Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3248/2025 25.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X4 Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Yasamal rayon Polis İdarəsinə (üçüncü şəxs X3) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7025/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1970-ci il təvəllüdlü X2 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, 3-cü Xrebtovı saylı fərdi yaşayış evi uzun müddətdir iddiaçının istifadəsində və sahibliyindədir. Həmin mənzildə qızı - X1 həyat yoldaşı - X3 uzun illərdir ki, evdə faktiki olaraq yaşamadığı halda, formal şəkildə qeydiyyatdadır. Keçmiş həyat yoldaşı ilə münasibətlərinin bərpası qeyri-mümkün olduğu üçün Yasamal Rayon Məhkəməsinin 2(004)-5685/12 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən nikahları rəsmi qaydada pozulmuşdur. X3 mütəmadi olaraq spirtli içki qəbul edərək iddiaçını, qızını və övladlarını narahat edərək təhqir etmişdir. Bununla bağlı dəfələrlə şikayətləri də olmuşdur. Hətta qızı X6 mühafizə orderinin alınmasına dair Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə müraciət etmiş və ona müvəqqəti mühafizə orderi də verilmişdir. İddiaçı üçüncü şəxsin həmin mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı ərizə ilə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə müraciət etmiş, müraciəti təmin edilməmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X3 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7025/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxs məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü X3 ünvan 2 ünvanında qeydiyyatdadır. - Yasamal Rayon Məhkəməsinin 2(004)-5685/12 nömrəli xx.xx.2012-ci il tarixli qətnaməsindən görünür ki, X6 ilə X3 arasında Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinin 09 oktyabr 2001-ci il tarixli 558 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. - Bakı şəhər Yasamal rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-53/2-Ə-71799 nömrəli məktubdan görünür ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İddiaçıya ünvan 4 ünvanından X2 qeydiyyatdan çıxarılması ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.2. iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. İddiaçı hazırkı iddia tələbi ilə X2 ünvan 1 ünvanından qeydiyyatdan çıxarıılmasını xahiş edir. Kollegiya hesab edir ki, həmin fərdi yaşayış evi özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından iddiaçının özbaşına tikili olan həmin əmlaka hər hansı bir hüququ mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırda mübahisəli mənzilə dair mülkiyyət və ya istifadə hüquqları dövlət qeydiyyatına alınmadığı üçün, müvafiq sənədlərlə (kirayə müqaviləsi, şəxsi hesabı və s.) təsdiq olunmadığı üçün onun qanun çərçivəsində hüquqlarının müdafiəsinə yol verilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7025/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3248/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3248/2025
25.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver