Məhkəmə qərarları › İş №2-1(103)-3238/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3238/2023

15.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3238/2023 15.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçıya ayrılmış bağ sahəsinə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2369/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhər XDS İK-nın 20 oktyabr 1989-cu il tarixli, 11/409 saylı qərarına əsasən Xaşa-Xuna bağlar massivi, 116 saylı BTK nəzdində olan 42V/20 saylı torpaq sahəsinin harada yerləşməsinin müəyyən edilərək bağ sahəsinə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmirşdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X3 BTK üzvü olduğundan ona qəhrəman ana kimi Bakı Şəhər XDS İK-nın 20 oktyabr 1989-cu il tarixli 11/409 saylı qərarı ilə 9 saylı order əsasında Bakı şəhəri, Xaşa-Xuna qəsəbəsi, 116 saylı BTKnın nəzdində 1.200 kv.m ölçüdə 42V/20 saylı bağ sahəsi ayrılmışdır. İddiaçı həmin bağ sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh həmin əmlak üzərində onun hüquqnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyata alınmasından imtina etmişdir. İmtinaya səbəb kimi bildirilmişdir ki, orderdə göstərilən torpaq sahəsinin yeri müəyyən edilməmişdir. Lakin göstərilən səbəb hazırkı işə görə qeydiyyatdan imtina üçün əsas deyil. Bu hal faktiki olaraq iddiaçını mülkiyyət hüququndan məhrum edir, onun və ailə üzvlərinin hüquqlarını pozur. Sonradan iddiaçı 28 iyun 2022-ci il tarixli məktubla yenodən müraciət etsə də, iki aydan artıq vaxt keçməsinə baxmayaraq ona cavab verilməmişdir. İddiaçının 89 yaşı var, qəhrəman anadır, bir övladı şəhid olmuşdur. Göstərilənlərə əsaslanaraq, qanuni əsaslarla ona ayrılmış Bakı şəhəri, Xaşa-Xuna bağlar massivi, 116 saylı BTK-nın nəzdində 42V/20 saylı bağ (torpaq) sahəsinin yeri müəyyən edilməklə üzərinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2369/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsi, 116 saylı BTKnın nəzdində 1.200 kv.m ölçüdə 42V/20 saylı bağ sahəsinə (yeri müəyyənləşdirilməklə) mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatına əsasən göstərilən bağ sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən torpaq sahəsi “43n” saylı bağ sahəsinin ərazisinə uyğun gəlir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Xaşa-Xuna bağlar massivində 116 saylı BTK-nın orderi ilə hazırkı İddiaçı sahəsi 0,12 ha olan 42V/20 saylı bağ sahəsi ayrılmışdır. Ona bağ sahəsinin ayrılması barədə order təqdim edilsə də, müvafiq cizgi verilməmişdir. İddiaçı həmin bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən elektron kadastr məlumatına əsasən onun yerləşməsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi və “43n” saylı bağ sahəsinin ərazisinə düşməsi ilə əsaslandıraraq imtina etmişdir. Daha sonra iddiaçı Bakı İnzibati Məhkəməsinə ona ayrılmış bağ sahəsinin yerləşdiyi yerin müəyyən edilərək bağ sahəsinə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməməsi ilə yekunlaşmışdır. Birinci instansiya məhkəməsi yekun mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, “ ..... bütün bunların məcmusunda Xaşa-Xuna bağlar massivində 116 saylı BTK-nın İddiaçı 0,12 ha ölçüdə 42V/20 saylı bağ sahəsinin ayrılması barədə 9 saylı orderi mübahisə obyekti olan həmin bağ sahəsinin İddiaçı qanuni istifadəsində olmasını təsdiqləyən inzibati akt kimi qiymətləndirilir və belə nəticə əldə olunur ki, iddiaçı həmin torpaq sahəsinin qanuni istifadəçisi kimi ona «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən mülkiyyət hüququ əldə etmişdir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün qiymət verilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İş materiallarından görünür ki, Xaşa-Xuna bağlar massivində 116 saylı BTK-nın İddiaçı 0,12 ha ölçüdə 42V/20 saylı bağ sahəsinin ayrılması barədə 9 saylı orderinin olması işin mübahisəsiz halıdır. Mübahisəli məsələ ondan ibarətdir ki, iddiaçıya ayrılmış bağ sahəsinin yeri müəyyən deyildir. Belə ki, iş materiallarına əlavə edilmiş sxematik xəritədə olan bağlar sırasında 42V/20 saylı bağ sahəsi ümumiyyətlə öz əksini tapmamışdır. Bundan əlavə, sxematik xəritədə 42 b, 42 v və 42 q saylı bağ sahələri barədə məlumat olsa da, həmin bağlar avtomobil yolunun bir tərəfində, iddiacının faktiki olaraq göstərdiyi 43n saylı bağ sahəsi isə digər tərəfində yerləşir. Bu hal da onu göstərir ki, idiacı ona ayrılmış bağ sahəsinin yeri barəsində məlumatlı deyil. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinə görə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: (2.3.1) torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri əsasında aradan qaldırılması; (2.3.2) torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; (2.3.3) torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; (2.3.4) ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; (2.3.5) ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Göründüyü kimi, torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması cavabdehin vəzifələrinə aid edilmişdir. Lakin hazırki halda isə, mübahisə sərhəd, yerləşmə və konfiqurasiya fərqləri ilə bağlı deyil. İddiaçı özünün belə faktiki olaraq yerini bilmədiyi, koordinatları, sxemi olmayan bağ sahəsinin harada yerləşməsinin müəyyən edilərək hüquqların qeydiyyata alınmasını cavabdehdən tələb edir. Kollegiya həmçinin qeyd edir ki, yuxardada göstərildiyi kimi iddiaçı ümumiyyətlə ona ayrılan bağ sahəsinin yerini bilmir və bu səbəbdən də 33 ildən artıq müddət ərzində ona ayrılan bağ sahəsinə sahiblik etməmişdir. Birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda bunları etməmiş, torpaq sahəsinin yerləşdiyi yer, koordinatlar və sxemi göstərilməyən Bakı Şəhər XDS İK-nın 20 oktyabr 1989-cu il tarixli 11/409 saylı qərarını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə uyğun olması əsası ilə iddianı təmin edərək icra edilmək keyfiyyətinə malik olmayan əsassız qərar qəbul etmişdir. İnzibati-Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki iş üzrə inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğu öz təsdiqini tapmış, iddiaçı isə bunun əksini iddia etsə də, bununla bağlı heç bir sübut məhkəməyə təqdim etməmişdir. AR İPM-in 12.1-ci madddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Beləliklə qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. AR İPM-in 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsaslı olduğundan şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilərək, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2369/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçının iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar