Məhkəmə qərarları › İş №2-1(103)-325/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-325/2022

09.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-325/2022 09.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1966-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “məlumat vərəqəsinin aidiyyəti orqana göndərilməsi” barədə iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4381/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun DİO-da uzun müddətli xidmət illərinin təqvim hesablanması ilə 15 il, 11 ay, 22 gün və imtiyazlı hesablama ilə 28 il, 11 ay, 22 gün təşkil etdiyi nəzərə alınmaqla məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 399 saylı 31 oktyabr 1988-ci il tarixli əmri ilə daxili işlər orqanlarının sıravi heyətinə xidmətə qəbul olunmuş və həmin İdarənin 27 yanvar 2003-cü il tarixli 10 saylı əmri ilə DİO-dan xaric edilmişdir. O, DİO-da xidmət illərinin barəsində “məlumat vərəqəsi”nin AR ƏƏSM Nazirliyi yanında DSMF-nin müvafiq orqanına göndərilməsi ilə bağlı 2 aprel 2019-cu il tarixdə AR Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Nazirliyin Şəxsi Heyətlə İş İdarəsi tərəfindən 22 aprel 2019-cu il tarixli 024-11891B-3219 saylı məktubla ona ünvanlanmış cavabda göstərilir ki, DİO-da xidmət müddəti təqvim hesablaması ilə 14 il 2 ay 17 gün, imtiyazlı hesablama ilə 22 il 3 ay 9 gün təşkil etdiyindən ona pensiyanın təyin olunması üçün “məlumat vərəqəsi”nin tərtib olunması mümkün olmamışdır. Eyni zamanda onun müraciətinə əsasən Bakı şəhəri Binəqədi RPİ-nin müraciətinə əsasən ona ünvanlanmış 20 aprel 2019-cu il tarixli 059-14465- 1219 saylı cavab məktubunda DİO-da xidmət illəri təqvim hesablaması ilə 16 il 2 ay 17 gün, imtiyazlı hesablama ilə 21 il 3 ay 29 gün kimi göstərilmişdir. Göründüyü kimi, onun xidmət illəri barədə “məlumat vərəqəsi”ni verməli orqanın vahid mövqeyi yoxdur. Buna səbəb DİO-da xidməti illəri hesablanarkən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələblərinin nəzərə alınmamasıdır. Beləliklə, onun НЗ ******* saylı hərbi biletində aparılmış qeydə əsasən 20 aprel 1984-cü il tarixdən 25 mart 1986-cı il tarixədək olan 1 il 11 ay 5 gün təşkil etmiş, 31 oktyabr 1988-ci il tarixli 399 nömrəli əmrlə DİO-ya daxil olmuşdur. 27 yanvar 2003-cü il tarixli 10 saylı əmrlə öz arzusu ilə DİO-dan xaric olunduğundan, təqvim hesablaması ilə 15 il 11 ay 22 gün kimi hesablanmalı, imtiyazlı xidməti illərlə hesablanarkən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli 23 noyabr 1992-ci il tarixli qərarının tələbi nəzərə alınmalı idi. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçuların hərbi qulluqçu kimi xidmət illərinə görə əmək pensiyası almaq hüququ vardır. DİO-dan xaric olunduğu vaxt, yəni 27 yanvar 2003-cü il tarixdə onun xidmət illəri təqvimi hesablama ilə 15 il, 11 ay 14 gün və imtiyazlı xidmət müddəti 28 il 11 ay 22 gün olmuşdur. Buna görə də onun DİN xətti ilə xidmət illərinə görə pensiya təyin edilməsi müvafiq qanunvericiliyin, «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının 29 aprel 1992-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, praporşikləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. xx.xx.2019-cu il tarixdə cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2218/2019 saylı qərardadı ilə iddianın dəyişdirilməsi (mətnə uyğun) qəbul edilmiş, iddia “müvafiq məlumat vərəqəsi tərtib edilərkən 14 il 2 ay 17 gün təqvimi hesablama ilə, 22 il 3 ay 9 gün imtiyazlı hesablama ilə xidmət illərinin nəzərə alınması” kimi göstərilməsi qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)- 2218/2019 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı xx.xx.2019-cu il tarixdə apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-389/2020 saylı, 04 fevral 2020-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 2- 1(82)2218/2019 saylı qərardadı ləğv edilmiş, işin sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4381/2020 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “məlumat vərəqəsinin aidiyyəti orqana göndərilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4381/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixdli 2- 1(103)-321/2021 saylı qərarı ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4381/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixdli 2-1(103)-321/2021 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)-1261/2021 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(103)-321/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, iddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, məhkəmə qərarının ikinci səhifəsinin axırıncı abzasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 mart 2014-cü il tarixli qərarına istinad edilərək “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavə edilməsi barədə Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli Qanunu qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməsi qeyd olunsa da iddia tələbinə münasibətdə həmin müddəa qərar qəbul edilərkən nəzərə alınmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirmişdir ki, 1992-1995-ci il tarixlərdə imtiyazlı günlər hesablanmalıdır. Yeni qərarda sırf 20 il staj olmalıdır. Həmin qərar ona şamil edilmir. O, 2003-cü ildə işdən çıxmışdır. Onun imtiyazlı illərlə birlikdə 22 il 3 ay 9 gün stajı var. Əmək kitabçasında hamısı var. Analoji işlə əlaqədar Ali Məhkəmənin qərarı var. İddiaçı apellyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.2003-cü il tarixində daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Mübahisənin həlli üçün iddiaçının DİOda xidmətdən xaric edildiyi həmin tarixdə qüvvədə olan norma işin hallarına tətbiq edilməlidir. İddiaçı onun xidmət illərinin imtiyazlı hesablama ilə nəzərə alınmaqla müvafiq həddə olmasını əsas gətirərək “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 144-cü maddəsinə istinadən pensiya hüququnun yarandığını iddia edir. Cavabdeh isə iddiaçının həmin Əsasnaməyə xx.xx.2005-ci il tarixli Qanunla dəyişiklik edilənədək imtiyazlı hesablama ilə 25 il xidmət ilinin, dəyişiklikdən sonrakı tələblərə uyğun şəkildə isə 20 ilin, yəni təqvim ilinin toplanmadığını əsas gətirərək iddianı qəbul etmir. Məhkəmələrin mövqeyi isə belə olmuşdur ki, iddiaçı xx.xx.1988-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək DİO-da işləməklə 20 təqvim ili və imtiyazlı hesablama ilə 25 il staj toplamadığından onun pensiya hüququ yaranmır. Hazırkı qərarın 26-cı bəndində göstərilən normaların məzmunundan aydın olur ki, “20 təqvim ili” tələbi Qanunun xx.xx.2005-ci ildən sonra qüvvədə olan redaksiyasında təsbit olunub. İddiaçı isə 2003-cü ildə DİO-da xidmətdən xaric edildiyindən ona münasibətdə həmin norma tətbiq edilə bilməz. Apellyasiya instansiyası məhkəməsinin “imtiyazlı hesablama ilə 25 il” tələbinə dair mövqeyi isə hərtərəfli araşdırmanın nəticəsi deyil. Məhkəmə iddiaçının imtiyazlı hesablama ilə 25 ildən az iş stajının olduğu qənaətinə gəlsə də, öz mövqeyini əsaslandırmamışdır. Belə ki, məhkəmə imtiyazlı illərin hesablama qaydasını açıqlamamış, iddiaçının xidmət illərini necə hesablamasını öz qərarında göstərməmişdir. İddiaçı isə onun iş stajının məhz “imtiyazlı hesablama ilə” hesablandığı halda əmək pensiyası hüququ yaranmasına istinad etdiyindən məhkəmə bu istiqamətdə hərtərəfli araşdırma apararaq imtiyazlı illərə hansı xidmət illərinin aid olduğunu öz qərarında göstərməli, bundan sonra iddiaçının müvafiq iş stajının olub-olmamasına qiymət verməli idi. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Bununla da iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə ziddiyyət yaranmışdır. Belə ki, dəqiqləşmə ərizəsi ilə imtiyazlı illər üzrə xidmət dövrünün 22 il 3 ay 9 gün olduğunu qeyd edən iddiaçı, apellyasiya şikayətində yenidən imtiyazlı xidmət illərini 28 il 11 ay 22 gün kimi qeyd etmişdir. Lakin məhkəmə iclasında iştirak edən iddiaçı imtiyazlı illəri ilə birlikdə 22 il 3 ay 9 gün stajı olduğunu bildirmişdir. Odur ki, məhkəmə kollegiyası iddiaçının izahatı üzrə onun 22 il 3 ay 9 gün imtiyazlı xidmət illərinin olduğunu işin mübahisə edilməyən halı kimi qəbul edir. İş materiallarında olan əmək kitabçası və hərbi biletin təsdiqlənmiş surətlərindən görünür ki, İddiaçı 20 aprel 1984-cü il tarixdən 20 aprel 1986-cı il tarixədək həqiqi hərbi xidmətdə olmuş, orta təhsillidir, 10 noyabr 1988-ci il tarixdən 27 yanvar 2003-cü il tarixədək DİO-da xidmət etmişdir. Bakı şəhəri Binəqədi RPİ-nin 27 yanvar 2003-cü il tarixli 10ş/h nömrəli əmri ilə «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinin 1-ci bəndinə əsasən (öz arzusu ilə) DİO-da xidmətdən xaric edilmişdir. Xaric edilərkən xidmət müddəti təqvimi hesablama ilə 14 il 2 ay 17 gün, imtiyazlı hesablama ilə 22 il 3 ay 9 gün təşkil etmişdir. İşin hallarına görə iddiaçı cavabdeh inzibati orqana müraciət edərək daxili işlər orqanlarında xidmət etdiyi illərə görə əmək pensiyası ilə təmin olunmasına köməklik göstərilməsini xahiş etmiş, xx.xx.2019-cu il tarixli məktubla cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdehin imtinasını belə əsaslandırmışdır ki, iddiaçının daxili işlər orqanlarında xidmət illəri – təqvimi hesablama ilə 14 il 02 ay 17 gün, imtiyazlı hesablama ilə 22 il 03 ay 09 gün təşkil edir. Qanunvericiliyə görə isə 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin xidmət illərinə görə əmək pensiyası almaq hüququ var. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq aşağıdakıları qeyd edir. İlk növbədə, işin hallarına iddiaçının xidmətdən xaric edildiyi xx.xx.2003-cü il tarixdə qüvvədə olan normanın tətbiq edilməsi ilə əlaqədar qeyd edilir ki, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 144-cü maddəsinin xx.xx.2005-ci il tarixinədək qüvvədə olan mətninə əsasən xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 25 il və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər (imtiyazlı hesablama ilə). xx.xx.2005-ci il tarixli 977-İİQD nömrəli Qanuna əsasən maddənin mətnində "25 il" sözləri "20 təqvim ili" sözləri ilə əvəz edilmiş və mötərizədə verilmiş "imtiyazlı hesablama ilə" sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi: “Həmin maddənin xx.xx.2005-ci ildən sonra qüvvədə olan redaksiyasına görə Xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər”. Göründüyü kimi, iddiaçının xidmətdən xaric edildiyi dövrdə qüvvədə olan qanunvericilik normalarının müddəası imtiyazlı hesablama ilə 25 il xidmətin olmasını tələb edirdi. İddiaçının isə 25 ildən az, yəni 22 il 3 ay 9 gün imtiyazlı xidmət illərinin olması işin mübahisə edilməyən halıdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xidmətdən xaric edildiyi dövrdə qüvvədə olan qanunvericilik norması ilə tələb edilən minimum 25 il imtiyazlı hesablama ilə xidməti olmadığından iddiasının təmin edilməsindən imtina mahiyyətcə düzgün olmuşdur. İmtiyazlı xidmət illərinin hesablanma qaydasının açıqlanması və imtiyazlı illərə hansı xidmət illərinin aid olduğunun qərarda göstərilməli olması barədə kassasiya instansiyası məhkməsinin göstərişi ilə əlaqədar qeyd edilməlidir ki, iddiaçının 22 il 3 ay 9 gün imtiyazlı xidmət illərinin olması onun öz izahatı ilə işin mübahisəsiz halı olması ilə yanaşı bu hal işdə olan iddiaçıya məxsus əmək kitabçası ilə təsdiq edilir. Belə olan halda əlavə araşdırma aparılması üçün zərurət müəyyən edilmir. Çünki hətta hərbi xidmət dövrü əlavə edilməmiş olsa adi hesablama ilə müəyyən edilir ki, hesablanacağı halda (2 il hərbi xidmət + 22 il 3 ay 9 gün imtiyazlı xidmət illəri = 24 il 3 ay 9 gün) da 25 ildən az imtiyazlı xidmət illəri olacaqdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçının xidmətdən xaric edildiyi tarixə onun 25 ildən az imtiyazlı xidmət illərinin olduğu müəyyən edildiyindən, iddiasının təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə mahiyyətcə düzgün olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı arzuladığı inzibati qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4381/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticə hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4381/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar