Məhkəmə qərarları › İş №2-1(103)-3242/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3242/2024

04.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3242/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı (hazırkı Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsi) “qərarların ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6833/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********052600 nömrəli Qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********052600 nömrəli qərarına əsasən ona 2022-ci ilin Gəlir vergisi üzrə 12 962,50 manat əlavə vergi məbləği hesablanmışdır. İddiaçı xərclərə dair təsdiqedici sənədi olmadığından 2022-ci il üzrə gəlir vergisini məcbur qalaraq Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarı ilə təsdiq edilmiş şərti rentabelik normasına əsasən hesablamışdır. Lakin vergi orqanı həmin dövr üzrə kameral vergi yoxlaması həyata keçirmiş və iddiaçının 2022-ci il üzrə gəlirlərini 78 401,39 manat, xərclərini 522 manat, vergiyə cəlb olunan gəliri 77 879,39 manat, gəlir vergisini isə 15 575,88 manat müəyyən etmişdir. Başqa sözlə vergi orqanı iddiaçının xidmətlərin göstərilməsinə dair xərci olduğunu nəzərə almadan, ümumi gəlirinə birbaşa 20 faiz dərəcə ilə gəlir vergisi hesablamışdır. Halbuki, onun xərclərə dair sənədi olmadığından, 2022-ci il üzrə Gəlir vergisi Nazirlər Kabineti tərəfindən xx.xx.2001-ci il tarixli 55 saylı qərar ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına əsasən hesablanmalı idi. Odur ki, vergi orqanı vergi ödəyicisinin xərclərini müəyyən etmək üçün mümkün vergi nəzarəti vasitəsindən istifadə etmirsə, iddiaçının xərclərini müəyyən etmək mümkün olmadığı üçün vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəlirin (ƏDV nəzərə alınmadan) müəyyən olunması üçün həmin Qaydalara istinad etmək hüququndan imtina oluna bilməz. Vergi ödəyicisinin xərclərə dair təsdiqedici sənədi olmadığına görə, onun ödəməli olduğu gəlir vergisi müəyyən edilmiş şərti rentabellik normasını tətbiq edərək hesablanmalı idi. Belə ki, iddiaçının xərclərə dair təsdiqedici sənədinin olmaması onun göstərdiyi xidmətlərə hər hansı xərc çəkmədiyini göstərmir. Lakin vergi orqanı iddiaçının xidmətlərin göstərilməsindən əldə edilən gəlirinin olduğunu qəbul etsə də, hər hansı olmadan həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri tanımaqdan imtina edir. Beləliklə, iddiaçının ödəməli olduğu gəlir vergisi 2022-ci il üzrə 2613,38 manat ola bilcəyi halda, vergi orqanı tərəfindən iddiaçıya əsassız olaraq ümumilikdə 12 962,50 manat əlavə vergi məbləği hesablanmışdır...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçının xx.xx.2021-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyət növünün “sair ixtisaslaşdırılmış tikinti işləri”ndən ibarət olduğu, vergi orqanında uçota alınmış təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı iddiaçı tərəfindən riskli əməliyyatların aparıldığı müəyyən edilmişdir. Bununla bağlı vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış izahat və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün, 2022-ci il üçün 15 575,88 manat gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********618700 nömrəli qərar qəbul olunmuşdur. Daha sonra, iddiaçı tərəfindən 11,08.2023-cü il tarixdə hesablama metodu ilə 2022-ci il üçün cari gəlir vergisi bəyannaməsi təqdim edilərək “Hesabat dövrünün sonuna” sütununda 0,0 manat məbləğ qeyd edilərək Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75% güzəşt hüququndan istifadə edilməklə 3 937,20 manat gəlir vergisi hesablanmasına baxmayaraq, mövcud kənarlaşma aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə 11 638,68 manat vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********121000 nömrəli qərar qəbul edilərək iddiaçıya göndərilmişdir. Vergi ödəyicisi tərəfindən həmin qərardan inzibati qaydada şikayət verilmiş və vergi orqanının 1 dekabr 2023-cü il tarixli **********590300 nömrəli qərarı ilə vergi ödəyicisinin inzibati şikayəti təmin edilməmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6833/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi (hal-hazırda Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsi) tərəfindən qəbul edilmiş **********052600 saylı, 24 yanvar 2024-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ləğv edilmişdir. Cavabdeh həmin qərarla razılaşmamış, apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Vergi ödəyicisi vergi orqanına təqdim etdiyi izahatında usta kimi fəaliyyət göstərdiyini, təqdim edilmiş elektron qaimə-fakturalar üzrə əldə edilmiş pulların təmir işlərinə görə əldə edilmiş pullardan ibarət olduğunu, işlərin görülməsində cəlb edilmiş işçilərin 1 və ya 2 gün işlədiklərini, belə olan halda tərəfindən sosial hesablamaların aparıla bilmədiyini, bank hesabına şirkətlərdən 78400,0 manat məbləğində pul köçürüldüyünü, həmin pul vəsaitlərinin alınması üzrə bank tərəfindən 1,5 % xidmət haqqı tutulduğunu, xx.xx.2023-cü il tarixdə təqdim edilmiş 2022-ci ilin gəlir vergisi bəyannaməsinin Hesabat dövrünün gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 1226.3-cü (Xammal və materiallar) sətrində göstərilmiş 39 200,0 manat xərc məbləğinin mağazalardan alınmış malların dəyəri olduğunu, həmin malların pərakəndə satış yerlərindən alındığını, həmin malların alınması üçün elektron qaimə-faktura əldə edilməsinin lazım olduğunu bilmədiyi üçün malların sənədsiz alındığını, qeyd edilən 39200,0 manat məbləğində malların şveller, list metal, boya, profil, zamok, petlə, elektrod və.s kimi mallardan ibarət olduğunu, qeyd edilən malların alışı ilə bağlı bazar tərəfindən verilmiş qəbzlərin və çeklərin olduğunu, malları Buzovnada yerləşən metal satışı mağazasından aldığını, vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatların riskli əməliyyatlar hesab edilməsi və bu barədə xx.xx.2023-cü il tarixli **********938400 nömrəli məktubun göndərilməsindən xəbərinin olmadığını, Bakı Abadlığın təmir etdiyi həyətlərdə darvazaların tərəfindən yığıldığını, boruların isə faktiki olaraq təqdim edilmədiyini, borular üzrə elektron qaimə- fakturaların təqdim edildiyini, lakin həmin iş görülmədiyini və onunla bağlı pulların alınmadığını, hazırlanmış darvazaların malmaterialının özü tərəfindən alındığını, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.30-cu maddəsi ilə tanış olmadığını bildirmişdir. Uçot-baza məlumatlarına əsasən fərdi sahibkar tərəfindən 2022-ci il ərzində elektron qaimə-fakturalar əsasında 78 401,38 manat məbləğində daş kubik, dəmir boru, dəmir darvaza, dəmir darvaza hazırlanması və qoyulması, dəmir məhəccər, kəsim sexinin kanalizasiyasının üst qapağı, söhbətgah (besetka) dəmirdən, yeni temprli şüşə qapının sifarişi və.s adlı malların (iş və xidmətlərin) təqdim edildiyi, elektron qaimə-fakturalar əsasında malların (iş və xidmətlərin) əldə edilmədiyi, mal alışı ilə bağlı malların elektron alış aktlarının əldə edilmədiyi, 2022-ci il ərzində idxal əməliyyatlarının aparılmadığı müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə hesablama metodu ilə 2022-ci il üçün təqdim edilən Gəlir vergisi bəyannaməsinin “Hesabat dövrünün gəlirləri” hissəsində 78 401,0 manat gəlir, ““Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsinin 1226.1-ci (Əmək haqqı və ona bərabər tutulan ödəmələr) sətrində 2 070,0 manat, 1226.2-ci (Sosial sığorta haqları) sətrində 455,40 manat, 1226.3-cü (Xammal və materiallar) sətrində 39 200,0 manat, 1226.13-cü (Bank xidməti üzrə xərclər) sətrində 889,62 manat olmaqla ümumilikdə 42 615,02 manat məbləğində gəlirdən çıxılan xərc məbləği qeyd edilərək Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fiziki şəxslər üçün nəzərdə tutulmuş sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi olan güzəşt hüququ nəzərə alınmaqla 3 937,20 manat gəlir vergisi bəyan edildiyi müəyyən edilmişdir. Araşdırma zamanı fərdi sahibkar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının” 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə uyğun olaraq riskli vergi ödəyicisi hesab olunmuş və bununla bağlı xx.xx.2023-cü il **********184700 nömrəli Qərar qəbul olunaraq fərdi sahibkara göndərilmişdir. Qeyd olunan qərarda “Vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə cəmi 16.0 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "2 ədəd dəmir darvaza və 290 metr dəmir boru" satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Vergi ödəyicisinin ticarət fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmiş, lakin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının 2.1.1-ci, 3.1.1 -ci və 2.1.3-cü yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur.” qeyd edilmişdir. Kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1 -ci və 2.1.3-cü yarımbəndlərinə əsasən fərdi sahibkar tərəfindən riskli əməliyyatların aparılmasına, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021 -ci il tarixli 406- VİQD №li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərtinin təsbit edildiyi üçün əldə edilmiş 78 401,39 manat gəlir, 522,0 manat xərc nəzərə alınaraq 2022- ci il üçün 20 faiz dərəcə ilə 11 638,68 manat gəlir vergisi məbləği hesablanmışdır. Daha sonra, vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixindən yenidən dəqiqləşdirilmiş Gəlir vergisi bəyannaməsi təqdim edilmiş və bəyannamədə 75 faiz güzəşt çıxarılaraq, xərc məbləği artırılmış və 65334,49 manat xərc məbləği bəyan edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən mövcud kənarlaşma aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə 12 962,50 manat gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********052600 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Məhkəmənin Nazirlər Kabinetinin 55 saylı Qərarının tətbiqinə münasibətdə bildiririk ki, vergi ödəyicisi tərəfindən gəlir və xərclərin uçotu aparılmayaraq şərti rentabellik tətbiq etməklə özünə xərc hesablaması qanunvericilikdə nəzərdə tutulmamışdır. İnzibati orqan tərəfindən isə bu cür hesablama tətbiq edilərkən vergi ödəyicisinin fəaliyyəti hərtərəfli təhlil edilməklə qərar qəbul edilir. Əgər vergi orqanı tərəfindən həmin normanın tətbiq edilməsi məcburi xarakter daşısa idi, vergi ödəyiciləri tərəfindən malların alış- satışına dair düzgün vergi uçotu aparmağa gərək olmazdı. Vergi ödəyiciləri hər bir halda həmin normanın tətbiq ediləcəyini bildikləri üçün artmaqda davam edən vergidənyayınma halları baş verərdi, bu isə birbaşa dövlət büdcəsinə daxilolmaların əhəmiyyətli dərəcədə azalması şəklində özünü göstərmiş olardı.Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 5 dekabr 2023-cü il № 1033-VİQD Qanuna əsasən Vergi Məcəlləsinin 67.14-cü, 83.9-cu maddələri 2024-cü ilin yanvarın 1dən Vergi Məcəlləsindən çıxarılmışdır. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən analoji halların gələcəkdə daha böyük problemlərə səbəb olacağı ehtimalını dəyərləndirməmiş və ədalətsiz qərar qəbul etmişdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, eyni zamanda, oxşar iş üzrə Ali Məhkəmənin son təcrübəsi ilə bağlı qərarını məhkəməyə təqdim edərək, hazırkı iş üzrə iddianın təmin olunmasının iddiaçıya münasibətdə vergi qanunvericilyinin tələblərinə müvafiq fəaliyyət göstərən digər vergi ödəyicilərinin bərabərlik hüququnun pozuduğunu qeyd edərək, apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil J.A.Oruczadə cavabdeh tərəfindən vergilərin şərti rentabellik tətbiq olunmaqla hesablanmalı olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilməli və iddianın rədd olunması barədə yeni qərar çıxarılmalıdır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Konkret halda, iş materiallarına əsasən cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən qərarın qəbulunu zəruri edən şərtlərin mövcudluğu sübuta yetirilir. Belə ki, iş materiallarına əsasən aşağıdakı faktlar müəyyən olunur. İddiaçı hesablama metodu ilə fəaliyyət göstərir. Onun vergi orqanına təqdim etdiyi xx.xx.2023-cü il tarixdə 2022-ci il üçün təqdim etdiyi gəlir vergisi bəyannaməsinin - “Hesabat dövrünün gəlirləri” hissəsində gəlirini 78 401,0 manat, “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsinin 1226.1-ci sətrində əmək haqqı və ona bərabər tutulan ödəmələri 2 070,0 manat, 1226.2-ci sətrində sosial sığorta haqlarını 455,40 manat, 1226.3-cü sətrində xammal və materialları 39 200,0 manat, 1226.13-cü sətrində bank xidməti üzrə xərclərini 889,62 manat - ümumilikdə 42 615,02 manat məbləğində gəlirdən çıxılan xərc məbləğini qeyd edərək Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fiziki şəxslər üçün nəzərdə tutulmuş sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi olan güzəşt hüququ nəzərə alınmaqla 3 937,20 manat gəlir vergisi bəyan edilmişdir. Lakin vergi orqanı kameral yoxlama nəticəsində uçot-baza məlumatlarına əsasən müəyyən etmişdir ki, iddiaçı tərəfindən 2022-ci il ərzində elektron qaimə-fakturalar əsasında 78 401,38 manat məbləğində daş kubik, dəmir boru, dəmir darvaza, dəmir darvaza hazırlanması və qoyulması, dəmir məhəccər, kəsim sexinin kanalizasiyasının üst qapağı, söhbətgah (besetka) dəmirdən, yeni temprli şüşə qapının sifarişi və.s adlı mallar (iş və xidmətlər) təqdim edilsə də elektron qaimə-fakturalar əsasında malların (iş və xidmətlərin), mal alışı ilə bağlı malların elektron alış aktlar əldə edilməmiş, 2022-ci il ərzində idxal əməliyyatları aparılmamışdır. Qeyd olunanlar nəzərə alınmaqla vergi orqanı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1 -ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə uyğun olaraq iddiaçının riskli vergi ödəyicisi hesab olunmasıbarədə xx.xx.2023-cü il **********184700 nömrəli Qərar qəbul olunaraq ona göndərilmişdir. Daha sonra, vergi orqanı kameral vergi yoxlaması ilə - Vergi Məcəlləsinin həmin anda artıq qüvvədə olmuş 102.1.30-cu və 106.1.20-ci maddələrinə əsasən mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunu aparılmaq şərti ilə həmin güzəşti tətbiq edilməsi imkanı nəzərdə tutulduğundan, iddiaçıya əldə etdiyi 78 401,39 manat gəlirdən, onun həmin gəlirin əldə edilməsi üçün təqdim edə bildiyi 522,0 manat xərci çıxılmaqla, 2022- ci ilin hesabat dövrü üzrə həmin Məcəllənin 101.3-cü maddəsinə müvafiq olaraq 20 faiz dərəcə ilə 11 638,68 manat gəlir vergisi məbləği hesablanmaqla “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********121000 nömrəli qərar qəbul edilərək ona göndərilmişdir. İddiaçının həmin qərardan şikayət instansiyası - Dövlət Vergi Xidmətinə verdiyi şikayət sonuncunun xx.xx.2023-cü il tarixli qərarı ilə təmin olunmamış və iddiaçı istər onun riskli vergi ödəyicisi hesab olunması barədə xx.xx.2023-cü il birinci qərardan, istərsə də komeral yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli qərarlarını məhkəmə qaydasında mübahisələndirməmişdir. “ İnzibati icraat haqında” Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsi isə nəzərədə tutur ki, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Lakin, şikayət instansiyası tərəfindən onun həmin şikayəti təmin edilmədiyində, xx.xx.2023-cü il tarixdə iddiaçı yenidən vergi orqanına 2022-ci hesabat ili üçün dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim edərək, həmin bəyannamədə 75 faiz güzəşt çıxarılaraq, xərc məbləği artırılmış və 65334,49 manat xərc məbləği bəyan edilmişdir. Cavabdeh vergi orqanı tərəfindən isə onun həmin dəqiqləşmə bəyannaməsi üzrə kameral qaydada qiymət verilərək, əvvəlki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********121000 nömrəli qərarı ləğv edilmiş və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********052600 nömrəli yeni qərarı ilə iddiaçıya 12 962,50 manat məbləğində gəlir vergisi hesablanmışdır. Konkret halda, iddiaçı tərəfindən vergi orqanının sözügedən, bu sonuncu xx.xx.2024-cü il tarixli qərar xx.xx.2024-cü il tarixdə məhkəmə qaydasında mübahisələndirərək ləğv edilməsini tələb etmişdir. Lakin işin yuxarıda tədqiq edilən hallarından göründüyü kimi, iddiaçı tərəfindən 2022-ci ildə əldə etdiyi 78 401,39 manat gəlirin əldə edilməsi üçün 522,0 manat xərc sənədi istisna olmaqla, başqa sənəd təqdim etmədiyi işin mübahisələndirilməyən halıdır. Çünki, iddiaçının iddia ərizəsində etiraf edir ki, xərcələrə dair sənədi olmadığından şərti rentabellik tətbiq etməklə gəlir vergisini bəyan etmişdir. Halbuki, Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinin tələbinə görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Həmin Məcəllənin 106.1.20-ci maddəsinin 4-cü abzasına əsasən vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti (hesablanmış və ödənilmiş mənfəət vergisinin 75 faizi həcmində vergi güzəşti) əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir Həmin Məcəllənin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı tərəfindən 2022-ci il ərzində elektron qaimə-fakturalar əsasında 78 401,38 manat məbləğində daş kubik, dəmir boru, dəmir darvaza, dəmir darvaza hazırlanması və qoyulması, dəmir məhəccər, kəsim sexinin kanalizasiyasının üst qapağı, söhbətgah (besetka) dəmirdən, yeni temprli şüşə qapının sifarişi və.s adlı mallar (iş və xidmətlər) təqdim edilsə də, elektron qaimə-fakturalar əsasında malların (iş və xidmətlərin), mal alışı ilə bağlı malların elektron alış aktlar əldə edildiyi və həmin ildə idxal əməliyyatları aparılmadığı nəzərə alınmaqla vergi orqanı tərəfindən iddiaçı - Vergi Məcəlləsinin qeyd olunan normalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq iddiaçının riskli vergi ödəyicisi hesab olunması barədə xx.xx.2023-cü il **********184700 nömrəli Qərar qəbul olunmuşdur, həmin qərar iddiaçı tərəfindən mübahisələndirilməmiş, hal-hazırda da qüvəsinddədir və iddiaçı tərəfindən riskli vergi ödəyicsi siyahısından çıxarılması üçün məsələ qaldırılmamışdır. Başqa sözlə iddiaçının 2022-ci ildə əmtəəsiz əməliyyatlar aparmaqla gəlir əldə etdiyi öz təsdiqini tapmış olur. Belə olan halda, onun tərəfindən verilmiş 2022-ci ilin gəlir vergisi bəyannaməsinin göstəriciləri vergi qanunvericiliyinin tələblərinə uyğun hesab edilə bilməz. Oxşar mübahisəyə dair Azərbaycan Respublikası Ali Məhkəməsində baxılan iş üzrə qəbul olunmuş 2-1(102)-1462/2024 saylı xx.xx.2024-cü il tarixli qərarında qeyd etmişdir ki, “...alış sənədi olmayan və mal təqdim edən vergi ödəyicilərinin, qəsmən alış sənədi olan vergi ödəyiciləri ilə müqayisədə bazarda üstünlük əldə etməsinə, o cümlədən malların ümumiyytlə, alış sənədi olmadan alınmasına əsassız stimul yaradır.” Beləliklə də cavabdehin mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********052600 nömrəli Qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Belə olan halda, həmin qərarla iddiaçının hüquqları pozulmuş hesab edilməsi istisna olunur. İPM-in 70.1-ci maddəsinin mənası da məhz onu ehtiva edir ki, məhkəmə o halda inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edir ki, həmin akt qanuna zidd olsun və bunun nəticəsində onun hüquqları pozulsun. Birinci instansiya məhkəməsi tərəfindən iş materalları hərtərəfli araşdırılmamış, işdə olan əhəmiyyət kəsb edən sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul edilmişdir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin məhkəmə tərəfindən sübutlara düzgün qiymət verilmədiyini və ədalətsiz qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)- 6833/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və İddiaçı iddiasının rədd olunması barədə yeni qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-6833/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddia rədd edilsin. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar