Məhkəmə qərarları › İş №2-1(103)-3261/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3261/2024

12.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3261/2024 12.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 3-cü şəxs Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti işə cəlb edilməklə müharibə əlilinə əvəzsiz olaraq torpaq sahəsinin ayrılması” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6636/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 3-cü şəxs Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti işə cəlb edilməklə cavabdehin üzərinə müharibə əlili olmasını nəzərə alaraq ona ev tikmək məqsədilə 6 sot torpaq sahəsinin ayrılması və həmin torpağın onun mülkiyyətinə verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1960-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə (Zəngilan rayonunda) iştirak etmiş və nəticədə yaralanaraq ikinci qrup əlil olmuşdur. O vaxtdan bu günə qədər səhhəti ilə əlaqədar heç bir yerdə işləmir. Ailəlidir. 3 övladı var. Həyat yoldaşı X2 ikinci qrup, qız övladı X3 isə üçüncü qrup əlildir. 5 nəfərlik xəstə ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında 22 kv.m-lik, 2 otaqdan ibarət şəraitsiz mənzildə yaşayırlar. Mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 2000-ci ildən bugünə qədər dəfələrlə müxtəlif orqanlara, o cümlədən cavabdeh orqana müraciət etsələr də, müraciəti cavabsız qalıb. Belə ki, ilkin olaraq Bakı şəhər İcra Hakimiyyətinə ev tikmək məqsədilə torpaq ayrılması üçün müraciət etmişlər. Bakı şəhər İcra Hakimiyyətindən ona ünvanlanmış xx.xx.2021-ci il tarixli, C-8/3- 113/3 saylı məktubda qeyd edilir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən, yaşayış evi, həyətyanı və bağ sahəsi üçün Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bələdiyyənin ehtiyat fondundan torpaq sahələri müəyyən edilmiş normalara uyğun olaraq qanunvercilikdə nəzərdə tutulmuş qaydada satılır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanların ailəsinə fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahələri bir dəfə əvəzi ödənilmədən verilir. Bundan sonra eyni tələb ilə Nərimanov rayon Bələdiyyəsinə müraciət etmişlər. Cavabdeh orqan müraciətlərinə 10 mart 2021-ci il tarixli, 03/058 saylı imtina məktub ilə cavab vermişdir. Həmin məktubda qeyd edilmişdir ki, müraciətinə cavab olaraq bildirilmişdir ki, Nərimanov Bələdiyyəsinin torpaq fondu yoxdur. Xahiş edilər, aidiyyəti qurumlara müraciət etsinlər. Hesab edir ki, cavabdeh orqanın imtinası əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanlara ailə üzvlərinə fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahələri bir dəfə əvəzi ödənilmədən verilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6636/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı iddiası mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekespertiza və Reabilitasiya Xidməti 2 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. - cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 03/102 nömrəli, 27 aprel 2021-ci il tarixli məktubdan görünür ki, iddiaçıya bildirilmişdir ki, Nərimanov Bələdiyyəsinin torpaq fondu yoxdur, xahiş edilir, aidiyyəti qurumlara müraciət edilsin. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, C-8/3-113/3 nömrəli məktubdan görünür ki, iddiaçının fərdi evin tikintisi üçün torpaq sahəsinin ayrılması ilə əlaqədar, Azərabycan Respublikası Nazirlər Kabinetinə ünvanladığı və Bakı şəhər İcra Hakimiyyətinə daxil olmuş elektron ərizəsinə tərəflərindən baxılaraq bildirilmişdir ki, “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən yaşayış evi, həyətyanı və bağ sahəsi üçün Azərbaycan Respublikası vətəndaşlarının mülkiyytinə bələdiyyənin ehtiyat fondundan torpaq sahələri müəyyən edilmiş normalara uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada satılır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanların ailəsinə fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahələri bir dəfə əvəzi ödənilmədən verilir. Eyni zamanda qeyd edirlər ki, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 241 may tarixli, 271 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyeestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamənin təsdiq edilmiş barədə” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi haqqında “Bələdiyyələrin dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması” Qaydalarına uyğun olaraq Bakı şəhərinin inzibati ərazisində mövcud bələdiyyələrə ayrılması nzərdə tutulan torpaq sahələrinin xəritələrinin hazırlanması istiqamətində aparılan tədbirlər yekunlaşdıqdan sonra mövcud qanunvericiliyə uyğun olaraq aidiyyəti üzrə mürarciət etməsi məqsədəuyğundur. - cavabdeh tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə ünvanlanmış 03/145 nömrəli, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Nərimanov Bələdiyyəsinə ünvanlanmış 09/C-570/4 nömrəli, xx.xx.2021-ci il tarixli məktuba cavab olaraq bildirirlər ki, Bakı şəhəri, X5 küçəsi 123, mənzil 7 ünvanda yaşayan 2-ci dərəcəli Qarabağ əlili, İddiaçı 05 mart 2021-ci ildə fərdi yaşayış evinin tikintisi üçün müraciət etmişdir. xx.xx.2019-cu il tarixdə rəsmi qaydada məlumat verilmişdir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən yaşayış evi, həyətyanı və bağ sahəsi üçün Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bələdiyyələrin ehtiyat fondundan torpaq sahələri müəyyən edilmiş normalara uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada satılır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanların ailəsinə fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahələri bir dəfə əvəzi ödənilmədən verilir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 271 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamələrin verilməsi barədə” Azərbaycan Respublikası Qanununuun icrasının təmin edilməsi haqqında” Bələdiyyələrin dövlət reyestrinə daxil edilən bələdiyyə xəritələrinin hazırlanması” Qaydalarına uyğun olaraq Nərimanov rayonunun inzibati ərazisində bələdiyyəyə ayrılması nəzərdə tutulan torpaq sahələrinin xəritələrinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən hazırlanması istiqamətində tədbirlər yekunlaşdıqdan sonra mövcud qanunvericiliyə uyğun olaraq müraciət etməsi xahiş olunmuşdur. Eyni zamanda ona güzəştli şərtlərlə mənzillə təmin edilməsi üçün Nərimanov rayon İcra Hakimiyyətində, yaxud Dövlət Sosial Müdafiə Fondunda növbəyə durması tövsiyyə olunmuşdur. 1-ci Qarabağ müharibəsinin 2-ci qrup əlili Cabbarov X1 Bələdiyyəsi tərəfidən ona verilən cavabdan narazılıq edərək ittihamlar irəli sürür. Bildikləri kimi, pilot layihələr əsasında Nərimanov rayonunun ərazisində 1920-ci ilin əvvəllərində tikilmiş bir və iki mərtəbəli vətəndaşların mülkiyyətində olan mənzillər sökülərək yenidən yeni binalar tikilir. Həmin tikilmiş mənzillər isə yenidən vətəndaşların mülkiyyətinə verilir. Ziya Bünyadov prospekti, Keşlə qəsəbəsində bələdiyyəsinin sərəncamında fərdi yaşayış evinin tikintisi üçün boş torpaq sahəsi var. Həmin əraziələr Dövlət Sənaye zonası olduğu üçün bələdiyyənin sərəncamına, yaxud da mülkiyyətinə verilə bilməz. Onu da, nəzərə çatdırmışlar ki, bugünə kimi Nərimanov Bələdiyyəsi tərəfindən heç bir torpaq sahəsi alğısatqı olunmayıb. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddia tələbinin məzmunundan göründüyü kimi iddiaçı Nərimanov Bələdiyyəsi ərazisi hüdudları daxilində müharibə əlili kimi onun mülkiyyətinə əvəzsiz torpaq sahəsi ayrılması öhdəliynin cavabdehə həvalə edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırkı iddia tələbinin məhkəmə icraatının mümkünlüyü istisna edilir. Belə ki, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Göründüyü kimi, bələdiyyələr tərəfindən torpaq sahəsinin ayrılması barədə o halda qərar qəbul edilə bilər ki, həmin torpaq sahəsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarının rəyi alınsın. Məhkəmə kollegiyası qeyd edir ki, «Bakı şəhərində mühəndis-kommunikasiya təminatlı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 1184 nömrəli Fərmanı ilə Bakı şəhərində bir sıra mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması məqsədi ilə qərara alınmışdır:

1. Yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhərinin ərazisində Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci il yanvarın 1-dən etibarən müvəqqəti dayandırılsın. Sadalanan qanunvericilik normalarından göründüyü kimi müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyə torpaqlarının ayrılması ilə bağlı xx.xx.2017-ci il tarixindən rəy verilməsi dayandırıldığından, konkret halda, cavabdeh Nərimanov Bələdiyyəsi, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulan qaydada, iddiaçının tələbi üzrə Nərimanov Bələdiyyəsinin ərazisində yerləşən torpaq sahəsini onun mülkiyyətinə vermək səlahiyyətinə malik deyil. Belə olan halda da, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6636/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar