Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3240/2024 10.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Cəfərov Namiq Şamil oğlu, Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4042/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin imtinasının əsassız hesab edilməsi, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsi 17 nömrəli evin 1 nömrəli mənzilinin onun adına sosial kirayə müqaviləsinin bağlanmasına sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir (İPM m.33.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsində yerləşən ümumi sahəsi 49,01 kv.metr olan 17 nömrəli evin 1 nömrəli mənzili nənəsi mərhum X4 istifadəsində olub. Belə ki, Binəqədi RİH-nin 10 iyul 2012-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsi 17 nömrəli evin 2 otaqlı, yaşayış sahəsi 33,0 kv.m olan 1 nömrəli mənzilinin sosial kirayə müqaviləsi dəyişdirilmiş və nənəsi X8 mənzilin sosial kirayə müqaviləsi üzrə kirayəçi hesab edilmişdir. Nənəsi 2017-ci ildə rəhmətə gedib. Hələ onun sağlığında və onun ölümündən sonra da nəvəsi olaraq həmin mənzildə qeydiyyatda olmaqla yaşamış və bu gün də həmin ünvanda yaşayır. İddiaçının nənəsinin valideynləri də öldüyü günə qədər həmin ünvanda yaşayıblar. Mənzilin faktiki mülkiyyətçisi nənəsi olduğu üçün onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçməlidir. Nənəsinin adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilməsinə səbəb vərəsəlik işinin açılmasıdır. Mənzilini nənəsinin adına ilkin hüquqi qeydiyyata alınması və həmin mənzilə dair onıın mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmiş, həmin idarədən xx.xx.2023-cii il tarixli məktubla imtina edilmiş, imtina olunaraq müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi olmaması ilə əsaslandırmışdır. Bundan sonra mənzilə kirayə müqaviləsi bağlanması məqsədi ilə cavabdehə müraciət etmiş, lakin sonuncu 31 oktyabr 2023-cü il tarixli məktubu ilə imtina verərək, bunu həmin evə aid orderin aşkar olunmaması ilə əsaslandırmışdır. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, Binəqədi RİH-nin 10 iyul 2012 ci il tarixli sərəncamından çıxarışına əsasən Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsi 17 nömrəli evin 2 otaqlı, yaşayış sahəsi 33,0 kv.m olan 1 nömrəli mənzilinin sosial kirayə müqaviləsi dəyişdirilmiş və vətəndaş X8 mənzilin sosial kirayə müqaviləsi üzrə kirayəçi hesab edilmişdir. Nənəsi dünyasını dəyişənə qədər də və bundan sonra da o bu mənzildə yaşamışdır. Mənzilə iddiaçının qeydiyyatındadır və istifadə hüququ vardır. Ona görə də onunla sosial kirayə müqaviləsi bağlanmalıdır. Həmin bina 1960-cı illərdə inşa olunmuş binadır. Həmin vaxtlar evlərə order verilmirdi. Ancaq sosial kirasə müqaviləsi bağlanırdı ki, bu müqavilələr də var. Mənzil zəbt olunmayıb, bu mənzili hansısa bir orqan tərəfindən verilib. Cavabdehin imtinası əsassızdır…» Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş edərək, bunu aşağıdakılarla əsaslandırılmışdır. “...İddiaçı xx.xx.2023-cü il tarixli 5-10/2-F-17 091/2023 saylı ərizə ilə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilə dair mərhum X4 adına olan sosial kirayə müqaviləsinin onun adına rəsmiləşdirilməsinə köməklik göstərilməsini xahiş etmiş, lakin iddiaçının təqdim etdiyi sənədlərdən sözügedən mənzilə dair order Rayon İcra Hakimiyyətinə təqdim edilmədiyindən müraciətin müsbət həll olunması mümkün olmamış və bu barədə vətəndaşa ətraflı cavab verilmişdir. Qeyd olunan tələblə məhkəmədə iddia qaldırsa da iddia tələbini əsaslandırmamışdır. Odur ki, iddiaçının iddia tələbi əsassız olduğu üçün cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin qeyri-mümkün sayılması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4042/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsi 17 nömrəli evin 1 saylı mənzili ilə bağlı İddiaçı Vyaçeslovovna ilə kirayə müqaviləsinin bağlanmasına dair sərəncamın verilməsi vəzifəsi cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələbələrinə uyğun venilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “... iddiaçı yuxarıda qeyd olunan tələblə məhkəmədə iddia qaldırsa da iddia tələbini qətiyyən əsaslandırmamışdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 56.3-cü maddəsinə əsasən yaşayış sahələrinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqaviləsi ilə yaşayış sahələri müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq bələdiyyə orqanının qərarına əsasən verilir. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim olunan sənədlərdən də göründüyü kimi belə bir qərar mövcud deyildir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin fərmanının1.3-cü maddəsinə əsasən həmin Məcəllənin 28.4-5-ci maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) və 56.3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir; İddiaçıya Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçota alınmamışdır. Həmçinin, sözügedən mənzilə dair order və sosial kirayə müqaviləsinin bağlanılmasına dair qərar da mövcud deyildir. Belə olduğu təqdirdə onunla sosial onunla social kirayə müqaviləsinin bağlanması mümkün deyildir. Həmin Məcəllənin 62-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır və yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən (Azərbaycan Respublikasının Nazirlər Kabineti) təsdiq olunur. Lakin, yaşayış sahəsinin birtipli forması müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən təsdiq edilməmişdir. Belə olduğu halda sual yaranır ki, hal-hazırda yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli formasımüvafiq icra hakimiyyəti orqanı tərəfindən (Azərbaycan Respublikasının Nazirlər Kabineti) təsdiq olunmadığı təqdirdə, iddiaçının iddia tələbi məhkəmə tərəfindən təmin olunarsa məhkəmə qərarının icrasının tərəfimizdən həyata keçirilməsi necə mümkün ola bilər? Beləliklə də, birinci instansiya məhkəməsinin qərarı əsassızdır, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış və o, həmin halın mövcudluğunu əsaslandıra bilməmişdir. Məhkəmə tərəfindən işin halları düzgün araşdırılmamış, iş üzrə mövcud sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarından kənara çıxılaraq əsassız qərar qəbul edilmişdir...” İddiaçı apellyasiya şikayətinə etirazında, nənəsnin ölümünə qədər və bundan sonra həmin mənzildə qeydiyyatda olmaqla yaşadığını, məhkəmənin sorğularını cavablar məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verildiyini bildirərək, cavabdehin dəlillərini əsassız hesab etmiş və birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş cavabdeh (səlahiyyətli nümayəndələri) məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikaytinə etirazda göstərilənlərə uyğun məzmunda apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçı məcburetmə haqqında iddia vasitəsilə, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsi 17 nömrəli evin 1 nömrəli mənzilinin onun adına sosial kirayə müqaviləsinin bağlanmasına sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını məhkəmədən xahiş etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə onun iddia tələbi təmin olunmuşdur. İşə əlavə olunmuş sənədlərə əsasən işin aşağıda qeyd olunan faktiki halları müəyyən olunur. Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 107 Saylı Mənzil - Kommunal İstismar Sahəsinin 98 saylı Şəxsi Hesab vərəqəsinə əsasən ünvan 2 ünvanında yerləşən 2 otaqlı mənzildə: - xx.xx.1954-xx.xx.2007-ci illərdə 1922-ci il təvəllüdlü X5; - xx.xx.2007- xx.xx.2017-ci illərdə 1942-ci il təvəllüdlü X8; -xx.xx.2014-cü ildən bu günə qədər 1996-cı il təvəllüdlü İddiaçı qeydiyyatda olmuş, X6 gəlini X8 ilə, İddiaçı isə nənəsi X8 ilə yaşamışdır. Bakı şəhəri Kirov (indiki Binəqədi) rayon X7 İcraiyyə komitəsinin (“Kirov XDS İK”) xx.xx.1983-cü il tarixli 19/122 nömrəli qərarına əsasən X1 vəfat etməsi ilə əlaqədar ünvan 2 ünvanında yerləşən 33 kv.m-lik iki otaqlı mənzilə dair şəxsi hesab vərəqəsinin arvadı X3 adına 2 nəfər ailə üzvü (özü və oğlu) keçirilsməsi qərara alınmışdır. Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli məktubu ilə göndərilmiş Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 109 nömrəli sərəncamından çıxarıa əsasən ilkin kirayəçi X3 xx.xx.2007-ci il tarixdən mənzildən pasport qeydiyyatından çıxarılması ilə əlaqədar həmin mənzildə qeydiyyatda olan X8, müraciəti əsasında Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natavan küçəsi, 17 saylı evin 2 otaqlı, yaşayış sahəsi 33,0 kv.m. olan 1-ci mənzilinin sosial kirayə müqaviləsi onun adına dəyişdirilərək mənzilin sosial kirayə müqaviləsi üzrə kirayəçisi hesab edilmişdir. Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 107 Saylı Mənzil - Kommunal İstismar Sahəsinin 98 saylı Şəxsi Hesabına əsasən, ünvan 2 ünvanında yerləşən 2 otaqlı mənzildə xx.xx.1954-xx.xx.2007-ci illərdə 1922-ci il təvəllüdlü X5, xx.xx.2007- xx.xx.2017ci illərdə 1942-ci il təvəllüdlü X8, xx.xx.2014-cü ildən bu günə qədər 1996-cı il təvəllüdlü İddiaçı qeydiyyatda olmuşlar. X6 gəlini X8 ilə, İddiaçı nənəsi X8 ilə yaşamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-ci il tarixli 18/2-39826/2023 nömrəli məktubunda bildirilmişdir ki, qeyd etdiyiniz ünvan 3 ünvanında xx.xx.1996-cı il təvəllüdlü İddiaçı yaşayış yeri üzrə qeydiyyatdadır. Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat şöbəsində qeydə alınmış xx.xx.2017-ci il tarixli, 878183 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2017-ci il tarixdə ölmüşdür (akt qeydi xx.xx.2017, No 506). Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Komunal Təsərrüfatı Departamenti Binəqədi Rayon Mənzil - X2 xx.xx.2024-cü il tarixli 58 nömrəli və həmin Birliyin 107 Sayli Mənzil - Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli 04 nömrəli - məktublarına əsasən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcə ri qəsəbəsi, Natavan küçəsi 17 saylı yaşayış binası Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilmiş, hazırda da MKTB-nin balansındadır. Dövlət Mənzil Fonduna aid yaşayış binasıdır və binanın 1 saylı mənzilində faktiki olaraq xx.xx.2014-cü il tarixdən İddiaçı qeydiyyatdadır və yaşayır. Tədqiq olunan sübutlarla müəyyən olunan hallardan göründüyü kimi, İddiaçı mübahisəli mənzilin əvvəlki kirayəçisi olan yaxın qohumu, yəni, nənəsi X4 ailə üzvü olaraq onunla birlikdə həmin mənzildə qeydiyyatda olmaqla yaşamış, sonuncunun xx.xx.2017-ci il tarixdə ölmündən sonra da yaşamaqda davam edir. Lakin, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hazırkı tələbi ilə bağlı məhkəməyə qədər müraciətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 5-10/2-F-17-091/2023 nömrəli məktubunda, onun təqdim etdiyi sənədlər arasında mənzilin orderi aşkar edilməydiyi, order təqdim olunduqdan sonra məsələ ilə bağlı müraciətinə yenidən baxılacağını bildirərək, dolayısı ilə ərizəsinin təmin edilməsindən imtina olunmuşdur Halbuki, qüvvədə olan Mənzil Məcəlləsinin 68-ci maddəsinin tələbələrinə əsasən: 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. 69.1. Kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. 69.2.Kirayəçinin yetkinlik yaşına çatmış öz ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin və kirayəyə verənin yazılı razılığı ilə digər vətəndaşları onunla birlikdə yaşayan ailə üzvləri kimi sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Kirayəyə verən vətəndaşların kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri kimi köçürülməsini o halda qadağan edə bilər ki, onların köçürülməsi nəticəsində müvafiq yaşayış sahəsinin ailə üzvlərinin adambaşına düşən ümumi sahəsi uçot normasından az olsun. 69.3. Vətəndaşların kirayəçinin ailə üzvləri kimi yaşayış sahəsinə köçürülməsi yaşayış sahəsinin sosial kirayə müqaviləsində kirayəçinin yeni ailə üzvünün qeyd olunması zəruriliyi hissəsində dəyişikliyə səbəb olur. Eyni zamanda, həmin Məcəllənin: 82.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi tərəflərin razılığı ilə istənilən vaxt ləğv edilə bilər 81.2-ci maddəsinə əsasən kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. 82.5-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə yaşayış sahəsinin itirilməsi (sökülməsi), yaşayış sahəsində tənha yaşayan kirayəçinin vəfatı ilə bağlı xitam verilir. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, tədqiq olunan sənədlərələ müəyyən olunan hallar və mənzil qanunvericiliyinin qeyd olunan tələbləri nəzərə alınmaqla, məhkəmə öz qərarında qeyd etmişdir ki, "sosial kirayə müqaviləsi üzrə mənzilin kirayəçisi tanınmış şəxsin öz ailə üzvlərini və ya onunla birgə təsərrüfat aparan digər ailə üzvlərini kirayəçisi olduğu mənzilə köçürmək hüququ vardır. Kirayəçinin həmin mənzilə başqa şəxsin köçürməsi halı kirayə müqaviləsində kirayəçinin yeni ailə üzvünün qeyd olunması əsası ilə dəyişikliyə səbəb olur. Kirayəçi vəfat etdiyi halda, ailə üzvləri vəfat etmiş kirayəçinin yerinə özlərinin mənzilin kirayəçi kimi tanınmasını və yaxud kirayə müqaviləsinin adına bağlanmasını tələb etmək hüququ vardır. Hazırkı işdə də müəyyən olunur ki, mənzilin sosial kirayə müqaviləsi üzrə sonuncu kirayəçisi kimi tanınmış X8 mənzilin kirayəçisi kimi tanınması barədə xx.xx.2012-ci il tarixli sərəncamdan sonra onunla birgə yaşayan nəvəsi İddiaçı da nəzərə alaraq kirayə müqaviləsinin dəyişdirilməsini tələb etməsə də İddiaçı faktiki olaraq X4 sağlığında həmin mənzildə onunla birgə yaşamış, birgə təsərrüfat aparmış, xx.xx.2014-cü ildən həmin mənzilə pasport qeydiyyatına alınmış, mənzilin kirayəçisi X4 xx.xx.2017-ci ildə vəfatından sonra da iddiaçı həmin mənzildə hazırkı tarixədək faktiki yaşayır. Mənzilin balanssaxlayıcısı mənzil kirayəçisinin vəfatı ilə bağlı kirayə müqaviləsinə xitam verməmiş, mənzili geri tələb etməmiş, hazırkı halda mənzil iddiaçının yaşayış yeri olmaqla faktiki istifadəsindədir. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin mənzilə dair orderin təqdim edilməməsini müraciətin təminindən imtinaya dair irəli sürdüyü dəlillərini formal mülahizə kimi qiymətləndirir. İddiaçının hazırkı halda qüvvədə olan Mənzil Məcəlləsinin tələbinə əsasən kirayə hüquq münasibətlərindən irəli gələn “qazanılmış hüququ” mövcuddur." Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.2-ci bəndindən də görünür ki, yerli icra hakimiyyəti başçısı müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsini, kommunal təsərrüfatın və mənzil-istismar sahələrinin idarə olunmasını təşkil edir, mühəndis qurğularının və kommunikasiyaların saxlanılmasına, istismarına, cari və əsaslı təmirinə nəzarəti həyata keçirir, mənzil-kommunal infrastrukturunun inkişafını təmin etmək onun öhdəliyidir. Beləliklə də, mübahisəli mənzilə dair sosial-kirayə müqaviləsinin bağlanması barədə sərəncam qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Belə olan halda, cavabdeh yerli icra hakimiyyəti tərəfindən bununla bağlı sərəncam qəbul edilməsindən imtina olunması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş olur. İPM-in 73.1-ci maddəsinin tələbindən isə görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, işə baxılarkən qeyd olunanlar nəzərə alınmış, gəldiyi nəticə işdə olan sübutlara və qanunvericiliyin tələblərinə uyğun olmuşdur Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin məhkəmə tərəfindən sübutlara düzgün hüquqi qiymət verilmədiyini, maddi və prosessual hüquq normalarının tələbələrindən kənara çıxarılmaqla, əsassız qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4042/2024 №li xx.xx.2024-cü il tarixli dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-nin 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4042/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3240/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3240/2024
10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver