Məhkəmə qərarları › İş №2-1(103)-326/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-326/2023

17.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-326/2023 17.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Əkbərov Kamran Hüseyn oğlu və X3 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarların ləğv edilməsi və hərəkətlərin qanunsuz hesab edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4526/2022 saylı, 11 may 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Müvəqqəti yaşamaq üçün icazənin ləğvi haqqında” xx.xx.2021-ci il tarixli, 7923829-L nömrəli və “Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma haqqında” xx.xx.2021-ci il tarixli, 178/D nömrəli qərarlarının ləğv edilməsi, habelə, cavabdehin onun dərhal ölkədən çıxarılması və qanunsuz miqrantların saxlanma mərkəzinə yerləşdirilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Moldova Respublikasının vətəndaşı İddiaçı “Holcim (Azərbaycan)” ASC-də Təchizat üzrə direktor vəzifəsində işləyir. Bununla əlaqədar, ona iş icazəsi və müvəqqəti yaşamaq üçün icazə verilmişdir. Hər iki sənəd xx.xx.2021-ci il tarixə kimi etibarlıdır. xx.xx.2021-ci il tarixdə o, Dövlət Miqrasiya Xidmətinə dəvət edilmiş, orada ona xx.xx.2021-ci il tarixli, 178/D nömrəli “Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma haqqında” Qərar (bundan sonra kənara çıxarılma haqqında qərar) təqdim edilmiş və ölkə ərazisini tərk etməsi tapşırılmışdır. Bu iddia ərizəsinə əlavə etdiyi kənara çıxarılma haqqında qərardan göründüyü kimi, ölkə hüdudlarından kənara çıxarılmasına əsas kimi, müvəqqəti yaşamaq üçün ona verilmiş icazənin ləğv edilməsi barədə xx.xx.2021-ci il tarixli, 7923829-L nömrəli qərar göstərilmişdir. Barəsində çıxarılmış qərarları aşağıdakı səbəblərdən qanunsuz hesab edir. Belə ki, barəsində icazənin ləğvi barədə qərarın çıxarılması barədə ona heç bir məlumat verilməmiş, həmin qərar indiyə kimi ona təqdim edilməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir”. İcazənin ləğvi haqqında qərar ona təqdim olunmadığından, o qüvvəyə minmiş sayıla bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 64.1-ci maddəsinə əsasən, “İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İcazənin ləğvi haqqında qərar qüvvəyə minmədiyindən, kənara çıxarılma haqqında qərarın ona əsaslanması da, qanuni deyildir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 79.6-cı maddəsinə əsasən, kənara çıxarma haqqında qərarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması əsaslandırılmışdır. Bu halda isə göründüyü kimi, kənara çıxarılma haqqında qərar qüvvəyə minməmiş qərara istinad etdiyindən, əsaslandırılmış hesab edilə bilməz. Miqrasiya Məcəlləsinin 79.5.2-ci maddəsinə əsasən, müvəqqəti yaşamaq üçün icazəsi ləğv edilmiş şəxslər barədə çıxarılmış kənara çıxarma haqında qərar onlara təqdim edildiyi vaxtdan həmin şəxslərin üzərinə 10 gün ərzində ölkəni tərk etmək öhdəliyi qoyulur. Cavabdeh məcəllənin bu müddəasını pozaraq, ona kənara çıxarılma haqqında qərar təqdim edilən kimi dərhal ölkəni tərk etməsini tələb etmiş, ölkəni tərk edənə kimi isə onu qanunsuz miqrantların saxlanması mərkəzinə yerləşdirmişdir. Cavabdeh qanunvericiliyi kobud şəkildə pozaraq, onu qanunsuz miqrantların saxlanması mərkəzinə yerləşdirmişdir. Xüsusilə vurğulamaq istəyirlər ki, onun qanunsuz miqrantların saxlanması mərkəzində məcburi yerləşdirilməsi ilə bağlı Miqrasiya Məcəlləsinin 82.2-ci maddəsində göstərilmiş əsaslardan heç biri mövcud olmamışdır. Bakıda ailəsi ilə birlikdə yaşamasına və qanuna əsasən ölkəni tərk etmək üçün 10 gün vaxtı olmasına baxmayaraq, qanunsuz miqrantların saxlanması mərkəzinə yerləşdirilməsi hüquqlarının kobud şəkildə pozulmasıdır. Heç bir izahat olmadan bu cür qanunsuz rəftara heç nə ilə bəraət qazandırıla bilməz. Göründüyü kimi, çıxarılan qərarlar və onların icrası ciddi qanun pozuntuları ilə müşayiət olunur. Buna görə də, hesab edirlər ki, həmin qərarlar ləğv edilməli, cavabdehin onun dərhal ölkədən çıxarılması və qanunsuz miqrantların saxlanma mərkəzinə yerləşdirilməsi ilə bağlı hərəkətləri qanunsuz hesab edilməlidir. Cavabdeh orqan tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli, ******* nömrəli qərarı ilə Moldova Respublikasının vətəndaşı İddiaçıyə xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmişdir. Miqrasiya Məcəlləsinin 50-ci maddəsində nəzərdə tutulan hal (əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə) əsas götürülərək Dövlət Miqrasiya Xidmətinin xx.xx.2021-ci il tarixli, 7923829-L nömrəli qərarı ilə İddiaçıyə verilmiş müvəqqəti yaşamaq üçün icazə ləğv edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixli, 178/D nömrəli qərarla ölkə hüdudlarından kənara çıxarılaraq Azərbaycan Respublikasına gəlmək hüququ 5 (beş) il müddətinə məhdudlaşdırılmışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4526/2022 saylı, 11 may 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: A.Abdullayeva) Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində iddia ərizəsində göstərilənləri qeyd etmiş və əlavə olaraq bildirmişdir ki, işin hallarından, eləcə də cavabdeh tərəfindən qəbul edilmiş qərarlardan da görünür ki, onun barəsində qəbul edilmiş qərarların çıxarılması əsasları araşdırılmamış, səlahiyyətlərdən sui istifadə edilməklə diskresion səlahiyyət adı altında onun hüquqları kobud şəkildə pozulmuşdur. Əfsuslar olsun ki, birinci instansiya məhkəməsi bu faktları düzgün qiymətləndirmədən qərar qəbul etmişdir. Halbuki, “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən: 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. İşə apelyasiya qaydasında baxılarkən iddiaçının vəkili məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 7923829-L nömrəli, xx.xx.2021-ci il tarixli “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin ləğv edilməsi haqqında” Qərarının surətindən görünür ki, Moldova Respublikası vətəndaşı İddiaçı (pasport nömrəsi: AB0957420) ilə bağlı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə daxil olmuş 29 noyabr 2021-ci il tarixli, 23/-3318 nömrəli müraciəti iş üzrə digər icraat materiallarını nəzərdən keçirib, İddiaçıyə 16 noyabr 2020-ci il tarixli, ******* nömrəli qərarla Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmişdir. Aparılan icraat nəticəsində şəxsin müvəqqəti yaşamaq üçün icazəsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 50-ci maddəsində nəzərdə tutulan hüquqi əsas yarandığı müəyyən edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli 1036-İİQ nömrəli Qanununun 59-cu maddəsini və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 50-ci maddəsini rəhbər tutaraq, Moldova Respublikası vətəndaşı İddiaçıyə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazənin ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 7923833-L nömrəli, xx.xx.2021-ci il tarixli “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin ləğv edilməsi haqqında” Qərarının surətindən görünür ki, Moldova Respublikası vətəndaşı Cusnir Natalianın (pasport nömrəsi: AB0468109) ******* nömrəli, 16 noyabr 2020-ci il tarixli, 342639/m nömrəli müraciətini və Dövlət Miqrasiya Xidmətini 6 dekabr 2021-ci il tarixli, 7923829-L nömrəli qərarını iş üzrə digər icraat materialları ilə birgə nəzərdən keçirib, müəyyən edilmişdir ki, Cusnir Natalia müvəqqəti yaşayanın ailə üzvü əsasında müvəqqəti yaşamaq üçün icazə əldə etmişdir. Həyat yoldaşı İddiaçıyə verilmiş müvəqqəti yaşamaq üçün icazə 6 dekabr 2021-ci il tarixli, 7923829-L nömrəli qərarla ləğv edilmişdir. Bununla şəxsin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin alınması ilə bağlı əsas olan hal aradan qalxmış və digər əsasının olması ilə bağlı məlumat aşkar edilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli, 1036-İİQ nömrəli Qanununun 59-cu maddəsini və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 50.1.7-ci maddəsi rəhbər tutularaq, Moldova Respublikası vətəndaşı Cusnir Natalianın Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazəsi ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 7923376-L nömrəli, xx.xx.2021-ci il tarixli “İş icazəsinin ləğv edilməsi haqqında” Qərarının surətindən görünür ki, Moldova Respublikası vətəndaşı 30 noyabr 1983-cü il təvəllüdlü, AB0957420 nömrəli pasporta malik İddiaçı barəsində qəbul edilmiş 7923829-L nömrəli, 06 dekabr 2021-ci il tarixli qərara və iş üzrə digər icraat materiallarına baxaraq müəyyən edilmişdir ki, İddiaçıyə iş icazəsinin verilməsi (müddətinin uzadılması) ilə bağlı ********** VÖEN nömrəli, “Holcim (Azərbaycan)” ASC tərəfindən Dövlət Miqrasiya Xidmətinə 07 noyabr 2020-ci il tarixdə müraciət edilmişdir. Nəticədə, əcnəbiyə 16 noyabr 2020-ci il tarixli, ******* nömrəli qərarla 31 dekabr 2021-ci il tarixədək iş icazəsi verilmiş və əsasla İddiaçıyə 16 noyabr 2020-ci tarixli, ******* nömrəli qərarla 31 dekabr 2021-ci il tarixədək alınmış müvəqqəti yaşamaq üçün icazə Dövlət Miqrasiya Xidmətinin 7923829-L nömrəli, 06 dekabr 2021-ci il tarixli qərarı ilə Miqrasiya Məcəlləsinin 50-ci maddəsinə uyğun olaraq ləğv edilmişdir. Beləliklə, şəxsə verilmiş iş icazəsinin Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 73.0.4-cü maddəsinin tələbinə əsasən ləğv edilməsi zərurəti yaranmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli, 1036-İİQ nömrəli Qanununun 59-cu maddəsini və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 73.0.4-cü maddəsini rəhbər tutaraq, Moldova Respublikası vətəndaşı AB0957420 nömrəli pasporta malik olan İddiaçıyə verilmiş iş icazəsi ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 178/D nömrəli, xx.xx.2021-ci il tarixli “Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma haqqında” Qərarının surətindən görünür ki, Moldova Respublikası vətəndaşı 30 noyabr 1983-cü il təvəllüdlü kişi, (AB0957420 nömrəli pasport) İddiaçı barəsində toplanmış materiala baxaraq müəyyən edilmişdir ki, təqdim olunmuş sənədlərə əsasən şəxsə Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazə xx.xx.2021-ci il tarixdə, 7923829-L nömrəli qərarla ləğv edilmişdir. 30 noyabr 1983-cü il təvəllüdlü (AB0957420 nömrəli pasport) İddiaçı Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması məsələsinə baxılması zərurəti yaranmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli, 1036-İİQ nömrəli Qanunun 59-cu maddəsini və Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 79.1.1 və 79.2-ci maddələrini rəhbər tutaraq, Moldova Respublikası vətəndaşı (AB0957420 nömrəli pasport) İddiaçınin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması qərara alınmışdır. İşdən görünür ki, iddiaçı “Müvəqqəti yaşamaq üçün icazənin ləğvi haqqında” xx.xx.2021-ci il tarixli, 7923829-L nömrəli və “Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma haqqında” xx.xx.2021-ci il tarixli, 178/D nömrəli qərarlarının ləğv edilməsi, habelə, cavabdehin onun dərhal ölkədən çıxarılması və qanunsuz miqrantların saxlanma mərkəzinə yerləşdirilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin etməmiş və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. Hazırda qüvvədə olan mövcud qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilir. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi (müddətinin uzadılması), müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilməsi qaydası və müvəqqəti yaşamaq üçün icazənin verilmədiyi (müddətinin uzadılmadığı) hallar Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi ilə tənzimlənir. Həmin Məcəllənin 50-ci maddəsinə (Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilmədiyi (müddətinin uzadılmadığı) hallar) əsasən 50.1. Aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: 50.1.1. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və ya ictimai asayişə zərər vurula biləcəyi hallarda; 50.1.2. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə; 50.1.3. şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya bu Məcəllənin 46-cı maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə; 50.1.4. pasportunun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddətinin bitməsinə 3 aydan az vaxt qaldıqda; 50.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olduqda (Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlar istisna olmaqla); 50.1.6. əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmaqla, həmin şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulduqda; 50.1.7. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alınması üçün əsas olmuş hal aradan qalxdıqda və müvəqqəti yaşamağa icazə alınması ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olmadıqda; 50.1.7-1. bu Məcəllənin 46.1.10-cu maddəsində nəzərdə tutulan razılıq ərizəsini vermiş şəxslər tərəfindən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyatdan çıxarılması barədə müraciət olunduğu halda, 10 iş günü ərzində qeydiyyata alınmaq üçün başqa yaşayış sahəsinə dair sənədlər təqdim etmədikdə; 50.1.8. 180 gün ərzində 90 gündən çox Azərbaycan Respublikasının ərazisindən kənarda olduqda; 50.1.9. xarici dövlətdə daimi yaşamaq üçün Azərbaycan Respublikasının ərazisini tərk etdikdə; 50.1.10. Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə; 50.1.11. barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma barədə qərar qəbul edildikdə; 50.1.12. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşadığı dövrdə Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədini pozduqda; 50.1.13. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarını pozduğuna görə barəsində tətbiq edilmiş inzibati cəriməni ödəmədikdə. Birinci instansiya məhkəməsi araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçıyə 16 noyabr 2020-ci il tarixli, ******* nömrəli qərarla verilmiş Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 50-ci maddəsində nəzərdə tutulan, xx.xx.2021-ci il tarixli qərarla verilmiş iş icazəsi isə Azərbayca Respublikası Miqrasiya Məcəlləsinin 73.0.4-cü maddəsində nəzərdə tutulmuş hüquqi əsaslarla ləğv edilmiş, sözügedən qərarların ləğvi məsələsinə DMX tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, diskresion səlahiyyətləri həyata keçirən zaman bu səlahiyyətlərin hədləri, onun məqsədyönlü şəkildə həyata keçirilməsinin zəruriliyi nəzərə alınmış, qəbul edilmiş müvafiq qərar iddiaçının hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilməmişdir. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə əsasən diskresion səlahiyyətlər – orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004- cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X5 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır. Məhkəmə kollegiyası tərəfindən araşdırmalı hal odur ki, cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarına əsassız müdaxiləyə yol verilib-verilmədiyinə, inzibati orqanın diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədlərinə uyğun həyata keçirib-keçirmədiyinə qiymət verilməsidir. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə əsasən, diskresion səlahiyyətlər - orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə müvafiq olaraq diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi. Həmin Qanunun 14-cü maddəsinə əsasən, inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. (14.1, 14.2, 14.3) Həmin Qanunun 16.2-ci maddəsinə əsasən, hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanunun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. İşdən görünür ki, Miqrasiya Məcəlləsinin 50-ci maddəsində nəzərdə tutulan hal (əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə) əsas götürülərək Dövlət Miqrasiya Xidmətinin xx.xx.2021-ci il tarixli, 7923829-L nömrəli qərarı ilə İddiaçıyə verilmiş müvəqqəti yaşamaq üçün icazə ləğv edilmişdir Apellyasiya baxışı zamanı məhkəmənin sorğusuna əsasən mübahisəli qərarların qəbul edilməsinə əsas olmuş məxfi qrifli sənədlərlə baxış keçirilərkən, məhkəmə kollegiyası tərəfindən qərarlarda ifadə edilmiş nəticənin qanunsuzluğu qənaətinə gəlinməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda mübahisələndirilən qərarlar «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun, Miqrasiya Məcəlləsinin tələblərinə uyğun qəbul edildiyindən və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirildiyindən, iddiaçının həmin inzibati orqana qarşı qərarların ləğv edilməsi ilə bağlı tələbi əsaslı deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Dövlət Miqrasiya Xidməti tərəfindən qanunvericiliyə uyğun qaydada qəbul edilmiş müvafiq qərarlarda ifadə edilmiş nəticənin qanunsuzluğu qənaətinə gəlmək üçün əsaslar olmadığından hazırkı iddia tələbi təmin oluna bilməz. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4526/2022 saylı, 11 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar