Məhkəmə qərarları › İş №2-1(103)-325/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-325/2021

09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-325/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi, Sərhəd Qoşunları aparatının təhqiqat bölməsinin rəisi, ədliyyə-polkovnik leytenantı X2 iştirakı ilə, İddiaçı (xx.xx.1999-cu il tarixdə Beyləqan rayonunun Milabad qəsəbəsində anadan olmuş, həmin ünvanda qeydiyyatdadır) cavabdehlər Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə və qeyrisinə qarşı “qərarın ləğv edilməsi, iddiaçının yenidən şəhadətləndirilməsi, pul məbləğinin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-5365/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə cavabdehlər Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2020-ci il tarixli, 162 saylı qərarının ləğv olunmasını, həmin qərarın 7.2-ci maddəsinə əsasən “ç” yarımbəndinin tələbinin qoyulması, yəni xəstəliyin hərbi xidmət dövrü qazanması kimi qeyd olunmasını, öhdəliyin cavabdehlərin üzərinə qoyulmasını, ona sığorta haqqı ödənilməsi ilə bərabər, əməliyyata lazım olan 25 000 manatın fərq pulunun ödənilməsini və ya dövlət hesabına böyrək köçürmə əməliyyatının edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-5365/2020 nömrəli qərardadı ilə (hakim R.Kərimli) İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı «qərarın ləğv edilməsi, iddiaçının yenidən şəhadətləndirilməsi, pul məbləğinin ödənilməsi» barədə iddia tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və hazırkı işə Bakı İnzibati Məhkəməsində baxılması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, artıq uzun müddətdir ki, xəstəliyi ilə (xroniki böyrək çatışmazlığı, İV mərhələ) əlaqədar Bakı şəhərində müalicə alır və Bakı şəhərində yaşayır. Qeyd olunanlarla əlaqədar tərəfindən Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir, o, Beyləqanda faktiki olaraq yaşasaydı Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş olardı, çünki gediş gəliş üçün sonuncü məhkəmə onun üçün əlverişli olardı. Əlavə olaraq, cavabdehlərin də ünvanları Bakı şəhərində yerləşir. İşin apellyasiya icraatı zamanı iddiaçı məhkəməyə vəsatət təqdim edərək, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-5365/2020 nömrəli qərardadının ləğv edilməsini, hazırkı işə Bakı İnzibati Məhkəməsində baxılması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatətə əlavə olunmuş Respublika Diaqnostika Mərkəzi tərəfindən verilmiş arayışa əsasən 1999-cu il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixində RDM Böyrək xəstəliklər və Transplantalogiya şöbəsində böyrək transplantasiyası əməliyyatı icra edilmiş, xəstənin ümumi vəziyyətini nəzərə alaraq əməliyyat olunan mərkəzdə mütəmadi olaraq həkim nəzarətində olması mütləqdir. İşin apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi Sərdar İsmayılov məhkəməyə vəsatət təqdim edərək, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)- 5365/2020 nömrəli qərardadının ləğv edilməsini, hazırkı işə Bakı İnzibati Məhkəməsində baxılması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatətdə qeyd edilmişdir ki, iddiaçı uzun müddətdir xəstəliyi ilə əlaqədar Bakı şəhərində müalicə alır və Bakı şəhərində qohumlarının evində yaşayır. İddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir, çünki əgər iddiaçı Beyləqan rayonunda faktiki olaraq yaşamış olsaydı Şirvan İnzibati Məhkəməsinə müraciət edərdi, əlavə olaraq cavabdehlərin də ünvanları Bakı şəhərindədir. xx.xx.2020-ci il tarixdə iddiaçıya RDN Böyrək xəstəlikləri və Transplantalogiya şöbəsində böyrək transplantasiyası əməliyyatı icra edilmişdir. Respublika Diaqnostika Mərkəzi tərəfindən iddiaçıya təqdim olunan arayışa əsasən iddiaçının ümumi vəziyyətini nəzərə alaraq əməliyyat olunduğu, qeyd olunan mərkəzdə mütəmadi olaraq həkim nəzarətində olmağı mütləqdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi işə Bakı İnzibati Məhkəməsində baxılmasına etiraz etmədiyini bildirdi. İddiaçı və digər cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyası məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmışlar, nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən məhkəmə işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hazırkı məsələyə hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-5365/2020 nömrəli qərardadı ləğv edilməli, hazırkı inzibati iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, “İPM-in 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İddiaçı qeydiyyatda olduğu ünvan Beyləqan rayonu, Milabad kəndidir. Odur ki, məhkəmə hazırkı işə Şirvan İnzibati Məhkəməsində baxılmasını qanunamüvafiq sayır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı iş üzrə iddiaçının iddia tələbini “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2020-ci il tarixli, 162 saylı qərarının ləğv olunmasını, həmin qərarın 7.2-ci maddəsinə əsasən “ç” yarımbəndinin tələbinin qoyulması, yəni xəstəliyin hərbi xidmət dövrü qazanması kimi qeyd olunmasını, öhdəliyin cavabdehlərin üzərinə qoyulmasını, ona sığorta haqqı ödənilməsi ilə bərabər, əməliyyata lazım olan 25 000 manatın fərq pulunun ona ödənilməsini və ya dövlət hesabına böyrək köçürmə əməliyyatının edilməsi barədə qərar çıxarılması” təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbi inzibati aktın mübahisələndirilməsi iddia növünə aid olduğundan və Azərbaycan Respublikası İPM-nin 8.1.2-ci maddəsinin əhatə dairəsinə düşdüyündən hazırkı işə inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır. Hazırkı iş üzrə cavabdehlər Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin ünvanı - Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 30 və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasının ünvanı - ünvan 7ə baxılmalıdır. Bu həm də iddiaçının inzibati məhkəmə araşdırmasında lazımı sübutların məhkəməyə təqdim edilməsi baxımından iddiaçının sübutetmə prosesində sübutların əlçatanlığı, nəticə etibarilə iddia etdiyi kimi pozulmuş hüquqlarının vaxtında və səmərəli qaydada müdafiəsinin təşkilinə xidmət edir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “ “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyrimüəyyənlik yaranması ilə yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana bilər və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Həmin qərarda eyni zamanda İnsan hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə istinad edilərək göstərilmişdir ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin X1rşı iş üzrə xx xxxxxxxx 2010-cu il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin İ bəndinin tələblərini pozur. Avropa Məhkəməsinin Vasilesku Ruminiyaya qarşı iş üzrə xx xxx 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan “məhkəmə” anlayışının tələblərinə cavab vermiş olur. Beləliklə, hazırkı iddia ərizəsinə Bakı İnzibati Məhkəməsində baxılmasının iddiaçının konstitusion hüquqlarının müdafiəsi baxımından məqsədəmüvafiqdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-5365/2020 nömrəli qərardadı ləğv edilməli, hazırkı inzibati iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 8, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-5365/2020 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2020-ci il tarixli, 162 saylı qərarının ləğv olunmasını, həmin qərarın 7.2-ci maddəsinə əsasən “ç” yarımbəndinin tələbinin qoyulması, yəni xəstəliyin hərbi xidmət dövrü qazanması kimi qeyd olunmasını, öhdəliyin cavabdehlərin üzərinə qoyulmasını, ona sığorta haqqı ödənilməsi ilə bərabər, əməliyyata lazım olan 25 000 manatın fərq pulunun ona ödənilməsini və ya dövlət hesabına böyrək köçürmə əməliyyatının edilməsi barədə qərar çıxarılması” tələbinə dair inzibati iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar