Məhkəmə qərarları › İş №2-1(103)-3249/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3249/2023

15.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3249/2023 15.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X3 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, İddiaçı X10 şirkətinin cavabdeh Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı “qərarın etibarsızlığının tanınması” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1625/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi qəsəbə X1 istifadəsi üçün torpaq sahəsinin ayrılması haqqında 622/1 saylı, 18 iyun 2004-cü il tarixli ilkin qərarın etibarsızlığının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi qəsəbə Bələdiyyəsinin ilkin qərarı ilə X2 istifadəsinə, Dövlətin müstəsna istifadəsində saxlanılan, sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olan və Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901-İİQD saylı, 29 aprel 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilərək. Qanun statusu almış “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişlə neftqaz əməliyyatlarının aparılması üçün İddiaçı şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində, 1 saylı mədənin 5-ci sahəsi daxilində ayrılmış 600 kv.m. torpaq sahəsinin 200 kv.m. sonradan həmin bələdiyyənin 622/1 saylı, 18 iyun 2004-cü il tarixli qərarı ilə X5 adına keçirilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin 908 saylı, 26 sentyabr 2000-ci il tarixli Sərəncamı ilə, həmin sərəncama əlavə edilmiş və Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş xəritədə göstərilən ərazilər Binəqədi qəsəbə Bələdiyyəsinə ayrılmış və həmin torpaq sahələri 23 oktyabr 2000-ci il tarixli Protokolla Binəqədi qəsəbə Bələdiyyəsinə təhvil verilmişdir. Qeyd edilən xəritədə göstərilmiş və Binəqədi qəsəbə Bələdiyyəsinə ayrılmış torpaq sahəsi əslində Şirkətin Saziş ərazisinin hüdudlarından kənarda yerləşir. Lakin Binəqədi qəsəbə Bələdiyyəsi səlahiyyət hədlərini aşaraq, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ona ayrılmış torpaqlarla kifayətlənməyərək, özünün ərazisindən kənarda olan və Şirkətin Saziş ərazisinin hüdudları daxilində yerləşən torpaqları da müxtəlif nömrəli və tarixli qərarlarla vətəndaşların istifadəsinə ayırmışdır. Həmçinin, Binəqədi qəsəbə Bələdiyyəsi qanunsuz olaraq, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ona ayrılmış torpaq sahəsindən kənarda, Şirkətin saziş ərazisinin hüdudları daxilində, 1-ci mədənin 5-ci sahəsində vətəndaşın istifadəsinə 200 kv.m torpaq sahəsi ayırmışdır Məhkəmənin 20 iyul 2022-ci il tarixli qərardadı ilə, X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1625/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uygun əsaslandırılmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, AR İPM-nin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı Binəqədi qəsəbə bələdiyyəsinin 622/1 saylı, 18 iyun 2004-cü il tarixli qərarının etibarsızlığının tanınmasını tələb edir. Azərbaycan Respublikası İPM-in həmin iddia növünü tənzimləyən 36.1-ci maddəsinə əsasən müəyyən etmə və tanınma haqqında iddia vasitəsilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin maddənin 2-ci bəndinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Həmin maddənin 3-cü bəndinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Həmin maddənin 4-cü bəndinə əsasən, hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında deyilir ki, iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünə qiymət verərkən məhkəmə irəli sürülmüş iddia növünün, o cümlədən mübahisələndirmə (İPM-in 2.2.1, 32 və 70–72-ci maddələri), yaxud inzibati aktın etibarsızlığının tanınması (İPM-in 36.1-ci maddəsinin ikinci yarımcümləsi) haqqında olmasını müəyyən etməlidir. Qərarda qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıbyaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adışəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdən iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır İddiаçının öz hüququnun pozulduğunu bildiyi vаxt qüvvədə olаn və ümumi (publik) hüquq münаsibətlərindən əmələ gələn işlər üzrə icrааtı tənzimləyən Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin İİ yаrımbölməsinin müddəаlаrınа görə, mаrаqlı şəxs müvаfiq icrа hаkimiyyəti orqаnının və yerli özünüidаrə orqаnının, sаir orqаn və təşkilаtlаrın, onlаrın vəzifəli şəxslərinin qərаrı, hərəkəti (hərəkətsizliyi) ilə əlаqədаr mübаhisə qаldırа bilər (296.1-ci mаddə). Şəxs özünün hüquq və аzаdlığının pozulduğu bаrədə onа məlum olаn gündən qаnundа bаşqа müddət müəyyən edilməyibsə, 1 аy müddətində ərizə ilə məhkəməyə mürаciət etmək hüququnа mаlikdir (həmin Məcəllə 298-ci mаddə). Yuxarıda qeyd edildiyi kimi iddiaçının mübahisə açdığı qərar müvafiq olaraq 2004-cü illərdə verilmişdir. Həmin vaxt da qüvvədə olmuş qanunvericiliyə görə maraqlı şəxs hüququnun pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində məhkəməyə müraciət etmək hüququ var idi. İddiaçı rəsmi fəaliyyət göstərdiyi vaxtdan cavabdehin qəbul etdiyi qərarı mübahisələndirməyə dair subyektiv hüququ yaranmasına baxmayaraq məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimləndiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1, 375.2 və 384.0.5-ci maddələrinə istinad etməklə iddia müddətinin tətbiq edilməli olmamasına dair şikayətin dəlilləri əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı müvafiq aktları məhkəmə mübahisələndirərkən həm qüvvədə olan MPM-də, həm də hazırda qüvvədə olan AR İPM-də nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı X10 şirkətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1625/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar