Məhkəmə qərarları › İş №2-1(103)-3247/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3247/2025

07.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3247/2025 07.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, e-2-1(112)-6909/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı xx.xx.1964-cü il təvəllüdlü İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bu hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən təyin edilərək həmin tarixdən ödənilməsi nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə müraciət edərək yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasını xahiş etmişdir. Cavabdeh orqan güzəştli şərtlərlə pensiya təyin etməkdən imtina etmiş və imtina məktubunda bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi vardır. Mərkəzi filiala təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən güzəştli iş stajının olmaması səbəbi ilə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxıından mümkün hesab edilməmişdir. Cavabdehin bu imtina məktubu ilə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiya təminatı hüququ pozulmuşdur. İddiaçı əmək kitabçası və digər arayışlarla təsdiqini tapan iş stajı və vəzifələrə əsasən güzəştli şərtlərlə pensiyaya çıxması üçün bütün şərtlər ödənilir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsinin əsasları kimi ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət qədər ümumi və güzəştli iş stajının olduğunu bildirərək hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin mübahisəsiz halı iddiaçının ümumi iş stajıdır ki, 37 il 1 ay 13 gün (01.01 2006-cı il tarixinədək 18 il 9 ay 13 gün (xx.xx.1982-xx.xx.1984-cü il (hərbi xidmət dövrü), xx.xx.1985-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1993-cü il, xx.xx.1996- xx.xx.2000-ci il, xx.xx.2000-xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 18 il 4 ay) təşkil edir. Lakin iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun güzəştli iş stajı yoxdur, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, e-2-1(112)-6909/2025 saylı qərardadı ilə (hakim S.Qənbərova) iddia mümkün sayılmamışdır. İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, e-2-1(112)-6909/2025 saylı qərardadının ləğv edilməsini, iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün iş materiallarının birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərardadının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli arayışına əsasən X3 "xxxx" İB-nin XİV şəbəkə rayonunda xx.xx.1989-cu il tarixindən xx.xx.1993-cü il il tarixinədək kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyoru, xx.xx.1996-cı il tarixindən xx.xx.2000-ci il tarixinədək hava xətlərinin təmiri üzrə elektrik montyoru, "xxxx" ATSC-nin XİV şəbəkə rayonunda xx.xx.2000-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyoru, "xxxx" MMC-nin Binəqədi ElŞR-nin İstismar şöbəsində xx.xx.2002-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək kabel xətlərinin təmiri üzrə elektrik montyoru, "xxxx" ASC-nin Binəqədi RETSİ-nin 10/6/0,4 kV-luq İstismar şöbəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2010-cu il tarixinədək kabel xətlərinin təmiri üzrə elektrik montyoru vəzifələrində işləmişdir. xx.xx.2010-cu il tarixindən hal-hazıra kimi "xxxx" ASCnin Binəqədi RETSİ-nin İstismar şöbəsində kabel xətlərinin təmiri üzrə elektrik montyoru vəzifəsində işləmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/2-Y-218426/2024 nömrəli məktubunda qeyd edilir ki, iddiaçının tələbi təmin edilməmiş və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-cı il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.20-cı yarımbəndınə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışına əsasən müəyyən edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007 cı il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası huququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən, iddiaçının güzəştli iş stajı yoxdur. Hazırda iddiaçı iddia ərizəsi ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bu hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən təyin edilərək həmin tarixdən ödənilməklə pensiya təyin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, şəxsin məhkəmə müdafiəsi hüququ o zaman yaranır ki, onun hüququna inzibati orqan tərəfindən müdaxilə edilmiş olsun. Yəni məhkəmə inzibati orqanın əvəzinə icraat aparan orqan olmamaqla, inzibati orqanın hərəkətlərinə hüquqi qiymət verir. Hazırkı halda zəruri sənədlər cavabdeh orqana təqdim edilmədiyindən məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Çünki iddiaçının işlədiyi müəssisə hazırda mövcud olmaqla, fəaliyyət göstərir və iddiaçı 2 nömrəli Əlavədə nümunəsi təsdiq edilmiş şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışı əldə etməklə cavabdehə təqdim etmək iqtidarındadır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 5.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İşin faktiki hallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdeh inzibati orqana müraciət edilərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi xahiş edilsə də, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinə əsas verən iş stajına uyğun sənədlər – arayış və s. təqdim edilməmişdir. Cavabdeh inzibati orqanın iddiaçıya cavab olaraq ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-1/2-Y-218426/2024 nömrəli məktub da bu məzmunda tərtib edilmiş, təqdim edilmiş sənədlərə əsasən iddiaçının güzəştli iş stajının olmaması qeyd edilmişdir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı müəyyən edilir. Qaydaların 2 nömrəli Əlavəsində şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışın forması göstərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Hazırkı işin hallarından cavabdeh inzibati orqan tərəfindən iddiaçının hər hansı hüququnun pozulması müəyyən edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 21 sentyabr 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, e-2-1(112)-6909/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar