Məhkəmə qərarları › İş №2-1(103)-3246/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3246/2025

16.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3246/2025 16.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair işi üzrə Açar sözlər: (qərarın ləğvi, riskli vergi ödəyicisi, əmtəəsiz əməliyyat) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və X1 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 12 may 2025-ci il tarixli, 2-1(112)- 4503/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 3-21- 2-3/2-264935/2024 saylı xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cavabdeh iddiaçıya 2024-cü ilin iyun ayı üzrə 7837,38 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. Qərar bununla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən ƏDV bəyannaməsində (03.2024) əvəzləşmə üçün təqdim edilmiş EBEA seriyalı 551564 nömrəli elektron qaiməfaktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 7837.38 manat ƏDV məbləğinin əvəzləşdirildiyi nəzərə alınaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 7837,38 manat kənarlaşma yaranmışdır. İddiaçı hazırda cavabdehin qəbul etdiyi bu qərarı mübahisələndirərək onun ləğv edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tutulan vəsaitin geri qaytarılması və ilin yekununda 20 faiz mənfəət vergisi tutulmaması üçün cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra ərizə təqdim edərək, iddiaçının əsl İddiaçı MMC ilə əvəz edilməsini və cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-264935/2024 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, iş üzrə əsl olmayan iddiaçı X4 əsl İddiaçı MMC ilə əvəz edilmiş, iddianın dəyişdirilməsi qəbul edilmiş və iddia tələbi “cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-264935/2024 nömrəli qərarının ləğv edilməsi” kimi qəbul edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı MMC rəsmən Prezident İşlər idarəsinin qeydiyyatdan keçmiş potratçı şirkətidir. Şirkətə xx.xx.2024-cü il tarixində "Qarabağ Hotel”nin santexnik materialının alınması üçün sifariş qəbul edilmiş, sifariş üçün nümununələr təqdim edilmiş və sifariş bəyənilərək qəbul olunmuşdur. İddiaçı Şərq bazarında çalışan ECA dükanının sahibi Etibar (*** *** ** **) adlı şəxslə söhbət əsnasında köçürülmə yolu ilə işləməsi soruşulmuş, onlar razılığa gələrək santexnik materialının alınması üçün köçürülmə yolu ilə alınmasına öz şirkətləri olan “Faben İnşaat" MMC-nin rekvizitlərini təqdim etmişdir. İddiaçı santexnik materialının alınması üçün xx.xx.2024-cü il tarixində 17/11 №-li Alqı -Satqı Müqviləsi bağlayaraq 51378.38 AZN (əlli bir min üç yüz yetmiş səkkiz manat otuz səkkiz qəpiq) ödəniş etmiş, sonra santexnik materialının satışını köçürülmə yolu və alqı-satqı müqaviləsi ilə "xxxx" MMC şirkətinə satmışdır. 6 ay müddət keçdikdən sonra xx.xx.2024-cü il tarixində Dövlət Vergi Xidməti tərəfindən iddiaçıya xəbərdarlıq bildirilmişdir ki, ‘Faben İnşaat" MMC şirkəti **********032000 nömrəli Qərara əsasən risklli vergi ödəyicisi hesab edildiyindən, həmin vergi ödəyicisindən əldə edilmiş (xx.xx.2024-cü il tarixli EBEA seriyalı 551564 nömrəli) elektron qaimə-fakturalar əmtəəsiz və riskli əməliyyatların rəsmləşdirildiyi sənədlər hesab olunduğundan Vergi Məcəlləsinin 175.1l-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Lakin santexnik materialını satan ‘Faben İnşaat" MMC-nin riskli vergi ödəyicisi olması iddiaçının günahı deyil. Cavabdeh orqan iddiaya yazılı etirazı məhkəməyə təqdim etmiş və göstərmişdir ki, xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-264935/2024 nömrəli qərarla İddiaçı MMC-yə 2024-cü ilin iyun ayı üzrə 7,83738 manat ƏDV hesablanmışdır. Belə ki, iddiaçı tərəfindən ƏDV bəyannaməsində (03.2024) əvəzləşmə üçün təqdim edilmiş EBEA seriyalı 551564 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməmiş, qeyd edilən elektron qaimə-faktura üzrƏ+ 7837.38 manat ƏDV məbləğinin iddiaçı tərəfindən əvəzləşdirildiyi nəzərə alınaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 7837.38 manat kənarlaşma yaranmışdır. İddiaçı MMC (VÖEN: **********) xx.xx.2024-cü il tarixdə “FABEN İNŞAAT“ MMC ilə əsas məbləği 43541 manat, ƏDV hissəsi 7837,38 manat olan qarşılıqlı əməliyyatlar aparmış, ƏDV məbləğinin əvəzləşdirilməsinə baxmayaraq, vergi orqanının müvafiq qərarları əsasında həmin elektron qaimə-fakturaların əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edildiyi müəyyən edildiyindən Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər vergi məbləğinin əvəzləşdirilməsinə əsas vermədiyindən kameral vergi yoxlaması ilə əlavə vergilərin hesablandığı müəyyən edilmişdir. Həmçinin, vergi ödəyicisi “Faben İnşaat“ MMC-nin fəaliyyətinin araşdırılması zamanı əmtəəsiz əməliyyatlar aparması şübhəsi yaranmış, bu səbəbdən ödəyicinin vergi orqanında olan təsərrüfat subyekti üzrə baxış keçirilməsi üçün müvafiq baş idarəyə müraciət olunmuşdur. xx.xx.2024-cü il tarixli, **********841700 nömrəli xidməti məktubla baxışın keçirilməsi və vergi ödəyicisinin vergi orqanının uçot-baza məlumatlarında aktiv obyekti olmadığı üçün müşahidə və monitorinq tədbirləri aparmaq mümkün olmadığı qeyd edilmiş və vergi ödəyicisnin riskli vergi ödəyiciləri siyahısına əlavə edilməsi prosesi başlanılmışdır. Beləliklə, ödəyici xx.xx.2024-cü il tarixli, **********032000 nömrəli qərara əsasən riskli vergi ödəyiciləri siyahısına əlavə edilmişdir. **********032000 nömrəli qərarda da qeyd edilmişdir ki, 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildiyindən riskli vergi ödəyiciləri siyahısına əlavə edilmişdir. Xüsusi olaraq qeyd edilməlidir ki, vergi orqanının bundan əvvəl çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar predmetli inzibati iş vergi orqanının xeyrinə yekunlaşmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının "xxxx" MMCnin cavabdeh Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli 2-1(102)-1212/2023 saylı qərarında sözügedən məsələyə münasibətdə göstərmişdir ki: “**********702300 nömrəli qərardan görünür ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixdə riskli vergi ödəyicisi hesab edilmiş və müvafiq siyahıya daxil edilmişdir. İddiaçı ilə "xxxx" MMC arasında olan əməliyyatlar isə 2021-ci ilin iyunavqust aylarını əhatə etmiş və sonuncu əməliyyat xx.xx.2021-ci il tarixdə həyata keçirilmişdir. Yəni "xxxx" MMC ilə iddiaçı arasında əməliyyatlar həyata keçirildiyi vaxt (alğısatqı əməliyyatları) "xxxx" MMC riskli vergi ödəyicisi olmamışdır. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, işdən göründüyü kimi, iddiaçının istinad etdiyi "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli qərar mübahisələndirilməmiş, hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Beləliklə, həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır. Başqa sözlə, həmin hüquqi şəxsin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmədiyi halda belə, bu, vergi orqanının iddiaçıya münasibətdə ödənilməli vergilərin azaldılmasına səbəb olan həmin fakta və ya faktlara (əmtəəsiz əməliyyatların aparıldığına və həmin əməliyyatlara əsaslanan xərc sənədlərinin tərtib edildiyinə) istinadla qərar qəbul etmək imkanına təsir etmir. Həmin faktlar isə, mübahisələndirilən qərar qəbul edilənədək mövcud olmuşdur.” Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 12 may 2025-ci il tarixli, 2-1(112)-4503/2025 nömrəli qərarı ilə (hakim S.İ.Qənbərova) iddia tələbi təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 3-21-2-3/2- 264935/2024 saylı xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 12 may 2025-ci il tarixli, 2-1(112)- 4503/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətində qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-264935/2024 nömrəli qərarla İddiaçı MMC-yə 2024-cü ilin iyun ayı üzrə 7837.38 manat ƏDV hesablanmışdır. Belə ki, iddiaçı tərəfindən ƏDV bəyannaməsində (03.2024) əvəzləşmə üçün təqdim edilmiş EBEA seriyalı 551564 nömrəli elektron qaiməfaktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməmiş, qeyd edilən elektron qaimə-faktura üzrə+ 7837.38 manat ƏDV məbləğinin iddiaçı tərəfindən əvəzləşdirildiyi nəzərə alınaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 7837.38 manat kənarlaşma yaranmışdır. İddiaçı MMC (VÖEN: **********) xx.xx.2024-cü il tarixdə “FABEN İNŞAAT“ MMC ilə əsas məbləği 43541 manat, ƏDV hissəsi 7837,38 manat olan qarşılıqlı əməliyyatlar aparmış, ƏDV məbləğinin əvəzləşdirilməsinə baxmayaraq, vergi orqanının müvafiq qərarları əsasında həmin elektron qaimə-fakturaların əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edildiyi müəyyən edildiyindən Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər vergi məbləğinin əvəzləşdirilməsinə əsas vermədiyindən kameral vergi yoxlaması ilə əlavə vergilərin hesablandığı müəyyən edilmişdir. Həmçinin, vergi ödəyicisi “FABEN İNŞAAT“ MMC-nin fəaliyyətinin araşdırılması zamanı əmtəəsiz əməliyyatlar aparması şübhəsi yaranmış, bu səbəbdən ödəyicinin vergi orqanında olan təsərrüfat subyekti üzrə baxış keçirilməsi üçün müvafiq baş idarəyə müraciət olunmuşdur. xx.xx.2024-cü il tarixli, **********841700 nömrəli xidməti məktubla baxışın keçirilməsi və vergi ödəyicisinin vergi orqanının uçot-baza məlumatlarında aktiv obyekti olmadığı üçün müşahidə və monitorinq tədbirləri aparmaq mümkün olmadığı qeyd edilmiş və vergi ödəyicisnin riskli vergi ödəyiciləri siyahısına əlavə edilməsi prosesi başlanılmışdır. Beləliklə, ödəyici xx.xx.2024-cü il tarixli, **********032000 nömrəli qərara əsasən riskli vergi ödəyiciləri siyahısına əlavə edilmişdir. **********032000 nömrəli qərarda da qeyd edilmişdir ki, 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildiyindən riskli vergi ödəyiciləri siyahısına əlavə edilmişdir. Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Həmçinin, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3.1.1-ci bəndinə əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə əməliyyat riskli hesab edilir. Vergidən yayınma sxemi hal-hazırkı dövrdə yeni yaradılan və ən çox iri dövriyyələr zamanı istifadə edilən əməliyyatlar toplusudur. Vergi ödəyiciləri tərəfindən bu sxem elə hazırlanır ki, həm qanuni görünür, həm də vergilərin yayındırılmasına gətirib çıxarır. Əməliyyatın və ya əməliyyatlar toplusunun vergidən yayınma sxemi əmələ gətirməsində əsas diqqət əməliyyatın məqsədinin vergi öhdəliyinin azaldılması və ya tamamilə aradan qaldırılması olmasıdır. Bu cür əməliyyatlar biznes məqsədlərinə deyil, vergi məqsədlərinə xidmət edir. Vergidən yayınma sxemi qanunvericiliyin mövcud olan tələblərindən yan keçməklə və ya mövcud olmayan tələblərindən sui-istifadə etməklə yeganə məqsədi vergi öhdəliyinin azaldılması olan əməliyyatlardır. Məhz əmtəəsiz əməliyyatların araşdırılması zamanı əməliyyatlar sənədlər üzərində baş tutur, müqavilələr, təhvil-təslim aktları hazırlanaraq əməliyyatın baş tutmasının bu sənədlərlə sübut edilməsinə cəhd edilir. Lakin əsas məsələ sənədlərdə əks edilmiş əməliyyat həqiqətən də baş tutmuşdurmu, baş tutmuşdursa, həmin şəxslər arasında baş tutmuşdurmu, həmin qiymətdə baş tutmuşdurmu və.s tipli sualların cavablandırılmış olmasındadır. Bu sualların araşdırılması üzrə inzibati orqan tərəfindən inzibati icraat çərçivəsində müvafiq addımlar atılmış, vergi ödəyiciləri riskli ödəyicisi hesab edilmədən əvvəl xəbərdarlıq məktubları göndərilmiş, inzibati orqanın binasına dəvət edilmişdir. Bundan əlavə bildiririk ki, riskli vergi ödəyicisi hesab olunma ilə bağlı vergi orqanının bundan əvvəl çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar predmetli inzibati iş vergi orqanının xeyrinə yekunlaşmışdır. Bununla bağlı iddiaçı "xxxx" MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Başİdarəsinə qarşı iddiası üzrə qəbul edilmiş Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1212/2023 nömrəli qərarında məhkəmə kollegiyasının sözügedən məsələ ilə bağlı hüquqi mövqeyini qeyd etmək zəruridir (qərar əlavə olunur). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” təsdiq edilmişdir. Belə ki, Nazirlər Kabinetinin yuxarıda qeyd edilən Qərarı ilə təsdiq edilmiş meyarların 2-ci bəndinə əsasən, aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: riskli əməliyyatlar aparan şəxs olduqda; aparılmış vergi nəzarəti tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim olunması aşkar edildikdə; vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; yuxarıda qeyd edilmiş meyarlar üzrə riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; yuxarıda qeyd edilmiş meyarlar üzə riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. Həmin meyarların 3-cü bəndinə əsasən, vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab edilir: vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 12 may 2025-ci il tarixli, 2-1(112)- 4503/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin 12 may 2025-ci il tarixli, 2- 1(112)-4503/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Vergi Məcəlləsinin mübahisəli qərarın qəbul edildiyi dövrdə qüvvədə olan 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın mübahisəli qərarın qəbul edildiyi dövrdə qüvvədə olan redaksiyasına əsasən: - bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. - bənd 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21- 2-3/2-264935/2024 nömrəli qərarın ləğv edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı həmin əməliyyatları "xxxx" MMC ilə aparmış, cavabdeh qeyd olunan əməliyyatların riskli vergi ödəyicisi ilə aparılmasına istinad edərək, bu halı əmtəəsiz əməliyyat kimi qiymətləndirmiş və həmin əməliyyatlar üzrə qaiməfakturaları ƏDV əvəzləşdirilməsində nəzərə almamışdır. Lakin iş materiallarından görünür ki, müvafiq əməliyyatlar xx.xx.2024cü il tarixdə aparılsa da, "xxxx" MMC beş ay sonra, xx.xx.2024-cü il tarixdə riskli vergi ödəyicisi hesab edilmişdir. Yəni müvafiq əməliyyatlar qeyd edilən vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunma barədə qərar qəbul edildiyi tarixdən əvvəl tarixə aid olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən verilən apellyasiya şikayətində qanunvericilik normalarının tələblərini sadalamaqla, iddiaçı İddiaçı MMC-nin "xxxx" MMC ilə müvafiq əməliyyatlar aparmasına istinad edərək iddiaçı tərəfindən əvəzləşmə üçün təqdim edilmiş EBEA seriyalı 551564 nömrəli elektron qaiməfaktura üzrə aparılan əməliyyatların riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməməsi qənaətinə gəlmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərinə münasibətdə bir daha qeyd edir ki, müvafiq əməliyyatlar xx.xx.2024-cü il tarixdə aparılsa da, "xxxx" MMC beş ay sonra, xx.xx.2024-cü il tarixdə riskli vergi ödəyicisi hesab edilmişdir. İddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair mübahisəli elektron qaiməfakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Əməliyyatın aparıldığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.3-cü bəndinə əsasən riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. Həmin Meyarların 1.4-cü bəndinə əsasən, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Qanunvericiliyə əsasən vergi ödəyicisinin riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir və həmin vergi ödəyicilərinə dair məlumat İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən, əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar; Həmin Məcəlləni 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDVsiz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; 175.1.2. hesabat dövrü ərzində malların idxalı üzrə - bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq. 175.1.3. vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən bir iş günü müddətində, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Mallar, işlər və xidmətlərlə bağlı xərclər istehsal məsrəflərinə aid edilmirsə də, belə mallar, işlər və xidmətlər vergi ödəyicisinin kommersiya fəaliyyəti üçün istifadə edilməli olduqda və ya istifadə edildikdə bu Məcəllənin 175.1-ci, 175.1.1-ci və 175.1.2-ci maddələrinin müddəaları tətbiq olunur. 175.11. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. İstinad olunan normadan məlum olur ki, əməliyyat əmtəəsiz olduqda əvəzləşdirilməyə yol verilmir. Lakin işdən iddiaçının apardığı əməliyyatın əmtəəsiz olması müəyyən edilmir. Belə ki, vergi ödəyicisinin əmtəəsiz əməliyyat aparması inzibati orqan tərəfindən sübut edilməlidir. Lakin inzibati orqan iddiaçının apardığı əməliyyatlarda həqiqətən malların təqdim edilməsinin baş tutub-tutmaması ilə bağlı hər hansı araşdırma aparmamışdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçı müəssisənin qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Cavabdeh əməliyyatı əmtəəsiz hesab edirsə, onda həmin şəxsin gəlirlərini də nəzərə almamalı idi. Lakin cavabdeh əməliyyatı əmtəəsiz hesab etməsinə rəğmən, iddiaçının gəlirini qəbul etmişdir və onun bu davranışı əməliyyatın əmtəəsiz hesab olunması ilə bağlı yanaşmaya uyğun deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin 12 may 2025-ci il tarixli 2-1(112)-4503/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar