Məhkəmə qərarları › İş №2-1(103)-3259/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3259/2025

06.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3259/2025 06.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Qasımov Vidadi Kamal oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə , İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9387/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İCRAAT:

1. İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidməti Vergi Cinayətlərin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Dövlət Vergi Xidməti Vergi Cinayətlərin İbtidai Araşdırılması Baş İdarəsinin 10 aprel 2023-cü il tarixli **********156067 saylı səyyar vergi yoxlaması aktına əsasən inzibati aktın qəbul edilməsindən imtina olunması və qəbul ediləcək hər hansı inzibati aktın qanunsuz sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2023cü il tarixli **********172544 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.

3. Sonradan iddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli **********172544 saylı qərarın (vergi hesabatının və arayışın vaxtında verilməməsi ilə əlaqədar ümumilikdə 120 manat maliyyə sanksiyasının tətbiqi hissəsi istisna olmaqla) digər hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********1155978 saylı qərarına əsasən İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit şöbəsinin böyük dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviri X4 tərəfindən İddiaçı MMC-yə (VÖEN **********) Vergi Məcəlləsinin 38.3.6 maddəsinə əsasən vergi qanunvericiliyi üzrə oktyabr 2017-dekabr 2020-ci il üzrə səyyar vergi yoxlaması keçirilmiş və xx.xx.2023-cü il tarixli **********156067 saylı akt tərtib edilmişdir. Müəssisədə növbədənkənar səyyar vergi yoxlaması ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar X2 Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən təyin edilmiş, müvafiq dövr üzrə qərarın ləğvi barədə Bakı inzibati Məhkəməsində iddia qaldırılmış və Məhkəmənin qərarına əsasən müvafiq dövr üzrə hesablanmış kameral hesablama qərarının ləğvi barədə qərar çıxarılmışdır. Nəzərinizə çatdırılır ki, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixində dəqiqləşdirilmiş 2017-ci ilin 4-cü rübü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilmişdir. Vergi orqanı tərəfindən qeyd edilən bəyannamə üzrə kameral vergi yoxlaması keçirilmiş və vergi yoxlamasının nəticəsi üzrə 16 iyun 2020-ci il tarixli **********342900 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar çıxarılmışdır. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 16 iyun 2020-ci il tarixli **********342900 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə" qərarı hazırda mübahisələndirilir. Müvafiq qərarın ləğv edilməsi barədə Bakı İnzibati Məhkəməsinin 2- l(112)-286/2022 saylı qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır. Hazırda 2-1(103)-421/2023 saylı işə Bakı Apellyasiya Məhkəməsində sədrlik edən hakim Mirzə Tağızadənin icraatında baxılır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

5. Cavabdeh iddia tələbinə münasibətdə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı MMC-yə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən Baş İdarənin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********155978 nömrəli qərarı ilə xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr əhatə edilməklə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, yoxlamanın nəticəsi xx.xx.2023-cü il tarixli **********156067 nömrəli aktla rəsmiləşdirilmişdir. İddiaçı MMC-də növbədənkənar səyyar vergi yoxlaması ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar Baş İdarənin İstintaq və təhqiqat idarəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən təyin edilmişdir. Səyyar vergi yoxlaması cinayət işinə əlavə edilmiş materiallara, müəssisə tərəfindən yoxlamaya təqdim edilmiş sənədlərə və vergi orqanına təqdim edilmiş bəyannamələrə, müəssisənin bank hesabı olan bank idarələrindən alınmış bank əməliyyatlarına dair məlumatlara, Dövlət Vergi Xidmətinin AVİS və Hesabat/Axtarış informasiya sistemində olan məlumatlara, yoxlamanın gedişində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyindən alınmış mütəxəssis rəyinə əsasən aparılmışdır. Yoxlanılan dövrdə müəssisənin fəaliyyəti yalnız mənzil tikintisindən ibarət olmuşdur. Yoxlama nəticəsində Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş verginin 385.091,67 manat məbləğində azaldılmasına görə 50% miqdarında, yəni 192.545,84 manat məbləğində, Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 2018 və 2019-cu illərin əmlak vergisi bəyannamələri, 2019-cu ilin muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi əsas olmadan müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə isə 120,00 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bütün bunlara baxmayaraq, iddiaçı heç bir hüquqi əsası olmayan dəlillərlə xx.xx.2023-cü il tarixli **********172544 nömrəli “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qanunsuz hesab edir. iddiaçı iddia ərizəsində müxtəlif normativ hüquqi aktların müvafiq müddəalarını sadəcə sadalamaqla kifayətlənmiş, mübahisələndirdiyi məsuliyyət qərarına əsasən hesablanan vergi və maliyyə sanksiyasının əsassız hesab etməsini konkret dəlil və normalarla əsaslandıra bilməmişdir. İddiaçının iddia ərizəsində istinad etdiyi yeganə dəlil İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********080100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-286/2022 saylı qərarı və həmin qərarın qəbulu üçün əsas olan məhkəmə tərəfindən təyin edilən ekspertiza tədqiqatının nəticəsində verilən xx.xx.2021-ci il tarixli ekspert rəyidir. Həmin dəlillə bağlı bildirilir ki, Bakı İnzibati Məhkəməsinin qərarı qanuni qüvvəsini almamışdır. Oudr ki hal-hazırda iş üzrə qanuni qüvvəsini almış yekun məhkəmə aktı mövcud olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9387/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********172544 saylı qərarı - vergi hesabatının və arayışın vaxtında verilməməsi ilə əlaqədar ümumilikdə 120 manat maliyyə sanksiyasının tətbiqi hissəsi istisna olmaqla digər hissədə ləğv edilmişdir.

7. Qərardan narazı qalan cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ APARİLAN BİRİNCİ İCRAAT:

8. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2279/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKMƏSİNDƏ APARİLAN İCRAAT:

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-798/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2279/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir.

13. Ali Məhkəməsinin hazırkı iş üzrə qərarında qeyd edilmişdir ki, “...işə baxan aşağı instansiya məhkəmələri qərar qəbul edərkən iddiaçının daha əvvəl mübahisələndirdiyi kameral qərarla bağlı məhkəmə icraatı zamanı təqdim edilmiş ekspert rəylərini əsas götürmüşlər. Həmin rəylərə nəzər yetirildikdə isə görünür ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən ekspert qarşısında qoyulmuş sual bundan ibarətdir ki, yaşayış binasının ümumi sahəsi yerində müayinə olunmaqla müəyyən edilsin. Lakin hər iki rəydə ölçülər layihə sənədlərinə istinad olunmaqla təqdim edilmiş, yerində müayinə aparılmaqla layihə üzrə və faktiki ölçülərin müqayisəli şəkildə müəyyən olunması istiqamətində məhkəmənin göstərişlərinin icrası təmin edilməmişdir. Həmçinin, ekspert qarşısında binanın hər mərtəbəsinin faktiki sahəsinin müəyyən olunması barədə müvafiq sual qoyulmamışdır. Bundan başqa, yalnız yaşayış və qeyriyaşayış sahələrinə aid hissələrin vergiyə cəlb olunması qeyd edilmişdir. Halbuki, yuxarıda əks olunan normadan göründüyü kimi, balkon, lociya, terras, şüşəbənd və eyvanların sahələri, həmçinin pilləkən meydançalarının və pillələrin həmin mərtəbə səviyyəsində sahələri də mərtəbənin sahəsinə daxildir. Apellyasiya instansiyası məhkəməsi isə qeyd edilən ziddiyyətli halları nəzərə almamış, həmin halların aydınlaşdırılması və aradan qaldırılması istiqamətində lazımi araşdırma aparmamışdır.” İŞİN HALLARİ:

14. xx.xx.2022-ci il tarixli, **********155978 nömrəli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərardan görünür ki, İddiaçı MMC üzrə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə oktyabr 2017 – dekabr 2020 vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmışdır.

15. xx.xx.2023-cü il tarixli, **********156067 nömrəli səyyar vergi yoxlaması aktından görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit şöbəsinin böyük dövlət vergi müfəttişi tərəfindən İddiaçı MMC-nin müxtəlif dövrlərdə tədiyyələr (4-cü rüb 2017-4-cü rüb 2019 üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə və s.) üzrə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergilər və digər icbari tibbi ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar vergi yoxlaması aparılmışdır.

16. Səyyar vergi yoxlamasının aktından görünür ki, səyyar vergi yoxlaması ilə bina tikintisi fəaliyyəti üzrə kameral hesablanmış 718.165,32 manat sadələşdirilmiş vergi məbləği təsdiq edilir və əlavə olaraq büdcəyə 385.091,67 manat vergi hesablanır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən büdcəyə çatası bina tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş verginin 385.091,67 manat azaldılmasına görə 192.545,84 manat maliyyə sanksiyasının; Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 2018-ci və 2019-cu illərin əmlak vergisi bəyannamələri, 2019-cu ilin muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi əsas olmadan müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə ümumilikdə 120 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur.

17. Səyyar vergi yoxlamasının aktından görünür ki, səyyar vergi yoxlaması ilə bina tikintisi fəaliyyəti üzrə kameral hesablanmış 718.165,32 manat sadələşdirilmiş vergi məbləği təsdiq edilir və əlavə olaraq büdcəyə 385.091,67 manat vergi hesablanır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən büdcəyə çatası bina tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş verginin 385.091,67 manat azaldılmasına görə 192.545,84 manat maliyyə sanksiyasının; Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 2018-ci və 2019-cu illərin əmlak vergisi bəyannamələri, 2019-cu ilin muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi əsas olmadan müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə ümumilikdə 120 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur.

18. Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 14 №- li “Yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016cı il 25 fevral tarixli, 86 №-li Qərarını təhbər tutaraq və İddiaçınə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən ünvanlanmış xx.xx.2016-cı il tarixli, xx/xx-1936 №li Şəhərsalma əsaslandırılması barədə məktuba əsaslanaraq, Nəsimi rayonu, Azadlıq prospekti, Eldar Tağızadə, Vladislav Plotnikov və Süleyman Rüstəm küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyriyaşayış obyektlərinin tikintisinin layihələşdirilməsi üçün torpaq sahəsi 49 illik icarə əsasında həmin Cəmiyyətin istifadəsinə verilmişdir.

19. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Nəsimi rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC-lə bağlanmış 24 yanvar 2017ci il tarixli müqavilənin 2.4-cü bəndinə dəyişikliy”in lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli Qərarının icrası və məqsədinə nail olunması üçün Şirkətin təklifini qəbul etməsini nəzərə alaraq 24 yanvar 2017-ci il tarixdə aralarında bağlanmış müqavilədə 2.4-cü bənd aşağıdakı redaksiyada verilsin: “2.4. Binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinlərini tikilən binalarda sökülən mənzilin sahəsindən minimum 15% əlavə sahəsi olan, orta təmirli və razılaşdırılmış mərtəbələrdə mənzil sahəsi ilə təmin etmək”.

20. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **********342900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərardan görünür ki, İddiaçındə 4-cü rüb 2017-ci il hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi 1.640.673,54 manat bəyan edilmiş, kameral yoxlama nəticəsində 2.407.277,58 manat müəyyən edilmiş və ona görə də 766.604,04 manat əlavə vergi hesablanmışdır. Səbəb Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Eldar Tağızadə, Vladislav Potnikov və Süleyman Rüstəm küçələrinin kəsişməsində binanın tikintisi üçün ayrılmış torpaq sahəsində ümumi sahəsi 31147,7 kv.m olan binanın tikintisinə 2017-ci ilin 4-cü rübündə başlanmasına baxmayaraq, Vergi Məcəlləsinin 218-ci maddəsinə əsasən həmin hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilməmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir.

21. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-286/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı barəsində Azərbaycan Respublikası İqtisasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” xx.xx.2020ci il tarixli, **********080100 nömrəli qərar 57.840,75 manat məbləğində hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməsi; iddia tələbinin qalan hissədə təmin edilməməsi; aparılmış tədqiqatın dəyəri 500 (beş yüz) manatın 350 (üç yüz əlli) manatı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən, 150 (yüz əlli) manatı isə İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qərara alınmışdır.

22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/8391-9/9185 nömrəli ekspert rəyindən görünür ki, Kollegiyanın yuxarda qeyd edilən 1-ci sualı üzrə - Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Eldar Tağızadə, Vladislav Potnikov və Süleyman Rüstəm küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində İddiaçı MMC tərəfindən tikintisi başa çatdırılmış binanın ümumi sahəsi 30298.02 kv.metr, o cümlədən qeyri-yaşayış sahəsi 5751.1 kv.metr, yaşayış sahəsi 21850.2 kv.metr, pilləkən, dəhliz və lift şaxtası sahəsi 2696.72 kv.metr müəyyən edilmişdir. İş materiallarında olan layihə sənədləri tam olmadığından və aydın oxunmadığından İddiaçı MMC tərəfindən inşa edilmiş yaşayış binasında zirzəmi üzrə: avtomobil yolu, (obyekt) 1-ci mərtəbə üzrə: dəhliz, lociya sahələrini və s. ayrı-ayrılıqda dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Kollegiyanın qərardadda göstərilən 2-ci sualı ilə bağlı isə qeyd edilmişdir ki, İddiaçı MMC tərəfindən 2017-ci ilin 4-cü rübü üzrə cəmi ödənilməli olan BTFSV 57.840,75 manat məbləğində müəyyən olunmuşdur.

23. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-421/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi; Bakı İnzibati Məhkəməsinin 2-1(112)-286/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

24. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 16.1 və 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.6. cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 49.2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 83.3 (xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada). Vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. 85.4 (xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada). Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. 218.1 və 218.1.3 (xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada). Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər) sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir. 218.3 (xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada). Bu Məcəllənin 218.1.3-cü maddəsində göstərilən şəxs tikinti-quraşdırma işlərinə başladığı andan 30 gün müddətində müvafiq icra hakimiyyəti orqanına seçdiyi vergitutma metodu barədə yazılı formada məlumat təqdim etməlidir. Bu halda şəxsin seçdiyi vergitutma metodunu həmin tikinti-quraşdırma işləri başa çatanadək dəyişdirmək hüququ yoxdur. 219.3 (xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada). Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyriyaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. 220.8 (xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada). Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-cü maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 45 manat, bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-1-ci maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 15 manat olmaqla bu maddə ilə müəyyən edilmiş qaydada hesablanır. 220.8.1 (xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada). Bina və torpaq sahəsi Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşdikdə, bu maddədə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş zonalardan asılı olaraq, aşağıdakı əmsallar tətbiq olunur: 3-4-cü zonalarda bina tikintisi fəaliyyətinin faktiki həyata keçirildiyi (binanın faktiki yerləşdiyi), habelə torpaq sahəsinin yerləşdiyi ərazi üzrə əmsal – 2,2. 220.8-1 (xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada). Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün tikilən binanın qeyri-yaşayış sahələri üzrə sadələşdirilmiş vergi, habelə bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün binaların qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsi ilə hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır. 221.5 (xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada). Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər hər bir tikinti sahəsi üçün sadələşdirilmiş vergini bu Məcəllənin 220.8-ci maddəsində nəzərdə tutulmuş qaydada tikinti-quraşdırma işlərinin başlandığı rübdə hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə vergi orqanına bəyannamə təqdim edirlər. Bu Məcəllənin 218.1.3-cü maddəsində göstərilən vergi ödəyiciləri vergi ödəyicisi kimi uçota alındıqları yerdən asılı olmayaraq, bina tikintisi fəaliyyətinin faktiki həyata keçirildiyi (bina tikintisi meydançasının faktiki yerləşdiyi) ərazi (zona) üçün bu Məcəllənin 220.8-ci maddəsinə uyğun müəyyən edilən sadələşdirilmiş vergini ödəyirlər. Bu maddədə nəzərdə tutulmuş bəyannamə vergi orqanına təqdim edildikdən sonra hesablanmış vergi bərabər hissələrlə 10 faiz həcmində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödənilir.

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi.

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətinin əsassız olduğunu və təmin edilməməsini, birinci instansiiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

31. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

33. Kollegiya işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

34. İşin hallarından müəyyən olur ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr əhatə edilməklə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, yoxlamanın nəticəsi xx.xx.2023cü il tarixli aktla rəsmiləşdirilmişdir. Həmin akta əsasən, yoxlama nəticəsində 2017-ci ilin 4-cü rübü üzrə kameral qaydada hesablanmış 718165,32 manat bina tikintisi fəaliyyəti ilə əlaqədar sadələşdirilmiş vergi məbləğinin təsdiq edildiyi və əlavə olaraq sadələşdirilmiş verginin 385091,67 manat azaldıldığı müəyyən edilərək 192665,84 manat maliyyə sanksiyasının tətbiq olunması, həmçinin 2018-ci və 2019-cu illərin əmlak vergisi bəyannamələrinin, 2019-cu ilin muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin əsas olmadan müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə ümumilikdə 120 manat maliyyə sanksiyasının tətbiq olunması təklif edilmişdir.

35. İş materiallarında olan Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən qəbul edilmiş "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2023-cü il tarixli qərarından görünür ki, səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2023-cü il tarixli akt nəzərə alınaraq iddiaçı qanunvericiliyin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilmişdir.

36. Birinci instansiya məhkəməsi və həmin qərarı qüvvədə saxlayan apellyasiya məhkəməsi müvafiq dövrün kameral qaydada yoxlanmasına dair qərarın mövcudluğuna, yəni iddiaçının eyni hərəkətə görə yenidən vergi məsuliyyətinə cəlb edilməsinin yolverilməzliyinə istinadən həmin qərarı ləğv etmişdir.

37. Ali Məhkəmə qeyd edilən mövqe ilə razılaşmamış və göstərişlərində qeyd etmişdir ki, qərarda əlavə olaraq sadələşdirilmiş verginin 385091,67 manat azaldıldığı müəyyən edildiyindən məhkəmələrin hüquqi mövqeyi əsassız olmuşdur. Ali Məhkəmə qeyd etmişdir ki, məhkəmələrin əsaslandığı rəydə ölçülər layihə sənədlərinə istinad olunmaqla təqdim edilmiş, yerində müayinə aparılmaqla layihə üzrə və faktiki ölçülərin müqayisəli şəkildə müəyyən olunması istiqamətində məhkəmənin göstərişlərinin icrası təmin edilməmişdir. Həmçinin, ekspert qarşısında binanın hər mərtəbəsinin faktiki sahəsinin müəyyən olunması barədə müvafiq sual qoyulmamışdır.

38. Həmçinin Ali Məhkəmənin adıçəkilən qərarında qeyd edilmişdir ki, “...yalnız yaşayış və qeyri-yaşayış sahələrinə aid hissələrin vergiyə cəlb olunması qeyd edilmişdir. Halbuki, yuxarıda əks olunan normadan göründüyü kimi, balkon, lociya, terras, şüşəbənd və eyvanların sahələri, həmçinin pilləkən meydançalarının və pillələrin həmin mərtəbə səviyyəsində sahələri də mərtəbənin sahəsinə daxildir. Apellyasiya instansiyası məhkəməsi isə qeyd edilən ziddiyyətli halları nəzərə almamış, həmin halların aydınlaşdırılması və aradan qaldırılması istiqamətində lazımi araşdırma aparmamışdır.”

39. Bununla bağlı, qeyd etmək lazımdır ki, iş üzrə daha əvvəl Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3122/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və məhkəmə mühasibatlıq ekspertizaları keçirilmiş və ekspertlər qarşısında yuxarıda göstərilən ziddiyyətli məqamlar barədə müvafiq suallar qoyulmuş, lazımi araşdırmalar aparılmışdır.

40. Belə ki, xx.xx.2023-cü il tarixli, 10/8391-9/9185 nömrəli ekspert rəyindən görünür: “qərardadın 1-ci sualı üzrə - Tədqiq olunan binaya yerində baxış zamanı, həmin bina üzrə 2 mərtəbəli zirzəmi və 2 mərtəbəli qeyri-yaşayış sahələrinin layihəyə uyğun inşa edildiyi, lakin yaşayış mərtəbəsinin 14 mərtəbə inşa edildiyi müəyyən olunmuşdur. Layihədə nəzərdə tutulmuş yaşayışın 15-ci mərtəbəsi və mansard inşa edilməmişdir. Binanın dam örtüyü bağlanmış, tikintiquraşdırma işləri başa çatmışdır. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Eldar Tağızadə, Vladİslav Potnikov və Süleyman Rüstəm küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində “GOLD CONSTRUCTİON" MMC tərəfindən tikintisi başa çatdırılmış binanın ümumi sahəsi 30298.02 kv.metr, o cümlədən qeyri-yaşayış sahəsi 5751.1 kv.metr, yaşayış sahəsi 21850.2 kv.metr, pilləkən dəhliz və lift şaxtası sahəsi 2696.72 kv.metr müəyyən edilmişdir; qərardadın 2-ci sualı üzrə - Yuxarıda göstərilənlər (həmçinin hazırkı ekspertiza qarşısında qoyulan 1-ci sualda göstərilənlər) nəzərə alınmaqla yaşayış sahəsi üzrə 15742.65 kv.m və qeyri yaşayış sahəsi üzrə 2980.3 kv.m sahələrin vergiyə cəlb edilməli olması müəyyən olunur.”

41. Odur ki, baxmayaraq, AR İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir, lakin Kollegiya hesab edir ki, iş üzrə müvafiq ekspertizalar keçirildiyindən və düzgünlüyünə dair hər hansı əsaslı şübhələr olmadığından yenidən ekspertiza keçirilməsi zərurəti mövcud deyildir.

42. Eyni zamanda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə materiallarına baxılmanın sanksiyaları üzrə səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər.

43. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir.

44. Xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir.

45. 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 85.4-cü maddəyə yeni məzmunda ikinci və üçüncü abzaslar əlavə edilmişdir. Həmin Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minmişdir.

46. Beləliklə, həmin 3 illik müddətin səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə etməsinə dair müddəa xx.xx.2020-ci ildən qüvvəyə mindiyindən vergi orqanı həmin normanı vergi ödəyicisinin vəziyyətini ağırlaşdıran şəkildə tətbiq edə bilməz.

47. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

48. İş materiallarından görünür ki, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən qəbul edilmiş "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" qərar xx.xx.2022-ci il tarixlidir.

49. Qeyd edilən normanın cavabdeh tərəfindən tətbiqi nəticəsində iddiaçının hüquq məsuliyyətinin yaranması şübhəsizdir. Odur ki, cavabdeh inzibati orqan xx.xx.2020-ci ilə qədər olan dövr üzrə (2017-ci il üzrə) hesablamanı aparmağa səlahiyyətli olmamışdır.

50. Yuxarıda qeyd olunanlara məcmu halda qiymət verən Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Odur ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul edilən mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

51. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

52. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

53. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

54. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9387/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar