Məhkəmə qərarları › İş №2-1(103)-3254/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3254/2025

10.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3254/2025 10.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2- 1(112)-354/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı səhhətinə görə ona əlillik təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2017-ci il tarixdə xx.xx.2022-ci il tarixədək 5 il müddətinə 2-ci dərəcəli əlillik təyin edilmişdir (Diaqnoz: Baş beynin silkələnməsi, keçirilmiş qapalı-kəllə beyin travmasmm davamlı qalıq əlamətləri, toniko-klonik qıcolma tutmaları ilə (ayda 7-8 dəfə), dəqiqləşdirilməmiş ensefalopatiya, postravmatik ensofalopatiya toniko-kloniki qıcolma tutmaları ilə (ayda 7-8 dəfə), Generalizə olunmuş epilepsiyanın və epileptik sindromların digər növləri, tez-tez təkrarlanan toniko-klonik qıcolma tutmaları ilə (ayda 7-8 dəfə), Üzvi mənşəli emosional labil (astenik) pozuntu, kəskin asteno-nevrotik sindrom. Vertebrobazilyar arteral sistem sindromu, vertebrobazilyar sistemində qan dövranının çatışmamazlığı). Əlillik müddəti başa çatdıqdan sonra iddiaçıya qeydiyyatda olduğu tibb müəssisəsi tərəfindən xx.xx.2023cü il tarixdə əlilliyinin qiymətləndirilmə məqsədi ilə Tibbi Sosial Ekspertiza müayinəsinə göndəriş verilmiş və göndəriş həmin gündə Azərbaycan Respublikası Əmək və ƏSMN-nin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik alt sisteminə ötürülmüşdür. Lakin cavabdeh xx.xx.2023-il tarixdə keçirdiyi qiymətləndirmə ilə ona imtina vermişdir. İmtina cavabı iddiaçıya xx.xx.2023-cü il tarixdə məlum olmuşdur. İddiaçı qeyd etmişdir ki, cavabdeh onun diaqnozlarına uyğun düzgün qiymətləndirmə aparmamış və ona heç bir əyani baxış keçirmədən imtina vermşdir. Həmçinin 2017-ci ildə ilkin əlillik təyin edildikdən sonra o, 3 dəfə müalicədə olmuş, ürək əməlliyatı keçirmiş və ona əlavə olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Bakı Psixi Sağlamlıq Mərkəzi”nin Baş direktoru Fuad İsmayılov tərəfindən “Üzvi şəxsiyyət pozuntusu F07.0” diaqnozu qoyulmuşdur. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz hesab edilməli və onun əlilliyi yenidən təyin edilməlidir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2023cüi il tarixli göndərişi əsasında baxılmış və diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beyin silkələnməsi, keçirilmiş qapalı kəllə beyin travmasının qalıqlı əlamətləri, tonik klonik qıcolma tutmaları ilə (ayda 7-8 dəfə); Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2-1(112)-354/2025 saylı qərarı ilə (hakim T.R.Məlikov) iddia təmin edilmiş, iddiaçının Salyan Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli, B00068397JBK nömrəli tibbi göndəriş (Forma 88) əsasında ilk dəfə əlilliyinin qiymətləndirildiyi tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci yarımbəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 35-60 faiz olmaqla 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Bakı İnzibati Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2-1(112)-354/2025 saylı qərarını mübahisələndirmiş və apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, müvafiq tibbiekspertizanın rəyinə əsaslanmışdır. Həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun əlillik təyinatına əsas verməməsi halı iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2- Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sırf göndərişdəki XBT kodlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” haqqında Əsasnamədə mövcud olmasına əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmamışdır. Belə ki, iddiaçının göndərişində əsas diaqnoz kimi müəyyən edimiş F07-Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beyin silkələnməsi,keçirilmiş qapalı kəllə beyin travmasının qalıqlı əlamətləri ,tonik klonik qıcolma tutmaları diaqnozu əlillik təyinatına əsas verməsi üçün Əsasnamədə qeyd olunur: Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(102)-1403/2022 saylı qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı qərarı ilə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasının 1.4-cü bəndinə əsasən göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. ... Maddi hüquq normalarının tələbləri baxımından Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarını işə şifahi və ya yazılı icraat qaydasında baxılması, şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməyə borcludur. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə müvafiq olaraq, məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, nümayəndə iştirak etməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və ədalətlidir. Belə ki, xəstəliyi ilə bağlı olaraq dövlət tərəfindən dərmanlarla təmin edilirdi. Həmin dərmanları qəbul etmədən yaşaya bilməz. Əlillik olmadan da həmin dərmanlar verilmir. Ona əlilliyin təyin edilməsi ilə bağlı imtina verildikdən sonra dərmanların verilməsi dayandırılmışdır. Ona görə də, əlillik təyin edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması ilə bağlı məhkəməyə müraciət etdi. Birinci instansiya məhkəməsində aparılan icraatın gedişatı ərzində qarşı tərəf əlilliyin təyin edilməsi ilə bağlı imtina verilməsinin qanuniliyi ilə bağlı məhkəməyə heç bir dəlil təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, 976 saylı Qərarına əsasən, Cəbrayıl RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1993cü ilin avqust ayında aldığı və xx.xx.2017-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: "Qəlpə yaralanmalarından sonra başın sol ön alın nahiyəsində bir ədəd, sol əlin İ barmağının proksimal falanqasının arxa səthində toxuma defekti, sağ əl pəncəsinin arxa səthində ikinci falanqaarası oynağının bayır səthində bir ədəd köhnə çapıq toxumalar, sağ budun yumşaq toxumalarında yad cisim” (Azərbaycan Respublikası SHXÇDX-nin Cəbrayıl rayon bölməsinin xx.xx.2017-ci il tarixli, 328 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli, 147 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 canlı şəxsin məhkəmə-tibb müayinəsinin xx.xx.2017-ci il tarixli, 281 nömrəli aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin 7.2. bəndinin a) yarımbəndi. - Tibbi-Sosial Ekspertiza və X4 Tibbi-Sosial Ekspertiza müayinəsindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ilkin 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. - Azərbaycan Respublikası ƏƏSMN Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatlardan görünür ki, iddiaçının əlillik vəziyyəti Salyan rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2023-ci il tarixli, B00068397JBK nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və “Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beyin silkələnməsi, keçirilmiş qapalı kəllə beyin travmasının qalıqlı əlamətləri, tonik klonik qıcolma tutçaları ilə (ayda 7-8 dəfə)” diaqnozunun əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina verilmişdir. - Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DTSERA-nın Tibbi sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-16454/2023 saylı qərarından görünür ki, İddiaçı əyani müayinəsi keçirilmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 187 saylı 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən diaqnoz əlillik təyin etməməsi barədə qərar qəbul edilmişdir. - Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı əyani müayinəyə edilməklə vəziyyətinin qiymətləndirilməsi və əlilliyinin müəyyən edilməsi ilə bağlı müraciətinə yenidən baxılması cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. - Cavabdeh DTSERA tərəfindən qeyd olunan qərardadın icrası ilə bağlı məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, “İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin B00068397JBK nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir”. - Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilərək xx.xx.2023-ci il tarixli, B00068397JBK nömrəli tibbi göndərişdə göstərilən diaqnozların mövcud olub-olmaması, hal-hazırda hansı xəstəlik və qüsurların (XBT-nin 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodlara uyğun gəlməklə) aşkar olunub-olunmaması və İddiaçı müəyyən edilmiş xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən edilməsi Meyarları”nda göstərilən xəstəliklərin əhatə dairəsinə düşüb-düşməməsi, düşürsə XBT-nin hansı xəstəlik üzrə koduna uyğun olmasının müəyyən edilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinə tapşırılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5- Təcrübi və Tədris Birliyi PHŞ-nin T411/2024 saylı, xx.xx.2024-cü il tarixli rəyində bildirilmişdir ki, Birlik müalicə müəssisəsi olmadığından İddiaçı hazırda konkret hansı xəstəlikdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Əlilliyin təyini ilə əlaqədar sualın həlli məhkəmə tibb-ekspertinin deyil, Tibbi-Sosial Ekspert Komissiyalarının səalhiyyətlərinə aid olduğundan onlar tərəfindən həyata keçirilir. - Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə psixiatriya ekpertizası təyin edilərək, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ekspertlərinə tapşırılmış və ekspertlər qarşsıslnda aşağıdakı suallar qoyulmuşdur:

1. İddiaçı canlı müayinəsi zamanı xx.xx.2023-cü il tarixli, B00068397JBK nömrəli Forma 88-də qoyulmuş diaqnoz öz təsdiqini tapırmı?

2. İddiaçı canlı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar (X1 10cu yenidən işlənmiş variantında göstərilmiş kodlara uyğun göstərilməklə) aşkar olunur?

3. İddiaçı xəstəliklərinin qiymətləndirilməsi zamanı üzvi mənşəli şəxsiyyət pozuntusu və baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları (F07.0) müəyyən edilirsə, bu onda əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olurmu? Bundan başqa ətrafdakılarla tez-tez problemlər yaranması, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) ilə müşayiət olunurmu?

4. İddiaçı xəstəliklərinin qiymətləndirilməsi zamanı onda üzvi mənşəli şəxsiyyət pozuntusu və baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları müəyyən edilirsə, bu onun məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkküründə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalara (2 ildən az olmayaraq) səbəb olurmu və ya təkrarlanan aqressiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti yaradırmı? - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 188 nömrəli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar bildirilmişdir: 1-ci sual üzrə: İddiaçı hal-hazırda “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu koqnitiv funksiyaların enməsi və epileptiform tutmalarla” (F07.0) aşkar olunur. Beləliklə, B00068397JBK saylı Forma 088 göndərişində qeyd olunan diaqnozun psixiatriyaya aid diaqnoz öz təsdiqini tapır. Qeyd olunmalıdır ki, “G” kodu ilə göstərilmiş diaqnozlar nevrologiya sahəsinə aiddir və məhkəmə-psixiatrik ekspertizası tərəfidən müəyyən edilə bilməz. 2-ci sual üzrə: İddiaçı hal-hazırda “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu koqnitiv funksiyaların enməsi və epileptiform tutmalarla” aşkar olunur. İddiaçı canlı müayinəsi zamanı onda müəyyən edilmiş diaqnoz X1 10-cu baxışına əsasən F07.0 koduna uyğundur. Qeyd olunmalıdır ki, Beynəlxalq Təsnifatının 10-cu baxışının yenidən işlənmiş variantını mövcud deyil. Hal-hazırda X1 11-cu baxışı hazırlanır və Səhiyyə Nazirliyinin müvafiq qərarından sonra tətbiq olunacaq. 3-cü sual üzrə: Şəxslərin əmək qabiliyyətinin müəyyən edilməsi (əlilliyin müəyyən edilməsi) məhkəmə-psixiatrik ekspertizasının səlahiyyətinə aid deyil. 4-cü sual üzrə: Şəxslərin əmək qabiliyyətinin müəyyən edilməsi (əlilliyin müəyyən edilməsi) məhkəmə-psixiatrik ekspertizasının səlahiyyətinə aid deyil. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdqi edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və Agentliyinin” Nizamnaməsinin 1.1-ci bəndinə əsasən, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Nizamnamənin 2.1-ci bəndinə görə, strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyət istiqamətlərinə daxildir; Nizamnamənin 3-cü bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək, fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1.2-ci bəndinə müvafiq olaraq, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 3.1-ci bəndinə əsasən, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Meyatların 3.2-ci bəndinə görə, xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Birinci instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları nəzərdən keçirərək hesab edir ki, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçıya xx.xx.2023-ci il tarixli göndəriş əsasında əlillik təyin edilməlidir. Belə ki, Salyan Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli, B00068397 JBK nömrəli tibbi göndərişdən (Forma 88) görünür ki, iddiaçıda əsas diaqnoz kimi XBT-10 kodu F07.0 olan “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beyin silkələnməsi, keçirilmiş qapalı kəllə beyin travmasının qalıqlı əlamətləri, tonik klonik qıcolma tutmaları ilə (ayda 7-8 dəfə)” qeyd edilmişdir. Ağırlaşma kimi: - XBT-10 kodu S06.0 olan Baş beynin silkələnməsi, Baş beyin silkələnməsi Yanaşı xəstəliklər kimi: - XBT-10 kodu G40.0 olan Fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmu (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, tonik klonik qıcolma tutmaları ilə (ayda 7-8 dəfə) göstərilmişdir. Birinci instansiyası məhkəməsi haqlı olaraq iddiaçının əlilliyinin qiymətləndirildiyi xx.xx.2023-ci il tarixli göndərişdəki (Forma 88) və ekspert rəyində müəyyən edilmiş xəstəliklər diaqnozunu nəzərdən keçirərək hesab etmişdir ki, iddiaçıya əlilik dərəcəsinin təyin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, xx.xx.2023-ci il tarixli, B00068397JBK nömrəli tibbi göndərişdə qeyd edilən əsas diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır:

7. Psixi və davranış pozuntuları 7.6.2. Üzvi mənşəli şəxsiyyət pozuntusu - F07. İddiaçıda olan üzvi mənşəli şəxsiyyət pozuntusu iş materiallarında olan iddiaçıya dair tibbi sənədlərdə və keçirilmiş ekspertiza rəyi ilə öz təsdiqini tapmışdır. Belə ki, Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 188 nömrəli ekspert rəyindən göründüyü kimi, iddiaçıda hazırda “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu koqnitiv funksiyaların enməsi və epileptiform tutmalarla” (F07.0) aşkar olunmuş və B00068397JBK saylı göndərişdə qeyd olunan psixiatriyaya aid diaqnoz təsdiqlənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2-ci bəndində F07 XBT kodu altında nəzərdə tutulan “üzvi mənşəli şəxsiyyət pozuntusu” xəstəliyi aşağıdakı hallarda əlilliyin təyini üçün əsas verir: 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı. 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqressiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti. Göründüyü kimi, istinad olunan Meyarlara əsasən şəxsə F07 kodu altında diaqnoz qoyularkən 7.6.2.1-7.6.2.2-ci altbəndlərdə nəzərdə tutulmuş ağırlaşmalar üzrə qiymətləndirilmə aparılmalıdır. Həmin qiymətləndirilmədən asılı olaraq şəxsin sağlamlıq vəziyyətində müvafiq ağırlaşmalar müəyyən edildiyi halda, orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsi və müddəti müəyyən edilməklə əlillik dərəcəsi təyin edilir. Birinci instansiyası məhkəməsi iddiaçının sağlamlıq vəziyyətinin Meyarların 7.6.2.1-ci yarımbənddə göstərilən hallara uyğun gəldiyini hesab edərək bildirmişdir ki, 7.6.2.1-ci yarımbənddə diqqət yetirilməli məqam odur ki, üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozu şəxsdə əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar şəklində özünü büruzə vermiş olmalı, həmçinin şəxsin bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq, bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) ilə müşayiət edilməlidir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, iddiaçıda “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu koqnitiv funksiyaların enməsi və epileptiform tutmalarla” diaqnozu mövcudluğu müəyyən edilmiş və bu pozuntu iddiaçının bütövlükdə sərbəst yaşamaq bacarığına mane olmasa da, bəzi hallarda (məsələn, epileptik tutmalar zamanı) kənar şəxslərin köməyinə ehtiyacının olmasını istisna etmir. Bu isə əlilliyin təyininə əsas verən xəstəliyin iddiaçıda mövcud olması deməkdir. Bu baxımdan, iddiaçıda müşahidə olunan pozuntu 7.6.2.1-ci altbənddə nəzərdə tutulmuş “həmçinin şəxsin bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq, bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması” halına uyğundur. Göstərilən xəstəlik iddiaçının orqanizminin funksiyalarının 35-60 faiz pozulması kimi qəbul edilməsinə və ona əlillik təyin edilməsi üçün əsas verir. Bundan əlavə məhkəmə kollegiyası oxşar işlər üzrə formalaşmış təcrübəyə istinad edərək apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada apellyasiya şikayətinin cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri əsassız sayılmalıdır və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2-1(112)-354/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2-1(112)-354/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər

Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar