Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-324/2025 29.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Çıxarışın verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, X1 (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1745/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İŞİN HALLARİ
1. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 34 nömrəli, xx.xx.1997-ci il tarixli Sərəncamından görünür ki, İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1996-cı il tarixli məktubu nəzərə alınaraq Binəqədi rayonu, 3067-ci məhəllədə 8-ci mikrorayondaki “Mübarək” şadlıq evinin şimal hissəsində çörək sexinin layihələşdirilməsi və tikinti üçün torpaq sahəsi ayrılmışdır. Lakin sərəncamda torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir.
2. Dövlət Arxivinin Bakı filialının xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 34 nömrəli, xx.xx.1997-ci il tarixli X3 Bakı filialına təhvil verilməmişdir.
3. Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra – üçüncü şəxs) xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, sözügedən torpaq sahəsi torpaqların elektron kadastr bazasında dövlət torpağı kimi qeydiyyata alınmışdır.
4. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 3067-ci məhəllədə 8-ci mikrorayondakı “Mübarək” şadlıq evinin şimal hissəsində çörək sexinin layihələşdirilməsi və tikinti üçün ayrılmış 0,03 ha torpaq sahəsinə İddiaçı İM-nin istifadə hüququnun qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmiş, lakin cavabdeh müraciətinin təmin edilməsindən imtina etmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 3067-ci məhəllədə 8-ci mikrorayondakı “Mübarək” şadlıq evinin şimal hissəsində çörək sexinin layihələşdirilməsi və tikinti üçün ayrılmış 0,03 ha torpaq sahəsinə İddiaçı İM-nin daimi istifadə hüququnun qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 34 saylı sərəncamı ilə İddiaçı İM-yə Bakı şəhəri, Binəqədi rayonu, 3067-ci məhəllədə 8-ci mikrorayondakı “Mübarək” şadlıq evinin şimal hissəsində çörək sexinin layihələşdirilməsi və tikinti üçün 0,03 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin texniki pasportu AR Nazirlər Kabineti yanında Mənzil-kommunal Təsərrüfat Komitəsi Baş Dövlət Texniki inventarlaşdırma və Mülkiyyət hüqularının qeydiyyat idarəsi tərəfindən xx.xx.2000-ci il tarixdə verilmişdir. Müvafiq qaydada sənədləri toplayıb sözügedən torpaq sahəsinə dair daimi istifadə hüququnun qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli ********** saylı ərizəsi ilə cavabdehə müraciət edilsə də, cavabdeh təşkilat xx.xx.2023-cü il tarixli 3-21- 3-30/2- 21162/2023/**********62 saylı məktubu ilə çıxarışın verilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin hərəkəti qanuna ziddir və təqdim etdiyi sənədlər qanunvericiliyə əsasən İddiaçı İM-yə məxsus torpaq sahəsi üzərində daimi istifadə hüquqlarının qeydiyyata alınması üçün əsasdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi torpaq sahəsi qanuna müvafiq olaraq İddiaçı İM-yə ayrılmış, həmin sahə də naturada təhvil verilmiş və hal-hazıra kimi sahiblik və istifadə hüquqları həyata keçirir
7. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, təqdim olunmuş “Torpaq sahəsinin ayrılması haqqında” Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 34 nömrəli, xx.xx.1997-ci il tarixli Sərəncamında torpaq sahəsinin ölçüsü göstərilməmiş və yerləşmə cizgisi təqdim edilmədiyindən torpaq sahəsinin yerləşmə mövqeyini müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin torpaq sahəsi üzərində istifadə hüququnun qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələbi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müraciəti qeydə alınmamışdır. Əlavə olaraq bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən faktiki göstərilən 344 kv.m torpaq sahəsinə “Çörək sexinin yerləşdiyi torpaq sahəsi” adı ilə 00186695 registr nömrəli dövlət əmlakının məlumatı mövcuddur. Torpaq sahəsinin faktiki ölçüsü 334 kv.m təşkil etməklə, sahədə birmərtəbəli və müəyyən hissəsi ikimərtəbəli olan və hazırda fəaliyyət göstərən qeyri-yaşayış obyekti - çörək sexi mövcuddur.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12171/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1745/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir.
10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 34 nömrəli, xx.xx.1997-ci il tarixli sərəncamı ilə, Binəqədi rayonu, 3067-ci məhəllədə 8-ci mikrorayondaki “Mübarək” şadlıq evinin şimal hissəsində çörək sexinin layihələşdirilməsi və tikinti üçün İddiaçınə torpaq sahəsi ayrılmışdır. Lakin sərəncamda torpaq sahəsinin ölçüsü qeyd edilməmiş və yerləşmə cizgisi (ayrıc aktı) təqdim edilməmişdir.
11. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz.
12. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1745/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil etməklə əlavə olaraq qeyd edilmişdir ki, Məhkəmə tərəfindən məsələyə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, sözügedən 0.03 ha torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının 34 nömrəli, xx.xx.1997-ci il tarixli sərəncamı ilə Binəqədi rayonu, 3067-ci məhəllədə 8-ci mikrorayondaki “Mübarək” şadlıq evinin şimal hissəsində çörək sexinin layihələşdirilməsi və tikinti üçün İddiaçı adına ayrılmışdır. İstehsalat müəssisəsi də öz növbəsində müvafiq lahiyə əsasında çörək sexini inşa etmişdir və hazır da istifadə sindədir. Məhkəmə prosesi zamanı tərəfimizdən çörək sexinə aid texniki pasportun notarial təsdiq edilmiş surəti və eləcə də torpaq sahəsinin ayrıc aktı məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə məsələyə qiymət verən zaman təqdim edilmiş bu sübutlara qiymət verməmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 13. Mülkiyyət I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Maddə 25. Bərabərlik hüququ V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.
Maddə 29. Mülkiyyət hüququ İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
18. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu:
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 2 . Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3 . Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir.
Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar.
8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 1 2 . Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 1 5 . Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
21. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1dək verilmiş qərar.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
23.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu:
11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.
26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
28. Əvvəla məhkəmə kollegiyası bildirir ki, iddiaçının vəkili və nümayəndəsi ərizə ilə müraciət edərək iddia tələbinin “Bakı şəhəri, Binəqədi rayonu, 3067-ci məhəllədə 8-ci mikrorayondakı “Mübarək” şadlıq evinin şimal hissəsində çörək sexinin layihələşdirilməsi və tikinti üçün ayrılmış 0,03 ha torpaq sahəsinə dair İddiaçı İM-nin istifadə hüququnun qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” kimi dəqiqləşdirilməsini xahiş etmişdir.
29. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-324/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
30. Birinci instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 2-1(112)-1745/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir.
31. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 34 nömrəli, xx.xx.1997-ci il tarixli sərəncamı ilə, Binəqədi rayonu, 3067-ci məhəllədə 8-ci mikrorayondaki “Mübarək” şadlıq evinin şimal hissəsində çörək sexinin layihələşdirilməsi və tikinti üçün İddiaçınə torpaq sahəsi ayrılmışdır. Lakin sərəncamda torpaq sahəsinin ölçüsü qeyd edilməmiş və yerləşmə cizgisi (ayrıc aktı) təqdim edilməmişdir.
32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etməməklə səhvə yol vermişdir.
33. Məhkəmə kollegiyası işin hallarına dair tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməlidir.
34. Eyni zamanda cavabdeh inzibati orqanın imtinasında və birinci instansiya məhkəməsinə təqdim etdiyi etirazında qeyd edilmişdir ki, “Torpaq sahəsinin ayrılması haqqında” Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 34 nömrəli, xx.xx.1997-ci il tarixli Sərəncamında torpaq sahəsinin ölçüsü göstərilməmiş və yerləşmə cizgisi təqdim edilmədiyindən torpaq sahəsinin yerləşmə mövqeyini müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin torpaq sahəsi üzərində istifadə hüququnun qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələbi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müraciəti qeydə alınmamışdır. Əlavə olaraq bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən faktiki göstərilən 344 kv.m torpaq sahəsinə “Çörək sexinin yerləşdiyi torpaq sahəsi” adı ilə 00186695 registr nömrəli dövlət əmlakının məlumatı mövcuddur. Torpaq sahəsinin faktiki ölçüsü 334 kv.m təşkil etməklə, sahədə birmərtəbəli və müəyyən hissəsi ikimərtəbəli olan və hazırda fəaliyyət göstərən qeyri-yaşayış obyektiçörək sexi mövcuddur.
35. Bununla bağlı Kollegiya qyed edir ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin başçısının “torpaq sahəsi ayrılması haqqında” 34 nömrəli, xx.xx.1997-ci il tarixli sərəncam hal-hazıradək qüvvədədir. Qərarın ləğv edilməsi və ya dəyişdirilməsi barədə, yəni onun qüvvədə olmasını şübhə altına alan hər hansı sübut yoxdur. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquq müəyyənedici sənəd əsasında yaranır. Hüquq müəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquq müəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.
36. Kollegiya müvafiq Sərəncamda torpaq sahəsinin ölçülərinin göstərilməməsi ilə bağlı bildirir ki, müvafiq qaydada təsdiq edilmiş 5 fevral 1997-ci il tarixli 97/40 nömrəli Aktla təsdiq edilmiş “yerləşmə çizgi” sənədində torpaq sahəsinin ölçüsü 0,03 ha olaraq qeyd edilməklə yerləşmə mövqeyi göstərilmişdir. Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 34 nömrəli Sərəncam əsasında torpaq sahəsinin üzərində yerləşən tikililərin texniki göstəricilərini müəyyən edən və torpaq sahəsinin ölçülərini göstərən “Texniki Pasport” tərtib edilərək səlahiyyətli orqan tərəfindən 15 fevral 2000-ci il tarixində təsdiq edilmişdir. Həmin texniki pasportda iddiaçı “Uğur ÇB”yə ayrılmış torpaq sahəsinin ölçüləri və yerləşdiyi yer göstərilmişdir.
37. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 3427/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuşdur. 3-16-16/2-10/111/2025 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, 3067-ci məhəllədə (“Mübarək” şadlıq evinin şimal hissəsində) yerləşən çörək sexinin mövcud olduğu torpaq sahəsinin naturada yerləşmə mövqeyi müəyyən edilmişdir. Qeyd olunan torpaq sahəsinin yerləşmə mövqeyi (planlı yerləşməsi) ilə 5 fevral 1997-ci il tarixində 97/40 nömrəli Aktda göstərilmiş cizgidəki torpaq sahəsinin üst-üstə düşdüyü müəyyən olunmuşdur. Həmçinin həmin torpaq sahəsinin üzərində yerləşən iki mərtəbəli çörək sexi tikilisinin faktiki vəziyyətdə ölçüləri, tikililərinin planlı yerləşməsi və digər texniki parametrlərinin iş materiallarında olan xx.xx.2000-ci il tarixdə tərtib edilmiş, İddiaçı Texniki Pasport sənədində qeyd olunan ölçü və parametrlərə uyğun olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, 3067-ci yerləşən çörək sexinin və həmin çörək sexinin yerləşdiyi torpaq sahəsinin iddiaçının istifadəsində olduğu müəyyən edilmişdir, “kadastrportali.az” elektron kadastr portalında olan məlumatlarında qeyd olunan topraq sahəsinin digər fiziki və ya hüquqi şəxslərin mülkiyyətində və ya istifadəsində olması barədə məlumat aşkar edilməmişdir.
38. Həmçinin, cavabdehin etirazında göstərilmiş “torpaq sahəsina dair 00186695 registr nömrəli dövlət əmlakının mövcud olması”dəlilinə münasibətdə Kollegiya bildirir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21-(103)-3427/2024 nömrəli, xx.xx.2024-cü il tarixli sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş cavab məktubunda qeyd edilmişdir ki, torpaqların elektron kadastr məlumat bazasına əsasən qeyd edilən torpaq sahəsi (DƏKTM iş kodu 59498) dövlət əmlakının Registrində qeydə alınmışdır, lakin sorğuda qeyd edilmiş həmin torpaq sahəsi üzərində dövlət əmlakı kimi qeydiyyata alınmağa əsas olmuş sənədlərin təqdim edilməsinin tələb edilməsinə baxmayaraq, buna dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
39. Göründüyü kimi, ekspert rəyi ilə də müəyyən olunmuşdur ki, torpaq sahəsi iddiaçıya məxsus tikilinin (çörək sexinin) altında yerləşən tikintialtı sahədir və həmin torpaq sahəsinin ayrılması barədə sərəncam qüvvədə olduğu, eyni zamanda iddiaçının istifadəsində olduğu halda həmin torpaq sahəsinə dair dövlət əmlakının Registrində qeydə alınması hansı qaydada və əsasla həyata keçirilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir.
40. Bununla bağlı məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsinin izahatından müəyyən olunur ki, yalnız fiziki şəxs X2 müraciəti əsasında həmin torpaq sahəsinə dair dövlət əmlakının Registrində qeydiyyat aparılmışdır.
41. Həmçinin, dövlət əmlakının Registrində qeydə alınmış torpaq sahəsinin (DƏKTM iş kodu 59498) iddiaçının istifadə hüququnun qeydə alınmasının tələb etdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyünə və ya dövlət əmlakının Registrində qeydə alınmış torpaq sahəsinin həmin torpaq sahəsi olduğuna dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
42. Göründüyü kimi, qanuni əsaslarla iddiaçının istifadəsinə verilmiş torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün əsaslar mövcud deyil. Belə ki, torpaq sahəsi iddiaçıya səlahiyyətli dövlət orqanı tərəfindən müvafiq sərəncam əsasında ayrılmış və həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilmiş torpaq sahəsinin ölçüsü göstərilmişdir.
43. Mülki Məcəllənin 139-1.1.1-ci maddəsinin müddəalarına görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
44. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır.
45. Eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır.
46. Nəzərə almaq lazımdır ki, cavabdeh hüququn qeydiyyata alınması məsələsini həll edərkən, yuxarıda qeyd olunan normaları bir-birindən təcrid olunmuş şəkildə deyil, əlaqəli və kompleks şəkildə təfsir və tətbiq etməlidir. Həmçinin cavabdeh tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğu da həmin maddələrin tələbləri və məzmunu nəzərə alınmaqla müəyyənləşdirilməlidir.
47. İş materiallardan görünür ki, iddiaçı istifadə hüququnun qeydiyyata alınması üçün hal hazırda qüvvədə olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin başçısının “torpaq sahəsi ayrılması haqqında” 34 nömrəli, xx.xx.1997-ci il tarixli Sərəncamı mövcuddur, həmin sənədlərin hər hansı subyekt, o cümlədə üçüncü şəxs tərəfindən mübahisələndirilməsi ilə əlaqədar iş materiallarında hər hansı bir məlumat mövcud deyildir. Cavabdeh və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.
48. Beləliklə, göründüyü kimi yuxarıda qeyd olunan iddiaçıya məxsus hüquqmüəyyənedici sənədlər qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdiriməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan həmin sərəncam “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur.
49. Analoji İşlər üzrə oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-218/2025 nömrəli, xx.xx.2025-ci il tarixli və 2-1(102)-1962/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarlarında da öz əksini tapmışdır.
50. Məhkəmə kollegiyası onu da qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən formal imtinaların edilməsi “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır.
51. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir: “Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.
53. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.
54. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
55. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).”
56. Hazırkı mübahisəyə münasibətdə onu da nəzərə almaq lazımdır ki, qeyd edilən torpaq sahəsi heç bir fiziki və ya hüquqi şəxsin adına qeydiyyata alınmayıb, yəni müvafiq qeydiyyat hər hansı şəxsin hüquqlarını və qanunla qorunan maraqlarını pozmur. 57.Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanuni əsaslarla əldə etdiyi daşınmaz əmlaka dair mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinasını iddiaçının hüquqlarının və qanunla qorunan mənafelərinin pozulması kimi hesab edir. Eyni zamanda hazırkı mübahisəyə münasibətdə cavabdeh Reyestr Xidməti tərəfindən bərabərlik (bərabər yanaşma) prinsipi pozulmuşdur.
58. Qeyd etmək lazımdır ki, bərabər əsasla əldə edilmiş daşınmaz əmlaka dair digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin icra edilməməsi üçün gətirdiyi imtina səbəbləri əsaslı və qanuni olmamış, inzibati icraatın bərabərlik prinsipi pozulmuşdur ki, bu da “İnzibati icraat haqqında” Qanunun 12, 13, 17, 19, 24-cü maddələrinin pozulmasıdır. Belə ki, eyni statusda və vəziyyətdə olan şəxslərə qarşı müxtəlif (fərqli) münasibət “bərabərlik prinsipi”nə və “inzibati praktika”ya ziddir.
59. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən “bərabərlik hüququ” kobud şəkildə pozulmuşdur. Belə ki, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Hazırkı halda isə cavabdeh orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməmiş, iddiaçıya münasibətdə fərqli münasibət bildirmişdir.
60. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1340/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir: “Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbləri, eləcə də cavabdehin analoji işlər üzrə inzibati praktikası baxımından, cavabdeh iddiaçıya münasibətdə də bərabər yanaşma prinsipinə uyğun davranmağa borcludur. Bu həm də ondan irəli gəlir ki, “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsinə görə, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İstinad olunan həmin Qanunun 13-cü maddəsinə görə, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.
61. Həmçinin, bərabər əsasla əldə edilmiş daşınmaz əmlaka dair digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin icra edilməməsi üçün gətirdiyi imtina səbəbləri əsaslı və qanuni olmamış, inzibati icraatın bərabərlik prinsipi pozulmuşdur ki, bu da “İnzibati icraat haqqında” Qanunun 12, 13, 17, 19, 24-cü maddələrinin pozulmasıdır. Belə ki, eyni statusda və vəziyyətdə olan şəxslərə qarşı müxtəlif (fərqli) münasibət “bərabərlik prinsipi”nə və “inzibati praktika”ya ziddir.
62. Qeyd edilənlərə əsasən hazırki iş üzrə torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən «daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsası» və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na istinad edən hüquqmüəyyənedici sənəd mövcud olduğundan, iddiaçıya həmin əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırki mübahisəyə münasibətdə mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir.
63. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən haqlı olmamışdır.
64. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.
65. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
66. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci 89-cu , 90.1-ci və 94.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1745/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, 3067-ci məhəllədə 8-ci mikrorayondakı “Mübarək” şadlıq evinin şimal hissəsində çörək sexinin layihələşdirilməsi və tikinti üçün ayrılmış 0,03 ha torpaq sahəsinə dair İddiaçı İM-nin istifadə hüququ qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.