Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3264/2022 15.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Hüseynin sədrliyi və məruzəsi ilə, İlham Əziz oğlu Kərimli və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2-1(112)-1616/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 30 illik əmək fəaliyyətinin nəzərə alınaraq ona pensiyanın təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2021-ci ilin aprelin 10-da 65 yaşı tamam olduqda əmək pensiyası almaq üçün lazım olan sənədləri cavabdehə təqdim etmişdir. Onun hərbi xidmətlə birlikdə 30 il əmək stajı vardır. Verilmiş cavabda qeyd olunur ki, onun cəmi 22 il 08 ay stajı var. İddiaçının ərizəsi əsasında Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8553/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Cavabdehin iddiaya dair yazılı etirazında göstərilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq inzibati orqana müraciət etmiş və təyinat aparılması mümkün hesab edilməmişdir. Ərizəçinin xx.xx.1976cı il tarixdə tərtib edilmiş ******* nömrəli əmək kitabçasına və ******* nömrəli diplomun surətinə əsasən xx.xx.2006-cı il tarixədək 22 il, 8 ay sosial sığorta stajı mövcuddur. Həmçinin xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Ərizəçinin xx.xx.1999-cu ildən xx.xx.2004-cü ilədək olan əmək fəaliyyəti dövrünün yoxlanılması mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdə qüvvəyə minmiş 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsinə görə sözügedən maddədə nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsindən aydın olduğu kimi şəxsin əmək pensiyası hüququ iki halda yarana bilər. Birinci halda, şəxsin qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir; bu halda, sığorta stajının mövcudluğu tələb edilmir. İkinci halda isə, əksinə, şəxs ən azı 25 illik sığorta stajına sahib olmalıdır; bu halda, qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi tələb edilmir. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. X6 (PAS) əmək pensiyası alan vətəndaşların qeydiyyatının, sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotunun, pensiyaların təyininin, yenidən hesablanmasının və ödənilməsinin elektron qaydada həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi iddiaçının kifayət qədər sosial sığorta stajı və pensiya kapitalı mövcud deyil. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən sığortaolunanın, yəni iddiaçının hüquq və vəzifələri göstərilmişdir. Həmin maddəyə əsasən sığortaolunanın hüquqları, sığortaolunanın məcburi dövlət sosial sığortası üzrə sığorta etməyi sığortaedəndən tələb etmək, sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək və sosial sığorta ödəmələri təyin edilərkən sığortaçıdan və ya sığortaedəndən özünün sığorta stajı barədə məlumat almaqdır. Sığortaolunanların vəzifələri isə sosial sığorta haqqını vaxtında ödəmək və sosial sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri sığortaçıya və ya sığortaedənə təqdim etməkdir. İddiaçı xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək ona 65 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2-1(112)-1616/2022 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 65 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı işin hallarından görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuş, xx.xx.1976-cı ildə Zaqafqaziya Xüsusi İdarəsi Ü/Birliyi “Hdroxüsusitikinti”yə 3-cü dərəcəli yeraltı betonçu vəzifəsinə qəbul edilmiş, xx.xx.1977-ci ildə işdən azad edilmişdir. xx.xx.1977-ci ildə işə qəbul edilmiş, xx.xx.1978-ci ildə işdən azad edilmişdir. xx.xx.1978-ci ildə 1 №li Qəlibləmə sexinə maşın qəliblənməsinə qəlibçi şagirdi qəbul edilmiş, xx.xx.1980-ci ildə işdən azad edilmişdir. xx.xx.1980-ci ildə X3 ÜSB İttifaqneftmaş 6 №li Çuqun tökmə sexinə qəlibçi köməkçisi qəbul edilmiş, xx.xx.1981-ci ildə 2-ci dərəcəli əl qəlibi verilmiş, xx.xx.1981-ci ildə 2-ci dərəcəli ikinci xarrat peşəsi verilmiş, xx.xx.1982-ci ildə 26 nömrəli Reduktor sexinə 2-ci dərəcəli xarrrat qəbul edilmiş, xx.xx.1982-ci ildə usta qəbul edilmiş, xx.xx.1983-cü ildə elektrik körpü kranına 2-ci dərəcəli maşinist vəsifəsinə təyin edilmiş, xx.xx.1983-cü ildə 26 nömrəli Reduktor sexinə dərəcəli krançı (kran maşinisti) keçirilmiş, xx.xx.1988-ci ildə 2-ci dərəcəli xarrat, xx.xx.1988-ci ildə 3-cü dərəcəli xarrat təyin edilmiş, xx.xx.1991-ci ildə 13 nömrəli elektrik təmiri sexinə 2-ci dərəcəli elektrik montyoru keçirilmiş, xx.xx.1992-ci ildə 13 nömrəli elektrik təmiri sexinə elektrik montyoru peşəsi üzrə 3-cü dərəcə verilmiş, xx.xx.2000-ci ildə elektrik montyoru peşəsi üzrə 4-cü dərəcə verilmiş, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinin xx.xx.2001-ci il tarixli 197 saylı sərəncamına əsasən “X3” X7 Cəmiyyəti yaradılmışdır. xx.xx.2004-cü ildə işdən azad edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********030100 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.2021-ci il tarixinə olan uçot məlumatlarına əsasən “X3” Törəmə ASC (VÖEN: **********) xx.xx.2002-ci il tarixdə ********* nömrəli VÖEN-lə vergi orqanında uçota alınmış və xx.xx.2004-cü il tarixdə inventarlaşdırmadan keçərək fiziki şəxsə vergi orqanı tərəfindən ********** nömrəli VÖEN verilmişdir. Hal-hazırda vergi ödəyicisinin fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktivdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********14 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 aprel 2009-cu il tarixli, 60s nömrəli Sərəncamı ilə "xxxx" ASC-nin tabeliyində olmuş “X3” TASC "xxxx" TASC-yə qoşularaq yenidən təşkil edilmişdir. Eyni zamanda bildirilir ki, keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli, 258 nömrəli sərəncamı ilə "xxxx" TASC açıq səhmdar cəmiyyətə çevrilmiş və S/N: 011 Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq cəmiyyətin səhmlərinin 100 (yüz) faizi xx.xx.2019-cu il tarixində investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 01/005 nömrəli arxiv arayışında göstərilmişdir ki, “X3” TASC-nin işçisi İddiaçı əmək fəaliyyəti üzrə arxiv arayışında göstərilmişdir ki, “X3” TASC-nin hüquqi varisi "xxxx"nun arxiv fondu sənədlərinin 1949-cu il T-2 formasına əsasən xx.xx.1956-cı il təvəllüdlü İddiaçı haqqında aşağıdakı qeydlər aparılmışdır: xx.xx.1980-ci ildə 6 saylı Çuğunəritmə sexində qəlib işləri üzrə şagird qəbul edilmişdir. Əmr: № 246/k, xx.xx.1980-ci il. xx.xx.1981-ci ildə həmin sexdə 2-ci dər. qəlibçi; əmr № 74/k, xx.xx.1981-ci il. xx.xx.1981-ci ildə 2-ci dər. tornaçı (ikinci peşə); əmr № 185/k, xx.xx.1981-ci il. xx.xx.1982ci ildə həmin sexdə 2-ci dər. tornaçı; əmr № 23/k, xx.xx.1982-ci il. xx.xx.1982-ci ildə həmin sexdə usta; əmr № 277/k, xx.xx.1982-ci il. xx.xx.1983-cü ildə 2-ci dər. el. kran sürücüsü; əmr № 192/k, xx.xx.1983-cü il. xx.xx.1988-ci ildə 2-ci dər. tornaçı; əmr № 77/k, xx.xx.1988-ci il. xx.xx.1988-ci ildə 3-cü dər. tornaçı; əmr № 204/k, xx.xx.1988-ci il. xx.xx.1991-ci ildə 13 saylı elektrik təmiri sexində 2-ci dər. elektrik montyoru; əmr № 39/k, xx.xx.1991-ci il. xx.xx.1992-ci ildə 3-cü dər. el.montyoru; əmr № 21/k, xx.xx.1992-ci il. xx.xx.2000-ci ildə 4-cü dər. el.montyoru; əmr № 152/k, xx.xx.2000-ci il. xx.xx.2004-cü ildə Azərbaycan Respublikası ƏM-in 72-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. Əmr № 15/k, xx.xx.2004-cü il. Arayış şəxsi vərəqə (T2) müvafiq tərtib edilmişdir. Həmin məktuba əlavə edilmiş əmək haqqı arayışından görünür ki, X2 1986-1999-cu ilədək əmək haqqı hesablanaraq ödənilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2022-ci il tarixli, **********848800 nömrəli məktubunda bildirilmişdir ki, “X3” Törəmə ASC xx.xx.2001-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. "xxxx" MMC-nin (VÖEN: **********) qeydiyyat qovluğuna əsasən xx.xx.2012-ci il tarixli 329 nömrəli sərəncamla “X3” Törəmə ASC "xxxx" Törəmə ASC-yə qoşularaq yenidən təşkil edilmişdir və "xxxx" Törəmə ASC onun hüquqi varisidir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 01/029 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı 2000-2004-cü illərdə əmək haqqı alıb-almaması haqqında məlumatı təqdim edilə bilinmir, ona görə ki həmin dövrə aid əmək haqqı haqqında sənədlər tapılmadı. Arxivin yerləşdiyi bina təmir edildiyi üçün arxiv sənədləri başqa binaya köçürülmüşdür. Ola bilər ki, köçürülən zaman həmin sənədlər itib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2021-ci il tarixli, **********8 nömrəli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Təqdim etdiyiniz xx.xx.1976-cı il tarixində tərtib edilmiş ИТ-İ № ******* saylı əmək kitabçanızda qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək olan əmək fəaliyyəti dövrünüzün araşdırılması zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən sözügedən araşdırma nəticələndikdən sonra sizin yaşa görə əmək pensiyası hüququnuza yenidən baxıla bilər. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********0 nömrəli qərarı ilə İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə uyğun olaraq 25 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində (xx.xx.2018-ci ilə) qeydə alınmış pensiya kapitalı olmadığı üçün yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizəsi təmin edilməmişdir (xx.xx.1999-cu ildən ə/h almır). Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yaşı bu Qanunda göstərilən yaş həddinə çatmalı; fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, yaxud azı 25 il sığorta stajı olmalıdır. İddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla onun yaşa görə əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq xx.xx.2021-ci il tarixdə yaranmışdır. Göründüyü kimi, iddiaçı qanunvericiliklə müəyyən edilmiş yaş həddinə-65 yaşına çatmışdır. Bununla da, iddiaçıya münasibətdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddi şərti ödənilir. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan digər şərt isə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud azı 25 il sığorta stajına malik olmasıdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İddiaçıya məxsus hərbi bilet, əmək kitabçası qeydlərinə əsasən xx.xx.1974xx.xx.1976-cı ilədək 02 il 03 gün hərbi xidmət dövrü, əmək fəaliyyəti dövrü xx.xx.1976xx.xx.1977-ci ilədək 03 ay 26 gün, xx.xx.1977-xx.xx.1978-ci ilədək 11 ay 14 gün, xx.xx.1978-xx.xx.1980-ci ilədək 02 il 06 ay 07 gün, xx.xx.1980-xx.xx.2004-cü ilədək 23 il 01 ay 08 gün olmaqla ümumilikdə iş stajı 28 il 10 ay 28 gün təşkil edir. Cavabdeh inzibati orqan iddiaçının xx.xx.1999-cu ildən əmək haqqı almaması, bu əsasdan xx.xx.1999-xx.xx.2004-cü illər əmək fəaliyyəti dövrünü ümumi iş stajına daxil etməmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə görə Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. Bununla əlaqədar, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2006-cı il tarixədək ümumi iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd kimi digər mötəbər sənədlər, o cümlədən əmək haqqı cədvəlləri nəzərə alına bilər. Başqa sözlə, qanunvericilikdə xx.xx.2006-cı il tarixədək iş stajının hesablanması zamanı işçinin işlədiyi dövrün sığorta stajına daxil edilməsi üçün əmək kitabçası olduğu halda əmək kitabçası ilə yanaşı həmin dövrə əmək haqqı cədvəllərinin təqdim edilməli olmasına dair imperativ tələb yoxdur. İddiaçının əmək fəaliyyəti dövrü onun işə başlaması və işdən çıxması tarixləri arasındakı fərqlə müəyyən edilir. İddiaçının "xxxx"nda əmək fəaliyyəti ilk növbədə onun əmək kitabçasındakı işə qəbul və işdən çıxması barədə əmrlərin nömrəsi, tarixi, müəssisənin səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiq edilmiş qeydlərlə sübut olunur. Həmin qeydlərin mötəbərliliyini şübhə altına alacaq hər hansı hala isə məhkəmə icraatında rast gəlinməmişdir. Eləcə də iddiaçının əmək fəaliyyəti “X3”nun hüquqi varisi olan "xxxx" MMC-nin İddiaçı aid şəxsi vərəqə (T2) əsasında tərtib edilmiş arxiv arayışı ilə təsdiq olunur. Hüquqi varis olan "xxxx" MMC iddiaçının əmək fəaliyyəti dövrlərindən bir qisminin əmək haqqı arayışlarını təqdim etsə də bir qismini - 1999-cu ildən sonrakı dövrlə bağlı əmək haqqı cədvəllərini təqdim edə bilməmişdir. Müəssisə qeyd edilən sənədlərin binanın köçürülməsi zamanı arxiv sənədlərinin itirilmə ehtimalı ilə əsaslandırmışdır. Sözügedən dövrə aid əmək haqqı cədvəllərinin bu və ya digər səbəbdən təqdim edilə bilməməsi iddiaçının ziyanına təfsir və tətbiq edilə bilməz. Qeyd edildiyi kimi əmək fəaliyyəti əmək haqqı cədvəlləri ilə deyil, ilk növbədə işə qəbul və işdən çıxma barədə əmrlər əsasında, əmək kitabçası əsasında müəyyən olunur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, inzibati icraat zamanı cavabdehin tərtib etdiyi xx.xx.2021-ci il tarixli aktdan da görünür ki, cavabdeh əmək kitabçasındakı qeydləri "xxxx" MMC-də araşdırmış, iddiaçının xx.xx.1980-ci ildə işə qəbul olunması, xx.xx.2004-cü ildə işdən azad olunması yerində yoxlama ilə öz təsdiqini tapmışdır. Lakin cavabdeh bununla kifayətlənməmiş, iddiaçının işlədiyi dövrlərə dair əmək haqqı cədvəllərinin olmasını da tələb etmiş, bu zaman həmin sənədləri hansı əsasla tələb etməsini əsaslandırmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının hərbi xidmət, əmək kitabçasında qeyd edilən əmək fəaliyyəti dövrləri xx.xx.2006-cı il tarixədək hesabladıqda 28 il 10 ay 28 gün ümumi iş stajı mövcud olduğu müəyyən olunur. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan 25 il ümumi iş stajı tələbi ödənilir. Cavabdehin pensiya təyin edilməsindən imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının xx.xx.2006-cı il tarixədək artıq 25 ildən çox sığorta stajına malik olması öz təsdiqini tapdığından, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi halı da, əhəmiyyət daşımır. Yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yaşı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud azı 25 il sığorta stajına malik olması zəruridir. İddiaçının isə 25 il sığorta stajına malik olması məhkəmə araşdırması zamanı kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 25 ildən çox iş stajına malik olması və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatması iş materialları ilə müəyyən edildiyindən iddiaçının tələbi əsaslıdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçıya pensiya hüququ yarandığı tarixdən, pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 65 yaşından, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2-1(112)-1616/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: İlham Kərimli Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-3264/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3264/2022
15.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver