Məhkəmə qərarları › İş №2-1(103)-3260/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3260/2024

05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3260/2024 05.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə qarşı “əmək pensiyası təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə cavabdehin prosessual hüquq varisi DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında” ərizəsinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(82)- 2109/2017 saylı xx.xx.2024-cü il qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri,Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İ. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2109/2017 saylı işi üzrə qəbul etdiyi 22 may 2017-ci il tarixli Qərarı ilə, iddia tələbinin təmin edilməsi, İddiaçı “Neftqaztikinti” trestinin idarələrində xx.xx.1982-ci ildən halhazıradək işlədiyi iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı siyahısı”na müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, xx.xx.2006-cı il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004- 2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinin üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2086/2017 saylı 29 avqust 2017-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş,birinci instansiya məhkəməsinin həmin qərarı dəyişdirilmədən qüvvədə saxlanımışdır. Həmin qərardan kassasiya şikayəti verilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2109/2017 saylı 22 may 2017-ci il tarixli qərarı 17 noyabr 2017-ci il tarixdə icra edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon Şöbəsinə göndərilmiş və Fondun Bakı şəhəri Nizami rayon Şöbəsinin xx.xx.2017-ci il tarixli 15/6056 nömrəli məktubu ilə məhkəməyə bildirmişdir ki, qərar icra edilərək iddiaçıya hüququ yarandığı gündən əmək pensiyası təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə cavabdehin prosessual hüquq varisi Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu PHŞ-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 16 fevral 2024-cü il tarixli 3-17-1/2-36178/2024 saylı ərizə ilə müraciət edərək, yeni açılmış hallarla bağlı iş üzrə icraatın təzələnməsini məhkəmədən xahiş etmişdir. Ərizə aşağıdakılarla əsaslandırılmışdır: “... İşin faktiki hallarına əsasən xx.xx.1956-cı il təvəllüdlü Ə.X3 rayon şöbəsinin Pensiya təyin edən komissiyası tərəfindən xx.xx.2013-cü il tarixli 3144 nömrəli qərarla xx.xx.2013-cü il tarixindən 57 yaşının tamam olduğu gündən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin şərtlərinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına istinad etməklə və əmək kitabçası üzrə 2006-cı ilədək hesablanmış 27 il 5 ay sosial sığorta stajı, həmçinin 01 yanvar 2006-cı il tarixindən pensiya hüququnun yarandığı tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Araşdırma nəticəsində adıçəkilən şəxsə qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasında və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixli **********2 nömrəli məktubla Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Həmin orqandan Nazirliyə daxil olmuş xx.xx.2021-ci il tarixli 02/2-89c-20/906 nömrəli məktubda araşdırma nəticəsində toplanmış material Baş İdarənin İstintaq idarəsində Fondun Abşeron rayon şöbəsinin vəzifəli şəxsləri barəsində istintaq olunan cinayət işinə əlavə edildiyi bildirilib...” Bakı İnzibati Məhkəməsinin 2-1(82)- 2109/2017 saylı xx.xx.2024-cü il qərardadı ilə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi mümkün sayılmamışdır. Ərizəçi apellyasiya şikayəti verərək, ləğv edilməsini və təmin ediləsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir (Şikayət Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apelyasiya mümkün hesab edilmişdir.) Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq iş üçün əhəmiyyəti olan halları tam və hərtərəfli, obyektiv araşdırmamışdır. Kompüterdə yazılmaqla İddiaçı adından şöbəyə ünvanlanmış, tarixi olmayan ərizənin üstünüə vurulmuş şöbənin daxilolma ştampında tarix xx.xx.2017-ci il olan ərizədə vətəndaşın özünün imzasına uyğun olmayan imza edilməklə, Qanunun 9.8-ci maddəsinə əsasən 50 aşdan əmək haqqı nəzərə alınmaqla, güzştli şərtlərlə yaşa görə əmək pensiyasını yenidən hesablayaraq təyin edilməsini xahiş etmişdir. Lakin vətəndaşa ünvanlanmış xx.xx.2017-ci il tarixli 15/1486 No-li cavab məktubunda ona 57 yaşdan pensiyanın düzgün təyin olunduğu barədə məlumat verimişdir. İddiaçı adından yazılmış iddia ərizəsi xx.xx.2017-ci il tarixdə Mənkəmədə qeydiyyatdan keçirilmişdir. Məhkəmə baxışı formal olaraq keçirilmiş, qərparın tərtibi və rəsmiləşdirilməsi şavblon mətnlərdən istifadə olunmu, vətəndaşa təfin edilmiş əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi olmuşdur. Şöbə tərəfindən iş yerindən güzəşğli avrayışın alınması təmin edilməmiş, və ya tələb olunmamışdır...” Məhkəmə kollegiysının iclasında iştirak edən ərizəçinin (prosessual hüquq varisinin) nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasınının iclası barədə məlumat verilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə ərizəçinin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin («İPM») 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Məcəllənin qeyd olunan tələbindən göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış icraat proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən o halda təzələnə bilər ki, sonradan, yeni sübutlar və ya hallar aşkar edilsin və həmin sübutlar və ya hallar ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim edilmiş olsun. Konkret halda, birincisi, ərizəçi tərəfindən qeyd olunan hallar yeni açılmış hallar kimi qiymətləndirilə bilməz. Əslində, ərizəçinin apellyasiya şikaytində yeni açılmış hal kimi istinad etdiyi, “kompüterdə yazılan ərizə” idddiaçının pensiya işində mövcud olduğu və pensiya təyinatınının obyektini təşkil etdiyi halda, burada yeni açılmış halları ehtiva edən bir sənəd kimi qəbul edilməsi mümkünsüzdür. Ümumiyyətlə, ərizənin məzmunundan aydın görünür ki, burada qanuni qüvvəsini almış məhkəmə qərarından bir narazılıq ifadə olunur. Pensiya təyinedicisinin əməkdaşlarının əməlində cinayət xarakterli əlamətlərin mövcudluğuna gəldikdə, bununla bağlı məhkəmənin qanuni qüvvəsini almış ittiham hökmü mövcud deyil. Başqa sözlə, iddiaçının özünün hüquqa zidd hərəkətləri və ona qarşı ittiham irəli sürülmədyi və cinayət məsuliyyətin cəlb edilmədiyi halda, məhkəmənin mövqeyi ilə razılaşmayan ərizəçinin, mahiyyəti üzrə qərarda məhkəmənin gəldiyi nəticənin qanunsuz olduğunun mübahisələndirilən dəlillər yeni açılmış hallar kimi qiymətləndirilməsi ümüknüsüzdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Y.Cümşüdovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair 5 dekabr 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2020-ci il tarixli qərarında Plenum tərəfindən bir sıra qərarlarına istinadən bildirmişdir ki, məhkəmə təcrübəsində res judicata (artıq həll olunmuş iş) prinsipi qorunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı yenidən mübahisələndirilməməlidir. İkinci bir tərəfdən, İPM-in 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Həmin Məcəllənin 103.2-ci maddəsinə görə mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə 3 ay və 3 il müddətində iddia müddətləri nəzərdə tutulmuşdur ki, həmin müddətlər də ötürüldüyü halda müddətin bərpasına yol verilmir. İş materiallarından isə göründüyü kimi, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2- 1(82)-2109/2017 saylı qərarı 22 may 2017-ci il tarixdən qanuni qüvvəsini aldıqdan sonra, 17 noyabr 2017-ci il tarixdə icra edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon Şöbəsinə göndərilmiş və həmin Şöbə xx.xx.2017-ci il tarixli 15/6056 nömrəli məktubu ilə məhkəməyə bildirmişdir ki, qərar icra edilərək iddiaçıya hüququ yarandığı gündən əmək pensiyası təyin edilmişdir. Ümumiyyətlə, 7 il keçdikdən sonra pensiya işində olan tədqiqat obyektini təşkil etmiş hər hansı bir sənəd, yeni açılmış halların predmeti kimi istfadə olunaraq iş üzrə icraatın təzələnməsi bardə məhkəməyə verilmiş ərizənin icraatını mümkünsüz edir. Beləliklə də İPM-in 100 və 103.1-ci maddələrinin tələbləri baxımından, ərizəçinin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsinin məhkəmə icraatının mümkün sayılması üçün əsasların mövcudluğu müəyyən olunmur. Ona görə də məhkəmə kollegiyası Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2109/2017 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında” ərizəsinin mümkün sayılmaması barədə gəldiyi nəticəni işin hallarına və prosessual qanunvericilyin tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası ərizəçinin apellyasiya şikayətinin, həmin qərardadın əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(82)- 2109/2017 saylı xx.xx.2024-cü il qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənləri və İPM-in 80, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2109/2017 saylı xx.xx.2024-cü il qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar