Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3244/2023 15.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X1 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı X2, onun nümayəndəsi X3 və cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının adından Dövlət Sosial Müdafiə Fonduna qarşı “sərəncamın ləğv edilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3404/2022 saylı, 04 iyul 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı “yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona 62 yaş 6 aydan yəni, xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3404/2022 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi, iddiaçı xx.xx.1958-ci ildə doğulmuş X4 62,6 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1992/2022 saylı xx.xx.2022-ci il tarixli qərarla cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının apelyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2-1(112)-3404/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2007/2022 saylı xx.xx.2022- ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2022-ci il tarixli 2-1(103)-1992/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1992/2022 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə 2-1(112)-3404/2022 saylı inzibati iş məhkəməyə geri qaytarılmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli məktubu ilə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)- 3404/2022-005 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı icra edilməsi üçün DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmişdir. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş 3-17-1/2-18421/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, iddiaçı X2 iddiasına dair iş üzrə xx.xx.2022-ci il tarixli 2-1(112)-3404/2022 nömrəli qərar tərəflərindən icra edilmişdir. İddiaçı X6 xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3404/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına izah verilərək xx.xx.2021-ci il tarixindən ona ödənilməli olan pensiyanın hansı normalarla (ödəniş edilən gün “Yaşayış minimumu Haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunvericilik aktları nəzərə alınmaqla) icra edilməsi barədə qərara müvafiq izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 2023-cü ilin fevral ayında məhkəmə qərarı icra edilməyə başlanılmışdır. Lakin qərar icra edilərkən ona əvvəlki tarixdən yəni xx.xx.2021-ci il tarixindən hesablanılmaqla icra edilməsi başlanılsa da illərə görə təyin edilmiş pensiya məbləği düzgün ödənilməməkdədir. Bu illər ərzində manatın ucuzlaşması, infilyasiya və digər amillər nəzərə alınmamışdır. Cavabdeh orqan tərəfindən əsassız olaraq apellyasiya və kassasiya instansiya məhkəməsinə şikayətlər verilərək iş bilərəkdən uzadılmışdır. HalHazırda hesab edirlər ki, keçmiş illərə görə verilən pensiya məbləği yenidən hesablanmalı və 2023-cü il üçün nəzərdə tutulmuş təqaüdə uyğun şəkildə ödənilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3404/2022 saylı, 04 iyul 2023-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3404/2022 №li iş üzrə çıxarılmış xx.xx.2022- ci il tarixli qərarına izah verilməsi barədə iddiaçı X6 tərəfindən verilmiş ərizə təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti ərizəyə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 116.1-ci maddəsinə görə bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarının icrası ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq olunur Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 230.1-ci maddəsinə görə şə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. - 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir. - 230.4-cü maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Yuxarıda qeyd edilən normalardan göründüyü kimi icra olunmamış və məcburi qaydada icra ediləcəyi müddət keçməmiş məhkəmə qərarlarının məzmunu dəyişdirilmədən həmin qərarı qəbul etmiş hakim tərəfindən izah verilə bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 14-cü bəndində qeyd olunmuşdur ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Lakin, qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə, yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Göründüyü kimi məhkəmə qətnaməsində əks olunmuş fikir dəqiq və aydın ifadə olunmadıqda, habelə onda ziddiyətli məqamların mövcud olması səbəbindən icra olunmasında çətinliklər yarandıqda məhkəmə qətnamənin məzmununu dəyişdirmədən ona izah verə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3404/2022 №li iş üzrə çıxarılmış xx.xx.2022-ci il tarixli qərarının icrasını çətinləşdirən və yaxud qeyri-mümkün edən hallar mövcud deyildir. Bundan əlavə hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3404/2022 №li iş üzrə çıxarılmış xx.xx.2022-ci il tarixli qərarı cavabdeh inzibati orqan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən icra olunduğundan qərara izah verilməsinə də əsas yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qərara izah verilməsi barədə iddiaçı X6 tərəfindən verilmiş ərizəsini təmin etməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan halları nəzərə alaraq hesab edir ki, iddiaçıların apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D I : İddiaçı X2 apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3404/2022 saylı, 04 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3244/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3244/2023
15.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver