Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3259/2023 29.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3527/2023 nömrəli 07 iyun 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə əsasən, əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla, təminat xərcliyinin 55 faizi həcmində hesablanması və yaranmış məbləğ fərqinin hüququnun yarandığı vaxtdan hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Həmid Ağalarov) 2-1(112)-3527/2023 nömrəli 07 iyun 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı rədd etmənin əsası kimi qeyd etmişdir ki, iddiaçının tələbində istinad etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.14.1-ci maddəsinin ona münasibətdə tətbiq edilməsi üçün, yəni xəstəliyinə görə hərbi xidmətdən buraxılan kimi təminat xərcliyinin 55 faizi əlavə alması üçün ilkin pensiya təyinatı olmadığı üçün həmin Qanunun 9.6-cı maddəsinin şərtləri ödənilməlidir. Həmin maddənin tələbləri də iddiaçı tərəfindən ödənilmədiyindən iddiaçıya əmək pensiyası təyin olunduqdan sonra xidmətini davam etdirməsinə münasibətdə əmək pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablana bilməz. Qeyd olunan qərar əsassız olmaqla ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı 01 aprel 2015-ci ildə polkovnik rütbəsində yaşa görə hərbi xidmətdən ehtiyata buraxılmış, ona xidmət illərinə görə pensiya təyin edilmiş, lakin hərbi xidmətini sonradan davam etdirmişdir. 07 sentyabr 2019-cu ildə isə xəstəliyi ilə bağlı hərbi xidmətdən tərxis olunduqdan sonra bu barədə bütün məlumatlar (dəqiqləşdirirmiş məlumat vərəqi) əməkdaşı olduğu Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən cavabdeh inzibati orqana göndərilmiş, bütün sənədlərdə və xəstəlik haqqında şəhadətnamədə aldığı xəsarətlərin hərbi xidmətdə qazanması qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.14.1-ci maddəsinə əsasən iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “V” bəndinə əsasən xəstəliliklə əlaqədar işdən azad edildiyinə və həmin xəstəlik hərbi xidmətdə qazanıldığına görə cavabdeh inzibati orqan iddiaçıya 55 faiz həcmində pensiya təyin etməli idi. Bundan başqa, iddiaçının fəaliyyət göstərdiyi Fövqəladə Hallar Nazirliyi də bu barədə dəqiqləşdirilmiş məlumat vərəqəsini cavabdeh inzibati orqana göndərmişdir ki, həmin məlumat vərəqəsi əsasında onun pensiyasında müvafiq düzəliş aparılmalı idi. Birinci instansiya məhkəməsi isə Qanunda istinad olunan halı nöqtə-vergülünədək qərarına köçürməklə kifayətlənmiş, nəzərə almamışdır ki, o, əmək pensiyasının sonuncu dəfə verilmiş təminat xərcliyi əsasında düzgün hesablanmasını tələb edir ki, bu zaman cavabdehin ona imtinası əsassız və qanunsuzdur. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Etirazda qeyd edilir: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3527/2023 nömrəli xx.xx.2023cü il tarixli qərarında məhkəmənin mövqeyi qanunvericiliyin normalarından göründüyü kimi iddiaçının tələbində istinad etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 20.14.1-ci maddəsinin ona münasibətdə tətbiq edilməsi üçün, yəni xəstəliyinə görə hərbi xidmətdən buraxılan kimi təminat xərcliyinin 55 faizi əlavə alması üçün ilkin pensiya təyinatı olmadığı üçün həmin Qanunun 9.6-cı maddəsinin şərtləri ödənilməlidir. Həmin maddənin tələbləri də iddiaçı tərəfindən ödənilmədiyindən iddiaçıya əmək pensiyası təyin olunduqdan sonra xidmətini davam etdirməsinə münasibətdə əmək pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablana bilməz. Qanunvericiliyin müddəalarına əsasən iddiaçıya əmək pensiyası təyin olunduqdan sonra xidmətini davam etdirməsinə münasibətdə əmək pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablana bilməz. İddiaçı öz ərizəsində Qanunun 20.14.1-ci maddəsinə istinad etmişdir. Həmin maddədə qeyd olunur: “hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin-50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə-55 faiz, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin - 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir”. Qanunun tələbindən göründüyü kimi sözügedən artımın nəzərə alınması üçün 9.6-cı maddənin şərtləri ödənilməlidir. Qanunun 20.14.2-ci maddəsi o halda tətbiq edilir ki, şəxsə hərbi qulluqçu kimi ilkin pensiya təyinatı getməli və ya ikinci dəfə təminat xərcliyi ilə müraciət edilibsə 9.6-cı maddənin şərtləri ödənilməlidir. Beləliklə, Bakı inzibati Məhkəməsinin 2-1(112)-3527/2023 nömrəli xx.xx.2023-cü il tarixli nömrəli qərarı qanuni və əsaslı olduğundan apellyasiya şikayəti təmin edilməyərək qərar dəyişdirilmədən qüvvədən saxlanılmalıdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin olunmaması və qərarın dəyişdirilmədən qüvvədə saxlanması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim olunmuş xx.xx.2015-ci il tarixli məlumat vərəqəsinə əsasən «Əmək pensiyaları haqqında» Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq xx.xx.2015-ci il tarixdə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyası təyin edildikdən sonra həmin orqanda yenidən xidmətə cəlb olunmuşdur. «Əmək pensiyaları haqqında» Qanunun 9.6-cı maddəsinə uyğun olaraq əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Qeyd olunanları nəzərə alaraq 7 sentyabr 2019-cu il tarixdə xidmətdən yenidən tərxis olunmağı ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzi filiala daxil olmuş iddiaçıya dair xx.xx.2019-cu il tarixli yeni məlumat vərəqəsinə əsasən əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan iddiaçıya məxsus pensiya işindəki sənədlərdən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən xx.xx.2015-ci il tarixli məlumat vərəqi təqdim edilmiş, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun HQXRŞİD-in xx.xx.2015-ci il tarixli qərarına əsasən xx.xx.2015-ci ildən yaşa görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixli yenidən məlumat vərəqi təqdim edilmişdir, iddiaçının əmək pensiyası cavabdeh tərəfindən xx.xx.2019-cu ildə yenidən hesablanmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. 9.6. Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir: 9.6.1. hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər; 9.6.2. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər; 9.6.3. hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər; 9.6.4. ali zabit heyətinə aid şəxslər. 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla. «Əmək pensiyaları haqqında» Qanunun 9.6-cı maddəsinin 13 may 2022-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 9-cu bəndinə əsasən «Əmək pensiyaları haqqında» Qanunun 9.6-cı maddəsinə uyğun olaraq, əmək pensiyası təyin edildikdən sonra yenidən hərbi xidmətə cəlb olunan hərbi rütbəli şəxs hərbi xidmətdən növbəti dəfə tərxis edilərkən, Fonda ona dair yenilənmiş məlumat vərəqi göndərilmir (xx.xx.2022-ci ilədək olan redaksiyası). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2 fevral 2022-ci il tarixli qərarına əsasən əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, İddiaçı xx.xx.2015-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmış, ona pensiya təyin edilmiş, lakin sonradan hərbi xidmətini davam etdirmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdən hərbi xidmətdən xəstəliyi ilə əlaqədar tərxis olunmuşdur. O, cavabdehə müraciət edərək, xx.xx.2015xx.xx.2019-cu il tarixlər arasındakı xidmət illərinə münasibətdə pensiyasının yenidən hesablanmasını və ona xəstəliyə görə 5 faiz əlavə (təminat xərcliyinin 50 faiz deyil 55 faiz həcmində) artımın ödənilməsini xahiş etmişdir, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya xx.xx.2015-ci ildə hərbi qulluqçu kimi ilkin olaraq pensiya təyinatı aparılmışdır. Hazırda iddiaçının tələbində istinad etdiyi xəstəliyinə görə hərbi xidmətdən buraxılan kimi təminat xərcliyinin 55 faizi əlavə alması üçün ilkin pensiya təyinatı olmadığından belə olan halda “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin şərtləri ödənilməlidir. Lakin həmin maddənin tələbləri də iddiaçı tərəfindən ödənilmədiyindən iddiaçıya əmək pensiyası təyin olunduqdan sonra xidmətini davam etdirməsinə münasibətdə əmək pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablana bilməz. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3527/2023 nömrəli 07 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3259/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3259/2023
29.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver