Məhkəmə qərarları › İş №2-1(103)-324/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-324/2023

25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-324/2023 25.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X22 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “siyahıya daxil edilmə” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2-1(112)-3565/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 adının “1997-ci il avqustun 2-dək ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahısı”na əlavə edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X14 xx.xx.1992-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda, daha dəqiq Sədərək uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Buna sübut kimi bir neçə sənədləri öz iddia ərizəsinə əlavə edir. xx.xx.1992-ci il tarixli, İV-ИCT 322568 nömrəli ölüm haqqında şəhadətnamədə qeyd olunduğu kimi yoldaşı X14 “Kəllə boşluğunu dəlib keçən güllə yarası” səbəbindən həlak olub və məlum məsələdir ki, həyat yoldaşı həmin güllə yarasını Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə almışdır. Həmin ölüm haqqında şəhadətnamənin surətini sübut qismində ərizəsinə əlavə edir. Həmçinin qeyd etmək istəyir ki, Sədərək Rayon Xalq Məhkəməsinin xx.xx.1994-cü il tarixli, 2-16- 1994 nömrəli qətnaməsinə əsasən X5 şəhid hesab edilməsi faktı müəyyən olunmuşdur. Həmin qətnamənin surətini sübut olaraq iddia ərizəsinə əlavə edir. Sədərək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən təqdim olunan xx.xx.2004-cü il tarixli, vəsiqə 001182 nömrəli sənədə əsasən İddiaçı qeyd olunan vəsiqəni təqdim etdiyi təqdirdə Azerbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. Bu sənəd müddətsiz olaraq etibarlıdır. Həmin xx.xx.2004-cü il tarixli, 001182 nömrəli vəsiqənin surətini sübut olaraq ərizəsinə əlavə edir. X5 Sədərək uğrunda gedən döyüşlərdə şücaət və igidlik göstərdiyinə görə fəxri ada layiq görülməsi barədə döyüşdüyünü batalyonun komandiri tərəfindən X14 barəsində təltif listi təsdiq olunmuşdur. Həmin listdə həmçinin, X5 Sədərək uğrunda gedən döyüş əməliyyatlarında qəhrəmancasına şəhid olması barədə qeyd olunmuşdur. Həmin təltif listinin surətini iddia ərizəsinə sübut olaraq əlavə edir. Milli Ordunun komandiri tərəfindən 24 oktyabr 1992-ci il tarixli, X5 Azərbaycan Milli Qəhrəmanlığına təqdimetmə hazırlanaraq təsdiq olunmuşdur. Həmin təqdimetmənin surətini iddia ərizəsinə əlavə edir. Sədərək rayon “Özünümüdafi” batalyonunun könüllü döyüşçüləri tərəfindən imzalanaraq X5 “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülməsi barədə Sədərək rayon XDM, X20, Azərbaycan Prezidentinə 17 oktyabr və 22 noyabr 1992-ci il tarixli xahişnamələr təqdim olunmuşdur. Həmin xahişnamələrin surətini ərizəyə əlavə edir. Həmçinin, Sədərək rayonuna erməni təcavüzü zamanı şəhid olmuş X9 “fəxri ada” təltif edilməsi barədə Sədərək rayon X8 nəznində yaradılmış təltif komissiyasının 26 fevral 1992-ci il tarixli Qərarını iddia ərizəsinə əlavə edir. “Sədərək Özünümüdafiə” batalyonunun 1 rota komandiri X12 Sədərək rayon XDM-dən, X17. Azərbaycan Prezidentindən Mehdiyev Lətifə “fəxri ad” verilməsi barədə xahişnaməsinin surətini iddia ərizəsinə əlavə edir. Sədərək rayon Polis şöbəsinin rəisi, polis mayoru M.Y.Seyidov tərəfindən Sədərək uğrunda gedən döyüşlərdə şəhid olmuş X14 haqqında 30 noyabr 1992-ci il tarixli rəy təsdiq olunmuşdur. Həmin rəydə də, bir daha X18 uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olması təsdiq olunur. Sözügedən rəyin surətini iddia ərizəsinə əlavə edir. Sədərək kənd XDM-nin Sədərək uğrunda gedən döyüşlərdə şəhid olmuş X5 “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülməsinin Sədərək rayon XDM-yə tövsiyə edilməsi barədə 26 dekabr 1992-ci il tarixli qərardan çıxarışın surətini iddia ərizəsinə əlavə edir. Sədərək könülllülərindən ibarət özünümüdafiə batalyonunun komandiri tərəfindən təsdiq olunaraq verilmiş X14 haqqında 10 noyabr 1992-ci il tarixli Raportunda da, bir daha X18 uğrunda gedən döyüşlərdə igidlik göstərməsi və qəhrəmancasına şəhid olması faktı təsdiq olunur. Həmin raportun surətini iddia ərizəsinə əlavə edir. Yuxarıda qeyd etdiyi sənədlərə və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1-ci bəndinə: “1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilsin.” əsaslanaraq sığorta şirkətinə müraciət etmişdir. Sığorta şirkətində ona bildirdilər ki, yoldaşı X5 şəhid olması barəsində bütün lazım olan sənədləri olsa belə, yoldaşının şəhid kimi sistemdə qeydiyyatda olmadığını və bununla bağlı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməsini tövsiyə etdilər. Həmin tövsiyəyə əməl edərək, o, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yazılı olaraq müraciət etmişdir. Müraciətinə cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ona xx.xx.2021 -ci il tarixində məktub gəlmişdir. Məktubda qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək rayon şöbəsinin uçot sənədlərində X1 Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağırılması, xidmət keçməsi, eləcə də döyüş əməliyyatlarında hərbi qulluqçu kimi həlak olması və şəhid hərbi qulluqçu hesab edilməsi barədə heç bir məlumat yoxdur. Həmçinin, Xidmətin Aparatına hərbi idarəetmə orqanları tərəfindən təqdim edilmiş 1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş hərbi qulluqçuların siyahılarında Lətif Mehdiyevin adı keçmir. Cavabdeh qeyd etdiyi səbəbə görə yoldaşını şəhid kimi yuxarıda qeyd olunan siyahiya daxil edilməsi mümkün olmadığını göstərib və bu səbəbdəndə o, şəhidin ailə üzvü olaraq sığorta ödənişi ala bilməmişdir. Bildirmək istəyir ki, X5 Sədərək uğrunda döyüşlərdə şəhid olması faktının müəyyən olunması barədə artıq Sədərək rayon Xalq Məhkəməsinin xx.xx.1994-cü il tarixli, 2-16-1994 nömrəli qətnaməsi mövcuddur. A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun qərarından: Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyini təsdiqləyərək qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüquququn yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (C.İsmayılzadənin şikayəti üzrə 2014- cü il 6 iyun tarixli Qərar).” Məhkəmə qərarının preyudisiallığı prinsipi də, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Cavabdehin imtinasından görünür ki, cavabdeh tərəfindən mübahisələndirilən hissə Mehdiyev Lətifin hərbi qulluqçu kimi şəhid olması barədədir. Bildirmək istəyir ki, oxşar iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 2-1(112)-4388/2021 saylı qərarında məhkəmə qeyd edir ki, tədqiq olunmuş sübutlara əsasən, müvafiq təminata götürülməsinə dair əmr olmamasına baxmayaraq, iddiaçının oğlunun faktiki olaraq könüllü qaydada Silahlı Qüvvələrdə xidmətə daxil olması müəyyən edilmişdir (bax 8 və 12-ci bəndlərdə Sədərək rayon hərbi komissarlığının müraciəti və hərbi hissədən arayışlar hissəsi). Hazırki işdə mərhum yoldaşım X18 uğrunda gedən döyüşlərdə könüllülərdən təşkil olunmuş “özünümüdafiə” batalyonunun tərkibində döyüşlərdə iştirak etməsi və şəhid olması faktı batalyonun komandirinin raportu, rayonun polis rəisinin rəyi və başqa kifayət qədər sübutlarla təsdiq olunur. Məhkəmə həmin qərarında onu da, qeyd edir ki, könüllü qaydada Silahlı Qüvvələrdə xidmətə daxil olub müvafiq təminata götürülərək (müvafiq əmr olan) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşərək şəhid olmuş və könüllü qaydada Silahlı Qüvvələrdə xidmətə daxil olmasına baxmayaraq, müvafiq təminata götürülməyərək (müvafiq əmr olmayan) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşərək şəhid olmuş şəxslərə münasibətdə fərqli yanaşma (hərbi qulluqçu statusu əldə etmələri ilə bağlı) ayrı-seçicilik hesab oluna bilər. Odur ki, iddiaçıya münasibətdə fərqli rəftarın X27 Konvensiyasının (AİHK) 14-cü maddənin (ayrı- seçkiliyin qadağan olunması) tələblərinə uyğun olduğu qənaətinə gəlmək üçün “ağlabatan mütənasiblik əlaqəsi” mövcud olmuş olmalıdır. Konvensiyanın 14-cü maddəsi ilə ayrıseçkiliyə qoyulan qadağanın yalnız o halda mənası ola bilər ki, ərizəçinin fərdi situasiyası olduğu kimi qəbul edilsin. Məhkəmə qeyd edir ki, hərbi qulluqçuların icbari sığortası ilə bağlı təminat sistemi yaradıldıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar X27 Konvensiyasının 1 saylı Protokolun 1 -ci maddəsinin (Mülkiyyət hüququ) tətbiq dairəsinə düşür (Konvensiyanın AİHK 1 saylı Protokolunun 1 -ci maddəsi və 14-cü maddəsi ilə birlikdə tətbiqinə dair bax. Andreyeva Latviyaya qarşı [Böyük Palata] (Andrejeva v. Latvia), ərizə No- 55707/00. xx.xx.2009-cu il tarixli qərar. Odur ki, məhkəmə hesab edir ki, işin hallarına və iddiaçının fərdi situasiyasına uyğun olaraq cavabdeh orqan tərəfindən iddiaçıya onun oğluna münasibətdə tətbiq olunan fərqli yanaşma ilə bağlı “ağlabatan mütənasiblik əlaqəsi” mövcud deyil. X27 Məhkəməsi, dəfələrlə qərarlarında qeyd etmişdir ki, istifadə olunmuş vasitələr və qarşıya qoyulmuş məqsəd arasında proporsionallığın olmaması, ərizəçinin məruz qaldığı fərqli davranışın obtyektiv və ağlabatan əsaslarının olmaması ayrıseçkilik hesab olunur. Odur ki, iddiaçının fərdi situasiyası nəzərə alınmaqla başqa cür yanaşma AHİKin 1 saylı Protokolun 1-ci maddəsi ilə birgə götürülmüş Konvensiyanın 14-cü maddəsinin pozuntusu hesab edilir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraza əsasən, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli, 1 nömrəli Fərmanına əsasən, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsinə, mənzil-məişət problemlərinin həll olunmasına, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsinə şərait yaratmışdır. Bu sahədə dövlət siyasətinin mühüm istiqamətlərindən biri də hərbi qulluqçulara dövlət icbari sığortasının tətbiqidir. 1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılmış, belə ödənişlərlə bağlı maliyyə təminatı məsələsi həll edilmiş və Qanuna uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılmışdır. Həmin Qanunun tətbiqindən əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların, eləcə də daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdur. Həmin Fərmanın 5-1ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etsin və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin. Bu Fərmanın müddəalarından görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdur. İddiaçı müraciəti əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən araşdırma aparılmış və məlum olmuşdur ki, Xidmətin Sədərək rayon şöbəsinin uçot sənədlərində X1 Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağırılması, xidmət keçməsi, eləcə də döyüş əməliyyatlarında hərbi qulluqçu kimi həlak olması və şəhid hərbi qulluqçu hesab edilməsi barədə heç bir məlumat yoxdur. Həmçinin Xidmətin Aparatına hərbi idarəetmə orqanları tərəfindən təqdim edilmiş 1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş hərbi qulluqçuların siyahılarında X5 adı keçmir. X5 “şəhid” (mülki şəhid) olması danılmazdır, lakin o, hərbi qulluqçu olmadığı üçün cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən əsaslı olaraq onun adının adıçəkilən siyahıya salınmasında imtina etmişdir. Həmçinin iddiaçının istinad etdiyi Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4388/2021 nömrəli (iddiaçı X6) analoji qərarına əsasən bildirirlər ki, həmin iş üzrə iddiaçının mərhum övladı X13 barədə Xidmətin Sədərək rayon şöbəsində və Xidmətin Aparatına Müdafiə Nazirliyinin Təşkilat Səfərbərlik idarəsindən təqdim edilmiş “1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş əsgər (matros) və çavuşların siyahısı”nda V.N.Səfərzadənin xx.xx.1992-ci il tarixdə həlak olması barədə məlumatlar olduğu üçün iddia tələbi təmin edilmiş və bu səbəbdən tərəflərindən məhkəmə qərarından şikayət verilməmişdr. Bakı İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2-1(112)-3565/2022 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçı X5 adının “1997-ci il avqustun 2-dək ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahısı”na əlavə edilməsi öhdəliyinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsi qərar qəbul edərkən əsas kimi götürmüş sənədlərdən X1 hərbi qulluqçu olması barədə heç bir qeyd və ya məlumat yoxdur. Qeyd olunan Fərmanın icrası ilə əlaqədar Müdafiə NazirliyininTəşkilat-Səfərbərlik İdarəsi, eləcə də Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Xidmətin Aparatına təqdim edilmiş “1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahısı”nda mərhum L.N.Mehdiyevin adı keçmir. Həmçinin, L.N.Mehdiyevin döyüş əməliyyatlarında iştirak etmiş olduğu Sədərək rayon “özünümüdafiə” batalyonun adı Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündə döyüş bölgələrində ola hərbi hissələrin siyahısı qovluğu”ndan keçmir. X1 “şəhid” olması danılmazdır və mübahisə predmeti deyil, lakin məhkəməyə təqdim edilmiş sənədlərdə onun hərbi qulluqçu olması müəyyən edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Sədərək rayon VVAQ Şöbəsi tərəfindən verilmiş 12 avqust 1992-ci il tarixli, İV-ЖГ seriyalı, 322568 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X14 xx.xx.1992-ci ildə ölüb. Bu barədə ölüm haqında akt qeydləri kitabında 1992-ci ildə avqust ayının 12-si günündə 37 nömrəsi ilə qeyd edilmişdir. Ölümün səbəbi “Kəllə boşluğunu dəlib keçən güllə yarası” olmuşdur. Ölüm yeri “Sədərək kəndi” qeyd edilmişdir. Sədərək rayon Xalq Məhkəməsinin 18 avqust 1994-cü il tarixli qətnaməsinə əsasən müəyyən olunur ki, Sədərək rayon XDS İK-nin 135 nömrəli, 12 iyun 1994-cü il tarixli, Sədərək rayon Hərbi Komissarlığının 165 nömrəli, 22 iyul 1994-cü il tarixli məktubları ilə məhkəməyə müraciət edərək, şəhidlik statusu verilməsi haqqında vəsatət qaldırmış, Sədərək və Qarabağ döyüşlərində şəhid olanların adlı siyahısını məhkəməyə təqdim etmiş, onlar haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmədə Sədərək rayon İcra Hakimiyyətinin nümayəndəsi Əjdər Məmmədov verdiyi ifadəsində Sədərək uğrunda gedən döyüşlərdə şəhid olmuş həmkəndlilərinin ailələrinin onlara müraciət etməsini, şəhid olmuş uşaqlarına şəhid adı verilməsini icra hakimiyyətindən xahiş etmişlər. Məhkəmə qətnaməsinə əsasən müəyyən olunur ki, siyahıda adları çəkilən şəxslər erməni təcavüzü zamanı Sədərək rayonu uğrunda gedən döyüşlərdə həlak olmuşlar və bu fakt şəhid ifadələri, hərbi hissədən, polisdən, Sədərək rayon hərbi komissarlığından, Sədərək rayon Mərkəzi Xəstəxanasından alınmış arayışlarla təsdiq olunur. Sədərək rayon Xalq Məhkəməsinin qeyd edilən qətnaməsi ilə şhid hesab edilməsi faktı müəyyən olunan şəxslərin siyahısında X5 da adı var. Sədərək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, ******* nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı verilmiş vəsiqəyə əsasən, o, Şəhid adının əbədiləşdirilməsi və şəhidin ailə üzvlərinə edilən güzəştlər haqqında” 3 sentyabr 1993-cü il Azərbaycan Respublikası Qanununda göstərilən güzəşt və imtiyazlardan istifadə etmək hüququna malik olmuşdur. X5 Sədərək uğrunda gedən döyüşlərdə şücaət və igidlik göstərdiyinə görə fəxri ada layiq görülməsi barədə döyüşdüyü batalyonun komandiri tərəfindən X14 barəsində təltif listi təsdiq olunmuşdur. Milli Ordunun komandiri tərəfindən tərtib olunmuş 24 oktyabr 1992-ci il tarixli təqdimetmə sənədinə əsasən, X5 Azərbaycan Milli Qəhrəmanlığına təqdimetməsi hazırlanaraq təsdiq olunmuşdur. Sədərək rayon “Özünümüdafiə” batalyonunun könüllü döyüşçüləri tərəfindən imzalanaraq X5 “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülməsi barədə Sədərək rayon XDM, X20, Azərbaycan Prezidentinə 17 oktyabr və 22 noyabr 1992- ci il tarixli xahişnamələr təqdim olunmuşdur. Sədərək rayon X8 nəzdində yaradılmış təltif komissiyasının 26 fevral 1992-ci il tarixli qərarına əsasən, torpaqların bütövlüyü və bölünməzliyi uğrunda 1988-1992-ci illərdə Sədərək döyüşlərdinə xüsusi igidlik və şücaət göstərmiş şəhid X7 “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülməsi məqsədəmüvafiq hesab edilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisindən xahiş edilmişdir ki, şəhid X7 həmin adla təltif edilməsi Azərbaycan Respublikasının Prezidentinə tövsiyyə edilsin. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2021-ci il tarixli, H-3952 nömrəli məktubdan görünür ki, iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli, 1 nömrəli Fərmanına əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və polis orqanları əməkdaşlarının vərəsələrinə 11.000 manat məbləğində birdəfəlik ödəmə verilir. Belə ki, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək rayon Şöbəsinin uçot sənədlərində X1 Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağırılması, xidmət keçməsi, eləcə də, döyüş əməliyyatlarında hərbi qulluqçu kimi həlak olması və şəhid hərbi qulluqçu hesab edilməsi barədə heç bir məlumat yoxdur. Həmçinin Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd olunan Fərmanının icrası ilə əlaqədar Xidmətin Aparatına hərbi idarəetmə orqanları tərəfindən təqdim edilmiş 1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş hərbi qulluqçuların siyahılarında da Lətif Mehdiyevin adı keçmir. Bu səbəbdən də, X5 adının yuxarıda qeyd olunan Fərmanla nəzərə tutulmuş siyahıya daxil edilməsi hazırda mümkün deyil. Odur ki, mərhum Lətif Mehdiyevin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda hərbi qulluqçu kimi həlak olmasını təsdiq edən sənəd (hərbi idarəetmə orqanı tərəfindən verilmiş arxiv arayışı, hərbi hissə komandirinin əmrindən çıxarışı və s.) olduğu təqdirdə Xidmətin Aparatına təqdim etməsi xahiş olunmuşdur. Sədərək rayon Polis Şöbəsinin rəisi tərəfindən veirlmiş xx.xx.1993-cü il tarixli arayışdan görünür ki, həqiqətən mərhum X14 erməni quldurlarının Sədərək rayonu ərazisinə basqını zamanı “Könüllülər” dəstəsində 3-cü rotada vuruşmuş və 19 iyun 1992-ci il tarixdə qəhrəmanlıqla həlak olmuşdur. İİİ-ЖГ seriyalı, 399506 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X15 ilə X2 xx.xx.1984- cü ildə Sədərək kəndində rəsmi nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Mehdiyeva soyadı verilmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş 11 fevral 2022-ci il tarixli, 04/12-14 nömrəli cavab məktubundan görünür ki, X10 (onun varisinə) Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığorta ödənişi ödənilməmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək rayon Şöbəsi tərəfindən verilmiş cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli müvafiq Fərmanının icrası ilə bağlı Sədərək rayon ərazisində 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların adlı siyahılarının təyin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası X11 arxivinə sorğular edilmişdir. 12.01.192-ci il təvəllüdlü X14 həmin dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidməti və ya Naxçıvan Muxtar Respublikası Özünümüdafiə dəstələrinin “könüllülər” dəstələrində adının aşkar edilmədiyi üçün onun adı Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək rayon Şöbəsində 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların adlı siyahısında daxil edilməmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinin və 3-cü maddəsinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333cü maddəsinin şərh edilməsinə dair 26 oktyabr 2001-ci il tarixli Qərarına əsasən, vətəndaşların hərbi xidmətə daxil olması Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi hissə komandirlərinin (hərbi tədris müəssisələri rəislərinin), onların hərbi hissələrin (hərbi tədris müəssisələrin) şəxsi heyətinin siyahısına daxil etmələri və bütün təminat növləri (ərzaq, pul, əşya və s.) üzrə təminata götürmələri haqqında əmrləri ilə həyata keçirilir. Müddətli həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar hərbi hissə komandirinin onların hərbi hissə şəxsi heyətinin siyahısına daxil olunmaları və bütün təminata götürülmələri haqqında əmrləri imzalandığı gündən hərbi qulluqçu statusuna malik olurlar. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, müvafiq təminata götürülməsinə dair əmr olmamasına baxmayaraq, Sədərək rayon hərbi komissarlığının müraciətinə və hərbi hissədən arayışlar hissəsinə əsasən iddiaçının yoldaşının faktiki olaraq könüllü qaydada Silahlı Qüvvələrdə xidmətə daxil olması müəyyən edilmişdir. Könüllü qaydada Silahlı Qüvvələrdə xidmətə daxil olub müvafiq təminata götürülərək (müvafiq əmr olan) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşərək şəhid olmuş və könüllü qaydada Silahlı Qüvvələrdə xidmətə daxil olmasına baxmayaraq, müvafiq təminata götürülməyərək (müvafiq əmr olmayan) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşərək şəhid olmuş şəxslərə münasibətdə (bax 19-cu bənd) fərqli yanaşma (hərbi qulluqçu statusu əldə etmələri ilə bağlı) ayrı-seçkilik hesab oluna bilər. Odur ki, iddiaçıya münasibətdə fərqli rəftarın X27 Konvensiyasının (AİHK) 14-cü maddənin (ayrıseçkiliyin qadağan olunması) tələblərinə uyğun olduğu qənaətinə gəlmək üçün “ağlabatan mütənasiblik əlaqəsi” mövcud olmuş olmalıdır. Konvensiyanın 14-cü maddəsi ilə ayrıseçkiliyə qoyulan qadağanın yalnız o halda mənası ola bilər ki, ərizəçinin fərdi situasiyası olduğu kimi qəbul edilsin. Məhkəmə qeyd edir ki, hərbi qulluqçuların icbari sığortası ilə bağlı təminat sistemi yaradıldıqda (bax 14-cü bənd) həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar X27 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin (Mülkiyyət hüququ) tətbiq dairəsinə düşür (Konvensiyanın AİHK 1 saylı Protokolunun 1-ci maddəsi və 14-cü maddəsi ilə birlikdə tətbiqinə dair bax Andreyeva Latviyaya qarşı [Böyük Palata] (Andrejeva v. Latvia [GC]), ərizə № 55707/00 xx.xx.2009-cu il tarixli qərar [Böyük Palata]). Odur ki, məhkəmə hesab edir ki, işin hallarına və iddiaçının fərdi situasiyasına uyğun olaraq cavabdeh orqan tərəfindən iddiaçıya onun oğluna münasibətdə tətbiq olunan fərqli yanaşma ilə bağlı “ağlabatan mütənasiblik əlaqəsi” mövcud deyil. X27 Məhkəməsi dəfələrlə qərarlarında qeyd etmişdir ki, istifadə olunmuş vasitələr və qarşıya qoyulmuş məqsəd arasında proporsionallığın olmaması, ərizəçinin məruz qaldığı fərqli davranışın obyektiv və ağlabatan əsaslarının olmaması ayrıseçkilik hesab olunur (bax digərləri ilə yanaşı Fabris Fransaya qarşı [BP] - 16574/08 Qətnamə xx.xx.2013-cü il tarixli qərar [Böyük Palata]; X16rşı (Munoz Diaz v. Spain), ərizə № 49151/07, xx.xx.2009-cu il tarixli qərar). Odur ki, iddiaçının fərdi situasiyası nəzərə alınmaqla başqa cür yanaşma AHİK-in 1 saylı Protokolun 1-ci maddəsi ilə birgə götürülmüş Konvensiyanın 14-cü maddəsinin pozuntusu hesab edilə bilər. Həlak olmuş hərbi qulluqçunun vərəsəsinə ödənilməli sığorta məbləğinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən ifadə edilən hüquqi mövqe nəzərə alınmalıdır. Həmin qərarın nəticə hissəsinin müvafiq olaraq 2 və 3-cü bəndlərinə əsasən: Azərbaycan Respublikası Konstitusiyasının 12, 16 və 25-ci maddələrinin tələblərinə uyğun olaraq “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanunu qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləği ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 16-cı bəndinə əsasən bu məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və iddia tələbinin təmin olunması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2-1(112)-3565/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar