Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-325/2023 12.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğvi, pensiyanın bərpa edilməsi və pensiya fərqinin ödənməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğvi, pensiyanın bərpa edilməsi və pensiya fərqinin ödənməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6162/2022 saylı 13 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 12 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1954-cü il təvəllüdlüdür. 124617 saylı vəsiqədən görünür ki, İddiaçı İ qrup əlildir. İddiaçıya xx.xx.1990-cı il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçının pensiya işindən görünür ki, o, xx.xx.2020-ci il tarixdə pensiyasının yenidən hesablanması barədə DSMF-nun Bakı şəhər Nəsimi rayon Şöbəsinə müraciət etmişdir. Cavabdeh DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçının pensiyası yenidən hesablanmış, həmin tarixə aldığı 348,65 manat pensiya məbləği azaldılaraq 338,51 manat müəyyən edilmişdir. Qərarda pensiyanın təyin olunduğu tarix xx.xx.2011-ci il tarix olaraq göstərilmişdir. Qərarın qeyd hissəsinə əsasən xx.xx.2013-cü il tarixdən xx.xx.2017-ci il tarixinədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinədək (3417,51 manat) artıqalmanın tutulması qərara alınmışdır. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının pensiyası yenidən hesablanmış, həmin tarixə aldığı 352,59 manat pensiya məbləği azaldılaraq 322,29 manat, yenidən hesablamanın ödəniş tarixi xx.xx.2021-ci il tarixdən müəyyən olunmuşdur. Qərarda pensiyanın təyin olunduğu tarix xx.xx.2011-ci il tarix olaraq göstərilmişdir. Qərarın qeyd hissəsinə əsasən vətəndaş işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyi halda pensiya kapitalına əsasən səhvən yenidən hesablama aparıldığına görə (xx.xx.2013-xx.xx.2021) artıq ödənilmiş vəsaitin aylıq pensiya məbləğindən tutularaq bərpa edilməsi qərara alınmışdır. Pensiya təyinatı altsistemindən çıxarışdan görünür ki, sonuncu dəfə iddiaçıya 348,65 manat pensiya xx.xx.2020-ci il tarixdə ödənmiş, xx.xx.2021-ci il tarixdən etibarən hər ay əmək pensiyasından 67,01 manat tutulma həyata keçirilir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə əmək qabliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Məlumat ücün bildiririk ki, xx.xx.2013-cü il tarixdən işlədiyi halda əmək pensiyasının yığım hissəsi hesablanıb verilmiş, eyni zamanda işdən azad edildiyi xx.xx.2019-cu il tarixdə əmək pensiyasının məbləği səhv olaraq hesablanmış və nəticədə 3417.51 manat artıq ödəmə aşkarlanmışdır. xx.xx.2021-ci il tarixdən əmək pensiyasının məbləği 377.10 manat təşkil edir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “cavabdehin xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli qərarlarının ləğv edilməsi, xx.xx.2020-ci il tarixdən aldığı pensiyanın bərpa edilməsi və yaranmış pensiya fərqinin ödənməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nəsimi Rayon Xidmət Nümayəndəliyinə ərizə ilə müraciət edərək, ali təhsil aldığı 1972-1976-cı illərin də stajına daxil edilərək pensiyasının yenidən hesablanması və artırılmasını xahiş etmiş, lakin sonuncu tərəfindən tələbi təmin edilməmişdir. Qeyd olunan məsələdən nazirliyə şikayət yazmış, ona heç bir cavab verilməmişdir. Daha sonra isə məsələ ilə razılaşmasa da, tutulan məbləğin azaldılmasını xahiş etmişdir. Lakin indi isə növbəti ayın pensiyasını aldığı zaman pensiyasından 122 manat (əvvəl 97 manat tutulurdu) tutublar. Qaynar xətdən ona bildirilmişdir ki, pensiya məbləği yenidən səhv hesablanmış, pensiyası 377 yox, 322 manatdır. O, hər dəfə şikayət, xahiş yazdıqca pensiyası “səhv hesablanıb” əsası ilə azaldılır. Qeyd olunan borc əsassız hesablanmış, 3417.51 manat heç bir məhkəmə və inzibati qərar olmadan hər ay pensiyasından tutulur. Ona verilmiş imtina məktubu imzasız, möhürsüz və adi ağ kağızdadır. İnzibati orqan onun pensiya məbləğini necə hesablaması, borc məbləğinin necə yaranmış olması və hansı əsasla onun almalı olduğu məbləğdən tutulması barədə heç bir məlumat verməmişdir. Onun pensiyasından heç bir inzibati və məhkəmə qərarı olmadan pul tutulur. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının iddia tələbi tam əsassızdır və rədd edilməlidir. İddiaçı Vahab qızına İİ dərəcəli əlillik müəyyən edilməklə, xx.xx.1990-ci il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2011-ci il tarixdən əlillik səbəbi “Ümumi xəstəliklə əlaqədar” olmaqla, müddətsiz İ dərəcəli əlillik müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Həmin Qanunun 1.0.13-cü maddəsinə əsasən fərdi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. Qanunun 37.3.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanır. İddiaçı xx.xx.2013-cü il tarixdən işlədiyi halda əmək pensiyasının yığım hissəsi hesablanıb verilmiş, eyni zamanda işdən azad edildiyi xx.xx.2019-cu il tarixdə əmək pensiyası məbləği səhv olaraq hesablanmış və nəticədə 3417.51 manat artıq ödəmə yaranmışdır. Bundan əlavə, İddiaçı pensiyasından 422 manat (əvvəl 97 manat) tutulduğunu iddia edir. Lakin İddiaçı əmək pensiyasından tutulmanın məbləği 67.01 manat təşkil edir (PAS-dan çıxarış əlavə edilmişdir). Qanunun 39.2-ci maddəsinə əsasən, bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Tutulma məbləği (67.01 manat) hər ay İddiaçı ödənilməli olan məbləğin 20 faizini təşkil edir. Qeyd olunanlardan belə nəticəyə gəlinir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi-siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6162/2022 saylı 13 iyun 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi filialının İddiaçı barəsində qəbul etdiyi əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli qərarların ləğv edilməsi, İddiaçı xx.xx.2020-ci il tarixədək aldığı pensiya məbləği bərpa edilərək əmək pensiyasından xx.xx.2021-ci il tarixdən aparılan tutulmanın qanunsuz hesab edilməsi, yaranmış fərqin ödənməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubuna və iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdır ki, İddiaçı Vahab qızına ikinci dərəcəli əlillik müəyyən edilməklə xx.xx.1990-ci il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2011-ci il tarixdən əlillik səbəbi “Ümumi xəstəliklə əlaqədar” olmaqla, müddətsiz birinci dərəcəli əlillik müəyyən edilmişdir. Qanunun 37.3.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanır. İddiaçı tərəfindən təqdim olunmuş Bakı Xoreoqrafiya Məktəbinin arayışlarına əsasən, xx.xx.2008-ci il tarixdən əvəzçilik üzrə rus dili və ədəbiyyat müəllimi işləmiş və 31.01,2013-cü il tarixdə əvəzçilik üzrə işinə xitam verilmiş və 16.01,2013-cü il tarixli ərizəsinə əsasən, əmək pensiyası yenidən hesablanmışdır. Həmçinin İddiaçı xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən, xx.xx.2019-cu il tarixdə əmək pensiyası yenidən hesablanmışdır. İddiaçı 18.11,2020-ci il tarixli ərizəsinə əsasən, əmək pensiyasının yenidən hesablanması zamanı aşkar edilmişdir ki, onun xx.xx.2013-cü il tarixdən işlədiyi halda əmək pensiyasının yığım hissəsi hesablanıb verilmiş, eyni zamanda işdən azad edildiyi xx.xx.2019-cu il tarixdə əmək pensiyası məbləği səhv olaraq yenidən hesablanmış və nəticədə 3417.51 manat artıq ödəmə yaranmışdır. Bu barədə xx.xx.2020-ci il tarixli **********0 nömrəli qərar qəbul olunmuş və İddiaçı xx.xx.2020-ci il tarixdə **********5 nömrəli məktubla məlumat verilmişdir. İddiaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyi halda pensiya kapitalına əsasən səhvən yenidən hesablanma aparıldığına görə əmək pensiyası yenidən hesablanaraq xx.xx.2013- 31,10.2021-ci il tarixlərdə artıq ödənilmiş vəsaitin (3663.08 manat) aylıq pensiya məbləğindən tutularaq bərpa olunması barədə xx.xx.2021-ci il tarixli **********0 nömrəli qərar qəbul olunmuşdur. Qanunun 39.2-ci maddəsinə əsasən, bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. İddiaçı əmək pensiyasından tutulmanın məbləği 67.01 manat təşkil edir. Bundan əlavə məhkəmə qərarda (27-ci bənd) bildirmişdir ki, qeyd edilən normaya əsasən (Qanunun 39.1-ci maddəsi) artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tələb edilməsi pensiyanın hüququ olmayan şəxsə təyin edilməsi halında deyil (“İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallara istinad edildiyi hallar istisna olmaqla), pensiyanın hesablanması zamanı yol verilmiş texniki xəta və ya yanlış riyazi hesablama zamanı mümkün hesab edilə bilər. İddiaçı əmək pensiyasının hesablanması zamanı səhvə yol verilmişdir. Deməli inzibati orqan İddiaçı əmək pensiyasının məbləğinin düzgün müəyyən edilməsi və artıq ödənilmiş əmək pensiyasının tələb edilməsində haqlı mövqedədir. Məhkəmə bu halları araşdırmamışdır. Birinci instansiya məhkəməsi işi tam araşdırmamış, düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi hüquq normalarını pozmuşdur. Məhkəmə maddi və prosessual hüquq normalarının pozuntusuna, işdəki sübutların isə qiymətləndirilməsində səhvə yol vermişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibatı məhkəmə icraatının iştirakçıları hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən edilmir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “cavabdehin xx.xx.2020-ci il və xx.xx.2021-ci i tarixli qərarlarının ləğv edilməsi, xx.xx.2020ci il tarixdən aldığı pensiyanın bərpa edilməsi və yaranmış pensiya fərqinin ödənməsi” ilə bağlıdır. Pensiyasında fərq məbləği ilə bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə cavabdeh tərəfindən həmin aktların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun sübut edilməməsinə, mübahisələndirilən xx.xx.2020 və xx.xx.2021-ci il tarixli qərarların qəbul olunması ilə bağlı inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxs kimi iddiaçının dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq) hüquqlarının təmin edildiyinin iş materiallarına, eləcə də iddiaçının pensiya işinə əsasən müəyyən olunmamasına, iddiaçının inzibati orqan tərəfindən onun əmək pensiyasından tutulma haqqında qərarın onun yazılı razılığı ilə olmasının, mübahisələndirilən inzibati aktların qəbul edilməsi zamanı cavabdeh qurumun qeyd edilən normalara riayət etdiyinin müəyyən olunmamasına, bununla da mübahisələndirilən inzibati aktın qanunsuz əlverişsiz inzibati akt olmasına istinad edərək iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə pensiyanın azaldılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Belə ki, iş materiallarına əlavə olunmuş iddiaçıya məxsus pensiya işindən görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdə pensiyasının yenidən hesablanması barədə (pensiya məbləğinin artırılması məqsədilə) DSMF-nin Bakı şəhəri Nəsimi rayon şöbəsinə müraciət etmişdir. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının **********0 saylı xx.xx.2020-ci tarixli qərarı ilə iddiaçının pensiyası yenidən hesablanmış, həmin tarixə aldığı 348,65 manat pensiya məbləği azaldılaraq 338,51 manat müəyyən olunmuşdur. Qərarda pensiyanın təyin olunduğu tarix xx.xx.2011-ci il olaraq göstərilmişdir. Qərarın qeyd hissəsinə əsasən xx.xx.2013-cü il tarixdən xx.xx.2017-ci il tarixinədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək (3417,51 manat) artıqalmanın tutulması qərara alınmışdır. Sonradan Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının **********0 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının pensiyası yenidən hesablanmış, həmin tarixə aldığı 352,59 manat pensiya məbləği azaldılaraq 322,29 manat, yenidən hesablamanın ödəniş tarixi xx.xx.2021-ci il tarixdən müəyyən olunmuşdur. Qərarda pensiyanın təyin olunduğu tarix xx.xx.2011-ci il olaraq göstərilmişdir. Qərarın qeyd hissəsinə əsasən vətəndaş işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyi halda pensiya kapitalına əsasən səhvən yenidən hesablama aparıldığına görə (xx.xx.2013-xx.xx.2021) artıq ödənilmiş vəsaitin aylıq pensiya məbləğindən tutularaq bərpa edilməsi qərara alınmışdır. Pensiya təyinatı altsistemindən çıxarışa əsasən sonuncu dəfə iddiaçıya 348.65 manat pensiya xx.xx.2020-ci il tarixdə ödənmiş, xx.xx.2021-ci il tarixdən etibarən hər ay əmək pensiyasından 67.01 manat tutulma həyata keçirilir. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçıya xx.xx.1990-cı il tarixdən əlilliyə görə təyin edilmiş pensiya, sonradan iddiaçının pensiyasının yenidən hesablanması ilə bağlı müraciəti əsasında yoxlanılmış, bundan sonra iddiaçının müraciəti əsasında onun xeyrinə deyil, əksinə onun xeyrinə əlverişli inzibati aktın (birinci dəfə 348,65 manatın, ikinci dəfə isə 352,59 manatın təyin olunması barədə qərarların) mövcud olmasına baxmayaraq, öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmur) “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi- iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə ola-ola onun icrasının dayandırılması barədə ayrıca inzibati akt qəbul etmədən, bu barədə iddiaçıya sadəcə məktubla məlumat verməklə kifayətlənərək, artıq ödənildiyini iddia etdiyi pensiya məbləğinin geri qaytarılmasını tələb etmiş, bununla da əvvəllər ona təyin edilmiş pensiya məbləğini azaltmaqla iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh pensiya ödənişinin məbləğinin azaldılması məsələsini həll edərkən həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan sadəcə “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməcəyək bir araşdırma nəticəsində iddiaçının xeyrinə mövcud inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə ola-ola şəxsin ziyanına pensiya məbləğinin azaldılması barədə başqa inzibati aktları qəbul edə bilməzdi. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının onun əvvəllər aldığı pensiyasının azaldılması ilə bağlı qəbul edilmiş xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli qərarların ləğv edilməsi, pensiyasının xx.xx.2020-ci il tarixdən bərpa olunması və pensiyasından xx.xx.2021-ci il tarixdən aparılan tutulmaların qanunsuz hesab edilərək, yaranmış fərq məbləğinin ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Apellyasiya şikayətinə dəlillərinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər əsassız oluduğndan və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddiaçının tələbinin rədd edilməsi üçün əsas vermədiyindən qəbul edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6162/2022 saylı 13 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-325/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-325/2023
12.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver