Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3260/2025 22.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair işi üzrə Açar sözlər: (əmək pensiyasının yenidən hesablanması) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 13 may 2025-ci il tarixli, 2-1(112)-1666/2025 nömrəli qərarından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3- 17- 1/3-3-3565/2024 nömrəli, “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın surətindən görünür ki, iddiaçının pensiya məbləği 5858,52 manatdan 6631,97 manata dəyişdirilmişdir; DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3- 17- 1/3-7-6122/2024 nömrəli, “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın surətindən görünür ki, pensiya məbləği 6631,97 manatdan 971,07 manata azaldılmışdır. İddiaçı hazırda “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-1-6122/2024 saylı qərarın ləğv edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, növbədənkənar seçkidə seçildiyi fəaliyyət dövrü tam dövr kimi nəzərə alınmaqla, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanaraq təvir edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının növbədənkənar seçkidə seçildiyi fəaliyyət dövrü tam dövr kimi nəzərə alınmaqla, “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-1-6122/2024 saylı qərarın ləğv edilməklə İddiaçı təyin edilmiş əmək pensiyasının xx.xx.2023-cü il tarixdən yenidən hesablanaraq təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1958-ci il tarixdə Bakı şəhərində doğulmaqla, Azərbaycan Neft-Kimya İnstitutunu bitirmişdir. Bundan başqa, o, 1980-1989cu il tarixdə Neft və qaz sahəsi üzrə mühəndisliklə əmək fəaliyyətinə başlamış, daha sonra 1989-1999-cu il tarixlərdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində fəaliyyətimi davam etdirmişdir. 1999-2001-ci illərdə ARDNŞ-nin “Dənizneftqazlayihə”-nin direktoru, 2001-2004-cü illərdə Azərbaycan Respublikasının Yanacaq-energetika naziri, 2004-2005ci illərdə Azərbaycan Respublikasının Sənaye-energetika naziri, 2005-2010-cu illərdə Azərbaycan Respublikasının "xxxx" Dövlət Şirkətinin prezidenti vəzifələrində çalışmış, 2006-2010-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olmuşdur. 2001-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azəri-ÇıraqGünəşli”, “Şahdəniz”, “Bakı-Tbilisi-Ceyhan” və “Bakı-Tbilisi-Ərzurum” layihələrinin həyata keçirilməsi üzrə komissiyanın sədri olmuş, “Azərbaycan Respublikasının yanacaqenergetika kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”nın və “Azərbaycan Respublikasının alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramının işləni hazırlanmasına rəhbərlik etmişdir. Təxminən bir ay öncə Azərbaycan Respublikasının Əmlak və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən rəsmi olaraq bildirilmişdir ki, vaxtilə ona sabiq deputat kimi yaşa görə əmək pensiyası təyin edilərkən faiz məbləğinin düzgün müəyyən edilməməsi ilə əlaqədar əmək pensiyanın düzgün hesablanmadığı aşkar olunmuşdur. Buna etiraz edərək bildirir ki, o, Yeni Azərbaycan Partiyasının təqdimatı ilə 42-ci Sumqayıt seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinin deputatı kimi fəaliyyət göstərmişdir. Növbədənkənar deputat seçildiyindən fəaliyyət müddəti bir neçə ay natamam olmuşdur. Ancaq mövcud qanunvericiliyin tələbinə uyğ azlığı səbəbindən pensiyanın azaldılması qanunsuzdur. Həmçinin, cavabdeh tərəfə edilmiş müraciətinə cavab olaraq xx.xx.2024-cü il tarixdə əmək pensiyası yenidən hesablanaraq 6631,97 manat məbləğində müəyyən edilmişdir. Bundan sonra, cavabdeh tərəfindən 17 may 2024-cü il tarixli məktubla sabiq deputat kimi yaşa görə əmək pensiyanın faiz məbləğinin düzgün müəyyən edilməməsi ilə əlaqədar əmək pensiyasının düzgün hesablanmamasının qeyd edilməsi başa düşülən deyil. Hesab edir ki, cavabdeh təşkilatın ona ünvanlanmış məktubu qanunvericiliyin tələblərinə ziddir və mənim sosial təminat hüquqularını pozur. Cavabdeh iddiaya dair yazılı münasibətində qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq deputatların (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla); əmək pensiyasına əlavələr almaq hüququ vardır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən bu Qanunun 20.1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına səlahiyyət müddətində tam fəaliyyət dövrünə görə (fəaliyyət dövrü tam olmadıqda isə natamam fəaliyyət dövründəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) əməkhaqqının orta aylıq məbləğinin (pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla) 80 faizi miqdarı ilə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Bildirilir ki, İddiaçı 16 dekabr 2023-cü il tarixindən sabiq deputat kimi yaşa görə əmək pensiyası təyin edilib. Araşdırma zamanı, İddiaçı vaxtilə sabiq deputat kimi yaşa görə əmək pensiyası təyin edilərkən pensiya faizinin düzgün müəyyən edilməməsi ilə əlaqədar pensiya məbləğinin düzgün hesablanmadığı aşkar olunub. Belə ki, ona vaxtilə fəaliyyət göstərdiyi vəzifə üzrə vəzifə maaşı 2485,00 manat, vəzifə maaşına görə əlavə 4970,00 manat olmaqla orta aylıq əmək haqqı 7455,00 manat təşkil etmişdir. Bununla əlaqədar, İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən 4 il 5 ay 16 gün sabiq deputat kimi fəaliyyət dövrünə uyğun olaraq orta aylıq əmək haqqının (7455,00 manat) 70,67 faizi-5268,45 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən, 2023-cü ilin dekabr (16 gün üçün) ayı üzrə ona 2719,20 manat pul vəsaiti ödənilməli olduğu halda, 3078,19 manat ödənilib. Buna görə də, həmin ay üzrə adıçəkilən şəxsə 358,99 manat artıq pul vəsaiti ödənilib. Eyni zamanda, əmək pensiyalarının 1 yanvar 2024-cü il tarixindən indeksləşdirilməsi ilə əlaqədar onun pensiyası həmin tarixdən 5858,52 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində hər ay 6631,97 manat məbləğində ödənilib. Bu səbəbdən də, həmin dövr üzrə İddiaçı 3867,25 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanları nəzərə alaraq, adıçəkilən şəxsə ümumilikdə 4226,24 (358,99+3867,25) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə onun əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş edilib. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 13 may 2025-ci il tarixli, 2-1(112)-1666/2025 nömrəli qərarı ilə (hakim Həmid Ağalarov) iddia tələbi rədd edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 13 may 2025-ci il tarixli, 2-1(112)-1666/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı 2005-2010-cu illərdə Sumqayıt şəhəri 42-ci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin İİİ çağırış deputatı kimi deputat fəaliyyətini həyata keçirmişdir. Yəni İddiaçı səlahiyyət müddəti 5 illik müddətə uyğun olmuşdur. Onun faəliyyətinin dekabr ayında başlaması o demək deyildir ki, onun səlahiyyət müddəti natamam dövrü əhatə edir. Ona görə ki, AR Konstitusiyasının 84-cü maddəsində Azərbaycan Respublikası Milli Məclisi çağırışının səlahiyyət müddəti məsələləri tənzimlənməklə maddənin İİİ bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyət müddəti Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti ilə məhdudlaşır. Eynilə 84-cü maddənin İ. hissəsinə görə isə Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Yəni ki, deputatın fəaliyyət dövrünün tam və ya natamam anlayışı mövcud deyildir. İddiaçı məhz növbədənkənar seçkilərlə seçilməsi onun fəaliyyətinin natamam dövr əhatə etməsi demək deyildir. Ona görə də hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən əsaslandırılan mövqe düzgün mövqe deyildir. Çünki, məhkəmənin mövqeyi o halda düzgün ola bilərdi və o halda 20.2-ci maddə ilə əsaslandırıla bilərdi ki, hansısa deputatın səlahiyyət müddətinə vaxtından əvvəl xitam verilmiş olardı, iddiaçı həmin deputatın yerinə təyin olunmuş olardı və idiaçı deputat kimi cəmisi bir neçə ay fəaliyyət göstərmiş olardı. Yəni konstitusiyanın 84-cü maddəsinin İV bəndinin tətbiqinə əsas olduğu halda- Azərbaycan Respublikası Milli Məclisinin deputatlığından çıxanların yerinə yeni seçkilər keçirilərsə, yeni seçilən deputatın səlahiyyət müddəti deputatlıqdan çıxanın qalan səlahiyyət müddəti ilə məhdudlaşır. Belə olan halda tam və ya natamam dövr anlayışını tətbiq etmək məntiqli olardı. 20.2-ci maddədə nəzərdə tutulan natamamlıq anlayışı da məhz 84-cü maddəni İV bəndinə münasibətdə tətbiq edilə bilərdi. Lakin işin halları tamamilə fərqli olduğu üçün hesab edir ki, məhkəmə tərəfindən istər maddi istərsə də prosessual əsaslar düzgün tətbiq edilməmişdir. Apellyasiya şikayətinə etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə etiraz verərək, şikayətin təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 13 may 2025-ci il tarixli, 2-1(112)-1666/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etirazı müdafiə edərək, Bakı İnzibati Məhkəməsinin 13 may 2025-ci il tarixli, 2-1(112)-1666/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçının nümayəndəsi və vəkilinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi və vəkili elektron məhkəmə vasitəsi ilə ərizə ünvanlayaraq, iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının nümayəndəsi və vəkilinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.1. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq deputatlar (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla) 20.2. Bu Qanunun 20.1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına səlahiyyət müddətində tam fəaliyyət dövrünə görə (fəaliyyət dövrü tam olmadıqda isə natamam fəaliyyət dövründəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) əməkhaqqının orta aylıq məbləğinin (pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla), əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, 80 faizi miqdarı ilə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 20.3. Əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq deputat səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Milli Məclisinin sədri, sədrin birinci müavini, sədrin müavini, komitə və komissiya sədri və ya sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, sədrin birinci müavini, sədrin müavini, komissiya sədri və ya komissiya sədrinin müavini vəzifəsinə seçilmişdirsə, onun əmək pensiyasına müvafiq vəzifə üzrə aldığı əməkhaqqının orta aylıq məbləğinin (pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla), 80 faizi miqdarı ilə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı iddiaçının növbədənkənar seçkidə seçildiyi fəaliyyət dövrünün tam dövr kimi nəzərə alınmaqla, “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-1- 6122/2024 saylı qərarın ləğv edilməklə İddiaçı təyin edilmiş əmək pensiyasının xx.xx.2023-cü il tarixdən yenidən hesablanaraq təyin edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı 16 dekabr 2023-cü il tarixindən sabiq deputat kimi yaşa görə əmək pensiyası təyin edilib. İddiaçı vaxtilə sabiq deputat kimi yaşa görə əmək pensiyası təyin edilərkən pensiya faizinin düzgün müəyyən edilməməsi ilə əlaqədar pensiya məbləğinin düzgün hesablanmadığı aşkar olunub. Ona vaxtilə fəaliyyət göstərdiyi vəzifə üzrə vəzifə maaşı 2485 manat, vəzifə maaşına görə əlavə 4970 manat olmaqla orta aylıq əmək haqqı 7455 manat təşkil etmişdir. Bununla əlaqədar, İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən 4 il 5 ay 16 gün sabiq deputat kimi fəaliyyət dövrünə uyğun olaraq orta aylıq əmək haqqının (7455,00 manat) 70,67 faizi-5268,45 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən, 2023-cü ilin dekabr (16 gün üçün) ayı üzrə ona 2719,20 manat pul vəsaiti ödənilməli olduğu halda, 3078,19 manat ödənilib. Buna görə də, həmin ay üzrə adıçəkilən şəxsə 358,99 manat artıq pul vəsaiti ödənilib. Eyni zamanda, əmək pensiyalarının 1 yanvar 2024-cü il tarixindən indeksləşdirilməsi ilə əlaqədar onun pensiyası həmin tarixdən 5858,52 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində hər ay 6631,97 manat məbləğində ödənilib. İddiaçının pensiyasının yenidən hesablanması zamanı yol verilmiş səhv davam etdirilə bilməzdi və cavabdeh məbləğin yenidən hesablanaraq azaldılmasında haqlı olmuşdur. İddiaçının nümayəndəsi və vəkili tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlili odur ki, İddiaçı 2005-2010-cu illərdə Sumqayıt şəhəri 42-ci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin İİİ çağırış deputatı kimi deputat fəaliyyətini həyata keçirmişdir. Yəni, İddiaçı səlahiyyət müddəti 5 illik müddətə uyğun olmuşdur. Onun faəliyyətinin dekabr ayında başlaması o demək deyildir ki, onun səlahiyyət müddəti natamam dövrü əhatə edir. Ona görə ki, AR Konstitusiyasının 84-cü maddəsində Azərbaycan Respublikası Milli Məclisi çağırışının səlahiyyət müddəti məsələləri tənzimlənməklə maddənin İİİ bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyət müddəti Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti ilə məhdudlaşır. Eynilə 84-cü maddənin 1-ci hissəsinə görə isə Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Yəni ki, deputatın fəaliyyət dövrünün tam və ya natamam anlayışı mövcud deyildir. İddiaçı məhz növbədənkənar seçkilərlə seçilməsi onun fəaliyyətinin natamam dövr əhatə etməsi demək deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq onları yenidən təkrarlamağa lüzum görmür. Bununla belə, məhkəmə tərkibi bir daha qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinə və iş materiallarına əsasən iddiaçının deputat kimi fəaliyyət dövrünün natamam olması işin mübahisəsiz halıdır. Həmin dövrün tam dövr kimi nəzərə alınması ilə bağlı qanunvericilikdə hər hansı norma müəyyən edilməmişdir. Eyni zamanda, Qanunun 20.2-ci maddəsində əsasən nəzərdə tutulmuşdur ki, bu Qanunun 20.1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına səlahiyyət müddətində tam fəaliyyət dövrünə görə (fəaliyyət dövrü tam olmadıqda isə natamam fəaliyyət dövründəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) əməkhaqqının orta aylıq məbləğinin (pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla) 80 faizi miqdarı ilə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Yəni tam və natamam fəaliyyət dövrü üçün fərqli hesablama qaydası göstərməklə qanunvericilikdə həmin dövrlərin eyniləşdirilməsinin yolverilməz olduğu göstərilmişdir. Qanunverici 80 faizlik əlavəni deputatın Milli Məclisdə keçirdiyi hər bir ay üçün mütənasib olaraq müəyyən etmişdir. Əgər deputatın faktiki fəaliyyəti (seçildiyi gündən səlahiyyətlərinin bitdiyi günədək olan müddət) təqvim etibarilə 60 aydan (5 tam ildən) azdırsa, bu dövr pensiya qanunvericiliyi baxımından "natamam" hesab olunur. İş materiallarından görünür ki, iddiaçı İİİ çağırış Milli Məclisdə 4 il 5 ay 16 gün fəaliyyət göstərmişdir. Bu müddət 5 tam ildən az olduğu üçün cavabdeh orqan tərəfindən 80%-lik əlavənin mütənasib hissəsinin (70,67%) tətbiq edilməsi “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə tam uyğundur. İddiaçının nümayəndəsi və vəkilinin istinad etdiyi konstitusiya norması isə Milli Məclisin səlahiyyət müddətini müəyyən edir. Lakin pensiya hüququ "sosial sığorta" prinsipinə əsaslanır. Pensiya əlavəsi deputatın statusuna görə deyil, həmin statusda keçirdiyi faktiki iş müddətinə görə verilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin 13 may 2025-ci il tarixli 2-1(112)-1666/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-3260/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3260/2025
22.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver