Məhkəmə qərarları › İş №2-1(103)-3248/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3248/2023

14.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3248/2023 14.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9768/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2011-ci il tarixli qərarına əsasən iddiaçıya xx.xx.2011-ci ildən ömürlük təyin olunmuş pensiyanın məbləği 406 manat hesablanmışdır.

2. İddiaçı hərbi qulluqçu kimi xx.xx.2011-ci il tarixdən 26 il 02 ay 0 gün xidmət illəri ilə hərbi xidmətdən tərxis olunmuşdur. Əmək kitabçasından görünür ki, hərbi xidmətdən tərxis olunduqdan sonra hazırkı tarixədək əmək müqaviləsi əsasında işləmişdir.

3. İddiaçı cavabdehə müraciət edərək, əmək pensiyası təyin edildikdən sonra 6 il və daha çox işləyərək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən onun əmək pensiyasının, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanmasını xahiş etmişdir.Cavabdeh iddiaçının müraciətini təmin etməmişdir.

İİ. Tərəflərin əsaslandırması

İddiaçının əsaslandırması:

4. İddiaçı İddiaçı məhkəməyə müraciət edərək, əmək pensiyası təyin edildikdən sonra 6 il və daha çox işləyərək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən onun əmək pensiyasının, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra iddiaçı) xx.xx.1965-ci ildə doğulmuşdur. İddiaçı uzun müddət xüsusi rütbəli şəxs kimi xidmətdə olmuşdur və xx.xx.2011-ci ildən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alır. Daha sonra pensiyada olduğu müddətdə və hazırda da əmək fəaliyyəti ilə məşğul olur. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan müraciətin icrasından imtina etmişdir. İmtinanın səbəbi kimi “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə istinad edilmişdir. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli qərarına istinad edilmişdir. Hazırkı vəziyyətdə "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsi qüvvədən düşmüşdür. Bu əsasdan hesab edir ki, iddiaçının şəxsi hesabında mövcud olan pensiya kapitalının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanmalıdır. Cavabdeh inzibati orqan bu qənaətə gələrkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2ci maddəsinə istinad etmişdir. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən Əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Göründüyü kimi cavabdeh inzibati orqan 29.2-ci maddəyə istinad etməklə düzgün qənaətə gəlməmişdir. Belə ki, 29-cu maddə Əmək pensiyalarının indeksləşdirilməsi adlanır. 29.2-ci maddədə istinad olunan 29.1-ci maddə isə yalnız ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi məsələsini tənzimləyir. Yəni sadə dildə desək il ərzində ölkə üzrə orta aylıq əmək haqqı artırıldıqda vətəndaşların pensiyası həmin artım tempinə uyğun olaraq indeksləşdirilməlidir. Hazırkı halda isə vətəndaş pensiyasının 29.2-ci maddə ilə deyil 37.3.1-ci maddəsi ilə yenidən hesablanmasını tələb edir. Cavabdeh inzibati orqan isə ən ali məhkəmə hakimiyyəti orqanı olan Konstitusiya Məhkəməsinin qərarını icra etməkdən yayınır. Bu əsasdan hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır.

6. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “cavabdeh orqanın xx.xx.2022-ci il tarixli **********3 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi və İddiaçı yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının, fərdi şəxsi hesabında xx.xx.2019-cu ilədək toplanmış pensiya kapitalı əsasında pensiyanın sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanması” kimi dəyişdirilmişdir.

Cavabdehin etirazı:

7. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz imtinanın məzmununa uyğun təqdim edilərək bildirilmişdir ki, Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli **********2 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17-1/2-V-67336/2023 nömrəli məktublarla bildirilmişdir ki, ona Mərkəzi Filial tərəfindən 29 iyun 2011-ci il tarixindən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Sonrakı artımlar nəzərə alınmaqla iddiaçının əmək pensiyası 703,88 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib: -əmək pensiyasının sığorta hissəsi- 268,19 manat; -qulluq stajına görə əmək pensiyasına əlavə-435,69 manat. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödəniş müddəti 144 ay (12 il) nəzərdə tutulur. İddiaçı əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 72214,47 manat pensiya sığorta kapitalı qeydə alınmışdır. Qeyd olunanları nəzərə alaraq iddiaçının 72214,47 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasının ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 170 (72214,47:170 (65 il-56 il 10 ay=98 ay+(144 av-72 av)=424,79 manat) ava bölünərək əmək pensiyasının sığorta hissəsinin (268,19 manat) üzərinə əlavə olunmaqla pensiyasının sığorta hissəsi 692,98 (268,19+424,79) manat müəyyən edilmişdir. Eyni zamanda sözügedən Qanunun 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavənin məbləği (435,69manat) həmin artımlar qədər (424,79 manat) azaldılıb. Nəticədə, hazırda iddiaçının əmək pensiyasının sığorta hissəsi 692,98 manat, qulluq stajına görə əmək pensiyanıza əlavənin məbləği isə 10,90 (435,69- 424,79) manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyasının tərkibində ona aylıq pensiya məbləğinin 10 faizi-70,39 manat maddi yardım ödənilir. İddiaçının fərdi hesabında toplanmış pensiya kapitalı əsasında onun əmək pensiyasının sığorta hissəsi yenidən hesablanıb. Yəni iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı artıq onun pensiyasının yenidən hesablanması məqsədilə istifadə olunub. Odur ki, hazırda onun fərdi hesabında istifadə olunmamış pensiya kapitalı qalmadığından iddia tələbində göstərilən qaydada pensiyanın yenidən hesablanması istər nəzəri-hüquqi, istərsə də praktikiproqram təminatının imkanları baxımından mümkün deyil. Növbəti yenidən hesablanma qeyd olunan tarixdən sonra iddiaçının işləməyə davam etdiyi halda 6 ildən sonra və ya işdən çıxması ilə əlaqədar işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi halda mümkün olacaqdır.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9768/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilərək, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli **********3 nömrəli qərarı ləğv edilməsi, İddiaçı pensiya təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının, fərdi şəxsi hesabında xx.xx.2019cu ilədək toplanmış pensiya kapitalı əsasında pensiyanın sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

9. Cavabdeh Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9768/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, məhkəmənin sözügedən qərarının əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, 2023-cü il yanvar ayının 1 -dən qüvvəyə minən 5 noyabr 2022-ci il tarixli 627- VİQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi ləğv edilmişdir. Bununla bağlı bildirirlər ki, həmin qanunun keçid müddəalarının 2.2-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsi həmin Qanunun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əlavələr təyin edilmiş şəxslərin əmək pensiyalarının 2023-cü il yanvarın 1-dək olan dövr üçün yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Belə ki, Qanunda edilmiş dəyişiklik şəxslərin hüquqi vəziyyətində hər hansı yaxşılaşdırmasına səbəb olmayıb.Bu dəyişikliklər sadəcə maddi vəziyyəti yaxşılaşdırmağa xidmət edir.Sözügedən dəyişiklik sadəcə hesablanma qaydasındadır.Göstərilənlərə əsasən müəyyən olunur ki, Qanunun 29.2-ci maddəsinin xx.xx.2023-cü il tarixdən ləğv edilməsinin həmin tarixdən əvvəlki münasibətlərə tətbiqinin heç bir hüquqi əsası yoxdur.

11. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

12. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

İİİ. Məhkəmənin mövqeyi

13. Məhkəmə kolegiyası iş üzrə materialları, cavabdehin apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9768/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır.

14. Apellyasiya baxışının hədləri ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

15. İnzibati Prosessual qanunvericiliyin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

16. Məhkəmə Kollegiyası iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

17. İddia tələbinin mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir:

18. İddia tələbi "Əmək pensiyaları haqqında" Qanunun xx.xx.2019-cu il tarixədək qüvvədə olan 29.2, 37.3.1, 45-ci maddələrinin müddəalarına müvafiq pensiyanın sığorta hissəsinin, ona pensiya təyin edildikdən sonrakı dövr üzrə fərdi şəxsi hesabında xx.xx.2019-cu ilədək toplanan sığorta kapitalı əsasında yenidən hesablanması ilə bağlıdır.

19. Məhkəmə qeyd edir ki, hüququn yaşanması (hüququn ultraaktivliyi) qanunun geriyə qüvvəsinin (retroaktivliyinin) əksinə olan hüquqi hadisədir. Əksər hallarda, qüvvədən düşmüş qanunun müəyyən norma və müddəalarının ultraaktiv təsiri onu əvəz etmək üçün nəzərdə tutulmuş yeni qanunun normaları ilə müəyyən edilir. “Köhnə” qanunun normalarının ultraaktiv təsirinin yaradılmasında məqsəd bu müddəaları tənzimləyən yeni qanun qəbul edilənə qədər hüquq münasibətlərinə girmiş hüquq subyektlərinin hüquq və mənafelərini qorumaqdır. Köhnəlmiş normativ aktın normalarının fəaliyyət prinsipi əksər hallarda davam edən hüquq münasibətlərinin tənzimlənməsinə tətbiq edilir.

20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı: - hərbi və xüsusi rütbəli şəxslərə ödənilən əmək pensiyası iki hissədən – sığorta hissəsindən və qulluq stajına görə əlavədən ibarətdir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onların son təminat xərcliyi əsasında təyin edilir və təminat xərcliyindəki sonrakı artımlar əmək pensiyasının müvafiq qaydada artmasına səbəb olur (“Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi). - Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, işləyən pensiyaçıların qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququ qanunla nəzərdə tutulmuş əlavə sosial təminatdır, onların alınması hüququ isə şəxs tərəfindən ödənilmiş sosial sığorta haqlarından deyil, onun müvafiq statusundan (dövlətlə xidməti və ya əmək münasibətlərinin mövcudluğundan) asılıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4- cü maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 14 noyabr tarixli Qərarı).

21. “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə 5 noyabr 2022-ci il tarixli 627-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə: - 29.2-ci maddə ləğv edilmiş; - 29.1-ci maddəyə “sığorta hissəsi” sözlərindən sonra“, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği” sözləri əlavə edilmiş; - 45-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilmişdir: “Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır.” Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minmişdir.

22. Həmin Qanunun keçid müddəalarına əsasən müəyyən edilmişdir ki: 2.1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsi 2023-cü il yanvarın 1-dək həmin Qanunun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə də tətbiq edilir. 2.2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsi həmin Qanunun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əlavələr təyin edilmiş şəxslərin əmək pensiyalarının 2023-cü il yanvarın 1-dək olan dövr üçün yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. 2.3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin ikinci cümləsi 2023-cü il yanvarın 1-dək əmək pensiyasının sığorta hissəsinin həmin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.

23. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş 29.2-ci maddəsinin redaksiyasına əsasən Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır.

24. - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli Qanunu ilə 29.2-ci maddədə “2017-ci il iyulun 1-dən əmək pensiyasına çıxmış bu” sözləri “Bu” sözü ilə əvəz edilmişdir. Həmin Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir. Beləliklə, müvafiq dəyişikliyin qüvvəyə mindiyi xx.xx.2019-cu il tarixədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (hazırda qüvvədən düşmüş) 29.2-ci maddəsinin redaksiyası aşağıdakı kimidir: - 2017-ci il iyulun 1-dən əmək pensiyasına çıxmış bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. xx.xx.2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 37.3.1- ci maddə aşağıdakı yeni redaksiyada verilmişdir: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Əvvəlki redaksiyada deyilirdi: 37.3.1. yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir;

25. İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür. xx.xx.2011-ci il tarixdən ona hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, həmin tarixdən halhazıradək əmək fəaliyyətini davam etdirir.

26. İddiaçıya əmək pensiyası təyin edildikdən sonra onun müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 72214,47 manat pensiya sığorta kapitalı qeydə alınmışdır.

27. Məhkəmə sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduqdan sonra 6 ildən çox işlədiyindən və mövcud qanunvericilikdə hərbi qulluqçuların əmək pensiyasının sığorta hissəsinə əsasən yenidən hesablanmasına hər hansı məhdudiyyət nəzərdə tutulmadığından, iddiaçının hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır.

28. Cavabdehin qurumun etirazı onunla əsaslandırılmışdır ki, sonrakı artımlar nəzərə alınmaqla hazırda iddiaçının 703,88 manat məbləğində güzəştli şərtlərlə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası aşağıdakı tərkibdən ibarətdir: -əmək pensiyasının sığorta hissəsi-268,19 manat; -qulluq stajına görə əmək pensiyasına əlavə-435,69 manat. İddiaçının 72214,47 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasının ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 170 (72214,47:170 (65 il-56 il 10 ay=98 ay+(144 av72 av)=424,79 manat) ava bölünərək əmək pensiyasının sığorta hissəsinin (268,19 manat) üzərinə əlavə olunmaqla pensiyasının sığorta hissəsi 692,98 (268,19+424,79) manat müəyyən edilmişdir. Eyni zamanda sözügedən Qanunun 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavənin məbləği (435,69manat) həmin artımlar qədər (424,79 manat) azaldılıb. Nəticədə, hazırda iddiaçının əmək pensiyasının sığorta hissəsi 692,98 manat, qulluq stajına görə əmək pensiyanıza əlavənin məbləği isə 10,90 (435,69-424,79) manat təşkil edir.

29. Cavabdeh orqanın əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022ci il tarixli **********3 nömrəli qərarla isə 703,88 təşkil etmişdir.

30. Beləliklə, məhkəmə hesab edir ki, 2023-cü il yanvarın 1-dən qüvvəyə minmiş Qanunun keçid müddəalarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 29.2ci maddəsi ləğv edilsə də, keçid müddəalarında (2.3-cü maddə) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin ikinci cümləsi 2023-cü il yanvarın 1-dək əmək pensiyasının sığorta hissəsinin həmin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması hallarına münasibətdə tətbiqini (yəni qanunun retroaktiv olaraq tətbiqini) istisna etmişdir. Odur ki, iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli Qanunu ilə 29.2-ci maddəyə edilmiş dəyişiklik qüvvəyə mindiyi xx.xx.2019-cu il tarixədək olan redaksiyası, eləcə də 37.3.1 və 45-ci maddələrinin (xx.xx.2019-cu il redaksiyasına uyğun olaraq) müddəalarına müvafiq olaraq pensiyasının sığorta hissəsi pensiya təyin edildikdən sonrakı dövr üzrə fərdi şəxsi hesabında xx.xx.2019-cu ilədək toplanan sığorta kapitalı əsasında yenidən hesablanmalıdır.

31. İddiaçının pensiya hüququ 2017-ci il iyulun 1-dək yaranmış və “Əmək pensiyaları haqqında” qanunun (hazırda qüvvədən düşmüş) 29.2-ci maddəsinin qeyd edilən yeni redaksiyası məhz qüvvəyə mindiyi xx.xx.2019-cu ildən tətbiq oluna bilər. Həmin tarixədək iddiaçının pensiyasının sığorta hissəsi yenidən hesablandıqda qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin həmin artımlar qədər azaldılması qanuni hesab oluna bilməz. Odur ki, iddiaçının xx.xx.2019-cu ilədək toplanmış pensiya kapitalına əsasən (pensiya hüququ 2017-ci il iyulun 1-dək yarandığı üçün) əmək pensiyasının sığorta hissəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanmalıdır.

32. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqanın qeyd edilən normalara əsasən pensiyanın yenidən hesablanmaması nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçının pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

33. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, iddia təmin olunmalıdır.

34. Məhkəmə Kollegiyası cavabdehin iddia tələbinə etirazının dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini qeyd etməklə, odur ki, prosessual qənaət prinsipindən çıxış edərək cavabdehin apellyasiya şikayətinə münasibətdə bir daha qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas təşkil etmir.

35. Belə ki, apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmənin sözügedən qərarının əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, 2023-cü il yanvar ayının 1 -dən qüvvəyə minən 5 noyabr 2022-ci il tarixli 627- VİQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi ləğv edilmişdir. Bununla bağlı bildirirlər ki, həmin qanunun keçid müddəalarının 2.2-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsi həmin Qanunun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əlavələr təyin edilmiş şəxslərin əmək pensiyalarının 2023-cü il yanvarın 1-dək olan dövr üçün yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Belə ki, Qanunda edilmiş dəyişiklik şəxslərin hüquqi vəziyyətində hər hansı yaxşılaşdırmasına səbəb olmayıb.Bu dəyişikliklər sadəcə maddi vəziyyəti yaxşılaşdırmağa xidmət edir.Sözügedən dəyişiklik sadəcə hesablanma qaydasındadır.Göstərilənlərə əsasən müəyyən olunur ki, Qanunun 29.2-ci maddəsinin xx.xx.2023-cü il tarixdən ləğv edilməsinin həmin tarixdən əvvəlki münasibətlərə tətbiqinin heç bir hüquqi əsası yoxdur.

36. Məhkəmə Kollegiyası prosessual qənaət prinsipindən çıxış edərək qeyd edir ki, apellyasiya şikayətinin dəlillərinə bu dəlillər iddia ərizəsinə etirazla eyni məzmunlu olmaqla yuxarıda hüquqi qiymət verilmişdir.Eyni zamanda məhkəmə Kollegiyası apellyasiya şikayətinin Qanunun 29.2-ci maddəsinin xx.xx.2023-cü il tarixdən ləğv edilməsinin həmin tarixdən əvvəlki münasibətlərə tətbiqinin heç bir hüquqi əsası olmaması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillərə məhkəmə bu qərarın 30-31-ci bəndlərində hüquqi mövqe bildirilmişdir.

37. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

38. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən yuxarıda qeyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirərək iddia təmin edilmişdir.

39. Buna görə də məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, ədalətli və işin faktiki halları baxımdan əsaslıdır.

40. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır, odur ki, təmin edilməməlidir və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9768/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin tələblərinə əsasən: Maddə 58.7. sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9768/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar