Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3239/2023 20.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X2 ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı «cavabdehin hərəkətlərinin qanunsuz sayılması və maliyə sanksiyası üzrə borc məbləği kimi dövlət büdcəsinə alınmış pul vəsaitinin iddiaçının hesabına bərpa olunması» iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-3936/2023 nömrəli,xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Filialı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı «cavabdehin hərəkətlərinin qanunsuz sayılması və maliyə sanksiyası üzrə borc məbləği kimi dövlət büdcəsinə alınmış pul vəsaitinin iddiaçının hesabına bərpa olunması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən “səyyar vergi yoxlamasının nəticələri haqqında” 14 oktyabr 2021-ci il tarixli akta və müvafiq sənədlər əsasında hazırkı İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Filialının məsuliyyətə cəlb edilməsi haqqında 9 dekabr 2021-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərar əsasında verilmiş tələbnaməyə əsasən iddiaçıdan 6.822.169,33 manat məbləğində vergi məbləğinin və ona münasibətdə tətbiq edilmiş 3.596.761,28 manat maliyyə sanksiyasının ödənilməsi tələb edilmişdir. Bununla yanaşı, 9 dekabr 2021-ci il tarixli qərar və onun əsasında qəbul edilmiş müvafiq tələbnamə iddiaçıya 14 dekabr 2021-ci il tarixdə təqdim olunmuşdur. Həmin tələbnaməyə əsasən cavabdeh iddiaçıdan büdcəyə ödənilməli olan 10.418.930,61 manat məbləğin 5 gün müddətində ödənilməsini tələb etmişdir. Tələbnamə "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialına 14 dekabr 2021-ci il tarixdə təhvil verilməsinə baxmayaraq. 3.596.761,28 manat maliyyə sanksiyaları da daxil olmaqla 10.418.930,61 manat pul vəsaiti iddiaçının şəxsi hesab vərəqəsinə əsasən 9 dekabr 2021- ci il tarixdə silinərək dövlət büdcəsinə alınmışdır. Vergi Məcəlləsinin 49.3-cü maddəsində də əksini tapmış tələbnamə anlayışı vergi borclarının ödənilməsinin təmin olunmasım nəzərdə tutur. Sözügedən tələbnamə təqdim olunduğu tarixdə isə, 10.418.930,61 mant məbləğ artıq iddiaçının şəxsi hesabından silinmişdir. Vergi Məcəlləsinin 52-ci maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarın çıxarılmasından sonra müvafiq vergi orqanı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilən şəxsdən maliyyə sanksiyalarını Vergi Məcəlləsinin 65-ci maddəsi ilə müəyyən edilən qaydada və ya məhkəmə qaydasında alır. Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Vergi Məcəlləsinin 65.2.1.2-ci maddəsinə müvafiq olaraq vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir. Həmin Məcəllənin 63.2-ci maddəsinə əsasən vergi ödəyicisi ona hesablanmış verginin məbləği ilə razı olmadığı halda, verginin ödənilməsini dayandırmadan bilavasitə vergi nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət verə bilər. Vergi ödəyicisinin şikayətə baxılan müddət ərzində maliyyə sanksiyasını ödəməmək hüququ vardır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3936/2023 nömrəli,xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələblərinin mümkün sayılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi ona hesablanmış vergi məbləği ilə razı olmadığı təqdirdə həmin hesablamadan inzibati və ya məhkəmə qaydasında şikayət verərsə, şikayətə baxılan müddət ərzində həmin vergini ödəməli, lakin tətbiq edilmiş maliyyə sanksiyasını ödəməyə bilər. Başqa sözlə desək, vergi ödəyicisinə maliyyə sanksiyasının ödənilməsi ilə bağlı seçim imkanı verilmişdir. Lakin vergi orqanları qeyd olnunan normaya məhəl qoymadan öz qanunsuz hərəkətlərini vergi borclarının vergi ödəyicisinin artıq ödəmələrindən silinməsini tənzimləyən Vergi Məcəlləsinin 87.1.1-ci maddəsində nəzərdə tutulan hallarla əsaslandırmağa çalışırlar. Vergi Məcəlləsinin 63.2-ci maddəsinin dispozisiyasında hərhansı formada 87.1.1-ci maddəsinin müddəalarını nəzərə alınmasının şahidi olmuruq. Halbuki Vergi Məcəlləsinin müxtəlif maddələrində hər-hansı bir istisna hal nəzərdə tutulduqda qanunverici bu halın altından hətt çəkir. Analogiya olaraq məhz elə 87.1-ci maddəni təhlil edək. Bu maddəyə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir. Burada biz şahid oluruq ki, qanunverici müəyyən halları istisna edərək maddənin tətbiqini icra hakimiyyəti orqanlarına təqdim edir. Lakin Vergi Məcəlləsinin 63.2- ci maddəsində biz hər hansı şəkildə (məsələn, 87.1.1-ci maddəni n müddəaları “istisna olmaqla”, “nəzərə alınmaqla” söz birləşmələrinin əlavə edilməsi ilə) belə bir normaya rast gəlmirik. Digər tərəfdən isə, qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsi ziddiyyətli məsələlərdə qanun normaların necə şərh edilməsini açıq-aşkar müəyyən etmişdir. Belə ki, həmin normada təsbit edilmişdir ki, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Sadalanan normalardan da bəlli olur ki, Vergi Məcəlləsinin 63.2-ci maddəsində nəzərdə tutulmuş müddəa ilə Vergi Məcəlləsinin 87.1.1-ci maddəsi arasında maliyyə sanksiyaları məbləğlərinin artıq ödəmələrdən tutulmalara ziddiyyətin həlli Vergi Məcəlləsinin 63.2-ci maddəsini xüsusi norma olduğuna və bütün ziddiyyətlərin vergi ödəyicisinin xeyrinə şərh edilməli olduğuna nəzərə dəlalət edir. Vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edildiyi halda həmin vergi borcuna görə vergi ödəyicisinin artıq ödəmələrindən maliyyə sanksiyası məbləğinin tutulması qanunvericiliyinin tələblərinə uyğun deyil. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və tələblərinin mümkün sayılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu, mübahisələndirilən qərardadın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin müəyyən edilmiş hallarından görünür ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 29 dekabr 2020-ci il tarixli **********143229 nömrəli qərarı əsasında iddiaçıda keçirilmiş səyyar vergi yoxlaması üzrə “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 9 dekabr 2021-ci il tarixli **********152393 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə ümumilikdə 6.822.169,33 manat vergi, 3.596.761,28 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd edilən məbləğlər iddiaçının şəxsi hesab vərəqəsinə işlənmiş və həmin tarixə şəxsi hesab vərəqəsində olan artıq ödəmə hesabına qərarın icrası təmin edilmişdir. Bundan sonra iddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz sayılması və maliyə sanksiyası üzrə borc məbləği kimi dövlət büdcəsinə alınmış pul vəsaitinin iddiaçının hesabına bərpa olunması» tələbini iləri sürmüşdür. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkün hesab edilməməsi ilə yekunlaşmışdır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə çıxarılmış qərar əsasında 10 gündən gec olmayaraq vergi ödəyicisinə vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə göndərilir. Həmin Məcəllənin 63.2-ci maddəsinə əsasən vergi ödəyicisi ona hesablanmış verginin məbləği ilə razı olmadığı halda, verginin ödənilməsini dayandırmadan bilavasitə vergi nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət verə bilər. Vergi ödəyicisinin şikayətə baxılan müddət ərzində maliyyə sanksiyasını ödəməmək hüququ vardır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Həmin Məcəllənin 65.2.1-ci maddəsinə əsasən vergi orqanı aşağıdakı hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir: (65.2.1.1) vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə; (65.2.1.2) vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə; (65.2.1.3) məhkəmənin müvafiq qərarı və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı olduqda həmin qərara uyğun olaraq; (65.2.1.4) vergi ödəyicisinin yazılı razılığı olduqda. Qeyd olunan normaların məzmunundan aydın olur ki, vergi ödəyicisi tərəfindən vergilər müəyyən edilmiş müddətdə ödənilmədikdə, vergi ödəyicisi müvafiq bildirişin aldığı vaxtdan 30 gün ərzində borcu mübahisələndirmədikdə, məhkəmə qərarı və ya müvafiq orqanın qərarı olduqda, eləcə də vergi ödəyicisinin yazılı olduqda vergi orqanının vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcları vergi ödəyicisinin hesablarından dövlət büdcəsinə almaq səlahiyyəti var. İddiaçı apellyasiya şikayətində Vergi Məcəlləsinin 63.2-ci maddəsinə istinad edərək vergi ödəyicisinin şikayətə baxılan müddət ərzində maliyyə sanksiyasını ödəməmək hüququnun olduğunu, bu səbəbdən də cavabdeh inzibati orqan tərəfindən qeyd edilən normanın tələbi pozulmaqla ondan pulun tutulduğunu bildirir. Kollegiya iddiaçının apellyasiya şikayətinə münasibətdə bildirir ki, iddiaçının 63.2-cü maddəsində qeyd edilən hüququ pozulmamışdır. Belə ki, cavabdeh tərəfindən maliyyə sanskiyası iddiaçının hər hansı bank hesabından deyil, iddiaçının artıq ödədiyi vergi məbləğindən tutulmuşdur. Vergi Məcəllənin 87.1-ci maddəsinə görə bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər: (87.1.1) digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; (87.1.2) vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. Göründüyü kimi, artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir. Cavabdeh tərəfindən tətbiq edilən hesablanan borclarda məhz iddiaçının artıq ödədiyi məbləğdən tutulmuşdur. Nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən maliyyə sanskiyasının tutulması istiqamətində hər hansı sərəncam qoyulması və ya digər ayrıca tədbir həyata keçirilməmişdir. Həm də, iddiaçının hazırda tələb etdiyi məbləğ cavabdehin hesabına deyil, dövlət büdcəsinə ödənildiyindən, həmin məbləğin cavabdeh tərəfindən şəxsi hesaba bərpa edilməsi mümkün deyil. Kollegiya hesab edir ki, həmin məqsədə catmaq ücün iddiaçı “artıq ödənilmiş vergilərin geri qaytarılmasına dair rəy verilməsi” tələbi ilə cavabdehə müraciət etməli, müraciəti təmin olunmadıqda isə məhkəmədə iddia qaldırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadığından, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3936/2023 nömrəli,xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3239/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3239/2023
20.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver