Məhkəmə qərarları › İş №2-1(103)-3260/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3260/2023

15.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3260/2023 15.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X1 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9792/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehlər tərəfindən dəymiş zərərin yeni qiymətlə, bir səhmə görə 5 (beş) manat qiymətləndirilərək, ona 17500 (on yeddi min beş yüz) manat (3500 səhm x 5 manat) məbləğində kompensasiyanın 25%-ni Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, yəni indiki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti hesabına, 75%-ni Azərbaycan Respublikası Dövlət büdcəsindən Azərbaycan Respublikası Maliyyə Nazirliyi hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Respublika X10 əmlakının özəlləşdirilməsinin Dövlət Proqramına uyğun 07 fevral 2006-cı ildə keçirilmiş ixtisaslaşdırılmış çek hərracında iştirak etməklə və Birjada Qiymətli kağızlarla alqı- satqı haqqında müqavilə əsasında səhmləri almaq hüququndan istifadə edərək, Bakı şəhəri, Xətai rayonu, A.İsmayılov küçəsi-11 ünvanında yerləşən "xxxx" ASC-nin səhmdarı olmuşdur. Lakin xəbəri olmadan 2007-ci ildə "xxxx" ASC ləğv edilmişdir. Qanunvericiliyin tələbinə zidd olaraq bununla bağlı səhmdarlara heç bir məlumat verilməmişdir. "xxxx" ASC qanunvericilikdə nəzərdə tutulan qaydada ləğv olunmalıdır. Bu halda, yaradılan ləğvetmə komissiyası səhm sahibi olan vicdanlı sahiblərin hüquqlarını nəzərə almalı olduğu halda, bu nəzərə alınmamış və iddiaçı ilə hər hansı haqq hesab aparılmamışdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9792/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, hazırkı işin hallarından müəyyən olunur ki, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2005-ci il tarixli, 140 nömrəli sərəncamı ilə Dövlət Neft Şirkətinin "Azərneftyağ" Neft Emalı zavodunun İxtisaslaşdırılmış Təmir Tikinti idarəsinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış, cəmiyyətin nizamnamə kapitalı müqabilində səhmlər buraxılmış, həmin səhmlər özəlləşdirilmiş, sonradan Azərbaycan Respublikasının 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 474/1-177 nömrəli qətnaməsinə əsasən "Xətai Tikinti Sənaye” Açıq Səhmdar Cəmiyyəti ləğv edilmiş və cəmiyyətin əmlakı "Azərneftyağ" Neft Emalı zavoduna geri qaytarılmışdır. İş üzrə iddiaçı ləğv edilmiş "Xətai Tikinti Sənaye” Açıq Səhmdar Cəmiyyətinin səhmdarıdır və hazırki tələbində özəlləşmə nəticəsində sahib olduğu səhmlərə görə kompensasiyanın cavabdehlər tərəfindən ödənilməsini inzibati məhkəmə icraatında mübahisələndirir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının eyni cavabdehlərə qarşı eyni tələblə bağlı iddiası əvvəllər də məhkəmə icraatının predmeti olmuşdur. Belə ki, iddiaçılar İddiaçı, X15, X4, X7, X13, X5 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehlər tərəfindən dəyən zərərin bir səhmə görə 5 (beş) manat qiymətləndirilərək, X11 2400 manat (480 səhm x 5 manat), X2 6720 manat (1344 səhm x 5 manat), İddiaçı 17500 manat (3500 səhm x 5 manat), X6 720 manat (144 səhm x 5 manat), X8 1920 manat (384 səhm x 5 manat), X3 720 manat (144 səhm x 5 manat) kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5590/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Qərardaddan iddiaçılar apelyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-1976/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5590/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qərardaddan kassasiya şikayəti verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5590/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Sözügedən qərardadla məhkəmə iddianın mümkün sayılmaması əsası kimi hesab etmişdir ki, iş üzrə mübahisə publik hüquq sahəsi ilə tənzimlənmir, mübahisə mülki hüquq xarakterli olduğundan iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması qeyri-mümkündür. Bakı Apellyasiya Məhkəməsi 2- 1(103)-1976/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir (8.3-cü bənd). Göründüyü kimi iddiaçının eyni tələblə bağlı eyni cavabdehlərə qarşı iddiası inzibati məhkəmə icraatında baxılaraq mümkün sayılmamışdır. İddiaçının eyni əsaslarla qaldırdığı hazırki tələbi yenidən mümkünlük şərtlərinə cavab vermir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9792/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar