Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3242/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-3242/2023 (Açar sözlər: “qərarın ləğv edilməsi, pensiyadan tutulmuş ödənişlərin geri qaytarılması”) Bakı şəhəri 07 noyabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5647/2023 saylı, xx.xx.2023-cü il nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 07 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Аzərbаycаn Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının xx.xx.20222-ci il tarixli məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə baxılaraq etirazdakı dəlillərə uyğun məzmunda imtina verilmişdir.
2. Bakı şəhəri Nizami RPİ tərəfindən xx.xx.2013-cü il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1947-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuşdur.
3. Məhkəmənin sorğusu ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli məktubla iddiaçıya aid pensiya işinə aid sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Pensiya işinə əlavə edilmiş sənədlərdən görünür ki: -AR Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin 3286 nömrəli, xx.xx.2009-cu il tarixli qərarı ilə iddiaçıya xx.xx.2009-cu il tarixdən 341,35 manat yaşa görə əmək pensiyası təyin edilmişdir.
4. 3 saylı “DOST” Mərkəzinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, iddiaçı xx.xx.2013-cü il tarixdən işdən azad olduğu üçün fərdi şəxsi hesabında toplanmış pensiya kapitalının hesablanıb əmək pensiyasının üzərinə əlavə edilməsinə sərəncam verilməsini xahiş etmişdir.
5. AR ƏƏSMN tabeliyində DSMF-in Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının əmə pensiyasının təyin edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********4 nömrəli qərarından görünür ki, iddiaçıya 813,07 manat pensiya hesablanmışdır.
6. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, **********4 saylı qərardan görünür ki, Azərbaycan Respublikası “Əmək Pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə istinad edilərək Azərbaycan Respublikası Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı xx.xx.2009-cu il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyası yenidən hesablanaraq ona 951.70 manat məbləğində pensiya məbləği müəyyən edilmişdir. Yenidən hesablanma nəticəsində iddiaçıya 1786,44 manat artıq ödənilmiş məbləğ müəyyən edilmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçıya xx.xx.2009-cu ildə yaşa görə pensiya təyin edilmiş, sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi əsası ilə pensiyası yenidən hesablanmış və xx.xx.2009-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əhatə edən dövr üzrə iddiaçıya 5186.09 manat məbləğində artıq ödəmənin aşkar edilməsi əsası ilə müvafiq tutulmalar aparılmağa başlamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2009-cu il tarixdən xx.xx.2022-ci il tarixədək hər il aparılmış təftiş aktlarında və əmək pensiyasındakı artımlarla bağlı pensiyanın yenidən hesablanması barədə mühasibat sənədlərində və pensiyanın yenidən təyin olunmasına dair qərarlarda pensiyanın sığorta hissəsinin 205.46 manat əvəzində 228.74 manat məbləğdə qeydin olubolmamasını, 5186.09 manatın əmək pensiyasından olan tutulmasına son qoyulması və qanunsuz olaraq əmək pensiyasından tutulmuş məbləğlərin iddiaçıya qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2009-cu ildən əmək pensiyası alır. Cavabdeh, iddiaçının razılığı və məhkəmə qərarı olmadan xx.xx.2022-ci il tarixdən hər ay iddaçının əmək pensiyasından 81.31 manat məbləğində pul tutur. DSMF-nin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıın müraciətinə verdiyi xx.xx.2022-ci il tarixli, **********7 saylı cavab məktubunda Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının müvafiq şöbəsi tərəfindən Pensiya Alt sisteminə işlənilmiş sərəncamına əsasən pensiyanın yenidən hesablanarkən xx.xx.2009-cu il tarixdən xx.xx.2022-ci il tarixədək ona 5186.09 manat məbləğdə artıq pensiyanın ödənildiyinin aşkar edildiyini qeyd etmişdir. Belə ki, xx.xx.2009-cu il tarixdə “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının ilkin təyinatı zamanı iddiaçının pensiyasının sığorta hissəsinin 205.46 manat olduğu halda, 228.74 manat hesablandığını, artıq ödənilmiş 5186.09 manat pensiya məbləğinin xx.xx.2022-ci 1 tarixdən ayda 81.31 manat olmaqla əmək pensiyasından tutulmaqla həyata keçidrdiklərini göstərmişdir. Cavabdehin məktubda qeyd etdiyi cavabı aşağıda istinad etdiyi qanuna zidd olmaqla, işin həqiqi hallarına da uyğun deyildir. Belə ki, onun istinad etdiyi “Əmək Pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə görə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Cavabdeh isə iddiaçının razılığı və məhkəmənin qərarı olmadan iddiaçının əmək pensiyasından tutulmasına yol vermişdir. İddiaçının əmək pensiyasından artıq ödənilmiş məbləğin tutulmasına razılığına dair hər hansı bir sənədin və məhkəmə qərarının olmaması və əmək iddiaçının pensiyasının məbləğindən qanunsuz tutulmanı bildikdən dərhal sonra cavabdehə sorğu ilə müraciət etməsi cavabdehin iddaçıya cavab məktubunda qeyd etdiyi dəlillərinin doğruluğuna təkzibedilməz sübutlardır. Cavab məktubunda, pensiyanın sığorta hissəsinin 205.46 manat məbləğdə olduğu halda, onun 228.74 manat məbləğdə hesablandığı qeyd olunsa da, buna səbəb olmuş hallar, yəni riyazi hesablamalar zamanı yol verilmiş səhvlərin nəticəsi olduğu və yaxud da əməyinin ödənclərindən hər hansı birinin qanunsuz nəzərə alınmasının nəticəsi olduğu göstərilməmişdir.
9. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı iddiası əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçıya xx.xx.2009-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilərək ödəniş aparılmışdır. İddiaçının müraciətinin araşdırılması zamanı xx.xx.2009- cu il tarixdən Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək penisyasının ilkin təyinatı zamanı pensiyanın sığorta hissəsinin 205,46 manat olduğu halda, 228,74 manat nəzər alınaraq hesablanması nəticəsində əmək pensiyasının artıq ödənildiyi aşkarlanmışdır. Nəticədə xx.xx.2009-xx.xx.2022-ci il tarixədək 5186,09 manat artıq ödəmə müəyyən olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı xx.xx.2022-ci il tarixli **********4 nömrəli qərar ilə iddiaçıya 5186,09 manat artıq ödəmə olduğu müəyyən edilmişdir. Bununla əlaqədar qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, həmçinin məhkəmələrdə formalaşmış hüquqi mövqeyə görə inzibati orqan təsnifatına aid edilən Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən “artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” qərar qəbulu “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin tələbləri çərçivəsində inzibati orqanın özünün səlahiyyətindədir. Pul tələblərinin icra edilməsi zamanı tələbin icraya yönəldilməsi haqqında qərarlar icra sənədi qüvvəsinə malikdir. İnzibati akt əsasında tərtib olunmuş qərarların icrası isə qanunvericiliyin tələblərinə əsasən icra məmurları tərəfindən həyata keçirilir. Bu kateqoriyadan olan işlər üzrə məhkəmə qərarı tələb olunmur. Pensiyanın təyin edilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və digər normativ hüquqi aktlarında qeyd olundğu kimi hüquqa və haqq-ədalətə əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə hüquqi tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxarır...Bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Qeyd olunanlara əssaən iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur.
10. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 31 mart 2023-cü il tarixli, **********4 №li qərarın ləğv edilməsi və pensiyasından tutulmuş ödənişlərin geri qaytarılması vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını xahiş etmişdir.
11. Məhkəmənin 05 may 2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir.
12. İddiaçı cavabdehin iddiaya dair etirazına dair münasibətdə bildirmişdir ki etirazda cavabdeh ''artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqında qərara" və "İnzibati icraat haqqında" Qanunun 67-ci maddəsinə istinad edərək iddiaçının əmək pensiyasının məbləğindən "artıq ödənilmiş" adı ilə məbləğ tutmalarını öz səlahiyyətləri daxilində olmaqla bu əməllərini qanuni hesab etmişdir. Lakin sözügedən qərar qanunvericilikdə nəzərdə tutulmadığından, o, normativ akt sayılmır və onun heç bir hüquqi qüvvəsi yoxdur. Digər tərəfdən, artıq ödənilmiş əmək pensiyasının tutulması qaydası Azərbaycan Respublikasının "Əmək pensiyaları haqqında" Qanunun 39-cu maddəsi ilə tənzimlənir. Cavabdeh tərəfindən qəbul edilmiş, etirazda istinad olunan qərar cavabdehin maraqlarına uyğun, əmək pensiyaçılarının isə qanuni mənafelərinin əleyhinə olmaqla yanaşı, "Əmək pensiyaları haqqında" Qanunun 39-cu maddəsinin tələblərinə də ziddir. Etirazda istinad edilmiş "İnzibati icraat haqqında" Qanunun 67-ci maddəsinə gəldikdə 67.6- cı maddəsinə görə, bu maddədə nəzərdə tutulmuş hallarda etimadın qorunması hüququna istinad edilə bilməz. Həmin hallardan biri kimi, nəzərdə tutulmuş 67.6.3-cü maddəsinə görə inzibati aktın qanunsuz olduğu bilindiyi halda, qəbul edilmiş inzibati akt ləğv olunmalıdır.
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5647/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilən 31 mart 2023-cü il tarixli **********4 nömrəli qərar ləğv edilsin, İddiaçı pensiyasından tutulmuş ödənişlərin geri qaytarılması vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
14. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı işin hallarına görə, əmək pensiyaçısı olan iddiaçının artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması iç materialları ilə müəyyən edilmir. Belə olan halda, artıq ödənilmiş pensiya məbləği qanunun tələbinə görə, yalnız məhkəmə qərarı əsasında tutula bilərdi. Lakin bu barədə də iş materiallarında heç bir sübut yoxdur və cavabdeh də bu barədə heç bir dəlil təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən inzibati akt həmçinin inzibati icraat haqqında hüquq normalarının pozulması nəticəsində də qəbul edilmiş inzibati aktdır.
15. Birinci instansiya məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə, 39.2-ci maddəsinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.3-cü, 11.1-ci, 17.1-ci, 67.1-ci maddələrinə istinad etmişdir.
16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
17. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
c) Apellyasiya şikayətinin dəlilləri
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2009-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilərək ödəniş aparılmışdır. İddiaçının müraciətinin araşdırılması zamanı xx.xx.2009-cu il tarixdən Qanunun 7- ci maddəsinə əsasən yaşa görə əmək penisyasının ilkin təyinatı zamanı pensiyanın sığorta hissəsi 205,46 manat olduğu halda, 228,74 manat nəzər alınaraq hesablanması nəticəsində əmək pensiyasının artıq ödənildiyi aşkarlanmışdır. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı xx.xx.2022-ci il tarixli **********4 nömrəli qərar ilə iddiaçıya 5186,09 manat artıq ödəmə olduğu müəyyən edilmiş, xx.xx.2023-cü il **********4 nömrəli qərar ilə “Əmək Pensiyaları haqqında” qanun 39.1-ci maddəsinə əsasən pensiya yenidən hesablanmış, artıq ödəmə 1786,44 manat müəyyən edilmişdir.Qanunvericiliyin tələblərinə uyğun olaraq, Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən xx.xx.2022-ci il tarixədək ödənilmiş 1786,44 manat məbləğin bölünərək aylıq əmək pensiyasından tutulmaqla Fondun hesabına bərpa edilməsk barədə qərar qəbul edilmişdir.
d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə iddia ərizəsi ilə oxşar məzmunda yazılı etiraz daxil olmuşdur.
e) Prosses iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
21. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır.Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə).
23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2-ci maddəsinə görə bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur.
24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs- inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3-cü maddəsinə əsasən inzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. 23.1-ci maddəsinə əsasən, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 28.1.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsasdır.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3-inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
27. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
29. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, işin hallarından müəyyən edilir ki, iddiaçıya xx.xx.2009-cu ildə yaşa görə pensiya təyin edilmiş, sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi əsası ilə pensiyası yenidən hesablanmış və xx.xx.2009-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əhatə edən dövr üzrə iddiaçıya 5186.09 manat məbləğində artıq ödəmənin aşkar edilməsi əsası ilə müvafiq tutulmalar aparılmağa başlamışdır. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” və “Əmək pensiyaları haqqında” Qanunların tələblərinə əməl edilmədən pensiyanın azaldılması və pensiya məbləğindən tutulmalarla bağlı hərəkətlərə yol vermişdır.
30. Tətbiq edilən hüquq normalarına əsasən artıq ödənilmiş əmək pensiyası və ya əmək pensiyasına əlavə əmək pensiyaçısına hər ay ödənilən əmək pensiyası məbləğindən tutula bilər. Bunun üçün Qanun iki mühüm şərti müəyyən etmişdir: 1.Tutulmanı həyata keçirən orqan əmək pensiyaçısına müraciət etməli, onun razılığını almalıdır. Razılığını aldığı təqdirdə inzibati orqan vəsaitin geri qaytarılması barədə qərar qəbul etməlidir;
2. Əmək pensiyaçısı tutulma barədə razılıq vermədiyi təqdirdə inzibati orqan tutulmanın həyata keçirilməsi üçün məhkəməyə müraciət etməlidir.
31. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanun 39-cu maddəsi inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən edir. Qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsi zəruridir.
32. Hazırkı işin hallarına görə, əmək pensiyaçısı olan iddiaçının artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması iş materialları ilə müəyyən edilmir.
33. Belə olan halda, artıq ödənilmiş pensiya məbləği qanunun tələbinə görə, yalnız məhkəmə qərarı əsasında tutula bilərdi. Lakin bu barədə də iş materiallarında heç bir sübut yoxdur və cavabdeh də bu barədə heç bir dəlil təqdim edilməmişdir.
34. Məhkəmə Kollegiyası qeyd edir ki, mübahisələndirilən inzibati akt həmçinin inzibati icraat haqqında hüquq normalarının (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.3-cü, 11.1-ci, 17.1-ci, 21-ci, 24.1-ci maddələrinin) pozulması nəticəsində də qəbul edilmiş inzibati aktdır. 35.Qanunvericilikdə inzibati icraatın başlanılması üçün əsaslar, onun aparılması və yekunlaşdırılması qaydası ətraflı nəzərdə tutulmuşdur. Lakin hazırkı mübahisə üzrə cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun icraat aparılması müəyyən edilməmişdir.
36. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı maraqlı şəxs kimi başlanılmış inzibati icraata cəlb edilməli, həmin icraatı iddiaçının dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməli idi. Cavabdeh tərəfindən isə bu tələblərə əməl edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.
37. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
38. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, əlverişli inzibati aktın ləğvi və ya dəyişdirilməsi ilə bağlı mübahisənin mahiyyəti üzrə qərar qəbul edərkən, o cümlədən də artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin cavabdehdən geri tələb olunması ilə bağlı hallarda, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin, xüsusən 67.5-67.13-ci maddələrinin tələblərinin, şəxsin həmin qanunda təsbit edilmiş etimad hüququnun inzibati orqan tərəfindən nəzərə alınıbalınmadığını müəyyən etməli və ona qiymət verməlidir.
39. Həmçinin nəzərə alınmalıdır ki, 67.5-ci maddənin tələbinə görə, şəxsin özünün əlverişli hüquqi mövqeyinə olan etimadı qanunla qorunur.Eyni zamanda birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətəbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.
40. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə bağlı qənaəti əsaslı olmuşdur, odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5647/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5647/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.