Məhkəmə qərarları › İş №2-1(103)-3243/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3243/2022

29.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3243/2022 29.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2-1(112)-3543/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 31 dekabr 2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2014-cü il tarixdən 57 yaşım tamam olduğu vaxtda ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı 31 dekabr 2021-ci il tarixdə ona pensiya ödənişinin dayandırılması barədə rəsmi məlumat təqdim etmişdir. Cavabdehə pensiya ödənişinin dayandırılması ilə bağlı sənədlər təqdim edərək ona ödənilən pensiyanın davam etdirilməsi barədə müraciət etmişdir. Cavabdeh qanunsuz olaraq müraciətinə imtina təqdim edərək bildirmişdir ki, araşdırmanın nəticəsində onun işlədiyi "xxxx" ASC-nin kanalizasiya şəbəkələrinin istismarı üzrə qəza-bərpa işləri üzrə çilingər peşəsində işlədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin fəhlələr bəndinin, yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza bərpa işlərinin çilingərləri peşəsi nəzərdə tutulmuşdur. Beləliklə cavabdehin təqdim etdiyi imtina məktubundan görünür ki, onun işlədiyi vəzifə kanalizasiya şəbəkələrinin istismarı üzrə qəza-bərpa işləri üzrə çilingər olduğundan ona ödənilən pensiya dayandırılmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, o, 14 fevral 1978-ci il tarixdən 25 sentyabr 1995-ci ilədək və 19 fevral 1996-cı ildən 12 oktyabr 1998-ci ilədək 20 il 03 ay müxtəlif tikinti idarələrində tam iş günü ərzində rəngsaz vəzifəsində işləmişdir. O, 20 oktyabr 1998-ci il tarixdən 01 oktyabr 2002-ci İİ tarixədək 03 il 11 ay neft və qaz hasilatı sahəsində operator vəzifəsində, 13 oktyabr 2003-cü il tarixdən hal-hazıradək Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bakı Sukanal İdarəsinin kanalizasiya şəbəkələri və qurğularının istismarı xidmətinə qəza bərpa işləri üzrə çilingər vəzifəsində işləyir. Onun 16 iyul 2014-cü il tarixdə 57 yaşı tamam olduğu vaxtda güzəştli şərtlərlə əmək pensiyası hüququ yarandığından ona pensiya təyin edilmişdir. Onun güzəştli şərtlərlə əmək stajı kanalizasiya şəbəkələri və qurğularının istismarı xidmətinə qəza bərpa işləri üzrə çilingər vəzifəsində işləməsini "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Səbail Sukanal İdarəsinin 13 noyabr 2020-ci il tarixli, RO-01/25 saylı arayışı ilə təsdiq olunur. Onun əmək şəraiti zərərli və hansı vəzifədə işləməyi faktını əmək kitabçası ilə və iş yeri təsdiq etmişdir. Lakin, cavabdehə yəni inzibati orqan öz vəzifəsini layiqincə icra etməyərək rəsmi sənədləri təqdim etməyinə baxmayaraq, heç bir araşdırma aparmadan pensiyanın ödənilməsini təmin etməmişdir. Nəzərə çatdırır ki, onun ümumilikdə əmək stajı 30 (otuz) ildən çox təşkil edir. Göründüyü kimi onun 57 yaşı 2014-ci il tarixdə olduğundan həmin tarixdə ümumi 25 ildən artıq iş stajı olmuş bu müddətin 12 il 06 aydan artıq əmək şəraiti zərərli işlərdə təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına ərizə müraciət edərək əmək pensiyasının qanunsuz dayandırıldığını və ödənilməsini xahiş etmişdir. Ona 11 oktyabr 2021-ci il tarixdə əsassız olaraq imtina verərək bildirilmişdir ki, güzəştli şərtlərlə əmək pensiyası almasına əmək stajı olmadığından qanunsuz olaraq imtina verilmişdir. Cavabdeh məhkəməyə iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılarkən məlum olmuşdur ki, xx.xx.2003-xx.xx.2004-cü il tarixləri arasındaki dövr ərzində "xxxx" ASC-nin kanalizasiya şəbəkələrinin istismarı üzrə işlədiyi qəza-bərpa işləri üzrə çilingər peşəsi Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 Siyahı üzrə müəyyən edilmiş yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri peşəsinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanmağı üçün tələb olunan 12 il 06 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanmağı üçün tələb olunan 12 il 06 ay güzəştli iş stajından azdır (1 il 09 ay). X7 rayon şöbəsi tərəfindən adıçəkilən şəxsə qanunvericiliyin tələblərinə uyğun olmayaraq xx.xx.2014-cü il tarixindən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Buna görə də xx.xx.2014-xx.xx.2021-ci il tarixləri arasındaki dövr ərzində İddiaçı ümumilikdə 16.458,46 manat artıq pul vəsaiti ödənilmişdir. Bu səbəbdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması haqqında qərar qəbul edilmişdir. Bu barədə adıçəkilən şəxsən xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli məktublarla məlumat vermiş, eləcə də artıq ödənilmiş 16.458,46 manat pul vəsaitini könüllü büdcəyə qaytarılması xahiş olunmuş, əks halda ona artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədi ilə qanunvericiliyin tələblərinə uyğun qaydada ğörüləcəyi bildirilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən əmək pensiyasının dayandırılması haqqında xx.xx.2021-ci il və artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması barədə xx.xx.2021-ci il tarixli qərarlarının ləğv edilməsi və ona təyin olunmuş pensiyasının dayandırıldığı tarixdən, yəni xx.xx.2021-ci il tarixdən bərpa edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-3543/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim: O.Həsənov) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti mahiyyətcə imtina və etirazın eynilik təşkil edən məzmununa uyğun tərtib edilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2021-ci il tarixli **********2 №-li Qərarından görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdə təyin edilmiş əmək pensiyası DSMF-nin Daxili nəzarət departamentindən daxil olmuş xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktuba əsasən dayandırılmışdır. İş materiallarında olan artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması barədə xx.xx.2021-ci il tarixli **********6 nömrəli qərardan görünür ki, borclu İddiaçı xx.xx.2014xx.xx.2020-ci il tarixləri arasında dövr ərzində ona 16458,46 manat artıq ödənilmiş əmək pensiyası məbləğin tələb edilərək 10 gün müddətində Mərkəzi Filialın hesabına ödənilməsi qərara alınmışdır. İşdən görünür ki, iddiaçı əmək pensiyasının dayandırılması haqqında xx.xx.2021-ci il və artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması barədə xx.xx.2021-ci il tarixli qərarlarının ləğv edilməsi və ona təyin olunmuş pensiyasının dayandırıldığı tarixdən, yəni xx.xx.2021-ci il tarixdən bərpa edilməsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. Məhkəmə ilkin olaraq əmək pensiyasının dayandırılması haqqında qərarın ləğvi və əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi ilə bağlı iddia tələbinə qiymət verilməsini zəruri hesab etmişdir. Belə ki, həmin iddia tələbinə münasibətdə məhkəmənin təmin etmə barədə qiymətləndirməsi iddianın digər hissənin münasibət bildirilməsində həlledici əhəmiyyət daşıyır. Belə ki, əmək pensiyasının dayandırılması barədə qərarın ləğvi və pensiyanın bərpa edilməsi barədə iddianın təmini, artıq ödənişin geri istənilməsinin qanunsuz hesab edilməsi üçün əsaslardan biri qismində çıxış edir. Əmək pensiyasının dayandırılması haqqında qərarın ləğvi və əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi ilə bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab etmişdir. Məhkəmə icraatı zamanı təqdim olunmuş pensiya işindən görünür ki, iddiaçıya xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və müvafiq ödənişlər edilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli məktubunun məzmunundan görünür ki, iddiaçıya təyin edilmiş pensiya dayandırılmış və buna səbəb kimi aparılan araşdırma zamanı iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun olmadığının müəyyən edilməsi göstərilmişdir. Qeyd olunan məktubun məzmununa görə təyin edilmiş pensiyanın dayandırılma əsası kimi cavabdeh inzibati orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Departamenti tərəfindən aparılan araşdırmalara istinad etmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2014-cü il tarixdən təyin edilmiş pensiyanın dayandırılması cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat-fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə pensiyanın dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Belə ki, iş materiallarında olan sənədlərdən və məhkəmə icraatı zamanı tələb olunmuş pensiya işindən görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsinə əsasən İddiaçı əmək pensiyasının ödənişi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Departamenti tərəfindən aparılmış araşdırma nəticəsində dayandırılmışdır. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiya bu barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, bu barədə iddiaçıya xx.xx.2021-ci il tarixdə pensiyanın dayandırılması barədə qərar qəbul edərək xx.xx.2021-ci il tarixli məktubla məlumat verməklə kifayətlənərək, artıq ödənildiyini iddia etdiyi pensiya məbləğinin geri qaytarılmasını tələb etmiş, bununla da pensiya təyinatı üzrə ödənişin dayandırılması barədə faktiki xarakterli hərəkətlər etməklə iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Bundan başqa, iddiaçıya xx.xx.2021-ci il tarixdə pensiya ödənişi dayandırıldığı halda (cavabdeh özü də pensiya ödənişlərin həmin tarixədək edildiyini qəbul edir), sözügedən xx.xx.2021-ci il tarixli məktub bundan 1 ay sonra göndərilmiş, həmin məktubun hansı tarixdə iddiaçıya göndərilməsi, bu artıq ödəmənin qaytarılmasına sonuncunun razı olub-olmadığını bildirmək üçün ona vaxtın verildiyi kimi hallar da cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmir. Məhkəmə, eyni zamanda onun da qeyd edilməsini zəruri hesab edir ki, işin hallarından da müəyyən edildiyi kimi şəxsin pensiyası 05 yanvar 2021-ci il tarixindən dayandırılsa da, əmək pensiyasının dayandırılması barədə qərar isə 18 fevral 2021-ci il tarixdə qəbul edilmişdir. Göründüyü kimi şəxsə verilmiş əmək pensiyasının heç bir inzibati akt olmadan 05 yanvar 2021-ci il tarixdən dayandırıldığı aşkardır. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçı onun pensiyasının dayandırılması barədə qərarın ləğv edilməsi və ona güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiyanın bərpa edilməsini tələb etməkdə haqlı olduğu üçün onun pensiyası xx.xx.2021-ci il tarixdən (cavabdeh tərəfindən dayandırıldığı tarixdən) bərpa edilməlidir. Digər tərəfdən məhkəmə İddiaçı irəli sürdüyü iddianın təkcə prosessual deyil, həmçinin mahiyyəti üzrə əsaslı olmasını da hesab etmişdir. Məhkəmə hazırkı inzibati məhkəmə mübahisəsinin yaranmanın əsası qismində çıxış edən həmin halın araşdırılmasına keçməzdən əvvəl, ümumiyyətlə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün hansı zəruri şərtlərin ödənilməli olmasına qiymət vermişdir. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Şərh olunan hər iki qanunvericiliyin müddəalarının müqayisəli təhlilindən görünür ki, həm “Əmək pensiyaları haqqında” Qanunun, həmçinin də “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa görə kişilərə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi iş stajının 25 il, güzəştli iş stajının 12 il 06 aydan çox olmasını şərtləndirmişdir. Burada yeganə fərq odur ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunundan fərqli olaraq ƏMQ-nın tələbinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri iş stajı xx.xx.2017-ci il tarixədək toplanmalıdır. Cavabdehin etirazından, o cümlədən iş materiallarında olan məktublardan görünür ki, iddiaçıya güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyasının dayandırılması əsası iddiaçının xx.xx.2003-xx.xx.2014-cü il tarixləri arasındaki dövr ərzində əmək fəaliyyətini həyata keçirdiyi qəza-bərpa işləri üzrə çilingər peşəsinin əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda müəyyən edilmiş yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri peşəsinə uyğun hesab edilməməsi ilə bağlıdır. Məhkəmə də hazırkı inzibati məhkəmə mübahisəsinin yaranmanın əsası qismində çıxış edən həmin halın araşdırılması ilə bağlı sorğu ilə "xxxx" ASC-yə müraciət etmişdir. Həmin sorğuya cavab məktubunda İddiaçı xx.xx.2011-ci il tarixdən hal-hazıradək "xxxx" ASC-nin Səbail rayon Sukanal İdarəsində Su və Kanalizasiya istismarı sahəsinin qəza-bərpa işləri üzrə çilingər peşəsində işlədiyini, əmək fəaliyyətinin təsviri olaraq rayon ərazisində gündəlik baş verən müxtəlif dərinliklədən keçən su təchizatı və tullantı sularının axıdılması sistemlərində, yeraltı kanalizasiya xəttlərində baş verən qəzaların, xətt tutulmalarının aradan qaldırılması istiqamətində gündəlik və mütəmadi xidmət göstərdiyi; prinsip etibarı ilə istehsalat şəhər tullantı sularının axıdılması zamanı ağır şəraitsizlik o cümlədən insan orqanizmi, sağlamlığl və həyatı üçün hər an təhlükəli olan zərərli maddələr element və komponentlərlə o cümlədən zəhərli partlayıcı qazlarla daim təmasda olduğu qeyd edilmişdir. Bunda başqa, "xxxx" ASC-nin Səbail rayon Sukanal İdarəsinin Kanalizasiya şəbəkələri və qurğularının istismarı xidmətinin qəza-bərpa işləri üzrə çilingərin peşə təlimatının 2.1-ci bəndində işçinin əsas vəzifə və funksiyaları kanalizasiya xətlərinin baxışı quyuların, yağış barmaqlıqlarının təmizlənməsi, diametri 300-900 mm və ya daha çox olan 12 m-dən dərin kanalizasiya xətlərində baş vermiş tutulma hallarının və qəzaların aradan qaldırılması nəzərdə tutulduğu, həmçinin iddiaçının zərərli əmək şəraitinə əsasən 6 (altı) günlük əlavə məzuniyyət hüququndan istifadə etdiyi göstərilmişdir. Məhkəmə qeyd olunan məlumatlara istinad edərək hesab etmişdir ki, iddiaçının əmək fəaliyyətini həyata keçirdiyi müəssisə tərəfindən onun güzəştli iş stajının mövcud olması barədə sorğuya cavab məktublarının mötəbərliyini şübhə altına alacaq hər hansı səbəb mövcud deyil. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, güzəştli arayışda iddiaçının yalnız xx.xx.2011-ci il tarixdən "xxxx" ASC-nin Səbail rayon Sukanal İdarəsində Su və Kanalizasiya istismarı sahəsinin qəza-bərpa işləri üzrə çilingər peşəsində işləməsi, həmçinin həmin peşədə işlədiyi müddət ərzində icra etdiyi əmək funksiyaları xarakterizə olunsa da, bu hal həmçinin iddiaçının əvvəlki dövrlərdə yəni, cavabdehin mübahisələndirdiyi xx.xx.2003-cü il tarixdən başlayan dövrlərə də şamil olunur. Belə ki, əmək kitabçasından görünür ki, iddiaçı “qəza-bərpa işləri üzrə çilingər” peşəsi üzrə xx.xx.2003-xx.xx.2004-cü il tarixədək X1 müəssisəsinin Səbail sahəsində; xx.xx.2004-cü il tarixdən xx.xx.2011-ci il tarixədək "xxxx" ASC Kanalizasiya Xidməti İdarəsi X2 Səbail sahəsində işləmişdir. Əmək müqaviləsinin və əmək kitabçasının birgə təhlilindən görünür ki, iddiaçı xx.xx.2003-cü il tarixdən etibarən “qəza-bərpa işləri üzrə çilingər” peşəsi üzrə əmək funksiyaları icra etməyə başlamış, müxtəlif əsaslara görə işdən azad edilmiş, lakin sonradan həmin peşə üzrə işə qəbul olunmuş və bu müddət ərzində “Kanalizasiya Şəbəkələri və Qurğularının İstismarı” xidmətində əmək funksiyaları icra etmişdir. Başqa sözlə desək iddiaçı xx.xx.2003-cü il tarixdən eyni sahə və eyni peşə üzrə əmək fəaliyyətini icra etdiyindən, onun güzəştli iş dövrü təkcə xx.xx.2011-ci il tarixdən sonrakı dövrü əhatə etmir, əksinə daha əvvəl, yəni xx.xx.2003-cü il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövrü əhatə edir. Nəzərə alınmalıdır ki, iddiaçının işlədiyi sahə və peşənin adından da görünür ki, o, xx.xx.2003-cü il tarixdən zərərli sahədə əmək fəaliyyəti icra etmişdir. Belə ki, ümumməlum olan arqumentdir ki, kanalizasiya dedikdə tullantı su və mayelərin məskunlaşma bölgələrindən və sənaye bölgələrindən uzaqlaşdırılması üçün qurulan yeraltı qurğu sistemi başa düşülür. Qeyd olunmalıdır ki, kanalizasiya xəttlərinin yerin altından keçir. Bu sahədən işləyən əməkdaşlar isə, misal olaraq qəza-bərpa işləri üzrə çilingərlər öz vəzifə funksiyaları icra edərkən müxtəlif dərinliklərdən keçən su təchizatı və tullantı sularının axıdılması sistemində, yeraltı kanalizasiya xəttlərində baş verən qəzaların, xətt tutulmalarının aradan qaldırılması istiqamətində xidmət göstərillər. Əlbəttə bu peşə üzrə işləyən əməkdaşların əmək funksiyalarının insan orqanizmi, sağlamlığı və həyatı üçün təhlükə yaratdığı istisna olunmur. Göründüyü kimi əmək funksiyalarının nədən ibarət olması, işçilərin hansı sahə üzrə işləməli olması və ya işləmiş olması barədə məlumata müstəsna səlahiyyətə malik olan müəssisə tərəfindən iddiaçının güzəştli iş stajına malik olmasına dair qiymətləndirmə məhkəmə tərəfindən inandırıcı hesab edilmişdir. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi qiymətləndirmə ilə razılaşır və qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri imtinanın dəlilləri eynilik təşkil etdiyindən, həmin dəlillərə birinci instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verildiyindən, həmin qiymətləndirmənin təkrarən qeyd olunmasına zərurət görmür və hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 57.1-ci maddəsinə əsasən qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: (65.1.1) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; (65.1.2) müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; (65.1.3) qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; (65.1.4) maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; (65.1.5) faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; (65.1.6) kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: (67.6.1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan qanunvericilik normaları əmək pensiyasının təyin olunmasını birmənalı olaraq bu barədə aidiyyəti səlahiyyətli orqan kimi DSMF orqanının qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, DSMF orqanının bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadıqda, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığı hallarda, inzibati aktın ünvanlandığı şəxs kimi əmək pensiyası təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir. Hazırkı işin halları ilə bağlı isə qeyd olunan yuxarıda sadalanan xüsusatların mövcud olmaması ilə yanaşı iddiaçıya ilkin pensiya təyin olunması barədə DSMF orqanının iddiaçıya pensiya təyinatı barədə ilkin qərarı – inzibati aktı geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən (bunu təkzib edən dəlil və sübutlar təqdim edilməmişdir), «İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsinin tələblərinə görə hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Lakin məlum olur ki, hazırkı iş üzrə cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qərar ləğv edilmədən, “Əmək pensiyasının dayandırılması haqqında” ayrıca qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, iddiaçı ona münasibətdə qanunla qorunan etimad hüququna malik olduğundan, hazırda mübahisələndirilən qərarın qəbulu «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə görə yolverilən deyil. Yuxarıda göstərilənlərin məcmusunda məhkəmə kollegiyası belə qənaətə gəlir ki, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə X6 pensiyasının dayandırılması haqqında 18 fevral 2021-ci il və artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması barədə 01 oktyabr 2021-ci il tarixli qərarları müvafiq inzibati icraatı apararkən qanunçuluq və etimadın qorunması prinsiplərini gözləmədən qərar qəbul edildiyindən, həmin qərarlar qanunsuzdur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdeh orqan tərəfindən iddiaçıya əmək pensiyasının dayandırılması və artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması barədə qərarlarının ləğv edilməsi və ona təyin olunmuş pensiyasının dayandırıldığı tarixdən, bərpa edilməsi barədə birinci instansiyasının gəldiyi nəticə əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2-1(112)-3543/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar