Məhkəmə qərarları › İş №2-1(103)-3254/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3254/2022

23.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3254/2022 23.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il üçün ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Əliyevanın katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il üçün ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1347/2022 saylı 25 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 23 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. NZ NZ seriyalı ******* saylı xx.xx.1975-ci il tarixli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixə qədər həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı xx.xx.2001-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1993-cü ildə Azərbaycan Respublikası Milli X7 Zavodu XKTMB-su “Kristal”da İstehsalat sahəsinə 5-ci dərəcə qaynaqçı vəzifəsinə qəbul edilmiş, xx.xx.2002ci ildə işdən azad edilmişdir. xx.xx.2002-ci ildə “X14” MMC İstehsalat sahəsinə 5-ci dərəcədən qaynaqçı vəzifəsinə qəbul edilmiş, xx.xx.2003-cü ildə işdən azad edilmişdir. xx.xx.2010-cu ildə "xxxx" MMC-də Qaynaq sahəsinə 5-ci dərəcəli elektrik qaynaqçısı qəbul edilmiş, xx.xx.2017-ci ildə Qaynaq sexinə elektrik qaynaqçısı peşəsinə təyin olunmuşdur. İddiaçı onun güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnun olduğuna istinad edərək bu barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********4 saylı xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz qaynaqçıları; qaz qaynaqçıları; kəsməkdə və əl ilə qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaz qaynaqçıları; təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr tərkibli flyüsləri tətbiq etməklə və karbon qazı olan mühitlərdə qaynaqla işlərdə, həmçinin yarımavtomat maşınlarda məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları; əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən 3 yanvar 2001-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1993- xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası Milli X3 Zavodu XKTMB-su “Kristal” İstehsalat sahəsində qaynaqçı, xx.xx.2002-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “X15” MMCdə qaynaqçı və xx.xx.2010-cu il tarixindən bu günədək "xxxx" MMC-də qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun işlədiyi peşə yuxarıda qeyd olunan Siyahı üzrə göstərilən peşələrə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona xx.xx.2014cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il üçün ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1957-ci il tarixdə Zəngilan şəhərində anadan olmuşdur. xx.xx.1978-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi «Azərtikinti» Baş İdarəsinin Zəngilan rayon Təsərrüfat hesablı tikinti quraşdırma idarəsində qaynaqçı vəzifəsində işləmişdir. Onun orada işləməsi barədə arxiv sənədi tapılmadığından o, həmin illərin təsdiq olunması üçün Zəngilan rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2(034)-208/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə bu fakt təsdiq olunmuşdur. Lakin o, həmin qətnaməni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edərək əmək pensiyasına çıxmaq istədikdə ona həmin Filialdan imtina məktubu vermişlər. İddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi «Azərtikinti» Baş İdarəsinin Zəngilan rayon Təsərrüfat hesablı tikinti quraşdırma idarəsində qaynaqçı vəzifəsində işlədiyi illər Zəngilan rayon Məhkəməsinin 2(034)-208/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə öz təsdiqini tapsa da, bunu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı nəzərə almamış və ona imtina edilmişdir. Onun həmin illərdə işləməyini təsdiq edən məhkəmə qətnaməsi vardır ki, bu da əmək kitabçasını əvəz edir və bu sənədlə də işlədiyi illər tam sübut olunur. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz qaynaqçıları; qaz qaynaqçıları; kəsməkdə və əl ilə qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaz qaynaqçıları; təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr tərkibli flyüsləri tətbiq etməklə və karbon qazı olan mühitlərdə qaynaqla işlərdə, həmçinin yarımavtomat maşınlarda məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları; əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim edilən 3 yanvar 2001-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1993- xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası Milli X3 Zavodu XKTMB-su “Kristal” İstehsalat sahəsində qaynaqçı, xx.xx.2002-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “X15” MMCdə qaynaqçı və xx.xx.2010-cu il tarixindən bu günədək "xxxx" MMC-də qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun işlədiyi peşə yuxarıda qeyd olunan Siyahı üzrə göstərilən peşələrə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli İcmal məktubunda qeyd olunur ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Eləcə də həmin icmal məktubda qeyd olunur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımır. İPM-in 58.6-cı maddəsinə uyğun olaraq sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirilməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiya hüququ verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1347/2022 saylı 25 may 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 57 yaşdan, yəni xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il üçün hesablanmaqla ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və apellyasiya şikayətinə yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “ona 57 yaşdan, yəni xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il üçün hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” ilə bağlıdır. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun xx.xx.1993xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası Milli X3 Zavodu XKTMB-su “Kristal” İstehsalat sahəsində qaynaqçı, xx.xx.2002-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “X15” MMC-də qaynaqçı və xx.xx.2010-cu il tarixindən bu günədək "xxxx" MMC-də qaynaqçı işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz qaynaqçıları; qaz qaynaqçıları; kəsməkdə və əl ilə qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaz qaynaqçıları; təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr tərkibli flyüsləri tətbiq etməklə və karbon qazı olan mühitlərdə qaynaqla işlərdə, həmçinin yarımavtomat maşınlarda məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları; əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşələrə uyğun olmaması və bu səbəbdən də güzəştli iş stajının olmaması əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının ümumi iş stajının 25 ildən, xüsusi iş stajının 12 ildən artıq, yəni 15 il 9 ay 26 gün olmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun xx.xx.2006-cı il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olmasına əsaslanaraq onun güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü məsələsi yoxlanılmalıdır. Həmin Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq edilməli olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən iddiaçının xx.xx.2006-cı il tarixə qədər 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajının mövcud olub-olmaması yoxlanılmalıdır. Göründüyü kimi, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, əmək kitabçasını və müvafiq güzəştli arayışları təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletdən görünür ki, o, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixə qədər həqiqi hərbi xidmətdə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçıya məxsus əmək kitabçasından müəyyən olunur ki, onun xx.xx.1975xx.xx.1977-ci ilərdə hərbi xidmət dövrü 02 il 01 ay 04 gün, əmək fəaliyyəti dövrü xx.xx.1993-xx.xx.2002-ci ilədək 08 il 03 ay 17 gün, xx.xx.2002- xx.xx.2003-cü ilədək 01 il 04 ay 29 gün olmaqla, ümumilikdə 11 il 09 ay 20 gün təşkil edir. Həmçinin Zəngilan rayon Məhkəməsinin 2(034)-208/2021 saylı 27 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi «Azəriqaztikinti» baş idarəsinin Zəngilan rayon Təsərrüfat hesablı tikinti quraşdırma idarəsində qaynaqçı vəzifəsində işləməsi faktının müəyyən olunması qərara alınmışdır. Zəngilan rayon Məhkəməsinin 2(034)-208/2021 saylı 17 may 2021-ci il tarixli qərardadına əsasən Zəngilan Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 2(034)- 99/2021 saylı qətnaməsinin əsaslandırıcı və nəticə hissələrində «Ərizəçi İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi «Azəriqaztikinti» baş idarəsinin Zəngilan rayon Təsərrüfat hesablı tikinti quraşdırma idarəsində qaynaqçı vəzifəsində işləməsi faktı müəyyən olunsun” kimi qeyd edilmiş sözlər «Ərizəçi İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi «Azəriqaztikinti» baş idarəsinin Zəngilan rayon Təsərrüfat hesablı tikinti quraşdırma idarəsində əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işləməsi faktı müəyyən olunsun” kimi oxunması qərara alınmışdır. Zəngilan rayon Məhkəməsinin 2(034)-208/2021 saylı xx.xx.2022-ci il tarixli arayışında göstərilmişdir ki, ərizəçi İddiaçı “əmək münasibətlərində olma faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və Zəngilan Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 2(034)-208/2021 saylı qətnaməsi ilə ərizə təmin olunmuşdur. Həmçinin məhkəmənin 17 may 2021-ci il tarixli qərardadı ilə qətnaməsindəki yanlışlıqlar aradan qaldırılmlışdır. Əlavə olaraq bildirilir ki, Zəngilan Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(034)- 208/2021 saylı qətnaməsi 21 iyun 2021-ci il tarixdə, 17 may 2021-ci il tarixli qərardadı isə 27 may 2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. Belə olan halda iddiaçının xx.xx.2006-cı ilədək tələb olunan ümumi iş stajı 27 il 07 ay 19 gün (hərbi xidmət, əmək kitabçasında qeyd edilən dövr 11 il 09 ay 20 gün + məhkəmə qərarı ilə müəyyən edilən dövr 15 il 09 ay 29 gün) təşkil edir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün xx.xx.2006-cı il tarixədək tələb olunan 25 il ümumi iş stajı mövcuddur. Hazırki işdə olan iddiaçıya ünvanlanmış imtina məktubunun, iddiaya dair yazılı etirazın və apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının güzəştli iş stajının kifayət qədər olması mübahisələndirilir. İddiaçı qanunla tələb olunan 12 il 6 aydan çox zərərli iş stajının olduğunu bildirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Bununla bağlı birinci instansiya məhkəməsinin sorğularına cavab olaraq Azərbaycan Milli Elmlər X4 xx-xx/2021 saylı xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan SSR Elmlər Akademiyası X1 Təcrübə-Sənaye Zavodu Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1974-cü il tarixli 203 №-li Sərəncamı ilə yaradılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən D-2178 nömrəsi ilə 10 iyul 1997-ci il tarixdə Azərbaycan Elmlər Akademiyası X1 Təcrübə-Sənaye Zavodu kimi qeydiyyata alınmışdır. Zavodun yenidən təşkili nəticəsində Zavodun hüquqi varisi olan “Azərbaycan Milli X7-Sənaye Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsi tərəfindən ********** nömrəsi ilə 05 yanvar 2018-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Milli X7-Sənaye Zavodunun hüquqi ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 622-ci küçə, 9. “Azərbaycan Milli X7-Sənaye Zavodu” MMC-nin 94-1/303 saylı xx.xx.2021-ci il tarixli məktubunda qeüyd edilmişdir ki, İddiaçı “Azərbaycan Milli X7-Sənaye Zavodu” MMC-də (əvvəlki Təcrübə-Sənaye Zavodunda) əmək fəaliyyəti göstərməmişdir. Qeyd olunan səbəbdən xx.xx.1957-ci il təvəllüdlü İddiaçı əmək fəaliyyəti barədə məlumatın və işlədiyi peşənin zərərli işə aid olması barədə güzəştli arayışın Bakı İnzibati Məhkəməsinə təqdim olunması “Azərbaycan Milli X7-Sənaye Zavodu” MMC-nin imkanı xaricindədir. Məlumat üçün bildirilir ki, iddiaçının “Əmək kitabçası”nda adı qeyd olunan şirkət uzun illərdir ki, "xxxx" MMC-nin ərazisində fəaliyyət göstərmir və həmin şirkətin mövcudluğu barədə zavodda heç bir sənəd və məlumat yoxdur. “Azərbaycan Milli X7-Sənaye Zavodu” MMC-nin 94-1/36 saylı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı vaxtilə işlədiyi AMEA XKTMB-su “Kristal” İstehsalat Sahəsinin "xxxx"na hər hansı bir formada aidiyyəti olmamışdır və bu səbəbdən həmin təşkilat barədə olan məlumat və digər zəruri sənədlərin tərəflərindən təqdim edilməsi mümkün deyildir. "xxxx" MMC-nin 4/2809 saylı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC-nin və onun hüquqi varisi olan "xxxx" MMC-nin əsas fəaliyyət sahəsi elektrik transformatorları istehsalıdır. İddiaçı ona məxsus əmək kitabçasına əsasən 02 avqust 2010-cu il tarixdə Qaynaq sahəsinə 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul olunub. 02 oktyabr 2017-ci il tarixinədək bu peşədə çalışıb. 02 oktyabr 2017-ci il tarixdə Qaynaq sexinə qaynaqçı (elektrik) peşəsinə təyin olunub və hal-hazırda bu peşədə çalışır. Əmək kitabçasında bu peşələrin ümumi adı qeyd olunub. Həqiqətdə İddiaçı yuxarıda qeyd olunan müddətlərdə və hal-hazırda əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində çalışır. Yəni qeyd olunan müddətlərdə həmin şəxs maşınla deyil, yalnız əl ilə elektrik qaynağı işləri aparmışdır. İddiaçı "xxxx" MMC-dəki fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iştehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələrin 35-ci bölməsindəki “Əl ilə qaynaq işləri aparan elektrik qaynaqçıları” peşəsi sahəsinə aiddir. Kod tələbi ilə əlaqədar məlumat verilir ki, düzdür Azərbaycan Respubliası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunub ki, məhkəmə qərarlarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün, siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir tələbi var, ancaq peşələrin kodlu siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin əvvəlki, 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarında mövcud idi. Həmin əvvəlki Qərara əsasən əl ilə qaynaq aparan elektrik qaynaqçısını kodu 23200000-19906 idi. Yeni, 23 noyabr 2007-ci il tarixli, 12 saylı Qərarda isə ancaq bölmələr nömrələnmişdir. Məlumdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahısı üzrə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə əmək pensiyası hüququ vardır. "xxxx" MMC-də İddiaçı bu günədək 11 il 8 ay güzəştli iş stajı vardır. Nəzərə alınmalıdır ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-208/2021 tarixli, 27 aprel 2021-ci il tarixli qətnaməsinə və həmin məhkəmənin eyni saylı, 17 may 2021-ci il tarixli qərardadına əsasən İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi “Azəriqaztikinti” baş idarəsinin Zəngilan rayon Təsərrüfat hesablı tikinti quraşdırma idarəsində, əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işləməsi faktı müəyyən olunmuşdur. İddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan işdə 12 il 6 aydan artıq çalışdığından, 60 yaşına çatdığından, azı 25 il sığorta stajına malik olduğundan, onun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Beləliklə, iddiaçının müəssisədə işlədiyi və məhkəmə aktı ilə təsdiq edilmiş vəzifəsi “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” peşəsi olmaqla, adı və sahəsi siyahıda göstərilən 23200000 XXXİİİ. Ümumi peşələr 23200000—19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinin ad və sahəsi ilə eyni olması, xx.xx.1978-xx.xx.1993-cü ilədək olan «Azəriqaztikinti» baş idarəsinin Zəngilan rayon Təsərrüfat hesablı tikinti quraşdırma idarəsində əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində güzəştli iş stajının 15 il 09 ay 29 gün təşkil etdiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı tələbi əsaslı olmuşdur. Cavabdeh isə həmin dövrün güzəştli iş stajına hesablanmasını istisna edəcək şərtin mövcudluğunu sübuta yetirə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün cavabdehin tələbin təmin olunmasından imtina etməsi əsassız olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı düzgün nəticəyə gəlmişdir. İddiaçının müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il üçün hesabblanmaqla pensiyasının ödənilməsi barədə tələbinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin həmin tələbi də “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə istinad etməklə təmin etməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil etməklə, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1347/2022 saylı 25 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1347/2022 saylı 25 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar