Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3262/2025 19.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Qasımov Vidadi Kamal oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Əlizadə Bahar Famil qızının katibliyi ilə, iddiaçının nümayəndəsi vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı "qərarın ləğv edilməsi" tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 7462/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İCRAAT: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xx.xx.2024-cü ildə cavabdehə təqdim etdiyi 2024cü ilin iyun ayı üçün bəyannamədən kənarlaşdırılmş 58269,66 manat pul məbləğinin ASCnin 2024-cü ilin iyun ayı üçün təqdim etdiyi hesabata daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2025-ci ildə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-40565/2025 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarının ləğv edilməsi və borcun silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanan xx.xx.2022-ci il tarixli MP-080 nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixli EBDA seriyalı 691512 nömrəli elektron qaiməyə əsasən ƏDV-siz ümumi dəyəri 56000 manat, ƏDV məbləği 10080 manat olan tikinti məhsullarını; xx.xx.2022-ci il tarixli MP-080 nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixli EBDA seriyalı 692381 nömrəli elektron qaiməyə əsasən ƏDV-siz ümumi dəyəri 140000 manat, ƏDV məbləği 25200 manat olan tikinti məhsullarını; xx.xx.2022-ci il tarixli MP-080 nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixli EBDA seriyalı 694630 nömrəli elektron qaiməyə əsasən ƏDV-siz ümumi dəyəri 30073,16 manat, ƏDV məbləği 5413,17 manat olan tikinti məhsullarını; xx.xx.2022-ci il tarixli MP-080 nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixli EBDA seriyalı 694638 nömrəli elektron qaiməyə əsasən ƏDV-siz ümumi dəyəri 87123 manat, ƏDV məbləği 15682,14 manat olan tikinti məhsullarını; xx.xx.2022-ci il tarixli MP-080 nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixli EBDC seriyalı 139828 nömrəli elektron qaiməyə əsasən ƏDV-siz ümumi dəyəri 22900 manat, ƏDV məbləği 4122 manat olan tikinti məhsullarını; xx.xx.2022-ci il tarixli MP-080 nömrəli alqısatqı müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixli EBDK seriyalı 414586 nömrəli elektron qaiməyə əsasən ƏDV-siz ümumi dəyəri 101000 manat, ƏDV məbləği 18180 manat olan tikinti məhsullarını; xx.xx.2022-ci il tarixli MP-080 nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixli EBDK seriyalı 955801 nömrəli elektron qaiməyə əsasən ƏDV-siz ümumi dəyəri 153000 manat, ƏDV məbləği 27540 manat olan tikinti məhsullarını; xx.xx.2022-ci il tarixli MP-118 nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixli EBDZ seriyalı 347709 nömrəli elektron qaiməyə əsasən ƏDV-siz ümumi dəyəri 128693 manat, ƏDV məbləği 23164,74 manat olan tikinti məhsullarını; xx.xx.2022-ci il tarixli MP-118 nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixli EBEB seriyalı 159796 nömrəli elektron qaiməyə əsasən ƏDV-siz ümumi dəyəri 122013 manat, ƏDV məbləği 21962,34 manat olan tikinti məhsullarını almış və məhsulların ƏDV-siz ümumi dəyəri olan 840802,16 manat və malın ƏDV məbləği olan 151344,39 manat pul vəsaitini satıcının bank hesabına köçürmə yolu ilə ödəmişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü ildə 2024-cü ilin iyun ayı üzrə əlavə dəyər vergisi bəyannaməsi cavabdehə təqdim edilmişdir. xx.xx.2024-cü ildə iddiaçının elektron kabinetinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən (əldə edilmiş riskli elektron-qaimə fakturalar barədə məlumat) "xxxx" MMC xx.xx.2024 tarixli **********125900 nömrəli Qərara əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, həmin vergi ödəyicisindən əldə etdiyi elektron qaimə-fakturalar əmtəəsiz və ya riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün əvəzləşdirilməsinə əsas vermir məzmunlu xəbərdarlıq məktubu daxil olmuşdur. 06.8.2024cü ildə iddiaçı cavabdehə 3-21-2-3/2-25192/2024 nömrəli məktuba cavab olaraq bildirmişdir ki, "xxxx" MMC ilə bağladığı xx.xx.2022-ci il tarixli MP080 nömrəli, xx.xx.2022ci il tarixli MP-118 nömrəli müqaviləyə əsasən mal alışını edib aidiyyəti üzrə işlərinə yönləndirmişlər, bununla bağlı heç bir problem olmadan sənədləri qanuna müvafiq qaydada yerindədir. Bildirilən problemlə bağlı rəhbərliyin ciddi göstərişi ilə əməkdaşları "xxxx" MMC ilə əlaqə quraraq yaranan anlaşılmazlığa aydınlıq gətirmək üçün görüşlər davam etdirilir. Yaranan anlaşılmazlığın aradan qaldırılması və ya aydınlaşdırılması üçün lazımı sənədləri təqdim edə bilərlər və lazım gələrsə orqanın əməkdaşları ilə məsələ ilə bağlı görüşə də bilərlər. Lakin cavabdehin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-58971/2024 nömrəli qərarının hesablanmış vergiləri, sosial sığorta və işsizlik sığortası haqlarının xülasəsi bölməsində olan cədvəlin 3.1-ci sətrində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği kimi 58269,66 manat göstərilmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətləri Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına tamamilə ziddir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan elektron qaimə-fakturalar üzrə ödənilmiş bəzi ödənişlərin satıcı "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi səbəbindən qəbul etməməsi iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına gətirib çıxarmışdır. "xxxx" MMC-nin xx.xx.2024-cü ildən riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmişdir. İddiaçının həmin MMC ilə bağladığı alqı-satqı müqavilələri üzrə ödədiyi pul vəsaitinin heç biri qeyd olunan vaxtdan sonra edilmiş əməliyyatlar sırasına düşmür. Dəfələrlə cavabdehə vergi borcunun yenidən inzibati qaydada araşdırılması barədə müraciətlər etsələr də, heç bir faydası olmamışdır. Bundan başqa, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 15(118)-97/2024 nömrəli qərardadı ilə "xxxx" MMC "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə" xx.xx.2024-cü il tarixli **********125900 nömrəli qərarın icrasının dayandırılması barədə müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəsi təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtaranadək qərarın icrası dayandırılmışdır. Həmin qərardan verilmiş şikayət təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 15(105)- 39/2024 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 15(118)-97/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7462/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, cavabdehin xx.xx.2025-ci il tarixli 3-21-2-3/2- 40565/2025 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən xx.xx.2024-cü ildə 2024-cü il iyun ayı üçün cari ƏDV bəyannaməsi təqdim edilmiş və bəyannamədə "əvəzləşmə üçün təqdim edilmiş (EBDK seriyalı 955801 nömrəli, EBDK seriyalı 414586 nömrəli, EBDA seriyalı 691512 nömrəli, EBDA seriyalı 692381 nömrəli, EBDA seriyalı 694630 nömrəli, EBDA seriyalı 694638 nömrəli, EBDZ seriyalı 347709 nömrəli, EBDC seriyalı 139828 nömrəli, EBEB seriyalı 159796 nömrəli) elektron qaiməfakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir" məzmunlu uyğunsuzluqlar aşkar edildiyindən vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********360300 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, qeyd edilən müddətdə dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən yaranmış kənarlaşma aradan qaldırılaraq, vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********977300 nömrəli hesablama barədə qərar göndərilmişdir. Eyni zamanda, vergi ödəyicisi kameraldan sonra xx.xx.2024cü ildə müvafiq dövr üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edərək dövriyyə üzrə daxil olma məbləğini 1644,44 manat, riskli qaimələr üzrə 324-cü sətrdə hesablanmış vergi məbləğini isə tam olaraq, yəni 58269,66 manat azaldaraq, ümumilikdə, 59914,1 azalma ilə təqdim etdiyindən kənarlaşma yaranmışdır. Qeyd edilən vergi azalmaları ilə bağlı təsdiqedici sənədlər təqdim edilmədiyindən yaranmış kənarlaşma aradan qaldırılaraq vergi ödəyicisinə xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-40565/2025 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Məhkəmə qərarında qeyd olunur ki, cavabdeh vergi orqanı iddiaçı ilə "xxxx" MMC arasında baş tutmuş alqı-satqı və iş, xidmətə dair əməliyyatlarının faktiki olaraq baş tutub-tutmadığını və malların faktiki olaraq təqdim edilibedilmədiyini araşdırmadan və həmin əməliyyatların başqa əməliyyatı pərdələmək məqsədilə həyata keçirilib-keçirilmədiyini müəyyən etmədən sadəcə malları, işləri təqdim edən hüquqi şəxslərdə keçirilmiş OVN tədbirlərinə əsasən, həmin hüquqi şəxslərin riskli vergi ödəyiciləri siyahısında olduğunu əsas götürərək, iddiaçı tərəfindən ƏDV bəyannaməsində bəyan edilmiş əvəzləşmələrini qəbul etməkdən imtina etmiş və xərcləri nəzərə almamışdır. Halbuki iş materiallarından görünür ki, "xxxx" MMC iddiaçı ilə alqı-satqı və iş, xidmətə dair əməliyyat həyata keçirdikdən sonrakı tarixlərdə riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş və iddiaçı həmin hüquqi şəxsin gələcəkdə riskli vergi ödəyiciləri qrupuna daxil ediləcəyini bilə bilməzdi. Bu dəlil formal olmaqla yanaşı, yanlış məntiqə əsaslanan dəlildir. Ona görə ki, "xxxx" MMC məhz hazırkı iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması səbəbindən riskli vergi ödəyicisi siyasına daxil edilmiş və bu barədə qərar qəbul edilmişdir. Əvəzləşmə üzrə təqdim edilmiş qaimələr üzrə əməliyyatlar "xxxx" MMC ilə aparılmışdır. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023cü il tarixli **********174363 nömrəli "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" qərarına əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində növbəti səyyar vergi yoxlaması təyin edilmiş və yoxlamanın nəticəsi xx.xx.2024-cü il tarixli **********175121 nömrəli "Səyyar vergi yoxlaması aktı" və xx.xx.2024-cü il tarixli **********189343 nömrəli "Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sğorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarı ilə rəsmiləşdirilmişdir. Yoxlama dövründə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinin araşdırılması zamanı vergi ödəyicisinin boru istehsalı fəaliyyəti ilə məşğul olmadığına, yalnız polietilen paket və örtük istehsalı ilə məşğul olduğuna əsaslı şübhələr yaranmışdır. Belə ki, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərində boru istehsalı üzrə ixtisaslaşmış işçilərin sayının az olması, baxış zamanı boru istehsal avadanlıqlarının faktiki mövcud olmaması, istehsalın həyata keçirildiyi iddia edilən avadanlıqlarla və generatorla qaimələrdə göstərilən iri diametrli boruların istehsalının mümkünsüz olması və s. faktlar vergi ödəyicisində boru istehsalının olmamasına dəlalət etmişdir. "xxxx" ASC-də keçirilmiş kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilən "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-40565/2025 nömrəli qərarla hesablanmış vergi Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Vergi orqanının daha əvvəl cavabdeh qismində çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar predmetli inzibati iş vergi orqanının xeyrinə yekunlaşmışdır. İddiaçı "xxxx" MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə bağlı inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1212/2023 nömrəli qərarında sözügedən məsələyə göstərilən münasibəti məhkəmənin nəzərinizə çatdırılır: "**********702300 nömrəli qərardan görünür ki, "xxxx" MMC xx.xx.2021-ci ildə riskli vergi ödəyicisi hesab edilmiş və müvafiq siyahıya daxil edilmişdir. İddiaçı ilə "xxxx" MMC arasında olan əməliyyatlar isə 2021-ci ilin iyun-avqust aylarını əhatə etmiş və sonuncu əməliyyat xx.xx.2021-ci ildə həyata keçirilmişdir. Yəni "xxxx" MMC ilə iddiaçı arasında əməliyyatlar həyata keçirildiyi vaxt (alğı-satqı əməliyyatları) "xxxx" MMC riskli vergi ödəyicisi olmamışdır. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, işdən göründüyü kimi, iddiaçının istinad etdiyi "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli qərar mübahisələndirilməmiş, hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Beləliklə, həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır. Başqa sözlə, həmin hüquqi şəxsin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmədiyi halda belə, bu, vergi orqanının iddiaçıya münasibətdə ödənilməli vergilərin azaldılmasına səbəb olan həmin fakta və ya faktlara (əmtəəsiz əməliyyatların aparıldığına və həmin əməliyyatlara əsaslanan xərc sənədlərinin tərtib edildiyinə) istinadla qərar qəbul etmək imkanına təsir etmir. Həmin faktlar isə mübahisələndirilən qərar qəbul edilənədək mövcud olmuşdur." TƏRƏFLƏRİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi. İddiaçının nümayəndəsi Vəkil isə apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İŞİN HALLARİ: İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-2-3/2- 40565/2025 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarından görünür ki, iyun 2024-cü il üzrə 59914,10 manat əlavə vergi məbləği hesablanmış, vergi ödəyici tərəfindən təqdim edilən dəqiqləşmiş ƏDV bəyannaməsində dövriyyə məbləğində kənarlaşma müəyyən edilmiş, təsdiqedici sənədlər təqdim edilməmişdir. İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2023-ci il tarixli EBDK seriyalı 414586 nömrəli elektron qaimə-faktura əsasında mal alışı həyata keçirmişdir; İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2023-ci il tarixli EBDC seriyalı 139828 nömrəli elektron qaimə-faktura əsasında mal alışı həyata keçirmişdir; İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2023-ci il tarixli EBDA seriyalı 694638 nömrəli elektron qaimə-faktura əsasında mal alışı həyata keçirmişdir; İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2023-ci il tarixli EBDA seriyalı 694630 nömrəli elektron qaimə-faktura əsasında mal alışı həyata keçirmişdir; İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2023-ci il tarixli EBDA seriyalı 691512 nömrəli elektron qaimə-faktura əsasında mal alışı həyata keçirmişdir; İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2024-ci il tarixli, EBEB seriyalı 159796 nömrəli elektron qaimə-faktura əsasında mal alışı həyata keçirmişdir; İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2024-ci il tarixli EBDZ seriyalı 347709 nömrəli elektron qaimə-faktura əsasında mal alışı həyata keçirmişdir; İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2023-ci il tarixli EBDA seriyalı 692381 nömrəli elektron qaimə-faktura əsasında mal alışı həyata keçirmişdir; İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2023-ci il tarixli EBDK seriyalı 955801 nömrəli elektron qaimə-faktura əsasında mal alışı həyata keçirmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2024 tarixli **********125900 nömrəli qərarı ilə "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 15.1.8. Vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək, 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar; 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir; 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir; 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir; 53.1. bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət elmək hüququ vardır. 62.2. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir.
64. Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. 67.1.Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.3-1. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) xx.xx.2024-cü il tarixindən etibarən 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanır. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 71.2. Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. (5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 83.9-cu maddə ləğv edilmişdir). 94.0. Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: -94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; - 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür 108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. 139.2. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları": 1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).
"İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 67.1. inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. 72.1. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:
Aşağıdakı hallara görə məhkəmə kollegiyası bu qənaətə gəldi ki, birinci instansiya məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, riskli vergi ödəyicisi hesab olunmanın əsası kimi AR Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicilərinin Meyarları"nın 2.1.2-ci yarımbəndinə istinad olunmuşdur. Həmin yarımbənddə vergi nəzarət tədbirləri aparılması çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparmasının aşkar edilməsi halı nəzərdə tutulmuşdur. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, qarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı təqdim olunmuş e-qaimələr üzrə əmtəəsiz əməliyyatlar aparılması faktı aşkar edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilinə münasibətdə bildirir ki, vergi orqanı ilk növbədə vergi nəzarəti tədbiri zamanı vergi ödəyiciləri arasında baş tutmuş əməliyyatın əmtəəsiz əməliyyat olduğunu, yəni başqa əməliyyatı pərdələmək məqsədilə həyata keçirildiyini və malların (işlərin, xidmətlərin) faktiki olaraq təqdim edilmədiyini müəyyən etməlidir. Yalnız bundan sonra vergi orqanı vergi ödəyicisinin malların alışı ilə bağlı xərclərini VM-nin 14, 14-1 və 67-ci maddələrinə müvafiq olaraq bazar qiyməti, transfer qiyməti və ya əlaqəli məlumatlar əsasında müəyyən edə bilər. Şübhəsizdir ki, əmtəəsiz əməliyyatın iştirakçısı olan vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedir. Lakin burada xüsusilə vurğulanmalıdır ki, vergi ödəyicisi tərəfindən həyata keçirilən əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla öz təsdiqini tapması zəruridir. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən, əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Yəni, vergi nəzarəti tədbiri ilə faktiki olaraq mal (iş, xidmət) təqdim edilmədən əməliyyat aparılması şəxsin riskli vergi ödəyicisi kimi tanınması əsaslarından biridir. Yuxarıda qeyd olunan bəndin "xxxx" MMC-nin fəaliyyəti ilə hər hansı əlaqəsinin olması, onun fəaliyyətinin qanunvericiliyə uyğun olub-olmaması barədə cavabdeh tərəfindən əsaslandırılma aparılmamışdır. Bununla da "İnzibati icraat haqqında" Qanunun 61-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin Qanunun 61.1-ci maddəsinə görə, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə, əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları"nın tətbiqi zamanı qərarın hərfi təfsirinə yol verilməməli, müvafiq maddələr tənzimləmənin ümumi məqsədi nəzərə alınaraq tətbiq edilməlidir. Belə ki, hüquq normasını tətbiq etməzdən əvvəl onun həqiqi məzmununu aydınlaşdırmaq, tənzimləyicinin sözlə ifadə etdiyi mahiyyətin aşkara çıxarılması lazımdır. Bu zaman vergi orqanı tərəfindən araşdırılmalı olan hal, ehtimallar əsasında (vergi ödəyicisinin əleyhinə gəlinən qənaətlə) deyil, qarşılıqlı yoxlama və ya vergi nəzarəti tədbirləri nəticəsində (operativ vergi nəzarəti) həmin əmtəə və ya xidmətin həqiqətən təqdim edilmiş olmasını yoxlamaqdır. Dürüstləşdirmələrin aparılması məqsədilə vergi ödəyicisinin xəbərdar edilməsinə baxmayaraq, sonuncunun qeyd edilən məsələnin araşdırılması ilə bağlı onlara müraciət etməməsinə dair apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya bildirir ki, vergi orqanının dürüstləşmə əməliyyatı adı altında vergi ödəyicisi üçün əlavə (yeni) vergi öhdəliyi yaratmadan, uçot sənədlərindəki dürüstlüyü təmin etmək məqsədi ilə, əslində həmin məqamadək yaranmış və faktiki mövcud olan (hər hansı hüquqi əsasa görə aradan qalxmayan, xitam verilməyən) vergi öhdəliyinə dair məlumatı şəxsi hesab vərəqəsində əks etdirməkdə ifadə edilən faktiki xarakterli hərəkəti verginin hesblanması (yeni, əlavə vergi öhdəliyinin yaranması) kimi qiymətləndirilməli deyil. Belə ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisələndirilən kameral vergi qərarının ləğvi üçün əsasların mövcudluğu ilə bağlı məsələ birinci instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının müqavilə bağladığı hüquqi şəxs əməliyyatların aparıldığı dövrdə riskli vergi ödəyicisi olmamışdır. Bu isə onu göstərir ki, inzibati orqan tərəfindən sözügedən dövrə münasibətdə riskli vergi əməliyyatı və ya subyekt anlayışının tətbiq etməsi tamamilə əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı riskli vergi ödəyicisi qrupunda olan şəxslərlə mülki hüquq münasibətlərinə daxil ola bilər, bu zaman əməliyyatın real olması əməliyyat aparılan tərəflərdən birinin riskli vergi ödəyicisi olması səbəbindən istisna edilə bilməz. Bunun üçün əməliyyatların faktiki olaraq əmtəəsiz və ya riskli olduğu cavabdeh tərəfindən sübuta yetirilməlidir ki, cavabdeh nəinki həmin halı, həmçinin də iddiaçının əməliyyatları apardığı vergi ödəyicisinin riskli vergi ödəyicisi qrupuna aid edilməsinin əməliyyatdan sonrakı tarixdə qəbul edilmiş qərarla olmasına, iddiaçının həmin müəssisələrin riskli vergi ödəyicisi siyahısında olmasına dair xəbərdarlıq edilməməsinə də əhəmiyyət verməmişdir. Beləliklə də, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, əməliyyatın riskli ola bilməsi barədə İnternet Vergi idarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. İddiaçı da həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturanı ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1502/2024 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadında qeyd edilmişdir ki, "vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur. Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" xx.xx.2011-ci il tarixli 429 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"na əsasən elektron xidmətin təşkili üçün elektron xidmət bölməsində aidiyyəti üzrə göstərilən xidmətin adının, bu xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısının, müvafiq sənədlərin (ərizə, blank və digər) elektron formasının yerləşdirilməsi, şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsinin təmin edilməsi vergi orqanlarının vəzifəsidir. Vergi ödəyicisi olan hüquqi şəxslərin riskli vergi ödəyiciləri barədə məlumat mənbəyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarının 1.3 və 1.4-cü müddəalarına əsasən Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsi və X2. İddiaçı tərəfindən əməliyyatlar aparılan zaman digər tərəflərin riskli vergi ödəyicisi olması barədə iddiaçı tərəfindən məlumat alınacaq yeganə mənbə Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsi və X2 ki, həmin əməliyyatlar zamanı qeyd olunan vergi ödəyiciləri həmin tarixdə riskli vergi ödəyiciləri siyahısında olmamışdır." Ali Məhkəmənin 2-1(102)-1651/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur. İddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisələrin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. İddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir. Digər tərəfdən cavabdehin dəlilinə görə iddiaçının hazırkı mübahisə üzrə əməliyyat apardığı müəssisələr məhz iddiaçı ilə aparılan əməliyyatlar nəticəsində riskli vergi ödəyicisi hesab olunmuşlar. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əməliyyat apardığı müəssisələrin iddiaçıya satdığı malların onların aldığı və ya idxal etdiyi malların həcmindən artıq olması iddiaçının məsuliyyət sferasına aid edilməməli, bu hallar onun hüquqlarını məhdudlaşdırmamalıdır. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etdiyi elektron qaimə fakturalar üzrə əməliyyatları həmin əməliyyatların aparıldığı tarixdə riskli vergi ödəyicisi olmayan müəssisələr ilə aparmışdır. İddiaçı həmin müəssisələrin riskli vergi ödəyicisi olub-olmamasını yoxlamaq imkanına malik olmuş, müəssisələrin əməliyyat tarixində riskli vergi ödəyicisi olmadığına əmin olmuş, vergi orqanı tərəfindən də iddiaçıya bu barədə xəbərdarlıq edilməmişdir. Yenə də, qeyd olunmalıdır ki, əməliyyatların müəssisələrin riskli vergi ödəyicisi olmasından öncə aparılması cavabdeh tərəfindən də mübahisələndirilmir. İddiaçının, əməliyyat apardığı müəssisələrin aldıqları və ya idxal etdikləri malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlanılması kimi səlahiyyətləri olmadığından (bu halı yoxlamaq vergi orqanının səlahiyyətlərinə aid edilmişdir) cavabdehin dəlilləri əsassız hesab edilməlidir. Məhkəmələr inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Onu da qeyd etmək lazımdır ki, vergi qanunvericiliyinə əsasən, əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi hüquq normaları işin hallarına düzgün tətbiq edilmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası
qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7462/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.