Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3241/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və ödənilmiş ƏDV-nin geri qaytarılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7951/2024 nömrəli, 03 iyul 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müraciəti əsasında ƏDV-nin geri qaytarılmasından imtinaya dair cavabdehin **********977800 nömrəli qərarının qanunsuz sayılaraq ləğv olunması və xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsi əsasında aldığı daşınmaz əmlaka görə hesablanmış 7550,85 manat miqdarında ƏDV vəsaitin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin ikinci hissəsinin “…xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı ******* saylı alqısatqı müqaviləsi əsasında aldığı daşınmaz əmlaka görə hesablanmış 7550,85 manat miqdarında ƏDV vəsaitin geri qaytarılmasının müvəkkil banka yönləndirilməsi (və ya həvalə edilməsi) barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsi əsasında "xxxx" MMC-dən sonuncuya məxsus, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, ev 4451E nömrəli, ümumi sahəsi 172.40 kv.m olan bağ evini onun adından etibarnamə üzrə nümayəndəsi Vüqar Allahverdiyevin müqailəyə imza etməsi ilə almışdır. X1 adından xx.xx.2023-cü il tarixdə 50 saylı notariat ofisi vasitəsi ilə 23128 reyestr nömrəli etibarnamə verilmişdir. Əmlakın dəyəri müqavilənin 4-cü bəndinə əsasən 235000 manat təşkil etmişdir. Həmin bəndin birinci yarımbəndində əsasən 0.065 ha torpaq sahəsinin dəyərinin deyil, məhz satılmış 1172.4 kv.m ümumi sahəsi olan tikilmiş evin dəyərinin ƏDV daxil 165.000 manat olduğu müəyyən edilmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi tərəfindən alqı-satqı zamanı və ondan əvvəl 16.11.24-cü il tarixli beh müqaviləsi üzrə müvafiq beh ödənişi də daxil olmaqla bütün ödənişlər edilmişdir. Alqı-satqıdan sonra həmin daşınmaz əmlaka xüsusi mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə onun adına qeydiyyata alınaraq ona müvafiq çıxarış verilmişdir. Aldığı evin dəyəri əlavə dəyər vergisi ilə hesablandığından, qanunvericiliyin tələbinə əsasən ödədiyi ƏDV-nin müvafiq hissəsinin, yəni 7550,85 manat vəsaitin geri qaytarılması üçün elektron qaydada DVX-nə müraciət etmişdir. Cavabdehin 26 fevral 2024-cü il tarixli qərarı ilə müraciəti təmin edilməmiş, ƏDV-nin geri qaytarılmasından imtina edilmişdir. Cavabdehin imtinası əsassızdır. Cavabdeh imtinanın əsası kimi qərarında qeyd edir ki, guya ödəniş iddiaçı tərəfindən aparılmadığından və faktiki alıcı ilə ödəyicinin şəxsi məlumatları arasında uyğunsuzluq olduğundan hazırki şərtlərlə onun ƏDV-ni tələb etmək hüququ yaranmır. İddiaçının elektron qaydada cavabdehə təqdim etdiyi sənədlərdə heç bir uyğunsuzluq olmamışdır. Əks halda cavabdehin xx.xx.2024-cü il tarixli qərarında iddiaçının təqdim etdiyi sənədlərə təkrar baxış keçirilməz və bu dəfə ödənişlərin iddiaçının nümayəndəsi vasitəsilə edildiyi əsası ilə imtina barədə qərar qəbul edilməzdi. Cavabdehin bu hüquqi mövqeyi mülki qanunvericiliyin təmsilçiliyə dair təməl prinsiplərinə tamamilə ziddir. Bakı İnzibati Məhkəməsinin (hakim Emin Abdullayev) 2-1(112)-7951/2024 nömrəli, 03 iyul 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 26 fevral 2024-cü il tarixli, **********977800 saylı qərarı ləğv edilmiş, İddiaçı xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsi əsasında aldığı daşınmaz əmlaka görə hesablanmış 7550 (yeddi min beş yüz əlli) manat 85 (səksən beş) qəpik ƏDV vəsaitinin geri qaytarılmasının müvəkkil banka yönləndirilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********1977800 nömrəli qərarın ləğv edilməsi və 7550,85 manat əlavə dəyər vergisinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh orqan Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə razı deyil. İddiaçı əlavə dəyər vergisinin qaytarılması üçün xx.xx.2024-cü il tarixli elektron ərizə ilə cavabdehə müraciət etmişdir. Təqdim edilmiş elektron ərizənin araşdırılması zamanı müqavilə üzrə mənzilin tam dəyərinin cəmi 165000 manat nağdsız qaydada ödənilməsini təsdiq edən sənədlərin və alqı-satqı müqaviləsinin təqdim edilmədiyi müəyyən edilmiş və sənədlərdə çatışmazlıqlarla bağlı xx.xx.2024-cü il tarixli bildiriş alıcının portalda yaratdığı elektron kabinetə göndərilmişdir. Təkrar araşdırma zamanı xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ödəniş sənədlərində ödənişin iddiaçı tərəfindən aparılmadığı müəyyən edilmiş və sənədlərdə uyğunsuzluqla bağlı xx.xx.2024-cü il tarixli bildiriş alıcının portalda yaratdığı elektron kabinetə göndərilmişdir. Lakin iddiaçı tərəfindən son bildirişin alındığı tarixdən 10 iş günü müddətində uyğunsuzluqlar aradan qaldırılmamışdır. Bildirişdə qeyd olunan çatışmazlıqlar müəyyən edilmiş müddətdə alıcı tərəfindən aradan qaldırılmadığından “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünün yoxlanılması mümkün olmamışdır. Məhkəmə qərarında qeyd edilir ki, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsini iddiaçının adından etibarnamə əsasında X4 imzalamışdır. Əmlakın dəyərini də məhz həmin şəxs ödəmişdir. Alqı-satqı müqaviləsini iddiaçının adından Vüqar Allahverdiyevin bağlaması, onun ödənişi də məhz iddiaçının adından və onun mənafeyi üçün etməsi ilə bağlı hər hansı şübhə yaranmır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin ödənişi iddiaçının şəxsən etməməsini əsas gətirilməklə tələbdən imtina etməsi yalnız formal mülahizələrə söykənir və əsaslı hesab edilə bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı ilə X5 fərqli maraqlara malik insanlar olmuş olsa idilər, X5 həmin ödənişi iddiaçının əvəzinə etməzdi. Həmçinin həmin ödəniş mülki qanunvericiliyin “öhdəliyin üçüncü şəxs tərəfindən icrası” ilə bağlı müddəalarına uyğun gəlir ki, gələcəkdə iddiaçı ilə Vüqar Allahverdiyevin maraqları toqquşarsa, X2 məhkəmədə reqress qaydasında mülki iddia qaldıraraq iddiaçıdan ödənilmiş vəsaiti tələb edə bilər. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5-ci bəndində ödənişin kim tərəfindən necə aparılmalı olduğu ərtaflı şəkildə göstərilmişdir. Sənədlərin təkrar araşdırılması zamanı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ödəniş sənədlərində ödənişin iddiaçı tərəfindən aparılmadığı, yəni ödənişi aparan şəxsin soyad, ad və ata adının fərqli olduğu müəyyən edilmiş və sənədlərdəki uyğunsuzluqla bağlı xx.xx.2024-cü il tarixli bildiriş alıcının portalda yaratdığı elektron kabinetə göndərilmişdir. Bildirişin alındığı tarixdən 10 iş günü keçməsinə baxmayaraq, alıcı İddiaçı tərəfindən çatışmazlıqlar aradan qaldırılmamışdır. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtlərivə Qaydası”nın 5.1.2-ci bəndində məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədini portala əlavə etmək tələbi aydın şəkildə göstərilsə də, məhkəmə qərarında “ödəyən” şəxs qismində tamamilə digər şəxsin məlumatları göstərilməsini əsaslı hesab edir. Göründüyü kimi, ƏDVnin geri qaytarılması üçün fiziki şəxslər tərəfindən alınmış yaşayış sahəsi üzrə ödənişlərin həyata keçirilməsi zamanı qanunvericiliyin tələblərinə uyğun şəkildə ödənişlər həyata keçirilməlidir. Məhkəmənin tərəflərin təqdim etdikləri dəlilləri, arqumentləri və sübutları düzgün şəkildə araşdırmaq öhdəliyi vardır. Məhkəmə işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə, dəqiq səbəblər təqdim edilməklə araşdırmalıdır. Birmənalı olaraq maddi və prosessual hüquq normalarının pozulması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Vergi Məcəlləsində dəyişikliklərdən biri də məhz nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə tətbiq olunan nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması layihəsidir. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikası ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması ilə bağlı MTK tərəfindən e-qaimələrin tərtib edilməsi və alıcılar tərəfindən müraciətlərin edilməsi üçün İnternet Vergi İdarəsində müvafiq portal yaradılmışdır. Ölkədə tətbiq olunan “ƏDV geri al” layihəsinin uğurla tətbiq edilməsindəki əsas məqsəd iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm addımlar atmaqdır. ƏDV-nin qaytarılması və bununla əlaqədar Azərbaycan Respublikası Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin digər əsas məqsədi kölgə iqtisadiyyatının əhatə dairəsinin azaldılması, dövriyyələrin şəffaflaşdırılması və nağdsız əməliyyatların daha da stimullaşdırılmasıdır. Lakin iddiaçı tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydaları”nın tələbləri pozularaq, tətbiq edilmiş güzəştdən sui-istifadə edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Satıcı "xxxx" MMC ilə Alıcı İddiaçı arasında imzalanmış AN-İ seriyalı ******* nömrəli 05 dekabr 2023-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 1 və 4-cü bəndlərinə əsasən Alıcı Satıcının satdığı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 172,4 kv.m olan bağ evini (tam hissəni) ondan ƏDV daxil 165000 manat qiymətinə, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.065 ha olan torpaq sahəsini (tam hissəni) ondan 70000 manat qiymətinə almışdır. Müqavilənin 5-ci bəndinə əsasən Alıcı bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan məbləği Satıcıya notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Həmin məbləğin 20000 manat hissəsi 3M- 6995 saylı 16 noyabr 2023-cü il tarixli beh müqaviləsi ilə torpaq sahəsi üçün ödənilmiş və qalan 215000 manat hissəsi isə hazırkı müqavilə ilə Satıcıya ödənildi. Müqaviləni İddiaçı əvəzinə Bakı şəhəri 50 saylı notariat ofisində xx.xx.2023 tarixdə verilmiş 23128 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi X4 imzalamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli orderlərə əsasən 05 dekabr 2023-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə İddiaçı əvəzindən 23128 nömrəli etibarnamə ilə X4 tərəfindən 215000,00 manat və 430.00 manat (rüsum) məbləğində pul vəsaitləri 53 saylı Notariat şöbəsinin hesabına köçürülmüşdür. İş materiallarında olan ünvan 2 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir: Satıcı "xxxx" MMC ilə Alıcı İddiaçı (Bakı şəhəri 50 saylı notariat ofisində xx.xx.2023 tarixdə verilmiş 23128 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi X4) arasında Bakı şəhəri 53 saylı notariat ofisində 05 dekabr 2023-cü il tarixli 4Ə-3479 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi (ünvan 1 ünvanında 0.065 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 172.4 kv/m olan bağ evi (Reyestr nömrəsi: **********49- 11301)) rəsmiləşdirilmişdir. Həmin daşınmaz əmlakın alqı-satqısı üçün satıcı "xxxx" MMC tərəfindən təqdim edilmiş Seriya № YT**********65, tarix: xx.xx.2023-cü il tarixli elektron qaimə-faktura əsasında alıcı İddiaçı tərəfindən aşağıdakı ödənişlər həyata keçirilmişdir: Bakı şəhəri 53 saylı notariat ofisində təsdiq edilmiş 16 noyabr 2023-cü il tarixli 3M-6995 reyest nömrəli beh müqaviləsinə görə xx.xx.2023 tarixli №OD1 ödəniş tapşırığı ilə 20000 manat, Bakı şəhəri 53 saylı notariat ofisində 05 dekabr 2023-cü il tarixli 4Ə-3479 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə görə xx.xx.2023 tarixli Ref №: 263OCAZ2333900DV ödəniş tapşırığı ilə 189830,51 manat və Bakı şəhəri 53 saylı notariat ofisində 05 dekabr 2023-cü il tarixli 4Ə-3479 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə görə xx.xx.2023 tarixli Ref №: 263OPX1233393A62 ödəniş tapşırığı ilə 25169,49 manat. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 26 fevral 2024-cü il tarixli **********977800 nömrəli “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” qərarından görünür ki, İddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı müraciət etmişdir. Alıcı İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli elektron ərizəyə sənədlər əlavə edilməmişdir. Təqdim edilmiş elektron ərizənin araşdırılması zamanı müqavilə üzrə mənzilin tam dəyərinin (cəmi 165000.0 manat) nağdsız qaydada ödənilməsini təsdiq edən sənədlərin və alqı-satqı müqaviləsinin təqdim edilmədiyi müəyyən edilmiş və sənədlərdə çatışmazlıqlarla bağlı xx.xx.2024-cü il tarixli **********649500 nömrəli bildiriş alıcının portalda yaratdığı elektron kabinetə göndərilmişdir. Təqdim edilmiş sənədlərin təkrar araşdırılması zamanı xx.xx.2023-cü il tarixli, xx.xx.2023cü il tarixli ödəniş sənədlərində ödənişin iddiaçı tərəfindən aparılmadığı (ödənişi aparan şəxsin soyad, ad və ata adının fərqli olduğu) müəyyən edilmiş və sənədlərdə uyğunsuzluqla bağlı xx.xx.2024-cü il tarixli **********897500 nömrəli bildiriş alıcının portalda yaratdığı elektron kabinetə göndərilmişdir. Lakin alıcı İddiaçı tərəfindən son bildirişin alındığı tarixdən 10 iş günü müddətində uyğunsuzluqlar aradan qaldırılmamışdır. Bildirişdə qeyd olunan çatışmazlıqlar müəyyən edilmiş müddətdə alıcı tərəfindən aradan qaldırılmadığından “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünün yoxlanılması mümkün olmamışdır. İddiaçı xx.xx.2024-cü il tarixli ərizə üzrə ƏDV-nin geri qaytarılmasının təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir (Həmin maddə «Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə edilmişdir və xx.xx.2020-ci il tarixdən qüvvəyə minmişdir). “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə «Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası» təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası»: 1.1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir. 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaiməfaktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. 1.5. Alıcı eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahəsi aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetrdən və qeyriyaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Alıcının eyni binadan sahəsi 500 kvadratmetrdən artıq olan bir neçə yaşayış və ya qeyri-yaşayış sahəsi alması zamanı yaşayış və ya qeyri-yaşayış sahələrinin bir kvadratmetrinin satış qiyməti fərqli olduqda, ƏDV-nin qaytarılması məqsədilə 500 kvadratmetr hissə müəyyən edilərkən bir kvadratmetrinin satış qiyməti daha yüksək olan yaşayış və ya qeyri-yaşayış sahəsi əsas götürülür. 1.6. Yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır. 2.0. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.0.2. alıcı – satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı; 2.0.6. müvəkkil bank – ƏDV-nin qaytarılması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilən bank və ya banklar; 2.0.7. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi – bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanılmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi. 3.1. Operator: 3.1.1. bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; 3.1.2. aşağıdakı tələblərə cavab verən proqram təminatının, portalın və vahid məlumat bazasının yaradılmasını və idarə edilməsini təmin edir: 1. alıcıya təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturaların tərtib edilməsi və həmin elektron qaimə-fakturalar barədə məlumatların vahid elektron məlumat bazasına ötürülməsi; 2. alıcıların ƏDV-nin qaytarılması ilə bağlı müraciətlərinin real vaxt rejimində qəbulu və emal edilməsi; 3. alıcının portal üzərindən daxil etdiyi məlumatlarla satıcının tərtib etdiyi elektron qaimə-fakturanın məlumatlarının eyniləşdirilməsi; 3.1.3. proqram təminatının və portalın daim işlək vəziyyətdə saxlanılmasını və fasiləsiz fəaliyyətini təmin edir; 3.1.4. portaldan istifadəyə dair istifadəçi təlimatını portalda yerləşdirir. 4.1. Satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir. 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı; 2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi; 3. ödənişin təyinatı. 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). 5.4. Alıcı tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı alıcının müraciətinə operator 10 (on) iş günü müddətində baxır və bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünü yoxlayır. Sənədlərdə çatışmazlıq aşkar olunduqda, müraciət daxil olduğu gündən 5 (beş) iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə alıcının portalda yaratdığı elektron kabinetə bildiriş göndərilir. Bütün çatışmazlıqlar eyni zamanda bildirilməlidir. Alıcı həmin çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman operatorun müraciətə baxması ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət operator tərəfindən alıcının müraciətinə baxılma müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə alıcının müraciətindən sonra müddətin axımı bərpa olunur. 5.5. Elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. 5.6. Operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. 5.7. Müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır. 5.9. Müvəkkil bank bu Qaydaya əsasən qaytarılmış ƏDV məbləği barədə məlumatı ƏDV-nin qaytarıldığı tarixdən 3 (üç) iş günü müddətində vahid məlumat bazası üzərindən operatora ötürür. 5.13. Alqı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya digər səbəblərlə əlaqədar alıcının dəyişməsi zamanı (yeni alıcı tərəfindən əvvəlki alıcının ödədiyi məbləğ nəzərə alınmaqla qalıq məbləğin ödənilməsi davam etdirildiyi halda) satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı elektron qaimə-fakturalarda yeni alıcının adına dəqiqləşdirmə aparır. 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyriyaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. İşin faktiki hallarından görünür ki, İddiaçı "xxxx" MMC ilə aralarında imzalanmış AN-İ seriyalı ******* nömrəli 05 dekabr 2023-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək yaşayış sahəsinin dəyərini xx.xx.2023-cü ildə tam ödəmişdir. İddiaçı həmin məbləğin ödənilməsini təsdiq edən sənədlərlə birlikdə ödənilmiş ƏDV-nin qaytarılması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ödəniş sənədlərində ödənişin iddiaçı tərəfindən aparılmadığının (ödənişi aparan şəxsin soyad, ad və ata adının fərqli olduğu) müəyyən edildiyini qeyd etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası»nın tələblərinə əsasən ƏDV-nin qaytarılması üçün əsas tələb alınmış yaşayış sahəsinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənilməsi və bu halı təsdiq edən sübut kimi bank ödəniş sənədinin təqdim edilməsidir. İş materiallarına əlavə edilmiş ödəniş sənədlərindən görünür ki, iddiaçı bu sənədləri cavabdehə təqdim etmişdir. İş materiallarında olan ödəniş sənədlərindən görünür ki, yaşayış sahəsinin dəyərini ödəyən şəxs kimi alıcı İddiaçıdır, ödəniş isə həmin yaşayış sahəsinin alınmasına dair İddiaçı ilə "xxxx" MMC arasında imzalanmış AN-İ seriyalı ******* nömrəli 05 dekabr 2023-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilmişdir. Qeyd olunan Qaydaların tələblərinə əsasən ödəniş sənədində ödənişi aparan alıcının soyadı, adı və atasının adı, ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi, ödənişin təyinatı göstərilməlidir. Ödəniş sənədlərində adı qeyd olunan X4 alıcı kimi yaşayış sahəsinin dəyərini ödəyən şəxs deyil, pul vəsaitini iddiaçının adından banka təqdim edən şəxs olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Qaydaların 5.1.2-ci yarımbəndində “ödənişi aparan alıcının soyadı, adı və atasının adı” dedikdə, hərfi mənada pulu təqdim edən şəxs deyil, yaşayış sahəsinin dəyərini vermək öhdəliyi daşıyan alıcı nəzərdə tutulur. Çünki Qaydalara əsasən ƏDV yaşayış sahəsini nağdsız qaydada almış ödəyiciyə qaytarılır, alıcı isə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs ilə müqavilə bağlayan fiziki şəxs, hazırkı halda İddiaçıdır. Bunun əksini düşünmək, yəni Qaydaların, pul vəsaitini başqa şəxs vasitəsilə banka ödəyən alıcıya ƏDV-nin qaytarılmasını istisna etməsi həm onun qəbul edilmə məqsədlərinə, həm hüququn ümumi prinsiplərinə, həm də qanunvericiliyin tələblərinə zidd olar, bu hal bərabər vəziyyətə fərqli rəftara gətirib çıxarar. Göründüyü kimi, iddiaçı tərəfindən alqı-satqı müqaviləsinə əsasən yaşayış sahəsinin dəyəri nağdsız qaydada satıcıya tam ödənilmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7951/2024 nömrəli, 03 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3241/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3241/2024
11.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver