Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3262/2024 19.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X1 Asəf qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “işə bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2340/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq iddiaçının Azərbaycan Respublikasının Cavabdeh X2 Xidmətinin X2 işini təşkili şöbəsinin İctimai obyektlərə nəzarət sektorunun rəisi vəzifəsinə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, o, xx.xx.2011-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək Cavabdeh X2 Xidmətində çalışmışdır. 2023-cü ilin növbəti məzuniyyət hüququndan istifadə edərək xx.xx.2023-cü il tarixində 15 günlük müddətə məzuniyyətə çıxmış, məzuniyyət təqrirində qeyd etdiyi kimi məzuniyyətini keçirmək üçün Yevlax rayonunda olmuşdur. xx.xx.2023-cü il tarixində Xidmətin kadrlar şöbəsinin əməkdaşı onunla əlaqə saxlayaraq bu gündən xidməti zərurətlə bağlı işə çıxmalı olduğunu və dərhal Nazirliyin Kadrlar Siyasəti Baş İdarəsinə getməli olduğunu bildirmişdir. İddiaçı isə bununla bağlı məlumatı olmadığını, övladının xəstə olduğunu və məsafə baxımından uzaq olduğundan həmin gün gələ bilməyəcəyini, yalnız sabah gələcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixində Nazirliyə getmiş, onu Nazirliyin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi qəbul etmiş və təkidlə öz arzusu ilə xidmətdən çıxmağına görə təqrir yazmağını tələb etmişdir. İddiaçı bunun səbəbini soruşanda heç bir səbəbin olmadığını, lakin belə gərək olduğunu bildirmişdir. İddiaçı xidmət etmək arzusunda olduğunu, işdən çıxmaq istəmədiyini və sonradan bu qanunsuz tələbi yerinə yetirməyəcəyini bildirmişdir. Həmin gün orda olduğu müddət ərzində dəfələrlə bu tələb iddiaçıya qarşı qoyulsa da qətiyyətlə etiraz edərək bu qanunsuz tələbə yox demişdir. Sonra Baş İdarənin əməkdaşları tərəfindən xidməti vəsiqəsi iddiaçıdan alınmışdır və o, Nazirliyi tərk etmək məcburiyyətində qalmışdır. xx.xx.2023-cü il tarixində yenidən Nazirliyin həmin Baş İdarəsinə çağırılmış, yenə həmin qaydada iddiaçıdan öz xahişi ilə işdən azad olunmağı barədə təqrir yazmaq istənilmişdir. Dəfələrlə bunun səbəbini soruşsa da heç bir əsas gətirilməyərək təqrir yazmadığı təqrirdə gələcəkdə onun işinə problem yaradılacağı bildirilmişdir. Həmin vaxt gərgin və depressiya vəziyyətində olduğundan səhhətinin pisləşdiyini hiss etmişdir. İdarənin əməkdaşları onunla birlikdə Nazirlikdə yerləşən tibb məntəqəsinə getmişlər. Tibb işçiləri ona qan təyziqinin yüksək olduğunu bildirmiş və təxminən 1 saata yaxın iddiaçıya tibbi yardım göstərilmişdir. Sonradan vəziyyəti normallaşdığı üçün o, Nazirliyi tərk etmişdir. xx.xx.2023-cü il tarixində səhər radələrində özünü çox piss hiss etdiyindən özəl klinikaya müraciət etmişdir. Müəyyən testlərdən sonra qan təzyiqi normadan çox olduğu üçün və səhhətində problemlər yarandığından həmin klinikada stasionar müalicəsi başlamışdır. xx.xx.2023-cü il tarixində xidmət etdiyi xidmətin əməkdaşlarından onun öz arzusu ilə xidmətkeçməsinə xx.xx.2023-cü il tarixindən xitam verildiyi bildirilmişdir. xx.xx.2023-cü il tarixində Nazirliyin həmin Baş idarəsinin əməkdaşı əlaqə saxlayaraq idarə rəisinin onunla görüşmək istədiyini və iddiaçı barədə müsbət qərarın olduğunu bildirmək üçün Nazirliyə gəlməyini istəmişdir. O, həmin gün Nazirliyə getmiş, Baş İdarənin rəisi onu qəbul etmiş, ona bu qaydada davranmamağını, rəhbərliyi əsəbləşdirməməyini bildirmiş və iddiaçıya söz vermişdir ki, işdən azad olunmağı barədə təqriri yazdığı halda o, yenidən işə bərpa olunacaqdır.İddiaçıya işdən azad olunmaq haqqında öz xahişi ilə köhnə tarixlə, yəni xx.xx.2023-cü il tarixi ilə təqrir yazdırılmış, həm də sonra həmin gün xx.xx.2023-cü il tarixinə yenidən xidmətə bərpa olunmaqla bağlı ona ərizə yazdırılmışdır. İddiaçıya söz verildi ki, xx.xx.2023-cü il tarixində işə yenidən bərpa ilə bağlı məsələ həll ediləcəkdir. Sonradan bir müddət gözləməli olduğu ona bildiriləndə artıq aldadıldığını anlamışdır.Əlavə olaraq bildirmək isdəyir ki, o, həmin təqriri yazmadığı müddətdə qohumlarına guya iddiaçının "tabesizlik' göstərdiyindən onlara da problem yarandığı bildirilmişdir. Sonradan onlar da Nazirliyə dəvət olunaraq ərizələri alınmışdır. İddiaçının xx.xx.2023-cü il tarixində bu qanunsuz tələblə qismən razılaşmağının səbəbi isə ətrafındakı insanlara qarşı olan "hücumlar” olmuşdur. Onu da qeyd etmək isdəyir ki, Əmək Məcəlləsinin 137-ci maddəsinin 2-ci bəndinə əsasən məzuniyyətdən geri çağırılsa da həmin vaxt heç bir fövqəladə hal baş verməmiş, təxirəsalınmaz işlərin görülməsi zərurəti yaranmamışdır. Məzuniyyətdən gerı çağırılma barədə iddiaçıdan heç bir razılıq ərizəsi alınmamış, iddiaçı ilə razılaşdırılmamışdır. Bu günə qədər məzuniyyətdən geri çağırılma və xidmətkeçməsinə xilam verilməsi barədə əmrlərin heç biri ilə tanış edilməmişdir, əmrlərin surəti iddiaçıya təqdim olunmamışdır.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehin əmrinin ləğv edilməsi, İddiaçı xidmətə bərpa olunması, ona ödənilməmiş və buraxılmış iş günlərinə görə əmək haqqının,ona əlavələrin və mükafatların ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizəsində göstərilmişdir ki, İddiaçı Cavabdeh X2 Xidmətinin “Əmək məzuniyyətinin verilməsi haqqında” xx.xx.2023-cü il tarixli, 0564/E nömrəli əmri ilə xx.xx.2023-cü il tarixindən 15 gün müddətinə (məzuniyyətin son günü xx.xx.2023-cü il tarixinə düşür) əsas əmək məzuniyyəti verilmişdir.Lakin iddiaçının məzuniyyətdə olduğu müddətdə xx.xx.2023-cü il tarixində Cavabdeh X2 Xidməti tərəfindən “Əmək məzuniyyətindən geri çağırılma haqqında” əmr qəbul edilmiş və həmin əmrlə İddiaçı növbəti iş günü, yəni xx.xx.2023-cü il tarixində məzuniyyətdən geri çağırılmağı qərara alınmışdır. Cavabdeh X2 Xidməti tərəfindən "Əmək məzuniyyətindən geri çağırılma haqqında" əmrin qanunsuz və əsassız olması həmçinin onun əsaslandırılmaması ilə bağlıdır.Belə ki, məzuniyyətdən geri çağırılma İddiaçı təşəbbüsü ilə olmamışdır, bunu təsdiq edən hər hansı sənəd əmrə əlavə edilməmiş və əmrdə ona istinad edilməmişdir.Eyni zamanda, digər əsas olan təxirəsalınmaz halın baş verməsi halı olsa belə də bu hal işəgötürən tərəfindən əsaslandırılmamış və əmrə əlavə edilməmişdir. Eyni zamanda belə bir hal baş versə belə bu halda işəgötürən unutmamalıdır ki, məzuniyyətdən geri çağırılma yalnız işçinin razılığı ilə mümkündür və İddiaçı məzuniyyətdən geri çağırılmasına razılıq verməmişdir.İddiaçı tərəfindən FHN-ə təqdim edilən xx.xx.2023-cü il tarixli ərizənin mahiyyətindən aydın olduğu kimi, iddiaçı özü "öz arzusu" ilə tutduğu vəzıfədən ayrılmaq istəməmişdir. İddiaçının FHN-ə ünvanlandığı və "işə bərpa" adlandırdığı ərizəsinin Əmək Məcəlləsinin 69-cu maddəsində nəzərdə tutulan xitam ərizəsinin etibarsız hesab edilməsi barədə işəgötürənə işçi tərəfindən verilən yeni ərizənin mahiyyətinə uyğun gəldiyi aydın olmaqdadır.Belə ki, Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzıtəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun.İş materiallarına əlavə edilmiş, xx.xx.2023cü il tarixli iddiaçının təqririn mətninə əsasən, İddiaçı tərəfindən xidmətkeçməsinə xitam vaxtı xüsusi tarix qeyd edilməmişdir.Əmrin əsas hissəsində İddiaçının təqrirınə istinad edilmişdir.Lakin faktiki olaraq iddiaçıdan təqrir xx.xx.2023-cü il tarixində deyil, xx.xx.2023-cü il tarixində alınmışdır. İddiaçı tərəfindən FHN-ə ünvanlanan xx.xx.2023-cü il tarixli ərizədə iddiaçı özü "öz arzusu" ilə tutduğu vəzifədən ayrılmaq istəmədiyini və onun ərizəsi olmadan onun xidmətkeçməsinə xitam verildiyini bildirmişdir.Bu müraciətdən sonra Xidmət tərəfindən iddiaçı Xidmətə dəvət edilmiş, onun əvvəlki xitam əmrinin bağlanması üçün ərizəsinin tələb edildiyi bildirilmiş, bu ərizənin alınmasından sonra xitam əmrinin bağlanacağı və onun yenidən xidmətkeçməyə bərpa ediləcəyi bildirilmişdir.Məhz bundan sonra iddiaçı xx.xx.2023-cü il tarixində xx.xx.2023-cü il tarixli təqrir yazmışdır. İddiaçı barəsində fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilməsi barədə əmrin surəti bu günə qədər iddiaçıya rəsmi qaydada təqdim edilməmişdir və rəsmi qaydada təqdim edilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.Göründüyü kimi, cavabdeh tərəfindən işçinin Əmək Məcəlləsində nəzərdə tutulmuş bu hüququ da kobud şəkildə pozulmuşdur,iddiaçıya 2023-cü ilin iyul ayı üzrə əmək haqqı və digər ödənişlər ödənilməmişdir.Bundan əlavə olaraq, iddia tələbi təmin olunduğu halda İddiaçı barəsində qanunsuz əmrin çıxdığı dövrdən işçinin xidmətə bərpa olunduğu dövrə qədər iş buraxdığı dövrdə əmək haqqı, ona əlavələrin və mükafatlar ödənilməlidir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2340/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı cavabdehin əmrinin ləğv edilməsi, İddiaçı xidmətə bərpa olunması, ona ödənilməmiş və buraxılmış iş günlərinə görə əmək haqqının,ona əlavələrin və mükafatların ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin olunmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2340/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: -cavabdehin X2 Xidmətinin 0609/E nömrəli əmrindən xx.xx.2023-cü il tarixli çıxarışa əsasən iddiaçı xidməti zərurətlə əlaqədar xx.xx.2023-cü ildən məzuniyyətdən geri çağırılmışdır; - cavabdehin X2 Xidmətinin 0564/E nömrəli əmrindən xx.xx.2023-cü il tarixli çıxarışa əsasən iddiaçıya xx.xx.2023-cü il tarixdən 15 təqvim günü məzuniyyət verilmiş, xidmətə çıxma tarixi xx.xx.2023-cü il hesab edilmişdir; - cavabdehin 1508 nömrəli, xx.xx.2023-cü il tarixli əmrindən çıxarışa əsasən iddiaçının fövqəladə hallar orqanlarında xidmət keçməsinə öz arzusu ilə xitam verilmişdir, əsas kimi iddiaçının təqriri göstərilmişdir; - iddiaçının cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli təqririnə əsasən iddiaçı ailə vəziyyəti ilə əlaqədar olaraq xidmət keçməsinə xitam verilməsini xahiş etmişdir; - cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əsasən iddiaçı əmək kitabçasını təhvil almaq üçün cavabdehin Kadr Siyasəti Baş İdarəsinə dəvət edilmişdir; - iddiaçının Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirinə ünvanlanmış xx.xx.2023-cü il tarixli işə bərpa haqqında ərizəsinə əsasən iddiaçı xidmət keçməsinə xitam verilməsini xahiş etməsi barədə ərizə ilə müraciət etmədiyini və xidmətdən keçməsinə xitam verilməsi barədə arzusunu ifadə etmədiyi üçün onun X2 Xidmətinin X2 İşinin təşkili şöbəsinin ictimai obyektlərə nəzarət sektorunun rəisi vəzifəsinə bərpa olunmasının təmin olunmasını xahiş etmişdir; - iddiaçının xidmətə yenidən bərpa olunmağı ilə bağlı cavabdehə ünvanladığı ərizəsinə cavab olaraq xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, iddiaçının öz xahişi ilə xidmətkeçməsinə xitam verilmişdir; - əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən iddiaçı xx.xx.2023-cü ildən xx.xx.2023cü ilə qədər stasionar rejimdə müalicədə olmuşdur. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun fövqəladə hallar orqanlarında xidmətkeçmənin qaydaları və şərtlərini, həmin orqanlarda xidmət keçən şəxslərin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir. Həmin Qanunun 1.1-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarında xidmət müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarının hərbi qulluqçuları, xüsusi rütbəsi olan əməkdaşları və dövlət qulluqçuları xidmət (qulluq) keçərkən xidmət (qulluq) keçmənin bu Qanunun 2-ci maddəsi ilə müəyyən edilmiş hüquqi əsaslarına uyğun olaraq öz səlahiyyətləri daxilində fəaliyyət göstərirlər. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarında xidmətkeçmənin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və digər normativ hüquqi aktlar təşkil edir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarında hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət keçənlərin xidmət keçməsi “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunları, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri və digər normativ hüquqi aktlarla tənzimlənir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Həmin Qanunun 3-cü maddəsinə əsasən bu Qanun müvafiq icra hakimiyyəti orqanının aparatında və onun strukturuna daxil olan qurumlarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr verilməklə sıravi heyət, kiçik, orta, böyük və ali rəis heyəti vəzifələrində xidmət edən şəxslərə, habelə müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrinin xüsusi rütbəli müdavimlərinə (bundan sonra - əməkdaşlar) şamil edilir. Həmin Qanunun 33.1-ci maddəsinə əsasən fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə aşağıdakı əsaslar olduqda xitam verilir:33.1.1. öz arzusu ilə xidmətdən azad olunması barədə yazılı ərizə verdikdə; Hazırkı işin hallarından görünür ki, iddiaçı cavabdehin X2 Xidmətinin əməkdaşı olmuşdur, ona xx.xx.2023-cü il tarixdən 15 təqvim günü məzuniyyət verilmiş, xidmətə çıxma tarixi xx.xx.2023cü il hesab edilmişdir, xidməti zərurətlə əlaqədar xx.xx.2023-cü ildən məzuniyyətdən geri çağırılmışdır və cavabdehin 1508 nömrəli, xx.xx.2023-cü il tarixli əmrindən çıxarışa əsasən iddiaçının fövqəladə hallar orqanlarında xidmət keçməsinə öz arzusu ilə xitam verilmişdir, əsas kimi iddiaçının təqriri göstərilmişdir. İddiaçı hazırda cavabdehin əmrinin ləğv edilməsi, İddiaçı xidmətə bərpa olunması, ona ödənilməmiş və buraxılmış iş günlərinə görə əmək haqqının,ona əlavələrin və mükafatların ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xidmətinə xitam verilməsi arzusunda olmadığını göstərsə də iş materiallarında olan iddiaçının özü tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli təqrirə əsasən iddiaçı ailə vəziyyəti ilə əlaqədar olaraq xidmət keçməsinə xitam verilməsini cavabdehdən xahiş etmişdir. İddiaçı qeyd edilən təqririn onun iradəsini ifadə etmədiyini, təqriri təzyiq altında yazmasını göstərsə də buna dair sübutları məhkəməyə təqdim etməmiş, həmin sübutlar barədə məhkəməyə məlumat verməmişdir. Eyni zamanda əmək qabiliyyətinin olmaması vərəqəsi ilə bağlı qeyd edilməlidir ki, həmin əmək qabiliyyətinin olmaması vərəqəsi ilə iddiaçının xidmətinə xitam verilməsi halları ilə səbəbli əlaqəsi hal-hazırda müəyyən olunmur. Məhkəmə kollegiyası iddiaçının onun əmək məzuniyyətdən geri çağırılması barədə əmrin qanunauyğun olmaması barədə dəlillərinə münasibətdə bildirir ki, həmin əmr hal-hazırda qüvvədədir və iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2340/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2340/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3262/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3262/2024
19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver