Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3263/2024 16.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı "əmrin ləğv edilməsi" tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8212/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində olan xx.xx.2022-ci il tarixli “Hərbi vəzifəyə hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən xidməti uyğunsuzluğa görə müvafiq olaraq DSX-dən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına dair əmrin ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı 10 sentyabr 2020-ci il tarixdə gizir hazırlıq kursuna daxil olmuş, iki ay kursu bitirdikdən sonar hərbi hissənin 1-ci sərhəd komendatlığının 3-cü sərhəd zastavasının 3-cü qrup komandiri vəzifəsinə ezam olunmuşdur. İki həftədən sonra Dövlət Sərhəd Xidmətinin Xudat şəhərində yerləşən hərbi hissənin qrup komandiri vəzifəsinə kiçik gizir rütbəsi ilə təyin edilmişdir. Xidmət etdiyi dövrdə xx.xx.2022-ci il tarixdə əsgərlə xidmətə çıxdığı zaman əsgərin cibində patron olmuş və iddiaçı həmin patronu əsgərdən almaqla yaxında olan zastavanın rəisinə təhvil vermişdir. Sonradan həmin əsgərin şkafından əlavə patronlar çıxmış və hamısı zastava rəisinə təhvil verilmişdir. Sonradan həmin əsgər döyüş sursatı saxladığına və xidmətdən yayındığına görə hərbi prokurorluğa verilmişdir. X2 barəsində araşdırırma aparılmış, araşdırma zamanı əsgər əsassız olaraq iddiaçıdan şikayət etmiş və prokurorluqda araşdırma aparılmasının nəricəsi gözlənilmədən iddiaçı xx.xx.2022-ci il tarixdə ‘‘Hərbi vəzifə və hərbi xidmət haqqında'’ Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən xidməti uyğunsuzluğa görə müvafiq olaraq DSXdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Prokurorluqda aparılan aşadırma zamanı məlum olmuşdur ki, əsgər iddiaçıya qarşı şər və böhtan atmış və onun heç bir təqsiri olmamışdır. Sumqayıt Hərbi Prokurorluğunun 25 iyul 2022-ci il tarixli qərarı ilə iddiaçının əsgər Sahib Eyvazova xəsarət yetirmə əməlində hər hansı bir cinayət tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmişdir. Göründüyü kimi araşdırma zamanı iddiaçının xidməti vəzifəsini yerinə yetirərkən hər hansı qanunsuzluq etdiyi müəyyən edilməsə də, iddiaçı əsassız olaraq xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. Əslində isə iddiaçı xidmətə heç bir uyğunsuzluq etməmişdir. Həmin maddə iddiaçıya əsassız olaraq tətbiq edilmişdir. İddiaçını xidməti vəzifəyə uyğunsuzluq hesab etsələr də, bu barədə əmrin surəti və əmək kitabçası iddiaçıya təqdim edilməmişdir. İddiaçının əsassız olaraq maddə ilə çıxarılması hazırda onun başqa işlərdə işləməyinə imkan vermir. Eyni zamanda həmin maddə ilə çıxarılmasına dair də heç bir sübut yoxdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8212/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş, apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunlu tərtib edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək qərardadın ləğv edilməsini və işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu, iddianın mümkün sayılmamasına dair birinci instansiya məhkəməsinin qərardadının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək apellyasiya şikayətinin dəlillərini və iş materiallarını hərtərəfli araşdıraraq aşağıdakı nəticəyə gəlir. Kollegiya ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.(8.6-cı bənd). Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. (2.3-cü bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.”(9-cu bənd) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İnzibаti Prosessuаl Məcəllənin 35.1-ci mаddəsinə görə bu Məcəllədə bаşqа qаydа nəzərdə tutulmаmışdırsа, iddiаçının iddiа ərizəsində inzibаti аktın qəbul edilməsi və yа qəbul edilməsindən imtinа olunmаsı, yаxud inzibаti orqаnın hərəkəti və yа hərəkətsizliyi nəticəsində onun hüquqlаrının və qаnunlа qorunаn mаrаqlаrının pozulduğunu əsаslаndırdığı hаllаrdа mübаhisələndirmə hаqqındа, məcburetmə hаqqındа, öhdəliklərin icrаsı hаqqındа və müəyyən hərəkətləri etməkdən çəkinməyə dаir iddiа mümkün sаyılır. Məhkəmə ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini və s. müəyyənləşdirməlidir. Kollegiya qeyd edir ki, pozulmuş hüquq və azadlıqların məhkəmə müdafiəsi fiziki şəxslərin kontitusion hüququ olsa da, bu hüququn reallaşdırılması bəzi şərtlərlə məhdudlaşdırılmışdır. Bu məhdudiyyətlərdən biri də iddia tələbinin qanunla müəyyən edilmiş prosessual müddətlərə əməl edilməklə qaldırılmış olmasıdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “Qubadlı” X4 Komandirinin 25 iyun 2022-ci il tarixli 0176 nömrəli əmrindən çıxarışdan görünür ki, Dövlət Sərhəd Xidməti rəisinin “Silahlı birləşmə rəhbərlərinin kadrlarla iş sahəsində vəzifələrinin müəyyən edilməsi haqqında” 01 noyabr 2021-ci İİ tarixli 0255 əmrinin 3 №-li əlavəsinin 2.5-ci bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (Xidməti uyğunsuzluğa görə) müvafiq olaraq kiçik gizir İddiaçı, minaatan divizionu (82mm) 2-ci minaatan batareyası 1-ci minaatan taqımının sürücüsü vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması və onunla bağlanmış xx.xx.2020-ci il tarixli bağlaşmanın ləğv edilməklə xx.xx.2022-ci il tarixdə şəxsi heyətin siyahısından və bütün növ təminat normalarından çıxarılmış hesab edilməsi qərara alınmışdır. 135 nömrəli təyinatların qeydiyyat kitabından isə görünür ki, həmin əmr iddiaçıya elan edilmiş və o, bu faktı imzası ilə təsdiq etmişdir. Göründüyü kimi, iddiaçı mübahisələndirdiyi xx.xx.2022-ci il tarixli əmrlə şəxsi heyət siyahısından çıxarılmış, əmr ona elan olunmuş, həmin tarixdən sonra hərbi qulluqçu kimi xidməti vəzifələrini icra etməmiş, hər hansı bir xidməti fəaliyyət həyata keçirməmiş, əmək haqqı almamışdır. Burdanda aydın olur ki, iddiaçı həmin tarixdən sonra onun hərbi xidmətdən buraxılmasından xəbərdar olmuşdur. Eyni zamanda iddiaçının məhkəmə iclası zamanı verdiyi izahatından da müəyyən edilir ki, o tərxis olunmasından 2022-ci ildən məlumatlı olmuşdur. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı isə xx.xx.2022-ci il tarixli əmrin ləğvi üçün xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə, İPM-nin yuxarda qeyd olunan normasında nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Həmçinin qeyd edilməlidir ki, İPM-in 24-cü maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir (maddə 24.1). Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır (maddə 24.2). Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir (maddə 23.3). Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz (maddə 24.4). Göründüyü kimi, qanunverici prosessual müddətin ötürülməsindən 1 il keçdikdən sonra ötürülmüş müddətin bərpası imkanını belə istisna edir, bir şərtlə ki, müddətin ötürülməsi təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmasın, hansı ki, hazırkı işdə belə bir halın olması müəyyən edilmir. İddiaçı apellyasiya şikayətində məhkəmə qərardadının ləğvini tələb etsədə, həmin qərardadın hansı səbəbdən əsassız və ya qanunsuz olması və yaxud müddətin hər hansı üzürlü səbəbdən ötürülməsi ilə əlaqədar hər hansı dəlil qeyd etməmişdir. Sadalananları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə üzrə iddia tələbi irəli sürülərkən prosessual müddətlə bağlı qanun normalarına əməl edilmədiyindən birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqda düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayəti əsassız olmaqla, məhkəmə baxışı zamanı mübahisələndirilən qərardadın ləğvi üçün hər hansı əsas müəyyən edilməmişdir. AR İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, kollegiya bu nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, məhkəmənin mübahisələndirilən qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8212/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3263/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3263/2024
16.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver