Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-324/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı (xx.xx.1959-cu il tarixdə Rostov-Don şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və X3 Edilməsi Agentliyinə qarşı “əmanətlə bağlı ödəmənin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2-1(112)- 6088/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Yusupova Yelana Talqatovna 27.08.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə X1rşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək , indeksləşdirilmiş əmanətlərinin verilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, keçmiş SSRİ dönəmində dövlət bankına müvafiq məbləğdə pul vəsaiti yerləşdirmişdir. «Keçmiş SSRİ əmanət bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin yerinə yetirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 14 mart 2012-ci il tarixli 602 nömrəli Fərmanına uyğun olaraq ödəmə qismində pul vəsaitlərini o, vəsiqəsinin müddətinin qurtarması ilə əlaqədar ala bilməmişdir. Məhkəmədən ona əmanətləri indeksləşdirilməklə müvafiq pul vəsaitinin ödənilməsi barədə qərar çıxarılmasını xahiş edir. Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2-1(112)-6088/2020 nömrəli qərardadı ilə (hakim R.Kərimli) iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı 04.11.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2-1(112)-6088/2020 nömrəli qərardadının ləğv edilməsini və iddianın mümkün hesab edilərək baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad maddi və prosessual normaların kobud şəkildə pozulması ilə çıxarılmışdır, qərardad ləğv edilməli və məhkəmə işə baxaraq onun iddia tələbini təmin etməlidir. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının və cavabdehin nümayəndələrinin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və X3 Edilməsi Agentliyinin vətəndaş İddiaçı ünvanlanmış 3 iyul 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və X3 X4 (iddiaçının) Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş əmanətlərin indeksləşdirilməsi barədə müraciətinizə baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin «Keçmiş SSRİ əmanət bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin yerinə yetirilməsi haqqında» 14 mart 2012ci il tarixli 602 nömrəli Fərmanı yalnız 1 yanvar 1992-ci il tarixə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçiləri olan və həmin Bankın hüquqi varisi "xxxx" ASC-də şəxsi əmanət hesablarının qalıqlarını saxlamış Azərbaycan Respublikası vətəndaşlarına və ya onların vərəsələrinə şamil edilir. Eyni zamanda, məlumat üçün qeyd edilir ki, əmanətçi pul islahatları (Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli 48 nömrəli və 11 dekabr 1993-cü il tarixli 58 nömrəli Fərmanlarına əsasən 1 yanvar 1994-cü il tarixdən 10 rubl = 1 AZM, 7 fevral 2005-ci il tarixli 189 nömrəli Fərmanına əsasən 1 yanvar 2006-cı il tarixdən 5.000 AZM = 1 AZN) nəzərə alınmaqla, şəxsiyyətini təsdiq edən sənəd və əmanət kitabçası təqdim etməklə əmanətinin müraciət tarixinə olan qalığını "xxxx" ASC-nin müvafiq filialından ala bilərsiniz. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, “iddiaçı həm müvafiq müddəti ötürməklə, həm də səlahiyyətli orqan "xxxx" ASC-yə deyil, digər təşkilata (hazırkı cavabdehə) müraciət etməklə ona qarşı iddia qaldırdığından, ona müvafiq ödəmələriin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və X3 Edilməsi Agentliyini üzərinə qoyulması mümkün deyil. Odur ki, hazırkı tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmış olmur. Bu səbəbdən də iddia mümkün sayılmamalıdır. ” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Prezidentinin «Keçmiş SSRİ əmanət bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin yerinə yetirilməsi haqqında» 14 mart 2012-ci il tarixli 602 nömrəli Fərmanı ilə nəzərdə tutulmuşdur ki: - (1-ci bənd) 1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçiləri olan və həmin Bankın hüquqi varisi "xxxx" Açıq Səhmdar Cəmiyyətində bu Fərman qüvvəyə mindiyi tarixə şəxsi əmanət hesablarının qalıqlarını saxlamış Azərbaycan Respublikası vətəndaşlarına və ya onların vərəsələrinə, həmin hesabdakı qalıqlar nəzərə alınmaqla, bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq fərdi birdəfəlik ödəmələr verilsin; - (2-ci bənd) “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur); - (3-cü bənd) müəyyən edilsin ki, əmanətçilərə fərdi birdəfəlik ödəmələrin verilməsi 2012-ci ilin iyun ayından başlayır və 2013-cü il 31 dekabr tarixinədək başa çatdırılır, keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının hüquqi varisi olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti birdəfəlik ödəmələrin verilməsi üzrə müvəkkil bank hesab edilir. Həmin Fərmanla təsdiq edilmiş “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi Qaydaları”nın 4-cü bəndinə görə birdəfəlik ödəməni almaq üçün əmanətçi şəxsi əmanət hesabını bağlamaq barədə müvəkkil banka ərizə ilə müraciət etməli və ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır: (4.1.1) əmanət (bank) kitabçası və ya bu Qaydaların 4.3-cü bəndinə uyğun olaraq onu əvəz edən sənəd, (4.1.2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, (4.1.3) soyad və ad dəyişikliyi olduğu halda, həmin dəyişikliyi təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti, (4.1.4) vəsait vərəsələrə ödəniləcəyi halda vərəsələrin miras əmlaka (əmanətə) hüquqları barədə sənədin notarial qaydada təsdiq edilmiş surəti və ya bu barədə müvafiq məhkəmə qərarı. Məhkəmə kollegiyası qeyd edir ki, müvafiq qaydaları tənzimləyən 14 mart 2012-ci il tarixli 602 saylı Fərmanın müddəaları əmanətçilərə həm fərdi birdəfəlik ödəmələrin verilməsinin son müddəti kimi 2013-cü ilin 31 dekabr tarixini müəyyən etmiş, həm də bununla bağlı ərizələrin müvəkkil bank kimi "xxxx" ASC-yə təqdim olunmasını nəzərdə tutmuşdur. Nəzərə alınmalıdır ki, hazırkı cavabdehin iddia qaldırılmamışdan əvvəl iddiaçıya ərizəsinə cavab olaraq ünvanlanmış 3 iyul 2020-ci il tarixli məktubunda da ona həmin bankın strukturlarına müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia ərizəsində nəzərdə tutduğu tələbi hazırkı iş üzrə cavabdeh qismində göstərilmiş inzibati orqanın səlahiyyətləri çərçivəsində olmadığından birinci instansiya məhkəməsinin iddia tələbini mümkün sayılmaması barədə gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Göründüyü kimi inzibati məhkəmə icraatında iddianın mümkün hesab edilməsi üçün şərtlərdən biri də onun qanunvericilikdə nəzərdə tutulmuş müddətdə verilməsidir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlili olan qərardadın maddi və prosessual normaların kobud şəkildə pozularaq çıxarılması ilə bağlı qeyd edir ki, iddiaçı bu pozuntuların nədən ibarət olmasını əsaslandırmamışdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2-1(112)-6088/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-324/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-324/2021
16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver