Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3250/2025 08.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhər Mədəniyyət Baş İdarəsinə qarşı “təkrar imtahanın keçirilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Mədəniyyət Baş İdarəsinə qarşı “təkrar imtahanın keçirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6709/2025 saylı 07 may 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 08 oktyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Qanuni nümayəndə cavabdeh Bakı şəhər Mədəniyyət Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinə Fortepiano ixtisası üzrə xx.xx.2024-cü il tarixdə keçirilmiş imtahanın nəticəsinin övladı İddiaçı münasibətdə ləğv edilməsi və eyni ixtisas üzrə təkrar imtahanın keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Qanuni nümayəndə xx.xx.2025-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə ərizə təqdim edərək, onun əsl İddiaçı ilə əvəz edilməsini və özünün iddiaçının qanuni nümayəndəsi kimi tanınmasını xahiş etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, iş üzrə əsl olmayan iddiaçı Qanuni nümayəndə əsl İddiaçı ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6709/2025 saylı 07 may 2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilərək, iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan Bakı şəhər Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində Fortepiano ixtisası üzrə təhsil almaq üçün “my.culture.az” vahid şəxsi kabineti vasitəsi ilə xx.xx.2024-cü il tarixində nazirliyin rəsmi internet səhifəsinə elektron müraciət etmişdir. xx.xx.2024- cü il tarixdə Fortepiano ixtisası üzrə imtahanda iştirak etmiş və imtahandan 18 gün sonra, xx.xx.2024cü il tarixdə vahid şəxsi kabinetdən imtahanın nəticəsi olaraq iddiaçının 81 balla həmin məktəbin Fortepiano ixtisasına ödənişli əsaslarla (aylıq 70 manat təhsil haqqı ilə) qəbul olunduğu elan olunmuşdur. Lakin nə imtahandan öncə, nə də imtahandan sonra hansı meyar və kriteriyalar əsasında, eləcə də hansı qiymətləndirmə balları aralığında təhsilin ödənişli-ödənişsiz əsaslarla müəyyən olunduğu imtahan namizədlərinə və valideynlərinə açıqlanmamışdır. Nazirliyin tabeliyində olan Bakı şəhər Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinə Fortepiano ixtisası üzrə keçirilmiş xx.xx.2024-cü il tarixli imtahan nəticəsinə (qızının nəticəsinə münasibətdə) yenidən baxılması və ya təkrar imtahanın keçirilməsi barədə aidiyyəti səlahiyyətli şəxslərə göstəriş verilməsi və imtahanın nəticəsi ilə razılaşmadığı üçün xx.xx.2024-cü il tarixdə vahid şəxsi kabinet vasitəsilə nazirliyə rəsmi qaydada etdiyi apellyasiya şikayəti üzrə xx.xx.2024-cü il tarixli 3-24-5/2-N-F- 5/2024 nömrəli məktubla bildirilmişdir ki: övladı İddiaçı Baş İdarənin tabeliyində fəaliyyət göstərən S.Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinə ödənişli əsaslarla qəbul olunduğuna görə təhsilini ödənişli şöbədə davam etməlidir. Cavabdeh tərəfindən ünvanıma göndərilmiş xx.xx.2024-cü il tarixli 3-24-5/2-N-F-5/2024 nömrəli cavab məktubu aldıqdan (xx.xx.2024-cü il tarixdə) sonra tərəfindən xx.xx.2025-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli Qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Buna əsas kimi məhkəmə iddianın verilməsi üçün prosessual müddətin ötürüldüyünü əsas gətirmişdir. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanunsuz və əsassızdır. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddənin tələbindən də göründüyü kimi, şikayət instansiyasına şikayət verildiyi hallarda şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində məhkəmədə iddia qaldırıla bilər. İş materiallarına əlavə edilmiş zərfdən göründüyü kimi, şikayət instansiyasının SS914594136AZ göndəriş nömrəsi olan xx.xx.2024-cü il tarixli, 3-24-5/2-N-F- 5/2024 nömrəli cavabı bizə xx.xx.2024cü il tarixdə çatdırılmışdır (tərəfimizdən alınmışdır). İddia ərizəsi isə məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Yəni göründüyü kimi, şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddət ötürülməmişdir. Tərəflərin izahatları xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Bakı şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırda iddiaçı cavabdehdən Bakı şəhər Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinə Fortepiano ixtisası üzrə xx.xx.2024-cü il tarixdə keçirilmiş imtahanın nəticəsinin İddiaçı münasibətdə ləğv edilməsi və eyni ixtisas üzrə təkrar imtahanın keçirilməsini tələb edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Bu səbəbdən işə baxan birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “iddianın qeyri-mümkün sayılması” barədə nəticəyə gələrkən apardığı araşdırmaları natamam hesab edir və iddianın mümkünlük məsələsi yoxlanılarkən aşağıda qeyd olunan məsələlərin də yoxlanılmasının vacibliyini bildirir. İddiaçının istinad etdiyi hallara görə, iddiaçı xx.xx.2024-cü il tarixdə fortopiano ixtisası üzrə imtahan vermiş və imtahandan keçərək ödənişli əsaslarla S.Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinə qəbul olunmuşdur. İddiaçı nümayəndəsi vasitəsilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə xx.xx.2024-cü il tarixdə müraciət edərək, ödənişli əsaslarla qəbul olunduğuna razı olmadığından təkrar qiymətləndirmə aparılmasını xahiş etmişdir. Cavabdeh həmin müraciəti xx.xx.2024-cü il tarixli, 3-24-5-N-F-5/2024 saylı məktubla cavablandıraraq bildirmişdir ki, İddiaçı Baş İdarənin tabeliyində fəaliyyət göstərən S.Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinə ödənişli əsaslarla qəbul olduğuna görə təhsilini ödənişli şöbədə davam etməlidir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 04 aprel 2024-cü il tarixli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə təhsilalanların qəbulu Qaydaları”nın 9.1-ci maddəsinə əsasən məktəblərə dövlət hesabına və ödənişli əsaslarla təhsilalanların qəbulu planları İdarənin təqdim etdiyi təkliflərə əsasən Nazirlik tərəfindən müəyyənləşirilir. Apellyasiya baxışı zamanı müəyyən olundu ki, iddiaçının hüquqi marağı imatahan nəticələrinin təmamilə ləğv edilməsi ilə bağlı deyil, Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinə ödənişsiz əsaslarla qəbul olunmaqla bağlıdır. Yuxarıda qeyd edilən Qaydalardan da görünür ki, məktəblərə dövlət hesabına və ya ödənişli əsaslarla təhsilalanların qəbulunu müəyyənləşdirmək Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin səlahiyyətində olan məsələdir. İşə baxmış birinci instansiya məhkəməsi iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağının nədən ibarət olduğunu ümumiyyətlə aydınlaşdırmadan iddia tələbini “mübahisələndirmə haqqında iddia” növünə aid etməklə iddia müddətinin ötürülməsi səbəbindən qeyri-mümkün saymışdır ki, bununla da zəruri araşdırmanı sonadək aparmamışdır. Halbuki məhkəmənin Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsinin tələblərinə müvafiq olaraq, iddiaçının hüquqi marağının nədən ibarət olması aydınlaşdırdıqdan sonra iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi istiqamətində hüquqi yardım etmək imkanı var idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Hazırki işdə birinci instansiya məhkəməsi iddiaçının imtahan nəticəsini mübahisələndirdiyi halda, həmin imtahan nəticəsinin həqiqətən mövcudluğunu, bu barədə ayrıca inzibati aktın olub-olmadığını, inzibati akt mövcud olduğu halda onun iddiaçının hüquq və maraqlarına toxunduğunu (iddiaçı yuxarıda adı çəkilən Qaydaların 7.2-ci bəndinə görə 81 bal topladığı üçün “əla” nəticəsini verdiyini göstərir) araşdırmadan və nəhayət iddiaçının imtahan nəticəsi onun xeyrinə olsa da, yalnız təhsilini ödənişsiz əsaslarla davam etdirmək üçün onun ümumilikdə imtahan nəticəsini mübahisələndirmək barədə qaldırdığı iddia tələbinin hüquqi marağına xidmət edib-etmədiyini, belə iddia tələbinin zərurət varsa iddiaçının hüquqi marağına xidmət edən uyğun iddia tələbi ilə əvəzlənməsi istiqamətində ona müvafiq hüquqi yardım göstərməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə birinci instansiya məhkəməsi iddiaçının hüquqi marağını aydınlaşdırdıqdan, münasib iddia tələbini hüquqi yardım əsasında formalaşdırdıqdan və həmin iddia tələbi üzrə iddia növünə görə ümumi və xüsusi mümkünlük şərtlərini tam yoxladıqdan sonra mübahisəyə mahiyyəti üzrə baxa bilər. Lakin birinci instansiya məhkəməsi qeyd olunan halları tam araşdırmadan iddianın mümkün sayılmaması ilə bağlı tez-tələsik qərar qəbul etmişdir ki, bu da düzgün nəticə hesab olunmadığı üçün mübahisələndirilən qərardad ləğv edilməlidir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin 2-1(112)-6709/2025 saylı 07 may 2025-ci il tarixli qərardadı ləğv edilməli və iş bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu müstəsna hallarda: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6709/2025 saylı 07 may 2025-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyalə Cəmilova X5 Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-3250/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3250/2025
08.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver