Məhkəmə qərarları › İş №2-1(103)-3245/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3245/2025

22.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3245/2025 22.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair işi üzrə Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2-1(112)-358/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdehin “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli 3- 17-1/3-3-10764/2023 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2009-cu ildə təyin edilmiş pensiya xidməti araşdırma nəticəsində dayandırılmışdır. Cavabdehin Dövlət Sosial X7 rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərarının ləğv olunması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-3- 10765/2023 nömrəli qərarından görünür ki, vətəndaş İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci, 67.1-ci və 67.8-ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilmiş, adıçəkilən şəxsə əmək pensiyasının ödənişi dayandırılmış və ona artıq ödənilmiş pensiyanın məbləği müəyyən edilmişdir. Qərara əsasən xx.xx.2020xx.xx.2023-cü illərdə 268368,96 manat artıqödəmə müəyyən edilmişdir. Hazırda iddiaçı həmin qərarları mübahisələndirir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2009-cu ildə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının kəsilməsini (dayandırılması) və son 3 ildə ödənilmiş pensiyanın geri tələb edilməsini nəzərdə tutan qərarın ləğv edilməsi, pensiyanın ödənişinin bərpa edilməsi və pensiyanın qanunsuz kəsildiyi dövrdən onun bərpa olunmasınadək ödənilməmiş pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra tələbinin dəyişdirilməsi barədə ərizələr təqdim edərək, cavabdehin “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli 3-17- 1/3-3-10764/2023 nömrəli və “Dövlət Sosial X7 rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərarının ləğv olunması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-10765/2023 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1959-cu il tarixində anadan olmuşdur. 1976-1981-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almış, bütün əmək fəaliyyətini (27 il) neft sənayesi sahəsində həyata keçirmişdir. Əmək fəaliyyətinə xx.xx.1980-ci il tarixində o dövrdə Rusiya SSR-in Yamalo-Nenetsk muxtar dairəsinin Numqi şəhərində (bu ərazilər şimal qütb dairəsindən şimala doğru yerləşdiyi üçün Uzaq Şimal- “Крайный Север” adlandırılırdı) başlamış və 3 il Uzaq Şimala bərabər hesab edilən Aqansk şəhərində neft-kəşfiyyat ekspedisiyasında geoloq və baş mühəndis işləmişdir. Azərbaycana qayıtmış və uzun müddət (1985-97-ci illərdə) Dövlət Neft Şirkətində, ondan sonra isə (1997-2007-ci illər) X2 (“Kaspian sea” LTD) şirkətində geoloq, geoloji şöbənin müdiri, geoloji kəşfiyyat idarəsinin rəis müavini, o cümlədən Xəzər dənizində qaz hasilatında ən böyük yataq olan Şahdəniz yatağı üzrə sualtı əməliyyatların planlaşdırılması üzrə qrup rəhbəri və baş geoloq vəzifələrində çalışmışdır. Dövlət Neft Şirkətində işlədiyi dövrdə (1985-97-ci illərdə - cəmi 12 ilə yaxın) bütün fəaliyyəti dənizlə əlaqəli olmuşdur. İddiaçı xx.xx.1985-ci il tarixində “Xəzərneftqazgeofizkəşfiyyat” geofizika trestində geoloq vəzifəsinə qəbul olunmuş və xx.xx.1985-ci il tarixinədək (4 ay 4 gün) həmin vəzifədə çalışmışdır. xx.xx.1985-cı il tarixində “Xəzərqazmaneftqazsənaye” İB-nin Xüsusiləşdirilmiş X3 kəşfiyyat qazma idarəsinə geoloq vəzifəsinə işə qəbul olunmuş və xx.xx.1986-ci il tarixinədək (3 ay 15 gün) həmin vəzifədə çalışmışdır. xx.xx.1986-cı il tarixindən həmin idarədə bilavasitə Şelf-3 və Şelf-5 yarımdalma X8 geoloq vəzifəsinə keçirilmiş və xx.xx.1995-ci il tarixinədək (9 il 6 ay 20 gün) həmin vəzifələrdə çalışmışdır. xx.xx.1995-ci il tarixində həmin idarədə (Xüsusiləşdirilmiş X3 kəşfiyyat qazma idarəsi) geoloji şöbənin müdiri vəzifəsinə keçirilmiş və xx.xx.1996-ci il tarixinədək (1 il 4 ay 1 gün) həmin vəzifədə çalışmışdır. xx.xx.1996-cı il tarixində “Xəzərqazmaneftqazsənaye” İB-nin Neft və qaz yataqlarının geoloji kəşfiyyatı şöbəsinin rəis müavini vəzifəsinə təyin edilmiş və xx.xx.1997-ci il tarixədək (8 ay 13 gün) həmin vəzifədə çalışmışdır. xx.xx.1997-ci il tarixindən xx.xx.2007- cı il tarixinədək (9 il 10 ay 18 gün) X2 (“Kaspian si” LTD) şirkətində geoloq və geologiya geofizika qrupunun rəhbəri vəzifələrində çalışmışdır. 2009- cu ildə “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə uyğun olaraq, 1997-ci il tarixinə həm ümumi (20 il), həm də güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı (10 il) toplandığı üçün həmin dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun yaşa və staja görə tələbləri nəzərə alınmaqla, ona 50 yaşdan pensiya təyin edilmiş və hər zaman vaxtı-vaxtında ödənilmişdir. Yeganə gəlir mənbəyi aylıq pensiyadır. Aprel ayından pensiyası kəsilmiş, bundan sonra X9 tərəfindən ona pensiya hüququnun olmadığı və pensiyanın səhvən təyin edildiyi bildirilmiş, habelə guya artıq ödənilmiş 269.368,96 manat pensiya məbləğinin geri qaytarılması ilə bağlı Mərkəzi Filialın xx.xx.2023 tarixli 3-17-1-1/2-Q-196161/2023 nömrəli məktubu göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki,“Vətəndaşların pensiya təminatı haqqında" Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13cü maddəsinin “a” bəndi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 yaş pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə əsasən 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə kişilər üçün 52 yaş müəyyən edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (X) Neft-qaz və qaz kondensatının hasilatı bəndinin (2) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) quyularda geofiziki tədqiqatları yerinə yetirən geofiziki-mədən partiya və dəstələrinin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları (1100000b— 17541) vəzifələri nəzərdə tutulmuşdur. Araşdırma zamanı, iddiaçıya vaxtilə pensiya təyin edilərkən təqdim etdiyi sənədlərdə adıçəkilən şəxsin X13 Trestinin “Bayıl Limanı” X12 İdarəsinin Geoloji şöbəsində xx.xx.1985- xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində geoloq, “Şelf-3" YÜQQ-da xx.xx.1986- xx.xx.1991 -ci il tarixləri arasındakı dövr ərzində böyük geoloq, geoloq, “Şelf-5” YÜQQ-da xx.xx.1991-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində geoloq və həmin müəssisənin Geoloji şöbəsində xx.xx.1995-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində rəis vəzifələrində işlədiyinin qeyd olunduğu müəyyən edilib. Bununla əlaqədar olaraq Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən İddiaçı iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı, adıçəkilən müssisədə xx.xx.1986-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi vəzifələrin güzəştli şərtlə pensiya hüququ verən iş olduğu, vaxtilə ona dair verilmiş arayışda da qeyd edildiyi kimi güzəştli iş stajının 9 il, 6 ay, 20 gün təşkil etdiyi öz təsdiqini tapmışdır. Bu fakt “X13” tresti tərəfindən birgə Aktla təsdiq edilib. Göstərilən uyğunsuzluğa baxmayaraq, İddiaçı Fondun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı xx.xx.2009-cu il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilib. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri də nəzərə alınmaqla İddiaçı xx.xx.2020- xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 269368,96 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2-1(112)-358/2025 nömrəli qərarı ilə (hakim Səlma Salahova) iddia tələbi təmin edilərək, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-3- 10764/2023 nömrəli qərarı və “Dövlət Sosial X7 rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərarının ləğv olunması haqqında” xx.xx.2023-cü il tarixli 3-17- 1/3-3-10765/2023 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qeyd edilən qərarından iddiaya etirazın məzmunu ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2-1(112)-358/2025 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətində qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.8.3-cü maddəsinə əsasən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda pensiya ödənişi növbəti ayın 1-dən dayanır. İddiaçının əmək pensiyasının azaldılmasına əsas olan hallar tərəfimizdən xx.xx.2023-cü il tarixində aşkarlanmış və xx.xx.2023-cü il tarixində tərəfimizdən inzibati icraat başladılaraq iddiaçıya dəvət məktubu göndərilmişdir. Daha sonra tərəfimizdən xx.xx.2023-cü ildə iddiaçıya əmək pensiyası təyin edilməsi haqqında qərarın ləğv olunması və əmək pensiyasının dayandırılması haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi, iddiaçıya pensiya təyin edilməsi haqqında qərar “İnzibati icraat haqqında” Qanunun 67.12- ci maddəsində təsbit olunan qanunsuz inzibati aktın ləğv edilməsi üçün həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən (xx.xx.2023-cü il) 1 il ərzində ləğv edilmişdir. Göründüyü kimi, tərəfimizdən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunmuş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2-1(112)- 358/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir Apellyasiya məhkəməsində iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2-1(112)-358/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq İddiaçıya pensiya təyin edildiyi xx.xx.2009-cu il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.1997-ci il tarixdə dəyişiklik edildikdən sonra 2000-ci ilin avqustun 1-dək yaş hədləri hər il 6 ay artırılmış, xx.xx.2000-ci ildən etibarən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahı üzrə kişilər-52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ayını zərərli işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malik olmuşlar İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-10764/2023 nömrəli və “Dövlət Sosial X7 rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərarının ləğv olunması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-10765/2023 nömrəli qərarlarının ləğv edilməsi nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, inzibati orqan ilk dəfə iddiaçıya xx.xx.2010-cu ildə güzəştli şəertlərlə yaşa görə əmək pensiyası təyin etmiş, sonrakı dövrdə ayrı-ayrı qərarları ilə pensiyanı yenidən hesablamışdır. İddiaçının pensiya işində və cavabdehin dəlillərində inzibati aktın ləğvinə səbəb olan halın cavabdeh inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl, 1 (bir) il ərzində məlum olmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Halbuki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış hərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən bir il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur. Məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Bununla belə, məhkəmə tərkibi cavabdeh inzibati orqan tərəfindən verilən apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd edir. İlk növbədə qeyd etmək lazımdır ki, inzibati orqan tərəfindən 2009-cu ildə edilən hesablamaların səhv olması iddia olunsa da, inzibati orqanın özünün illərlə səhvən ödəniş etməsi nəticəsində yaranan "artıq ödəmə" məsuliyyətini tamamilə pensiyaçının üzərinə qoymaq ədalət prinsipinə ziddir. İlkin pensiya təyinatında və sonrakı indeksləşdirmə/yenidən hesablamalarda səhvlərə yol verən inzibati orqanın özünün təqsiri ucbatından illər sonra pensiyanın azaldılması və artıq ödənilmiş məbləğin tutulması inzibati icraatın qanunçuluq prinsipi ilə bir araya sığmır. Başqa sözlə, pensiya sistemindəki səhvlər pensiyaçıların ziyanına aradan qaldırılmamalıdır. İşin halları onu deməyə əsas verir ki, cavabdeh illər sonra səhv hesablama apardığının fərqinə varıb. Belə ki, cavabdehin “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli 3- 17-1/3-3-10764/2023 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2009-cu ildə təyin edilmiş pensiya xidməti araşdırma nəticəsində dayandırılmışdır. Cavabdehin Dövlət Sosial X7 rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərarının ləğv olunması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-3- 10765/2023 nömrəli qərarından görünür ki, vətəndaş İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci, 67.1-ci və 67.8-ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilmiş, adıçəkilən şəxsə əmək pensiyasının ödənişi dayandırılmış və ona artıq ödənilmiş pensiyanın məbləği müəyyən edilmişdir. Qərara əsasən xx.xx.2020xx.xx.2023-cü illərdə 268368,96 manat artıqödəmə müəyyən edilmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçıya 2009-cu ildən pensiya təyin edilmişdir. İddiaçının pensiyanın təyin edilməsi barədə qərara etimad hüququ qanunla qorunur. Qeyd olunmalıdır ki, etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş “bona fides” prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, əslində latınca “bona fides”, yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada – “qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu görə bilmədiyini və ya bilməyəcəyini ifadə edir. Şəxsin dürüst davranma öhdəliyi qanunun müvafiq normalarının təfsirində, şəxsin iradə ifadəsinin və açıqlamasının qiymətləndirilməsində, hüquqdan sui-istifadənin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Hazırkı halda iddiaçı tərəfindən “bona fides” prinsipinin tələblərinə əməl edilməməsi müəyyən olunmur. Məhkəmə tərkibi, eyni zamanda qeyd edir ki, pensiya təminatını həyata keçirən inzibati orqan öz fəaliyyət sferasına aid bütün normativ hüquqi aktları dəqiq bilməli və onları düzgün tətbiq etməlidir. Belə ki, hər bir inzibati orqan (inzibati orqanın adından qərar qəbul edən vəzifəli şəxs) xidməti vəzifəsini yerinə yetirmək üçün zəruri səviyyədə hüquqi və administrativ biliklərə malik olmalıdır. Zəruri hüquqi biliklərə vəzifəli şəxsin qanunlar və digər normativ hüquqi, eləcə də normativ xarakterli aktlar, habelə yuxarı instansiya məhkəmələrinin təcrübəsi (qərarları) barədə bilikləri daxildir. İnzibati biliklərə isə yalnız dar mənada idarəçilik bilikləri deyil, müasir idarəçilik sistemi üçün xarakterik olan müvafiq biliklər toplusu aiddir. Yuxarıda da qeyd edildiyi kimi, cavabdeh illər sonra “səhv” etdiyinin fərqinə varmış və mübahisləndirilən qərarı qəbul etmişdir. Nəzərə almaq lazımdır ki, əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlıdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın iddiaçıya təyin edilmiş pensiya barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş hədlərdə qorunur. Bundan başqa, işdən görünür ki, cavabdeh iddiaçıya təyin edilmiş əmək pensiyasını ləğv edərkən onun güzəştli iş stajının 10 ildən az, yəni 9 il, 6 ay, 20 gün təşkil etdiyinə istinad etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, işdə olan “X13” trestinin xx.xx.2024-cü il tarixli arayışına əsasən iddiaçının güzəştli iş stajı 9 il 6 ay 20 gün təşkil etsə də, işdə olan “X13” trestinin “Bayıl Limanı” X10 İdarəsinin xx.xx.2009-cu il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1995-ci ildən xx.xx.1998-ci ilədək “Xəzərqazmaneftqazsənaye” İstehsalat Birliyinin Xüsusiləşdirilmiş X3 Kəşfiyyat Qazma İdarəsində Geoloji şöbənin rəisi vəzifəsində işləyib. İdarə hal-hazırda “Bayıl Limanı” X12 İdarəsinin balansındadır. Geoloji şöbənin rəisi vəzifəsi bilavasitə dəniz şəraitində quyuların qazılmasında, mənimsəməsində və sınaqdan çıxarılmasında mədən geofiziki təqdim etmə keyfiyyətinə və quyuların tikintisi prosesi zamanı yeraltı sərvətlərin mühafizəsi qaydalarına riayət edilməsinə geoloji nəzarəti həyata keçirir. Həmçinin qazma zamanı karotaj işlərinin aparılmasında iştirak edir. Həmçinin “X13” trestinin xx.xx.2024-cü il tarixli əmək haqqı barədə arxiv arayışından görünür ki, iddiaçı 1996-cı ilin yanvar, mart, aprel, may, iyun, iyul aylarını dəniz şəraitində işləmişdir. Arayışa əlavə edilmiş əmək haqqı barədə qəbzlərdən görünür ki, iddiaçıya yanvar, fevral, mart, aprel, may, iyun 1996-cı il tarixlərdə ödənilən əmək haqqına dənizə görə əlavə ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”na əsasən kod 1100000a—17531- quyularda geofiziki tədqiqat işlərini icra edən mədəngeofiziki partiyaların və dəstələrin fəhlələri: karotaj stansiyasının qaldırıcı maşinistləri, karotajçılar, özühərəkətedən karotaj stansiyasının motorçuları, partladıcılar güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid edilmişdir. Məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, işin yuxarıda qeyd olunan halları ilə iddiaçının yanvar-iyun 1996-cı illərdə dənizdə işləməsi, bu zaman karotaj işlərinin aparılmasında da iştirak etməsi öz təsdini tapdığından, onun həmin işlərdəki fəaliyyətini yuxarıda qeyd edilən kodda göstərilən vəzifəyə aid etmək mümkündür. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin 28 aprel 2025-ci il tarixli 2-1(112)-358/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar