Məhkəmə qərarları › İş №2-1(103)-326/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-326/2022

06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-326/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndələri X1 və X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2626/2021 saylı 22 iyun 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 06 aprel 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. H3 seriyalı ******* saylı 06.11.1976-cı il tarixli hərbi biletin surətindən görünür ki, İddiaçı 05 noyabr 1976-cı ildən 30 dekabr 1978-ci ilə gədər həqiqi hərbi xidmətdə olmuşdur. İT-İ seriyalı ******* saylı 22.12.1980-cı il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 15 dekabr 1980-ci il tarixdə "xxxx" təcrübə zavodunda 10 saylı sahəyə pardaxlayıcı şagirdi işinə qəbul edilmiş və 02 iyul 2002-ci il tarixədək orada çalışmışdır. 21.03.1981-ci il tarixdə ona 2-ci dərəcəli, 23.12.1985-ci ildə 3-cü dərəcə, 23.03.1987-ci ildə 4-cü dərəcə verilmiş, 15.06.1986-cı ildə 10 saylı sahənin adı dəyişdirilərək 63 saylı sahə adlandırılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 12 sentyabr 2019-cu il tarixli arayışından görünür ki, İddiaçı əmək kitabçasına əsasən 15 dekabr 1980-ci ildən 02 iyul 2002-ci ilə qədər "xxxx" təcrübə zavodunda pardaqlayıcı peşəsində çalışmışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 5/1709 saylı 23 sentyabr 2019-cu il tarixli məktubdan və məhkəmə sorğusu əsasında Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən göndərilmiş 4/920 saylı 06 may 2021-ci il tarixli məktubdan görünür ki, "xxxx" təcrübə zavodunun arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad edərək bu barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********3 saylı 06 noyabr 2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının metal emalı bölməsinin (11) qaynar üsulla metalın üzlənməsi (11.9) yarımbəndində quru üsulla məmulat cilalanması ilə məşğul olan cilalayıcılar vəzifələri nəzərdə tutulmuşdur. İdarəyə təqdim edilmiş İT-İ seriyalı ******* saylı 22 dekabr 1980-ci il tarixli əmək kitabçasından onun 15.12.1980-02.07.2002-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" təcrübə zavodunda işlədiyi cilalayıcı peşəsi quru üsulla məmulat cilalanması ilə məşğul olan cilalayıcılara aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda "xxxx" təcrübə zavodunda işlədiyi dövr ərzində əmək stajının dəqiqləşdirilməsi ilə bağlı müvafiq quruma sorğu göndərilmiş, cavab olaraq həmin zavodun fəaliyyətinin dayandırılması və arxiv sənədlərinin saxlanıldığı yerin müəyyən olunmaması səbəbindən yuxarıda qeyd olunan dövr sığorta stajına daxil edilmədiyi qeyd edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 17.12.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1974-cü ildən əmək fəaliyyətinə başlayaraq kolxozda çalışmış, 15 dekabr 1980-ci il tarixdə "xxxx" təcrübə zavoduna cilalayıcı (pardaqlayıcı) işinə qəbul edilmiş və 02 iyul 2002-ci il tarixədək, yəni 22 il ərzində həmin zavodda cilalayıcı işləmişdir. Cilalayıcı işləyərkən əmək şəraiti xüsusidə zərərli və ağır olduğundan digər fəhlələrdən fərqli olaraq ona hər gün 0,5 litr həcmi olan 1 ədəd qablaşdırılmış süd, həftənin sonuncu iş günündə 2 ədəd qablaşdırılmış süd verirdilər, məzuniyyət günləri isə zavodun digər işçilərində 18 iş günü təşkil etdiyi halda onda 27 iş günü təşkil edirdi. Qeyd olunan iş yerləri əmək kitabçasında müvafiq qaydada öz əksini tapmışdır. Cilalayıcı işləyərkən əmək şəraiti xüsusilə zərərli və ağır olduğundan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakn onun güzəştli stajının olmaması səbəbi ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün hesab edilmədiyi bildirilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2- 1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda həmin Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metal emalı bölməsinin (11) qaynar üsulla metalın üzlənməsi (11.9) yarımbəndində quru üsulla məmulat cilalanması ilə məşğul olan cilalayıcılar vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 22 dekabr 1980-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında 15.12.1980-02.07.2002-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" təcrübə zavodunda işlədiyi cilalayıcı peşəsi quru üsulla məmulat cilalanması ilə məşğul olan cilalayıcılara aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda "xxxx" təcrübə zavodunda işlədiyi dövr ərzində əmək stajının dəqiqləşdirilməsi ilə bağlı müvafiq quruma sorğu göndərilmiş, cavab olaraq həmin zavodun fəaliyyətinin dayandırılması və arxiv sənədlərinin saxlanıldığı yerin müəyyən olunmaması səbəbindən yuxarıda qeyd olunan dövr onun sığorta stajına daxil edilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2626/2021 saylı 22 iyun 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, "xxxx" təcrübə zavodunun arxiv sənədlərinin Azərbaycan Respublikası Arxivinə və Dövlət Arxivinin Bakı Filialına verilməməsi onun vəzifəsi olmamışdır. Qərarın tam əsassız və qanunsuz olduğunu hesab edir. Qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndələri X3 və X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 06.11.2019-cu il tarixdir. Lakin həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınmasını təsdiq edən sübut iş materiallarında mövcud deyil. İddiaçı isə iddia ilə məhkəməyə 12.11.2020-ci il tarixdə müraciət etmişdir. Məhkəmə icraatı dövründə cavabdeh orqan tərəfindən iddiaçının iddia müddətini ötürməsi mübahisələndirilməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı ümumi əmək stajının 25 ildən yuxarı, xüsusilə zərərli əmək stajının 22 ilə yaxın olmasına istinad edərək, ona 17.12.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun 15.12.1980-02.07.2002-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" təcrübə zavodunda işlədiyi cilalayıcı peşəsinin quru üsulla məmulat cilalanması ilə məşğul olan cilalayıcılara aid olub-olmamasının müəyyən edilməsinin mümkün olmaması, eləcə də onun həmin zavodda işlədiyi dövr ərzində əmək stajının nə qədər təşkil etməsinin dəqiqləşdirilməməsi səbəbilə tələbin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, məhkəməyə müraciət etmiş, lakin onun iddiası təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının 2 saylı Siyahıda nəzərdə tutulan peşələrdə xüsusi iş stajının minumum 12 il 6 ay olması şərtinin yerinə yetirilməməsinə istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.10.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 1 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə) 50 yaşdan pensiya təyin edilməsi üçün şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndində nəzərdə tutulmuş 20 illik ümumi və 10 illik xüsusi iş stajını 1997-ci il avqustun 1dək qazanmış olmalıdır; həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 52 yaşdan təyin edilir. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-ci il tarixinədək, yəni “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minməsinə qədər güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Göründüyü kimi, iddiaçı onun 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olmasına və onun güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü məsələsi yoxlanılmalıdır. Həmin Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq edilməli olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən iddiaçının 01.01.2006-cı il tarixə qədər 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajının mövcud olub-olmaması yoxlanılmalıdır. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, əmək kitabçasını və iş stajına dair arayışı təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletin surətindən görünür ki, o, 05 noyabr 1976-cı ildən 30 dekabr 1978-ci ilə gədər həqiqi hərbi xidmətdə olmuşdur. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. İddiaçıya məxsus hərbi bilet, əmək kitabçası və arxiv arayışlarından görünür ki, iddiaçının 05.11.1976-cı ildən 30.12.1978-ci ilədək 2 il 1 ay 25 gün hərbi xidmət dövrü, 15.12.1980-ci ildən 24.05.2001-ci ilədək 20 il 5 ay 9 gün, 10.09.2001-ci ildən 02.07.2002ci ilədək 9 ay 22 gün, 1974-cü ildən 1975-ci ilədək kolxozda işlədiyi dövr 2 il 2 ay 28 gün (1974-1975-ci illərdə norma adam günü 120 gün olduğu halda 1974-cü ildə 152 gün (1 il 1 ay 2 gün), 1975-ci ildə 176 gün (1 il 1 ay 26 gün) işlədiyi üçün cəmi 2 il 2 ay 28 gün işləmişdir), 12.02.1979-cu ildən 10.11.1980-cı ilədək kolxozda işlədiyi dövr 8 ay 28 gün olmaqla, ümumilikdə iş stajı 25 ildən artıq (26 il 4 ay 22 gün) təşkil edir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxması üçün ümumi staj (25 il) ilə bağlı tələb tam olaraq ödənilir. Lakin nəzərə alınmalıdır ki, hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının xüsusi stajının kifayət qədər olmaması mübahisələndirilir. Eyni zamanda cavabdeh bildirir ki, iddiaçının işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulmamışdır. Bu barədə məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı. Qeyd olunmalıdır ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Odur ki, hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün məhkəmə kollegiyası tərəfindən İddiaçı 15.12.1980-ci il tarixdən 02.07.2002-ci il tarixədək işlədiyi "xxxx" ASC-nin fəaliyyət istiqamətləri, yəni müəssisənin metal məmulatlarının istehsalı sahəsində fəaliyyət göstərib-göstərməməsi, iddiaçının işlədiyi “pardaqlayıcı” peşəsinin funksiyalarının “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli və 23 yanvar 2007-ci il tarixli Qərarlarında nəzərdə tutulan “quru üsulla məmulat pardaxlanması ilə məşğul olan pardaxlayıcılar (cilalayıcılar)” peşəsinin funksiyaları ilə eynilik təşkil edibetməməsi, həmçinin həmin peşənin vəzifə təlimatı üzrə gördüyü işlər barədə təfərrüatlı arayışın məhkəməyə təqdim edilməsi barədə "xxxx" ASC-yə sorğu məktubu göndərilmişdir. Həmin sorğuya cavab olaraq məhkəməyə 22.02.2022-ci il, 09.02.2022-ci il və 04.04.2022-ci il tarixdə "xxxx" ASC-dən daxil olmuş sorğuya cavab məktublarında qeyd edilmişdir ki, əmək kitabçasına əsasən İddiaçı ASC-də “pardaqlayıcı” peşəsində 15.12.1980-cı ildən 02.07.2002-ci ilə kimi çalışmış, 10.04.2019-cu ildən X4 ASC-yə X11 vəzifəsinə təyin olunmuşdur. Həmin tarixdə “X13” MMC "xxxx" ASC-nin 80% səhmlərinə sahib olmuş və bu gün də "xxxx" QSC 80% səhmlərinə sahibdir. Uzun illərdi ki, "xxxx" ASC-nin fəaliyyəti dayandırılmışdır. İddiaçı quru üsulla çalışması barədə heç bir yerdə qeydlər olmadığı üçün əvvəlki illərə dair məlumat imkanı yoxdur, bütün arxiv sənədlərinə malik deyildir. Beləliklə, iddiaçıya zərərli əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nda “Metal emalı” bölməsinin “qaynar üsulla metalın üzlənməsi” yarımbəndində 2150700a-16799 kod altında olan “quru üsulla məmulat pardaxlanması ilə məşğul olan pardaxlayıcılar”, 2150700a-19630 kod altında olan “quru üsulla məmulat cilalanması ilə məşğul olan cilalayıcılar”, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Metal emalı” bölməsinin (11) qaynar üsulla metalın üzlənməsi (11.9) yarımbəndində “quru üsulla məmulat cilalanması ilə məşğul olan cilalayıcılar” peşəsində işlədiyi müəyyən olunmur. Belə ki, iddiaçının nə əmək kitabçasında, nə də iş yeri tərəfindən verilmiş arayışda onun məhz quru üsulla məmulat cilalaması (pardaxlaması) funksiyasını icra etməsi müəyyən olunmur. Bu fakt onun işlədiyi müəssisənin hazırki rəhbəri tərəfindən də müvafiq sənədlərin onda olmaması səbəbi ilə təsdiq olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırki işdə iddiaçı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşısa da, bu vəzifəni yerinə yetirə bilməmişdir. Odur ki, iddiaçının zərərli olan peşələrdə işləyib, xüsusi stajının 12 il 6 ay olması ilə bağlı qanunla nəzərdə tutulan şərt ödənilmədiyi üçün birinci instansiya məhkəməsi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddianın təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillərin bir qismi formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bir qismi isə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bununla da məhkəmə kollegiyası hesab edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmadığı üçün birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2626/2021 saylı 22 iyun 2021-ci il tarixli qərarı maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2626/2021 saylı 22 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar