Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3246/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həmidov Həmid Üzeyir oğlunun sədrliyi ilə (məruzəçi); Tanrıverdiyev Anar Vəzir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Hüseynova Arzu İsrafil qızının katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müraciətə cavab verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2-1(112)-5821/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə etdiyi müraciətinə yazılı cavab verilməsi və poçt vasitəsi ilə müraciət edilən ünvana göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1979-cu il tarixində Azərbaycan Respublikası, Laçın rayon, Pircahan kəndində anadan olmuşdur. xx.xx.1996-cı ildən xx.xx.2013-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Xidmət müddətində Müdafiə Nazirliyinin tərkibində olan N saylı hərbi hissələrdə mayor rütbəsində zabit kimi müxtəlif vəzifələrdə xidmət etmişdir. 2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubley, 2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubley, 2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərə görə medalları ilə təltif olunmuşdur. Xidmətinin çox bir hissəsini Xüsusi Təyinatlı və Kəşfiyyat hərbi hissələrdə, axırıncı N ilini düşmənlə təmas şəraitində olan Qazax rayon Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli, Məzəm, Quşçuayrım, Cəfərli, Qızılhacılı kəndlərinin ərazilərində keçirmişdir. Hal hazırda ehtiyatda olan zabitdir, Prezident təqaüdçüsü, 2014-cü ildən 2-ci qrup müharibə əlildir. Müraciətinə əsasən xx.xx.2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərişi ilə ona əyani müayinəyə göndərildi, müayinə olundu və onun əlilliyinin səbəb əlaqəsi dəyişdirildi. Sonradan xx.xx.2021-ci il tarixdə Laçın rayon Mərkəzi Xəstəxanası tərəfindən 0280003AAFMA forma 88 yazılıb elektron sistemə daxil edildikdə ona xx.xx.2021-ci ildə 5 il müddətinə ikinci dərəcə əlillik təyin olundu. Hətta bu barədə xx.xx.2021-ci il tarixə kimi dəfələrlə, xx.xx.2021-ci il tarixdə isə axırıncı dəfə onun şəxsi kabinetinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və X1 Heyətinin sədrinin müavini Mətanət Məmmədovadan cavab məktubu şəxsi kabinetə yerləşdirərək “0280003AAFMA nömrəli göndəriş əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir” kimi qeydlər aparılmışdır. Eyni zamanda bu barədə onun şəxsi kabinetində qeydiyyat vardır və sms vasitəsi ilə telefonuna bildiriş gəlmişdir Bakı İnzibati Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2-1(112)-5821/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müraciətə cavab verilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Qərardaddan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1887/2022 saylı, 31 may 2022-ci il tarixli qərardadı ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2-1(112)-5821/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2022-ci il tarixdə iddiaçı yenidən Bakı İnzibati Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2-1(112)-5821/2022 nömrəli qərardadından apellyasiya şikayəti vermişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayəti onu verən şəxsə qaytarılmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçının Bakı İnzibati Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2-1(112)-5821/2022 nömrəli qərardadından verdiyi apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında baxılmış və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1887/2022 saylı, 31 may 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1887/2022 saylı, 31 may 2022-ci il tarixli qərardadı qanuni qüvvəyə minmiş və iş Bakı İnzibati Məhkəməsinə qaytarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı təkrarən Bakı İnzibati Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2-1(112)-5821/2022 nömrəli qərardadını mübahisələndirdiyindən və qeyd edilən qərardadla bağlı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qanuni qüvvəyə minmiş qərardadı mövcud olduğundan iddiaçının hazırkı apellyasiya şikayəti mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İPM-nin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qəraraaldı: Bakı İnzibati Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2-1(112)-5821/2022 nömrəli qərardadından İddiaçı təkrarən verdiyi apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Apellyasiya şikayəti onu verən şəxsə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3246/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3246/2022
05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver