadov digər mülkiyyətçilərə bunları dedi: "Əgər Siz 10 gün ərzində qarajları könüllü olaraq satmağa razılaşmasanız, onlar da bu qarajlar kimi söküləcək və bundan sonra baxarıq, Siz bunlara görə nəsə ala biləcəksiz?". Bundan sonra iyulun ortasında İcra Hakimiyyətinin əməkdaşları 1-ci müavin Şahmar İbadovun rəhbərliyi altında, həmçinin polis əməkdaşlarının iştirakı ilə, heç bir qanuni əsas olmadan, reydi keçirərək onların qarajlarının zəbt edilməsi, talan edilməsi və məhv edilməsini həyata keçirmişlər. Bu hərəkətləri sərt karantin rejiminin şərtlərindən istifadə edərək etmişlər, bu zaman insanların evdən çıxmaq üçün ciddi olaraq müəyyən istiqamətdə cəmi 2 saat vaxtı var idi. Cavabdehin məsul əməkdaşları 1-ci müavin Ş.İbadovun rəhbərliyi altında bu vəziyyətdən xüsusi sinizmlə məharətlə yararlandılar. İddiaçı qaraj kompleksinin ərazisinə gələndə onun qarajı artıq sökülmüşdür, qarajda olan əşyalar da yox idi. İddiaçı Ş.İbadovdan tələb etmişdir ki, izah edilsin, bu nə özbaşnalıqdır ki, o bunlara yol verir, onun şəxsi qarajını sökməyə onun nə ixtiyarı var və oradakı əmlak necə olmuşdur? O, belə cavab vermişdir: "sənin bütün əşyaların etibarlı yerdədir və sən qarajı bizim dediyimiz şərtlərdə satmağa razılaşsan, əşyaları biz sənə tam şəkildə qaytaracağıq”. İddiaçı və digər qaraj sahibləri Polisin "102 Xidmətinin" qaynar xəttinə çox zəng etdilər ki, bütün bu özbaşnalıqlar barədə xəbər versinlər, lakin heç bir nəticəsi olmadı. Sonra iddiaçıya tanış olmayan polis formasında bir kişi yaxınlaşdı və dedi ki, "102 Xidmətinə” zəng etmək lazım deyil, çünki o, polis nümayəndəsidir, artıq çağırış yerinə gəlmişdir. O, izah etdi ki, polis sahə müvəkkilidir və onların qaraj kompleksinin ərazisi ona tabedir, həmçinin dedi ki, guya onun sahə məntəqəsində Rayon İcra Hakimiyyəti əməkdaşlarının hərəkətlərini leqallaşdıran sənəd vardır. Sonra o, təklif etdi ki, iddiaçı onun məntəqəsinə getsin, lakin həmin vaxt iddiaçının aldığı 2 saatlıq "SMS-icazə" vaxtı bitdiyi üçün və bu cür sənədin ümumiyyətlə mövcud olması ehtimalı çox az olduğu üçün o, onunla getməkdən imtina etmişdir. "COVİD-19" pandemiyası ilə mübarizə üzrə Respublika operativ qərargahı 05 avqust 2020-ci ildə evdən SMS bildiriş vasitələri üzrə məqsədli, bildirişlə çıxma qaydasını ləğv edən kimi, iddiaçı öz qarajına baş çəkməyə getmiş və orada qəti şəkildə əmin olmuşdur ki, qaraj dağıdılmış və orada olan əmlak əsər-əlamət qalmadan yoxa çıxmışdır. Beləliklə, Bakı şəhəri Cavabdeh yuxarıda təsvir olunan, iddiaçının qarajının məhv edilməsi kimi qanuna zidd özbaşnalığa yol vermiş, Azərbaycan Respublikası Konstitusiyasına zidd hərəkət etmişdir. Cavabdehin qanuna zidd hərkətləri nəticəsində iddiaçıya 62.353 manat dəyərində maddi ziyan dəymişdir. Bu məbləğin 29.658 manatı məhv edilmiş qarajın, dağıdılmış giriş yolları və normal istifadə üçün zəruri olan digər kommunikasiyaların bərpasına tələb olunan xərclər, 32.695 manat isə məhv edilmiş qarajda saxlanılan itmiş əmlakın dəyəridir. İddiaçıya ziyan vurulmasına səbəb olan əməllər cavabdehin əməkdaşları tərəfindən törədilmişdir, bu, iş materiallarına əlavə edilmiş sübutlarla da öz təsdiqin tapır, ona görə də hazırki iddia tələbi üzrə cavabdeh məhz Cavabdeh olmalıdır. Cavabdeh iddia tələbinə təqdim etdiyi etirazda göstərmişdir ki, mübahisəli ərazidə, o cümlədən ünvan 1 ünvanda yerləşən, iddiaçıya məxsus qarajın sökülməsi istiqamətində Nərimanov RİH tərəfindən hər hansı söküntü işləri aparılmamış, hər hansı bir inzibati akt qəbul edilməmişdir. Belə ki, həmin ərazidə "ADA" Universitetinə yaşayış binası, tələbə yataqxana binası və idman kompleksinin tikintisinin layihələndirilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-cı il tarixli 527 №-li Sərəncamı qəbul edilmişdir. Sərəncamın 1-ci bəndinə əsasən “ADA" Universitetinin xx.xx.2017-ci il tarixli 14/6001-17- 14 №-li müraciəti nəzərə alınaraq, Nərimanov rayonu, 802-803-cü məhəllədə "ADA" Universitetinin ərazisində müəllimlər üçün yaşayış binası, tələbə yataqxana binası və idman komleksinın tikintisinin layıhələndirilməsınə həmin Universitetə icazə verilmişdir. Torpaq sahəsinin ölçüləri dəqiqləşdirilmiş, ayrılmış torpaq sahəsinin cizgisi və Ayrıc Aktı tərtib olunmuşdur. Mübahisəli ərazinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 482 №-li qərarına əsasən “Tələbə Kampusu və digər tikililərin inşası məqsədi ilə “ADA” Universitetinə ayrılması, həmin ərazidə köçürülmə işlərinin aparılması və kompensasiyaların verilməsinin Universitetin əməkdaşlarından ibarət yaradılmış komissiya tərəfindən həyata keçirilməsi barədə tərəflərindən bütün maraqlı şəxslər məlumatlandırılmışdır. Mübahisəli ərazidə təmsil etdiyi qurum tərəfindən hər hansı tikinti, söküntü və abadlıq işləri aparılmamış və hər hansı bir layihə və ya inzibati akt qəbul edilməmişdir. İddia tərəfinin mübahisə predmetı barədə Nərimanov RİH-ə ünvanlanmış müraciəti ilə əlaqədar, tərəflərindən verilmiş olan xx.xx.2021-ci il tarixli M-73-071 №-li məktubla bağlı bildirir ki, iş üzrə iddiaçı (nümayəndələri) və ərazidən köçürülən digər daşınmaz əmlak sahibləri məlumat üçün RİH-ə müraciətlər etmiş, hüquq və vəzifələri onlara, o cümlədən iddia tərəfinə izah edilmiş, mübahisəli ərazidə ADA Universiteti uçun Tələbə Kampuslarının tikilməsi üçün torpaq sahəsinin ayrılması, bu barədə mərkəzi və yerli icra hakimiyyətləri orqanlarının normativ hüquqi və normativ xarakterli aktlarının qəbul edilməsi həmin şəxslərin nəzərinə çatdırılmış və müvafiq kompensasiyaların alınması üçün aidiyyəti üzrə «ADA» Universitetinin maddi məsul şəxslərinə müraciət etmələri tövsiyə edilmişdir. İddia tərəfinin ona ünvanlanmış olan cavab məktubunu öz subyektiv mülahizələrinə uyğun şəkildə şərh edərək məhkəməyə müraciət etməsi əsassızdır və belə formal mülahizələrin sübut kimi qiymətləndirilməsi yolverilməzdir. İddia tələbi iddiaya cavab verməli olmayan şəxsə qarşı verilmişdir. İddia tələbi üzrə istifadə hüququ ilə iddiaçıya məxsus qaraja münasibətdə qeyd edir ki, qarajlar bir qayda olaraq, təyinatı üzrə nəqliyyat vasitələrinin müvəqqəti saxlanması üçündür, abadlıq və yenidənqurma işlərinin aparılması zərurəti yarandıqda həmin qarajlar əvəzi ödənilmədən sökülür və ya köçürülür. Bakı şəhər XDS-in İcraiyyə Komitəsinin 20 iyun 1988-ci il tarixli, 6/351 saylı qərarın surətindən görünür ki, həmin qərarla həyətlərdə və məhəllədaxili ərazilərdə fərdi qarajların quraşdırıması qadağan edilmiş, Böyük Vətən müharibəsinin əlilləri və onlara bərabər tutulan şəxslər istisna kimi göstərilmiş və bu zaman alqı-satqı və vərəsəlik hüququnun olmaması müəyyən olunmuşdur. Bakı şəhər İcra Hakimiyyəti başçısının 14 01.1999-cu ıl tarxili, 19 №-li sərəncamından görünür ki, sərəncamda qaraj kooperativlərinin Azərbaycan Respublikası qanunlarına uyğun olaraq qeydiyyata alınması və qarajların tikintisinin vahid layihə əsasında, müəyyən edilmiş ölçülərdə (3x6 m) həyata keçirilməsi göstərilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarxili 480 №-li Sərəncamı ilə Bakı Şəhəri rayonlarının icra hakimiyyətləri başçılarına hər hansı tikinti aparılması məqsədilə torpaq sahəsinin ayrılması qadağan edilmişdir, Bakı şəhər Torpaq şöbəsinə bu Sərəncamın imzalandığı tarixdən RİH başçıları tərəfindən verilən Sərəncamlar əsasında fiziki və hüquqi şəxslərə torpaq sahəsi üzərində hüquqularını təsdiq edən sənədlərin (Dövlət aktı və ya şəhadətnamə) verilməməsi tapşırılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli 7-12/7 №-li məktubu ilə xx.xx.2001-ci il tarixdən vətəndaşlara fərdi yaşayış və bağ evləri, fərdi və kooperativin qaraj tikintisi üçün torpaq sahəsinin ayrılmasına və addan-ada dəyişdirilməsinə sərəncamların verilməməsi və verilən sərəncamların icra edilməməsi göstərişi verilmişdir. Nərimanov RİH tərəfindən xx.xx.2009cu il tarixdə DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə müraciət edilmiş, rayon XDS İK və rayon icra hakimiyyətləri (RİHləri) tərəfindən müvəqqəti qaraj quraşdırılmasına və tikintisinə verilmiş icazə sənədləri ilə bağlı həmin qarajlara tərtib edilmiş Texniki Pasportun həmin qarajlara mülkiyyət hüquqlarının əldə olunmasına əsas olub-olmaması barədə məlumat verilməsi xahiş olunmuşdur. Bakı şəhər Ərazi İdarəsi xx.xx.2009-cu il tarixli 03/2583 №-li məktubla “Texniki Pasportun daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması nəticəsində daşınmaz əmlakın texniki göstəricilərini əks etdirən müvafiq texniki sənəd olduğu və daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına əsas vermədiyini bildirir. Qarajlar təyinatı üzrə nəqliyyat vasitələrinin müvəqqəti saxlanması üçün nəzərdə tutulmuşdır və onların quraşdırılması yalnız Bakı şəhər X1 İcraiyyə Komitəsinin müvafiq icazə sənədləri əsasında həyata keçirilirdi və həmin qarajlar daşınar əmlak kateqoriyasına aiddir. Göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Bakı İnzibati Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2-1(112)-6170/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad paradoksal şəkildə qeyriqanunidir. Belə ki, iddia ərizəsində və məhkəmə iclaslarında özü şahidi olduğu faktları izah etmiş və bu faktları təsdiq edən video yazıları məhkəməyə təqdim etmişdir. Bu faktlar cavabdehin əməkdaşlarının ağır texnikadan istifadə edərək ona məxsus əmlakın dağıdılmasına necə rəhbərlik etdiyini təsvir edir. Sənədli sübut xx.xx.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə “təhqiqat orqanının qərarı məhkəməyə təqdim olunmuşdur. Həmin qərarda cavabdehin əməkdaşlarının həmin qanuna zidd hərəkətləri nəticəsində ona dəymiş ziyan haqqında məlumat verilir. Həmçinin onun nümayəndəsi məhkəmə iclasında onda olan foto və video materialları təqdim etmiş və məhkəmə bu sübutları tədqiq edərək iş materiallarına əlavə etmişdir. Məhkəmə heç bir əsaslandırma olmadan şahidləri, o cümlədən, cavabdehin məsul əməkdaşlarını dinləməkdən imtina etmişdir. İddia tələbi ona cavab verməli olmayan cavabdehə qarşı yönəlmişdirsə, məhkəmə cavabdeh müəyyən etmək üçün öz təşəbbüsünü irəli sürməli idi. Məhkəmə bunlar etməkdə maraqlı olmamışdır. Deməli, məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-12.2-ci maddələrinin tələbləri pozulmuşdur. Hesab edir ki, qərardad qeyri-qanuni, əsassızdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(103)-1143/2022 saylı qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)- 1138/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-1143/2022 saylı qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə təkrar apellyasiya qaydasında baxılarkən kollegiyanın iclasında İddiaçı və onun vəkili Vəkil şikayəti müdafiə edərək təmin edilməsini, qərardadın ləğv edilməsini, iddianın mümkün sayılmasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər, belə olan halda kollegiya onların onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2-1(112)-6170/2021 saylı qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi qərardadını belə əsaslandırmışdır ki, iddiaçının qeyd etdiyi ərazidə müəllimlər üçün yaşayış binası, tələbə yataqxana binası və idman komleksinin tikintisinin layihələndirilməsinə “ADA” Unversitetinə icazə verilmişdir və bununla əlaqədar Sərəncam Bakı şəhər İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş, eyni zamanda Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 2018-ci il tarixli 18/134 nömrəli Ayrıc Aktı və torpaq sahəsinin cizgisi tərtib olunmuşdur. Cavabdehin qeyd olunan ərazi və orada aparılan söküntü, tikinti və köçürülmə işləri ilə hər hansı formada əlaqəsinin olmasını, habelə qeyd olunanlarla əlaqədar Cavabdeh tərəfindən hər hansı hərəkətin edilməsini və ya qərar qəbul edilməsini təsdiq edən sübutları iddiaçı məhkəməyə təqdim edə bilmədi. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda da qeyd olunmuşdur ki, iddiaçıya məxsus qarajın sökülməsi istiqamətində Nərimanov RİH tərəfindən hər hansı söküntü işləri aparılmamış, hər hansı bir inzibati akt qəbul edilməmişdir. Beləliklə, iddia tələbi iddiaya cavab verməli olmayan inzibati orqana qarşı yönəldilmişdir. Birinci apellyasiya baaxışında işə baxan məhkəmə də birinci instansiya məhkəməsinin mövqeyini təkrarlamışdır. Lakin kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...“İnzibati icraat haqqında” Qanunun 1.2ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Normanın məzmunundan göründüyü kimi, inzibati orqanlar təkcə inzibati aktlar qəbul etmirlər, onlar fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyəti də həyata keçirirlər. Beləliklə, hazırkı məzmunda iddianın irəli sürülməsi üçün cavabdeh tərəfindən hər hansı inzibati aktın qəbulu şərt deyil. Apellyasiya instansiyası məhkəməsinin digər qənaəti ondan ibarət olmuşdur ki, iddia ərizəsinə etirazında cavabdeh qeyd edir ki, mübahisəli ərazi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 482 N-li qərarına əsasən “Tələbə Kampusu və digər tikililərin inşası məqsədi ilə “ADA” universitetinə ayrılması, həmin ərazidə köçürmə işlərinin aparılması və kompensasiyaların verilməsi universitetin əməkdaşlarından ibarət yaradılmış komissiya tərəfindən həyata keçirilməsi barədə maraqlı şəxslər məlumatlandırılmışdır. Bakı şəhər Nərimanov İcra Hakimiyyəti, iddiaçının müraciəti ilə əlaqədar sonuncuya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda da məhz mübahisəli ərazidə yerləşən müvəqqəti qaraj və tikililərin “qeyd olunan “Tələbə Kampusları”nın tikintisi məqsədilə söküldüyü bildirmişdir. Beləliklə də qeyd olunanlardan göründüyü kimi, iddiaçıya məxsus olmuş mübahisəli qarajın - sözügedən aktlarla tikintisinə icazə verilmiş tələbə yataqxanasının və s. tikintisi ilə əhatə olunan ərazidə yerləşir. Həmin aktlar isə cavabdeh Bakı şəhər Nərimanov İcra Hakimiyyəti tərəfindən qəbul olunmamış və onlarda sonuncunun üzərinə hər bir öhdəlik qoyulmamışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin dəlillərini də iddianın mümkünsüzlüyünün əsası kimi qəbul etmir. Belə ki, tikinti ərazisinin hökumət qərarı ilə ayrılması və həmin qərarda cavabdehin üzərinə hər hansı öhdəliyin qoyulmaması iddianın mümkünsüzlüyünü özü-özlüyündə müəyyən etmir. İddiaçıya məxsus tikili də daxil olmaqla, həmin ərazidə söküntü işlərinin aparıldığı göstərilir. Bu zaman, məhkəmənin müəyyən etməli olduğu hal həmin söküntü işlərinin aparılmasında cavabdehin faktiki xarakterli fəaliyyəti, iddiaçıya zərərin vurulması və zərərin bilavasitə cavabdehin həmin fəaliyyəti nəticəsində baş verib-verməməsidir...” Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Həmçinin sözügedən qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. Kollegiya birinci instansiya məhkəməsinin “Cavabdehin qeyd olunan ərazi və orada aparılan söküntü, tikinti və köçürülmə i işləri ilə hər hansı formada əlaqəsinin olmasını, habelə qeyd olunanlarla əlaqədar Cavabdeh tərəfindən hər hansı hərəkətin edilməsini və ya qərar qəbul edilməsini təsdiq edən sübutları iddiaçı məhkəməyə təqdim edə bilməməsi barədə qənaətini iddianın mümkünsüzlüyünün əsası kimi qəbul etmir. İş materiallarında olan Bakı şəhəri Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur: Cavabdehə ünvanladığınız, əvəzləndirmə proseduru həyata keçirilmədən fərdi qarajınızın sökülməsi barədə ərizəyə baxılmışdır. Məlumat üçün nəzərinizə çatdırırıq ki, mövcud qaydalara əsasən, Bakı şəhəri ərazisində yerləşən qarajlar müvəqqəti tikililər qrupuna aiddir və əsaslı tikinti işləri ilə əlaqədar lazım gəldikdə həmin tikililər sökülməlidir. Lakin bununla yanaşı bildiyiniz kimi məsələ ilə əlaqədar Siz Cavabdehə dəvət olunmuş, məsul və rəhbər şəxslərlə görüşünüz təmin edilmiş, aparılmış danışıqlar zamanı «Tələbə Kampusları»nın tikintisi məqsədilə aparılan köçürülmənin şərtləri və ödənilməsi təklif olunan kompensasiyanın məbləği Sizə bildirilmiş, qarşılıqlı anlaşma və razılaşma əsasında məsələnizin həlli üçün şərait yaradılmışdır. Bu barədə əvvəlki, eyni məzmunlu müraciətinizə əsasən tərəfimizdən Sizə məlumat verilmişdir. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, özünüzü bu prosesdə zərərçəkmış hesab etdiyiniz təqdirdə hüquq və mənafelərinizin, həmçinin qanunla qorunan maraqlarınızın təmin olunması üçün məhkəmə orqanları müdafiəsindən yararlana bilərsiniz. Göründüyü kimi iddiaçıya məxsus qarajın söküntüsü ilə bağlı Cavabdeh tərəfindən iddiaçı ilə müəyyən daşınıqlar aparılmışdır. Bununla da, Cavabdehin söküntü işləri ilə əlaqəsi olması sübut olunur. Lakin işə baxan birinci instansiya məhkəməsi həmin söküntü işlərinin aparılmasında cavabdehin faktiki xarakterli fəaliyyətini, iddiaçıya zərərin vurulmasını və zərərin bilavasitə cavabdehin həmin fəaliyyəti nəticəsində baş veribverməməsini müəyyən etməmişdir. Bundan başqa “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Normanın məzmunundan göründüyü kimi, inzibati orqanlar təkcə inzibati aktlar qəbul etmirlər, onlar fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyəti də həyata keçirirlər. Beləliklə, hazırkı məzmunda iddianın irəli sürülməsi üçün cavabdeh tərəfindən hər hansı inzibati aktın qəbulu şərt deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2-1(112)-6170/2021 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar