Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3252/2025 18.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Səmədovun sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-668/2025 nömrəli, 05 may 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin ona 2-ci qrup əlilliyin təyin edilməsindən imtina barədə qərarının ləğv edilməsi, xx.xx.2021-ci il tarixdən 2-ci qrup əlilliyin bərpa edilərək xx.xx.2021-ci il tarixdən 2-ci qrup əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, habelə xx.xx.2009-cu il tarixdən, yəni əlillik təyin edildiyi tarixdən bu günə qədər olan müddətin xidməti illəri kimi hesablanaraq ona pensiya təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının sonuncu ərizəsi nəzərə alınaraq birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “İddiaçı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” formasında dəyişdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1994-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində işə qəbul edilmişdir. 2009-cu il tarixə qədər Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində müxtəlif vəzifələrədə əmək funksiyanı icra etmişdir. 10 dekabr 2008-ci il tarixdən 28 yanvar 2009-cı il tarixədək DSX Hərbi Hospitalında “L5-S1 diskogen S1 sağtərəfli radikulit, davamlı ağrı sindromu ilə residiv gedişli, hərəki, hissi, trofiki pozğunluqlar L5-S1 diskin hemilamiektomiyadan sonrakı vəziyyət, Xroniki tonzillit subkompensə olunmuş forma” diaqnozu ilə xəstə yatmışdır. Xəstəliyi ilə əlaqədar olaraq xx.xx.2009-cu il tarixdə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 18-ci maddəsinin 5-ci bəndinə müvafiq olaraq Dövlət Sərhəd Xidmətinin rəisinin Sərhəd QK-nın 279 Ş/H saylı əmrinə əsasən Çevik hərəkət taboru komandirinin maddi texniki təminat üzrə müavini vəzifəsindən azad olunmuş və ona xx.xx.2009-cu il tarixdən 2-ci qrup əlillik təyin edilmişdir. 2009-2021-ci ilə qədər müvafiq orqanların 88 formalı göndəriş əsasında dəfələrlə əlilliyi təsdiq olunmuşdur. Dövlət Sərhəd Xidmətindən vəzifədən azad olunma səbəbi - “HXH” Azərbaycan Respublikası Qanunun 18-ci maddəsinin 5-ci bəndinə əsasən (xəstəliyə görə hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan və ya 12 aydan sonra yeni müayinədən keçməklə müharibə dövründə həqiqi hərbi xidmətə yararsız sayıldıqda) xəstəliyi əsas olmuş və bunun əsasında da hərbi xidmət dövrü ilə əlaqədar 2-ci qrup əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixdən etibarən dəfələrlə TSEK –komissiyasında müayinədən keçmişdir. “L5 –S1- diskin hemilaminektomiyadan sonrakı residiv yırtığı diaqnozu ilə xəstə olduğu müəyyən edilmişdir. Lakin şifahi olaraq bildirilmişdir ki, həmin diaqnoz əlilliyin təyin edilməsi meyarlarından çıxarıldığı üçün ona əlillik təyin edilə bilməz. Rəsmi qaydada müraciət etsə də, əlilliyin təyin edilməsindən imtina qərarı bu günə qədər təqdim edilməmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edərək barəsində 2-ci qrup əlilliyin təyin edilməsindən imtina barədə qərarın ləğv edilməsi, 2-ci qrup əlilliyinin xx.xx.2021-ci il tarixdən bərpa edilməsi və ya xx.xx.2009-cu il tarixdən, yəni əlillik təyin edildiyi tarixdən bu günə qədər olan müddət onun xidməti illəri kimi hesablanaraq xidmət illərinə görə pensiya təyin edilməsini xahiş etmişdir. İddiaçı bildirir ki, o, uzun müddət qeyd edilən xəstəlikdən müalicə almış, xx.xx.2013-cü il tarixdə əməliyyat olunmuş, sonradan yenidən müalicə olunmuş, bu davamlı xarakter daşımış və etdiyi müalicələr səmərəli nəticələrlə müşayiət olunmamışdır. Əgər onun xəstəliyi ilə əlaqədar əlillik dərəcəsi verilməsəydi, o, işdən azad olunmayacaqdı və bugünə qədər işləyəcək idi. Yuxarıda göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Fəqərəarası disklərin zədələnməsi zamanı sinir kök və kələflərin zədələnməsi. L5-S1 diskektomiyadan sonrakı vəziyyət. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, L5-S1 fəqərəarası diskin sağ tərəfli residiv yırtığının xaric edilməsi cərrahi əməliyyatdan sonrakı vəziyyət (2008). Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: “Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Bakı şəhər sakini xx.xx.1977-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0170003AAD77 nömrəli xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin İ00096860ZYE nömrəli xx.xx.2023-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərarı verilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən xx.xx.2009-cu il tarixli 50 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “L5-S1 diskogen S1 sağtərəfli radikulit, davamlı ağrı sindromu, residivli gedişli, hərəki, trofiki, hissi pozğunluqlarla; L5-S1 diskin hemilaminoektomiyasından (xx.xx.2008) sonrakı vəziyyət; sağ aşağı ətrafın və onurğanın funksiyasının mülayim dərəcədə pozulması ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı belində, yuxarı və aşağı ətraflarda ağrılar, keyimə hissindən şikayətlənmişdir. Müayinə zamanı yuxarı və aşağı ətraflarda əzələ gücü və tonus normal, reflekslər canlı alınmış D=S, hipotrofiya, atrofiya, parez iflic izlənilməmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. M.Ə.Əfəndiyev adına X8 xx.xx.2023-xx.xx.2023-cü il tarixli Çıxarışda diaqnoz “L5-S1 diskektomiyadan sonrakı vəziyyət. Bel osteoxondrozu. Sağ aşağı ətrafın monoparezi. Davamlı kökcük- kompression (L5) ağrıları” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. “X10”nın xx.xx.2021-ci il tarixli MRT müayinəsinin nəticəsi “L5-S1 -fəqərə cisimlərində subxondral degenerasiya (İİ tip). L5-S1-fəgərəarası diskin degenerativ dəyişikliyi. L4-L5-fəqərəarası diskin arxa medial sağ lateral foraminal protruziyası, dural kisənin və sağ lateral sinir kökcüyünün minimal sıxılması, L5-S1-fəgərəarası diskin arxa sağ paramedian, sağ lateral foraminal geniş əsaslı protruziyası, bu səviyyədə sağ tərəfli hemilaminektomiya defekti, stabilliyin pozulması, L5-fəqərə cisminin retro spondilolistezi, dural kisənin və sağ lateral sinir kökcüyünün minimal sıxılması" kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2021-ci il tarixli 1561/1503 nömrəli Arayışında diaqnoz “Onurğanın L5-S1 fəqərəarası diskin yırtığının çıxarılması əməliyyatından sonra, L5-S1 fəqərəarası diskin degenerasiyası, arxa sağ patomedial sağ lateral geniş əsaslı protruziyası, bu səviyyədə sağ tərəfli hemilaminektomiya deffekti, stabilliyin pozulması, L5 fəqərəsinin cisminin tetrospondilolistezi, distal kisəni və sağ lateral sinir kökcüyün sıxılması, əzələ atrofiyası, daimi ağrı sindromu və funksiyanın pozulması” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-668/2025 nömrəli, 05 may 2025-ci il tarixli qərarı ilə (hakim T.Məlikov) iddianın təmin edilməsi, İddiaçı Bakı Baş Səhiyyə İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli İ00096860ZYE nömrəli tibbi göndəriş üzrə ilk dəfə əlillik vəziyyətinin qiymətləndirildiyi tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.5.1.1-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması 40 faiz olmaqla 1 il müddətinə əlillik təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə verilmiş yazılı etiraza uyğun tərtib edilmiş və qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, müvafiq tibbi-ekspertizanın rəyinə əsaslanmışdır. Həmçinin, şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun əlillik təyinatına əsas verməməsi halı iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sırf göndərişdəki XBT kodlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” haqqında Əsasnamədə mövcud olmasına əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanası əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı Qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər-hansı bir bəndini aid etmək mümkün olmamışdır. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki: -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim Komissiyasının 50 saylı, xx.xx.2009-cu il tarixli xəstəlik şəhadətnaməsindən görünür ki, iddiaçıda “L5-S1 diskogen S1 sağtərəfli radikulit, davamlı ağrı sindromu residivli gedişli, hərəki, trofiki, hissi pozğunluqlarla: L5-S1 diskin hemilaminoektomiyasından sonraki vəziyyət; sağ aşağı ətrafın və onurğanın funksiyasının mülayim pozulması ilə” xəstəliyi əsasında o, sülh dövründən hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Müayinə məlumatlarından görünür ki, iddiaçıya: -xx.xx.2009-cu il tarixdə “L5-S1 diskin hemilaminoektomiyasından sonraki residiv yırtıq. Davamlı kökcük ağrıları ilə” diaqnozu ilə hərbi xidmət dövrü səbəbindən 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. -xx.xx.2014-cü il tarixdə “L5-S1 diskin hemilaminoektomiyasından sonraki residiv yırtıq. Davamlı kökcük ağrıları ilə” diaqnozu ilə hərbi xidmət dövrü səbəbindən 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. -xx.xx.2015-ci il tarixdə “L5-S1 diskin hemilaminoektomiyasından sonraki residiv yırtıq. Davamlı kökcük ağrıları ilə” diaqnozu ilə hərbi xidmət dövrü səbəbindən 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. -xx.xx.2016-cı il tarixdə “L5-S1 diskin hemilaminoektomiyasından sonraki residiv yırtıq. Davamlı kökcük ağrıları ilə” diaqnozu ilə hərbi xidmət dövrü səbəbindən 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. -Bakı Baş Səhiyyə İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli İ00096860ZYE nömrəli tibbi göndəriş üzrə xx.xx.2023-cü ildə “diaqnoz əlillik təyin etmir” əsası ilə əlillik təyin edilməsindən imtina edilmişdir. -Bakı Baş Səhiyyə İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tibbi göndərişdən görünür ki, iddiaçıda aşağıdaki xəstəliklər müəyyən olunmuşdur: Əsas diaqnoz – G55.1. Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin və fəqərəarası disklərin zədələnməsi zamanı sinir kök və kələflərin zədələnməsi, L5-S1 diskektomiyadan sonraki vəziyyət. Ağırlaşma - M24.5. Oynaqların kontrakturası, oynaqların kontrakturası, sağ diz oynağının açıcı kontrakturası (bükmə 100 dərəcə), sol diz oynağının açıcı kontrakturası (bükmə 85 dərəcə), sol aşıq-baldır oynağının açıcı-bükücü kontrakturası (açma 100 dərəcə, bükmə 90 dərəcə). G83.1. Aşağı ətrafların monoplegiyası, sağ aşağı ətrafın monoparezi Z98.8. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonraki vəziyyət L5-S1 fəqərəarası diskin sağ tərəfli residiv yırtığının xaric edilməsi cərrahi əməliyyatdan sonraki vəziyyət R52.2. Digər daimi ağrı. Davamlı kökcük kompression M51.1. Bel və digər şöbələrin fəqərəarası disklərin radikulopatiya ilə. Bel osteoxondrozu B26.2. Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi. Hərəkətin və yerişin pozulması. Yanaşı xəstəliklər – H52.1 Miopiya, OU-Presbiopiya VİS OU-1.0 spl OU+1.25 İ10 Essensial hipertenziya. Hipertoniya xəstəliyi İİ mərhələ M43.1 Spondilolistez L4-L5, L5-S1 fəqərəarası disklərin protruziyaları. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-16042/2023 nömrəli qərarı ilə diaqnoz əlillik əlaməti təyin etməməsi əsası ilə iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq cavabdehin “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərarını mübahisələndirir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə iddiaçının xəstə olması iş materialları ilə öz təsdiqini tapdığından və həmin diaqnoz əlillik təyin edilməsi üçün Meyarlara uyğun olduğundan, cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan tərəfindən verilən apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, müvafiq tibbi-ekspertizanın rəyinə əsaslanmışdır. Həmçinin, şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas deyildir. Belə ki, cavabdeh tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri, XBT-10 (kod), orqanizmin funksiyalarının pozulması faizi və orqanizmin funksiyalarının pozulması müddəti müəyyən edilmişdir. Həmin siyahıya nəzər yetirdikdə görünür ki, xəstəliklərin, zədələrin və çatışmazlıqların özünün şəxsdə mövcud olması hələ əlilliyin təyin edilməsi anlamına gəlmir. Onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri əlilliyin qiymətləndirilməsi və təyini üçün əhəmiyyət daşıyır. İddiaçı barəsində sonuncu dəfə verilən xx.xx.2023-cü il tarixli, İ00096860ZYE (Forma TQS N2-O88) saylı göndərişində XBT 10 kodu üzrə qeyd edilmiş “Əsas diaqnoz: G55.1fəqərəarası disklərinin zədələnməsi zamanı sinir köklərinin və fəqərəarası disklərin zədələnməsi zamanı sinir kök və kələflərin zədələnməsi, L5-S1 diskektomiyadan sonrakı vəziyyət. Ağırlaşmalar: G83.1-aşağı ətrafların monoplegiyası, sağ aşağı ətrafın monoparezi, Z98.8-digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, L5-S1 fəqərəarası diskin sağtərəfli residiv yırtığının xaric edilməsi cərrahi əməliyyatdan sonrakı vəziyyət (2008), R52.2-digər daimi ağrı, davamlı kökcük kompression (L5) ağrılar, M51.1 bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, bel osteoxondrozu, R26.2başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, hərəkətin və yerişin pozulması. Yanaşı xəstəliklər: M43.1- spondilolistez L4-L5, L5-S1 fəqərəarası disklərin protruziyaları; H52.1-miopiya, OUpresbiopiya, VisOU-1,0 spl.-OU+1.25, 110-essensial birincili hipertenziya, hipertoniya xəstəliyi İİ mərhələ” diaqnozuna ümumən tam rast gəlinir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya): 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti: 6.5. Serebral iflic və digər paralitik sindromlar 6.5.1 serebral iflic və digər paralitik sindromlar (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya) G81-G83 Qiymətləndirmə: 6.5.1.1 ayrı-ayrı ətrafların parezləri və tonus pozuntusu (əzələ gücünün 4 bala qədər azalması, 1,5-2 sm-lik əzələ hipotrofiyası, yuxarı və aşağı ətraf oynaqlarında hərəkətlərin tam həcminin, eləcə də əşyaları tutma və saxlama kimi biləyin əsas funksiyasının saxlanılması ilə); cüzi statodinamik pozuntular 40 % -1 il İddiaçının iddia tələbinin əsaslı olması ekspert rəyləri ilə də öz təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin ekspertləri tərəfindən verilmiş T68/2025 saylı ekspert rəyində aşağıdakılar bildirilmişdir: 1-
3. Vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixdə “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu”nda mütəxəssis travmatoloqlar tərəfindən müayinə olunarkən “Onurğanın L5-S1 fəqərəarası diskin yırtığının rezeksion cərrahi əməliyyatdan sonrakı residivi, bel fəqərələrinin spondilozu, yayılmış osteoxondrozu, kökcük ağrıları ilə, L5-S1 fəqərəarası diskin təkrari 5,5 mm geniş əsaslı yırtığı kökcük ağrıları ilə, onurğanın qeyri-stabilliyi, L5 fəqərəsinin cisminin tetrospondilolistezi, dural kisənin sıxılması, aşağı ətraflarda əzələ atrofıyası, daimi ağrı sindromu, yerişin çətinləşməsi, M42; M43; M54.1; G54.1; Z98.8; R52.0; M62.5; R26.8”. diaqnozu ona özünün müayinəsi və rentgen müayinələr əsasında müəyyən edilmişdir. Şikayətin digər dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlil hesab olunubolunmaması Agentliyin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3). Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, TSEK iddiaçının əlilliyi ilə bağlı qiymətləndirmə aparmış və əlilliyin qiymətləndirilməsindən imtina edilmişdir. İmtinanın əsasını iddiaçıda olan diaqnozun əlilik təyinatına əsas vermədiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası Ali Məhkəmənin oxşar işlər üzrə formalaşmış mövqeyinə istinad edərək qeyd edir ki, iddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada apellyasiya şikayətinin cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri əsassız sayılmalıdır və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-668/2025 nömrəli, 05 may 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 90-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-668/2025 nömrəli, 05 may 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Günel Sevdimalıyeva Orxan İsmayılov