Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3251/2025 27.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər: Rəşid Əfraim oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X4 və X5 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs X6 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə (üçüncü şəxs X11) qarşı “bağ sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-166/2025 nömrəli, 09 aprel 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X11) qarşı “bağ sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 116 saylı qərarına əsasən Bakı şəhəri, Ləhiş bağlar sahəsində yerləşən 790 saylı bağ sahəsinin X3 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 215 saylı bağ Kooperativi tərəfindən Bakı şəhəri, Ləhiş bağlar sahəsində Bakı şəhəri İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 1/16 saylı qərarına əsasən 0.12 ha olan 790 saylı bağ sahəsi verilmişdir. Həmin vaxtdan bağ iddiaçının istifadəsində olmuşdur. X7 vəfat edəndən sonra bir müddət torpaq baxımsız qalmışdır. İddiaçı 2021-ci ildə 4 saylı Bakı Asan Xidməti Mərkəzində Notariat Ofisinə yaxınlaşaraq vərəsəlik üzrə iş açdırmışdır. X2 (iddiaçının atası) vərəsəsi kimi bağın özəlləşdirilməsi üçün müvafiq sənədlərlə cavabdehə müraciət etmişdir. Lakin ona imtina cavabı verilmişdir. İddiaçı qanunla tələb olunan hüquqmüəyyənedici sənədləri təqdim etmiş, imtinada bağ sahəsinin bir hissəsinin digər fiziki şəxs tərəfindən dövlət reyestrində qeydə alınması ilə bağlı qeyd edilsə də, həmin fiziki şəxsin adı və hansı hüquqmüəyyənedici sənədlər əsasında qeydə alınması barədə məlumat (sübut) təqdim edilməmişdir. Buna görə də imtina əsassızdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə təqdim edilmiş yazılı etirazında bildirilir ki, təqdim edilən orderin arxiv nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı vətəndaşlar tərəfindən ərazidə mərzçəkmə və hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə və yerləşmə ardıcıllığına uyğun sərhədlənmə işləri aparılmadığı və bağlararası keçid yolları nəzərə alınmadığı səbəbindən bağ sahəsinin dəqiq yerini müəyyən etmək mümkün olmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya xx.xx.2022-ci il tarixli, **********55 saylı cavab məktubu ünvanlanmışdır. İddiaçı iddia tələbi ilə eynilik təşkil edən predmet barəsində, eyni əsaslarla - qeyd edilən bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məhkəmə mübahisəsi mövcud olmuş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1222/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə ərizəçinin iddia tələbi təmin edilməmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-166/2025 nömrəli, 09 aprel 2025-ci il tarixli qərarı ilə (hakim S.Salahova) iddianın rədd edilməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 790 nömrəli 0,12 ha bağ sahəsinin döngə nöqtələrinin koordinatları Ləhiş bağlarının sxematik xəritəsi əsasında naturada yüksək dəqiqlik GPS ölçü aləti vasitəsilə müəyyən olunmuşdur və xəritənin görüntüsü təqdim edilmişdir. Hesab edir ki, məhkəmə ümumi ərazidə mərzçəkmə və hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə və yerləşmə ardıcıllığına uyğun aparılmadığı göstərməklə rəyə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə rəylə razılaşmadığı təqdirdə təkrar ekspertiza təyin edərək bəzi məqamlara aydınlıq gətirə bilərdi. Məhkəmə qərarında cavabdeh xx.xx.2024-cü il tarixli məktubuna əsasən qeyd edir ki, sahə 780 və 790 ilə başlayan bağların əraziləri olsa da, dəqiq hansı hissənin hansı bağ nömrəsinə aid olmasını müəyyənləşdirmək mümkün olmadı. Məhkəmə 780 №-li bağ sahəsinin sənədlərini cavabdehdən tələb etməmişdir. Əgər həmin sənədləri əldə etsək aydınlıq gətirilə bilərdi. Məhkəmə tərəfindən 1 saylı Bakı Ərazi İdarəsinə sorğu edilərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində 866 saylı bağ sahəsinə dair İdarənin arxivində mövcud sənədlərin təsdiq edilmiş surətinin, eləcə də həmin bağ sahəsinə (790 saylı bağın yerləşməsi göstərilməklə) dair sxematik xəritələrin məhkəməyə təqdim edilməsi istənilmişdir. Halbuki, orderdə də göstərilmişdir ki, X3 790 nömrəli bağ ayrılmışdır. Göründüyü kimi, məhkəməyə bağın nömrəsi açıq-aydın təqdim olunduğu halda məhkəmə tamamilə başqa nömrəli bağa dair müvafiq sənədlərin istənilməsi ilə bağlı sorğu etmişdir və əldə etdiyi 866 saylı bağ sahəsinə dair sənədlərin hansı səbəbə görə istənilməsinə qətnaməsində aydınlıq gətirməmişdir. Əgər bu müraciət məhz X6 Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanladığı ərizəsinə görə edilmişsə, ərizədə bağın nömrəsi 886 a olaraq qeyd edilmişdir, 866 olaraq deyil. X6 bələdiyyədən verilmiş sxematik planda 866A kimi göstərilmişdir, lakin Elçin Musayev dövlət reyestri xidmətinə 886 A nömrəli bağ sahəsinə çıxarışın verilməsi ilə müraciət etmişdir. Halbuki, X6 da bu nömrəni haradan əldə etməsi sual doğurur. Belə ki, icarə müqaviləsində ümumiyyətlə bağın nömrəsi qeyd olunmamışdır. Buradan belə bir nəticəyə gəlinir ki, məhkəmə 1 saylı Bakı Ərazi İdarəsinə sorğu edərək 790 saylı bağın və ya imtina məktubunda qeyd edildiyi kimi 780 saylı bağ sahəsi ilə 790 saylı bağ sahələri arasında mövcud olan bütün bağ sahələrinin müvafiq sənədlərini tələb edə bilərdi. Lakin, məhkəmə bunu etməmişdir. Kürdəxanı Bələdiyyəsi tərəfindən məhkəməyə 15 iyun 2005-ci il tarixli 102 saylı icarə müqaviləsi təqdim edilmişdir. Müqavilənin məzmununda qeyd edilmişdir ki, bu müqaviləyə görə “İcarəyəverən” Bakı şəhəri Kürdəxanı Bələdiyyəsinin 14 aprel 2005-ci il tarixli 04 saylı ümumi iclasının qərarına əsasən ümumi sahəsi 1200 kv.m təşkil edən bağçılıq məqsədi ilə “İcarəçiyə” (X10) müddətli icarəyə verir. İcarə müqaviləsinin müddəti 10 (on) ildir, 15 iyun 2005-ci il tarixdən 15 iyun 2015-ci il tarixədək müəyyən edilmişdir. Göründüyü kimi, torpaq sahəsi bağçılıq məqsədi ilə verilmişdir və icarə müddəti də çoxdan bitmişdir. Məhkəmə qərarında müqavilənin müddəti ilə bağlı qeyd etmişdir ki, həmin qərarın geri çağırılması, ləğv edilməsi, dəyişdirilməsi, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməsi iş materialları ilə müəyyən edilmir. Lakin icarə müqaviləsindən göründüyü kimi müddəti çoxdan bitmişdir. Həmçinin, həmin icarə müqaviləsində bağ nömrəsi göstərilməmişdir. Kürdəxanı Bələdiyyəsinin məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 29 saylı məktubunda qeyd edilmişdir ki, X10 xx.xx.2005-ci il tarixdə 102 saylı icarə müqaviləsi əsasında 1200 kv.m torpaq sahəsi xx.xx.2015-ci il tarixədək 10 il müddətinə icarəyə verilmişdir. Bələdiyyənin Vergi və ödənişlər şöbəsinin məlumatına əsasən X11 tərəfindən 2009-cu ildən bugünə qədər torpaq icarə haqları ödənilməmişdir. Torpaq icarəsi müqaviləsində qeyd olunan xx.xx.2005-ci il tarixli 04 saylı qərar Kürdaxanı Bələdiyyəsinin sənədlərində mövcud deyil. Göründüyü kimi X6 icarə müqaviləsinin müddəti çoxdan bitmişdir, həmçinin icarə müqaviləsinin verilməsi üçün bələdiyyə qərarı arxivdə mövcud deyil, icarə müqaviləsində bağ sahəsinin nömrəsi göstərilmədiyindən onun bağ sahəsi ilə üst-üstə düşməsi qənaətinə gəlinməsi absurddu. Kürdəxanı Bələdiyyəsi ilə X11 arasında bağlanılmış 15 iyun 2005-ci il tarixli, 102 saylı icarə müqaviləsinə nə bələdiyyə sənədlərinin saxlanıldığı arxivdə, nə də ki, Əmlak Məsələləri Dövlət Komitəsinin arxivində aşkar edilməmişdir. Hətta, X11 xx.xx.2022-ci il tarixində Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edərək Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin mülkiyyətində Ləhiş bağları ərazisində 15 iyun 2005-ci il tarixində 102 nömrəli icarə müqaviləsi ilə sahəsi 1200 kv.m olan 886a nömrəli bağ sahəsinə çıxarış verilməsini xahiş etmişdir. Lakin, dövlət orqanı tərəfindən çıxarışın verilməsindən imtina edilmişdir. İmtina məktubunda torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən texniki sənəd və müvafiq icra hakimiyyəti orqanlarının torpaq sahəsinin ayrılmasına münasibət bildirməsinə dair rəyi tələb olunmuşdur. Həmçinin, Əmlak Məsələləri Dövlət Komitəsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, mərkəzin arxivində aparılmış araşdırma zamanı Kürdəxanı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 04 saylı qərarı ilə X10 ayrılmış 1200 kv.m torpaq sahəsinə dair məlumatlar aşkar edilməmişdir. Bütün bu qeyd olunanlar onu deməyə əsas verir ki, Kürdəxanı Bələdiyyəsi ilə X11 arasında bağlanmış müqavilə formal müqavilədir və heç bir əsası da yoxdur, onun bağ sahəsi ilə üst-üstə düşməsi mümkün deyil. Bundan başqa, həmin torpaq sahələri dövlət mülkiyyətində olan torpaq sahələri olmuşdur, həmin sahənin bələdiyyə torpaqları ilə heç bir əlaqəsi yoxdur. X12 həmin torpaqdan ölənə kimi istifadə etmişdir, o isə vərəsəliklə həmin torpaq sahəsini qəbul edib. Məhkəmə isə qeyd edir ki, guya iddiaçı 30 ildir həmin torpaq sahəsindən istifadə etmir. Bu tamamilə absurddur, çünki həmin torpaq sahəsi ona atası vəfat edəndən sonra keçmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, başqasının istifadəsində olan bağ sahəsinə hüququnun qeydə alınmasını tələb etməsi hüquqdan suiistifadə hesab olunur. Məhkəmə heç özü müəyyən etməyib ki, həmin 790 №-li bağ sahəsi kimi torpaq sahəsi ilə üst-üstə düşür. Bundan başqa, 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubu ilə eyni qurumun məhkəməyə təqdim etdiyi etiraz fərqlilik təşkil edir. Belə ki, cavab məktubunda sözügedən torpaq sahəsinin digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata qeydə alınması bildirilsə də, etirazda bu qeyd edilməmiş, əlavə olaraq da bununla bağlı sənəd məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, məhkəmə ümumiyyətlə Kürdəxanı Bələdiyyəsinə qeyd olunan torpaq sahəsinin həqiqətən bələdiyyənin inzibati ərazi hüdudları daxilində yerləşibyerləşməməsini müəyyənləşdirməmişdir. Bəlkə, qeyd olunan torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin bağlanılması bələdiyyənin səlahiyyəti xaricindədir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X11 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - Bakı şəhər X15 İcraiyyə Komitəsinin 1/16 saylı xx.xx.1991-ci il tarixli qərarından görünür ki, 215 nömrəli Ləhiş bağ-tikinti kooperativinin 20 nəfərdən ibarət üzvünün siyahısı təsdiq edilmiş, siyahıda X2 adı 10-cu sırada qeyd olunmuşdur. - 20 nömrəli, xx.xx.1992-ci il tarixli orderdən görünür ki, Bakı şəhər X15 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 1/16 saylı qərarına əsasən Ləhiş massivində yerləşən 0,12 ha sahəsi olan 790 saylı bağ sahəsi X3 ayrılmışdır. - 4 saylı Bakı "Asan Xidmət" Mərkəzində Notariat Ofisinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd, (yaxud vəsiyyətnamə) mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında 14 noyabr 2018-ci ildə ölmüş atası X2 adına vərəsəlik işi açılmışdır. - xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, göstərilən sahənin sərhədləri bir tərəfi qonşu hasar, 1 tərəfinə və 1 tərəfinin 1 hissəsinə hasar bünovrəsi kimi mişar daşı düzülüb, 1 tərəfi və 1 tərəfinin 1 hissəsinə hasar bünövrəsi qazılıb. Vətəndaşın bildirdiyinə görə sahə ilə bağlı digər vətəndaşla aralarında mübahisə var, hasarlanma işlərinə imkan vermirlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1222/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0,12 ha sahəsi olan 790 saylı bağ sahəsinin koordinatları müəyyənləşdirilməklə həmin torpaq sahəsinə dair hüququn X3 məxsus olması haqqında arayışın verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin həmin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə bu zaman ona istinad etmişdir ki, “...iddiaçının atasının order əsasında istifadəsinə ayrılmış torpaq sahəsinin ayrıc aktı, sahənin bölgü sxemi, plan-ölçüsü və digər sənədlər iddiaçıda olmadığından və arxivə təhvil verilmədiyindən iddiaçının özünün belə naturada harada yerləşdiyini bilmədiyi sahənin order ilə onun atasının qanuni istifadəsinə ayrılmış sahə olduğunu müəyyənləşdirmək mümkün deyil. Bununla belə, məhkəmə baxışı zamanı yuxarıda göstərilən halların aydınlaşdırılması üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin ekspertizanın aparılmasından imtina edilmişdir. Beləliklə, iş materiallarında olan orderdə bağ sahəsinin ölçüsü və nömrəsi qeyd edilsə də, torpaq sahəsinin ayrıc aktı, sahənin bölgü sxemi, plan-ölçüsü və digər sənədlər təqdim edilmədiyindən və ayrılmış torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmadığından (mübahisəsiz haldır ki, torpaq sahəsi iddiaçının sahibliyində və istifadəsində deyil) həmin order özlüyündə iddiaçının mərhum atası X2 torpaq sahəsinə hüququnun qeydə alınması üçün mötəbər və yetərli sübut kimi qiymətləndirilə bilməz..” İddiaçı hazırda Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 116 saylı qərarına əsasən Bakı şəhəri, Ləhiş bağlar sahəsində yerləşən 790 saylı bağ sahəsinin atası X3 məxsus olması barədə arayışın (çıxarışın) verilməsini xahiş edir. İşin hallarından görünür ki, iddiaçının tələbi üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. İddiaçı hazırda yeni hala – torpaq sahəsinin yerinin müəyyən edilməsi əsasına istinad edərək iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsinə əsasən maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1-ci maddəsinə əsasən inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə; 35.1.2-cü maddəsinə əsasən maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda; 35.1.3-cü maddəsinə əsasən inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda. Göründüyü kimi, iddiaçının eyni tələblə yenidən məhkəməyə müraciət etməsi üçün əsaslar yaranmışdır. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 790 saylı bağ sahəsi iddiaçıya ayrılsa da, o həmin bağdan istifadə etməmiş, torpaq islahatı aparılarkən bağ sahəsi onun istifadəsində olmamışdır. İddiaçının hazırda 30 ildən artıq ayrılma məqsədlərinə uyğun istifadə etmədiyi torpaq sahəsinə mülkiyyət hüququnun yarandığını iddia edərək, başqasının istifadəsində olan bağ sahəsinə hüququnun qeydə alınmasını tələb etməsi hüquqdan sui-istifadə hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 13.7-ci maddəsinə görə üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. İşin halları ilə müəyyən edilir ki, iddiaçı Bakı şəhəri, Ləhiş bağlar sahəsində yerləşən 790 saylı bağ sahəsinin atası X3 ayrılması ilə bağlı Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 116 saylı qərarını və 07 fevral 1992-ci il tarixli orderi məhkəməyə təqdim etmişdir. Hansı ki, bu qərar daşınmaz əmlak üzərində hüquqların qeydə alınması üçün əsaslardan hesab olunur. Hazırda mübahisə torpaq sahəsinin iddiaçının istifadəsində olmaması və yerinin müəyyən edilə bilməməsi ilə bağlıdır. Cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, faktiki torpaq sahəsi 1184.0 kv.m təşkil edir. Ümumi ərazidə mərzçəkmə və hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə və yerləşmə ardıcıllığına uyğun aparılmamışdır. Cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 1184.0 kv.m təşkil edir. Torpaq sahəsi üzərində tikili yoxdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən ümumi ərazidə mərzçəkmə və hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə və yerləşmə ardıcıllığına uyğun aparılmamışdır. Sahə 780 və 790 ilə başlayan bağların əraziləri olsa da, dəqiq hansı hissənin hansı bağ nömrəsinə aid olmasını müəyyənləşdirmək mümkün olmadı. “X8” MMC-nin 12 mart 2024-cü il tarixli rəyində qeyd edilir ki, 790 №-li bağ sahəsinin Ləhiş bağlarının sxematik planında qeyd olunan bağların nömrələrinə və cizgilərinə əsasən koordinatları naturada müəyyən olunaraq plan-sxemi tərtib olunmuşdur. Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin 30 yanvar 1991-ci il tarixli, 1/16 №-li qərarı ilə verilmiş Ləhiş bağlar sahəsində 215 №-li BTK nəzdində 20 №-li orderlə X3 ayrılan və hal-hazırda İddiaçı faktiki sahibliyində olan 790 №li 0,12 ha bağ sahəsinin döngə nöqtələrinin koordinatları Ləhiş bağlarının sxematik xəritəsi əsasında naturada yüksək dəqiqlik GPS ölçü aləti vasitəsilə müəyyən olunmuşdur: L X=410285.6670 Y=4490751.1330: 2.X=410332.8940Y=4490770.2710
3. X=410348.9870 Y=4490753.6320: 4.X=410335.0960Y=4490745.8710
5. X=410335.8900 Y=4490744.2500: 6.X=410294.3980Y=4490734.6230 2-ci sual üzrə göstərilmişdir ki, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin 30 yanvar 1991-ci il tarixli, 1/16 №-li qərarı ilə verilmiş Ləhiş bağlar sahəsində 215 №-li BTK nəzdində 20 №-li orderlə X3 ayrılan və hal-hazırda İddiaçı faktiki sahibliyində olan 790 №li 0,12 ha bağ sahəsinin Ləhiş bağlarının sxematik xəritəsi əsasında müəyyənləşdirilən coğrafi məkan göstəriciləri (koordinatları, ölçüləri, sahəsi, yerləşdiyi coğrafi məkan) xüsusi informasiya proqramları vasitəsilə tərtib olunan aerofotoplan və plan-sxemdə aydın şəkildə göstərilmişdir. Birinci instansiya məhkəməsi öz qərarında haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının atasının order əsasında istifadəsinə ayrılmış torpaq sahəsinin ayrıc aktı, sahənin bölgü sxemi, plan-ölçüsü və digər sənədlər iddiaçıda olmadığından və arxivə təhvil verilmədiyindən iddiaçının naturada göstərdiyi torpaq sahəsinin onun atasının qanuni istifadəsinə ayrılmış sahə olduğunu müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, araşdırma zamanı müəyyən edilir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi Bakı şəhəri, Sabunçu rayon Kürdəxanı qəsəbə Bələdiyyəsinin qərarına əsasən ünvan 2 ünvanında qeydiyyatda olan X6 istifadəsinə verilmişdir. Bu qərarın ləğvi ilə bağlı iş materiallarına hər hansı sənəd əlavə edilməmişdir. Belə ki, iş materiallarında olan 03 iyun 2016-cı il tarixli aktından görünür ki, Bakı şəhəri Sabunçu rayon Kürdəxanı qəsəbə Bələdiyyəsinin Torpaq və Ə.İ Şöbəsinin mütəxəssisi X1, bələdiyyə qulluqşusu X13, ünvan 3 ünvanında qeydiyyatda olan X6 iştirakı ilə akt tərtib edilərək təsdiq edilmişdir ki, E.V.Musayev ərizə ilə müraciət edərək bildirmişdir ki, ona Kürdəxanı Bələdiyyəsi tərəfindən 2005-ci il tarixdə verilmiş 102 saylı icarə müqaviləsinin plan-sxemində bağ sahəsinin nömrəsi göstərilməmiş və qonşu bağ sahələrinin nömrələri, ona verilən torpaq sahəsi ilə uyğunsuzluq təşkil edir. Bu səbəbdən xahiş etmişdir ki, mütəxəssis tərəfindən yerində yoxlama aparılsın. Ərizə ilə əlaqədar sahəyə baxış keçirildi, ölçü işləri aparıldı və məlum oldu ki, E.V.Musayevin 102 saylı icarə müqaviləsi ilə istifadəsinə verilən torpaq sahəsi, Ləhiş bağlarının xəritəsinə uyğun olaraq 790 saylı bağ sahəsidir və ölçülər 25x48 metr olaraq 1200,0 kv.metrdir. Beləliklə, tərtib olunmuş akt Bələdiyyəsinin arxivində olan 102 saylı icarə müqaviləsinin qovluğuna tikilərək, nüsxəsinin məlumat üçün X10 verilməsi məqsədəuyğundur. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı Bakı şəhəri, Ləhiş bağlar sahəsində yerləşən 790 saylı bağ sahəsinin orto-foto görüntüləri təqdim edilməklə, həmin bağ sahəsinin qonşuluğundakı (yaxınlığındakı) digər bağ sahələrinin nömrələri ilə bağlı müvafiq məlumatın təqdim edilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu göndərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 3-21-3-30/2-60863/2025 nömrəli, 18 dekabr 2025-ci il tarixli məktubunda qeyd edilir ki, iddia edilən torpaq sahəsi (790 saylı bağ sahəsi kimi) faktiki olaraq 1184.0 kv.m təşkil edir. Torpaq sahəsi üzərində tikili yoxdur. Məktuba torpaq sahəsinin ortofoto görüntüsü əlavə edilmişdir. xx.xx.1996-cı il tarixdə qəbul edilmiş “Torpaq islahatı haqqında” Qanunun 1-ci maddəsinə əsasən torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. Məhkəmə kollegiyası qeyd edir ki, 215 saylı bağ Kooperativi tərəfindən Bakı şəhəri İcraiyyə Komitəsinin qərarına əsasən torpaq sahəsi iddiaçının atasının istifadəsinə verilmişdir. Torpaq islahatı həyata keçirildikdən sonta isə qanunvericiliyin tələbinə görə kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Lakin mübahisəli torpaq sahəsi Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 116 saylı qərarına əsasən iddaçının atasının istifadəsinə verilməsinə baxmayaraq, iddiaçı tərəfindən ilkin olaraq məhkəməyə müraciət edilən 2022-ci il tarixə kimi torpaq sahəsindən istifadə edilməmiş, hazırda isə torpaq sahəsinin digər bir şəxsin istifadəsində olması müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının onun istifadəsinə verilmiş torpaq sahəsinə faktiki sahibliyi həyata keçirməmiş, qərarın icrası təmin edilməmişdir. Bu səbəbdən Bakı şəhəri, Ləhiş bağlar sahəsində yerləşən 790 saylı bağ sahəsinin X3 məxsus olması barədə arayışın verilməsi üçün heç bir hüquqi əsas yoxdur. Qüvvədə olan qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən ilk öncə arayış verilməli, daha sonra həmin arayış əsasında hüquq vərəsənin adına qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya
Qərara aldı:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-166/2025 nömrəli, 09 aprel 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Günel Sevdimalıyeva Pərviz Hüseynov