Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3251/2024 18.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxs X2 nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (zəruri cəlbetmə qaydasında üçüncü şəxs X3) qarşı “plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8056/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 0,12 ha sahəsi olan 262PC saylı bağ sahəsinə dair verilmiş çıxarışına uyğun plan və ölçünün düzgün çəkilib iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 0,12 h sahəsi olan 262K saylı bağ massivinə dair iddiaçının mərhum babası X5 məxsus olması barədə arayışın vəsiyyətnamə üzrə iddiaçıya verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia tələbi Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 296/2021 saylı qərarı ilə təmin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi müvafiq məhkəmə qərarından apellyasiya və kassasiya şikayətləri vermişdir. Nəticə etibarı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 avqust 2021-ci il tarixli, 2-1(103)- 1674/2021 saylı qərarı ilə təmin edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 avqust 2021-ci il tarixli, 2- 1(103)- 1674/2021 saylı qərarından verdiyi kassasiya şikayəti isə Azərbaycan Respublikaksı Ali Məhkəməsinin İnzibati Kollegiyasının 29 dekabr 2021-ci il tarixli 2-1(102)-2113/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının 06 avqust 2021-ci il tarixli 2-1(103)-1674/2021 saylı qərarı isə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi vanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Rcycsirı Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi qərarı icra etməkdən yayınmağa çalışmışdır. Azərbaycan Respublikaksı Ali Məhkəməsinin İnzibati Kollegiyasının 29 dekabr 2021-ci il tarixli, 2-1(102)-2113/2021 saylı qərarı çıxdıqdan sonra qanuni qüvvəsini almış Bakı İnzibati Məhkəməsinin 2-1(112)-296/2021 saylı qərarı icra olunması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Uzun zaman davamlı olaraq əsaslı şikayət ərizələrindən və cavabdehin süründürməçi hərəkətlərindən sonra Bakı İnzibati Məhkəməsinin 2-1(112)-296/2021 saylı qərarı qismən icra edilmiş və iddiaçıya yalnız çıxarış verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-296/2021 saylı qərarının tam icra edilməsi tələb edildikdən sonra cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsi Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 0,12 ha sahəsi olan 262K saylı bağ massivinə dair iddiaçıya verilmiş çıxarış üzrə həmin bağ sahəsinə dair plan və ölçünü tam 0.12 ha deyil, yarımçıq olaraq 0,09 ha ilə çəkib vermişdir. İddiaçı cavabdeh idarəyə müxtəlif sayda şikayət ərizələri ilə həmin plan və ölçünün Bakı İnzibati Məhkəməsinin 2-1(112)-296/2021 saylı qərarına uyğun olmadığını bildirsə də, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsi mənim müraciətimə baxıb ümumi cavablar ilə mənim xahişimi yerinə yetirməkdən imtina etməkdədir. Buna görə də iddiaçı məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 0.12 ha sahəsi olan 262K saylı bağ massivinə dair verilmiş çıxarışa uyğun plan və ölçünün düzgün çəkilib sahələri düzgün göstərilməklə iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8056/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qərardadı (hakim G.Sevdimalıyeva) ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxıb iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia tələbinin məzmununa uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, cavabdeh iddiaçının babasından qalan sahəyə onun yaşadığı və sağlığı dövründə anadan olmayan şəxslərə verib iddiaçını babasından qalan mülkiyyətindən məhrum etməsi kimi hallar ziddiyyətli olduğundan məhkəmənin heç araşdırmağa marağı olmamışdır. İddiaçı hazırda hesab edir ki, cavabdeh iddiaçıya mülkiyyət hüququ əsasında məxsus 0,03 ha hissəsini özü üçün mənimsədiyindən verməyibdir. Ona görə də iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 0,12 ha sahəsi olan 262K saylı bağ sahəsinə dair verilmiş çıxarışa uyğun plan və ölçünün düzgün çəkilib iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikaksı Ali Məhkəməsinin İnzibati Kollegiyasının 29 dekabr 2021-ci il tarixli, 2- 1(102)-2113/2021 saylı qərarı çıxdıqdan sonra qanuni qüvvəsini almış Bakı İnzibati Məhkəməsinin 2-1(112)-296/2021 saylı qərarı icra olunması üçün cavabdehə göndərilmişdir. Uzun zaman davamlı olaraq əsaslı şikayət ərizələrindən və cavabdehin süründürməçi hərəkətlərindən sonra Bakı İnzibati Məhkəməsinin qərarı qismən icra edilmiş və iddiaçıya yalnız çıxarış verilmişdir. Bakı İnzibati Məhkəməsinin qərarının tam icra edilməsini tələb etdikdən sonra cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 0,12 ha sahəsi olan 262K saylı bağ massivinə dair iddiaçıya verilmiş çıxarış üzrə həmin bağ sahəsinə dair plan və ölçünü tam 0.12 ha deyil, yarımçıq olaraq 0,09 ha ilə çəkib vermişdir. İddiaçı cavabdeh idarəyə müxtəlif sayda şikayət ərizələri ilə həmin plan və ölçünün Bakı İnzibati Məhkəməsinin 2-1(112)-296/2021 saylı qərarına uyğun olmadığını bildirsə də, cavabdeh onun müraciətinə baxıb ümumi cavablar ilə xahişini yerinə yetirməkdən imtina etməkdədir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.Əlavə olaraq izahatında qeyd etdi ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-296/2021 saylı qərarı tərəflərindən tam icra olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8056/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. İstənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddia tələbinin mümkün sayılması üçün ilk növbədə iddiaçının hüquqlarının həqiqətən pozulub-pozulmadığı müəyyən edilməlidir. İşin faktiki hallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-296/2021 nömrəli Qərarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 0,12 ha sahəsi olan 262K saylı bağ sahəsinə dair hüququn iddiaçının mərhum babası X5 məxsus olması barədə arayışın İddiaçı verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)- 1674/2021 nömrəli Qərarına əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-296/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-2113/2021 nömrəli Qərarına əsasən kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-1674/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Müvafiq məhkəmə qərarları cavabdeh tərəfindən icra edilərək İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 0,12 ha sahəsi olan 262K bağ sahəsinə dair hüququn iddiaçının mərhum babası X5 məxsus olması barədə arayış verilmişdir. Daha sonra həmin arayış əsasında İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 0,12 ha sahəsi olan 262K bağ sahəsinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Hazırki tələbində iddiaçı qeyd olunan sənədlərə istinad edərək plan və ölçü sənədində torpaq sahəsinin ölçüsünün düzgün qeyd olunmadığını bildirir və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa uyğun olaraq plan və ölçü sənədinin verilməsini xahiş edir. Birinci instansiya məhkəməsi iddianın mümkünsüz hesab edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı məhkəmə qərarlarının düzgün icra edilmədiyini və cavabdeh tərəfindən tərtib olunmuş torpaq sahəsinin planı və ölçüsü sənədinin torpaq sahəsinin faktiki ölçüsünə uyğun gəlmədiyini bildirmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsi məhkəmə qərarının lazımi qaydada icra olunması ilə bağlı tədbirlərin həyata keçirilməsinin təmin edilməsidir. Həmin tədbirlər yeni iddia qaldırmaqla deyil, “məhkəmə prosesi”nin ayrılmaz hissəsi olan məhkəmə qərarının icrası qaydasında həyata keçirilməlidir.”. Məhkəmənin gəldiyi nəticəni əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş hərtərəfli araşdırılmamışdır. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin iddianı mümkünsüz hesab edərkən istinad etdiyi qərarlar üzrə (Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-296/2021 saylı, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(103)-1674/2021 saylı, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)-2113/2021 saylı qərarları) iddiaçının tələbi Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 0,12 ha sahəsi olan 262K saylı bağ sahəsinə dair hüququn iddiaçının mərhum babası X5 məxsus olması barədə arayışın verilməsindən ibarət olmuş, qanuni qüvvəyə minmiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-296/2021 saylı qərarı cavabdeh inzibati orqan tərəfindən tam icra edilərək İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 0,12 ha sahəsi olan 262K bağ sahəsinə dair hüququn iddiaçının mərhum babası X5 məxsus olması barədə arayış verilmişdir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı cavabdehin nümayəndəsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 0,12 ha sahəsi olan 262K bağ sahəsinə dair hüququn iddiaçının mərhum babası X5 məxsus olması barədə iddiaçıya verilmiş arayış məhkəməyə təqdim edilmiş, cavabdehin nümayəndəsi həmçinin izahatında bildirmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(112)-296/2021 saylı qərarı üzrə iddiaçının tələbi arayışın verilməsi ilə bağlı olmuş, həmin qərar icra edilərək qərarda qeyd edilən ölçüdə 0,12 ha sahəsi olan bağ sahəsinin iddiaçının mərhum babasına məxsus olmasına dair arayışı verilmiş, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçü sənədi isə iddiaçının sonrakı müraciəti əsasında müstəqil inzibati icraat çərçivəsində tərtib edilərək iddiaçıya təqdim edilmişdir. Məxsusluq arayışının verilməsi və hüquqların qeydiyyata alınaraq çıxarış, plan-ölçü sənədinin verilməsi ayrı-ayrı inzibati icraatın nəticələridir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, iddiaçının tələbində məhkəmə qərarının tam icra edilməməsinə istinad etməsi də işin məhz həmin qərarın icrası çərçivəsində baxılmasına əsas verməməlidir. Belə ki, iddiaçının çatmaq istədiyi məqsədə daha asan yolla çatması üçün məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək uyğun iddia növü seçilməli və iş üzrə araşdırma tam aparılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsinin plan və ölçü sənədində torpaq sahəsinin ölçüsünün düzgün qeyd olunmaması ilə bağlı iddiaçının hazırki tələbi Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-296/2021 saylı qərarının icrasının davamı kimi deyil, müstəqil iddia kimi qiymətləndirilərək hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Yuxarıda göstərilənlərə əsasən, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, qərardadda əks olunan hüquqi mövqelər nəzərə alınaraq iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8056/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qərardadı ləğv edilsin. İnzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-3251/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3251/2024
18.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver